525.Az

Ağcabədidə ruha qida bir görüş - Şahanə Müşfiq yazır


 

Ağcabədidə ruha qida bir görüş - <b style="color:red">Şahanə Müşfiq yazır </b>

... Yəqin ki, bundan sonra kimsə məndən Ağcabədi haqqında soruşsa, ilk cavab cümləmdə "səliqə" və "intizam" sözləri mütləq olacaq. Şəhəri bundan gözəl adlandıracaq söz yoxdur çünki. Təbiəti etibarilə isti rayonlarımızdan biridir Ağcabədi. Çox güman, buna görə hərdən insanlar tərəfindən ögey münasibət görür. Yevlax, Kürdəmir və digər aran rayonlarımız kimi. Amma mənim kimi istiylə soyuğa fərq qoymayan, getdiyi yerlərdə bundan daha əhəmiyyətli nüanslarla maraqlanan insan üçün gözəllikdir, tarixdir Ağcabədi.

Bu ilə kimi heç vaxt getməmişdim, görməmişdim. Baxmayaraq ki, o rayondan olan çox tanışım, dostum var. "İnsanlar doğulduqları, aid olduqları torpağa oxşayarlar" fikrini haqlı çıxarırlar ağcabədililər. Özlərinin isti, cana yaxın, həlim xarakterlərilə. İlk dəfə yolum cəmi bir ay öncə düşmüşdü bu gözəl bölgəmizə. Bir neçə ay öncə müzəffər ordumuz tərəfindən azad edilən Zəngilan rayonuna səfərimiz əsnasında yolüstü Ağcabədiyə də baş çəkmiş, çox gözəl, gülərüz, mehriban və qonaqpərvər bir ailənin qonağı olmuşduq. Ağcabədidən olan iş yoldaşımın bələdçiliyi sayəsində şəhəri yaxşıca tanımışdıq. Amma vaxt azlığından könlümüzcə gəzmək, şəhər sakinləriylə həmsöhbət olmaq alınmamışdı. O şansı da bir ay sonra mayın 29-da qazandıq.

***

"Aran" qəzeti, "Ələk" ədəbi məclisi və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində "Bölgələrimizdə ədəbi mühit" mövzusunda tədbir keçirilirdi. Tədbirin xüsusi qonağı kimi Bakıdan dəvət edilmişdim. Əlbəttə, Ağcabədini təkrar görmək fürsətini qaçıra bilməzdim. Özü də mövzu ədəbiyyat, həmsöhbətlərimiz qələm əhli olacaqsa.

Bir ildən çoxdur dünyanın və ölkəmizin üzərinə qara bəla kimi çökən koronavirus pandemiyası hər şey kimi ədəbi tədbirlərə, müzakirələrə də həsrət qoyub bizi. Müəyyən qədər onlayn görüşlər, tədbirlər keçirilsə də, heç biri üz-üzə söhbətin, canlı təmasın yerini vermir. Buna görə də Ağcabədidəki görüş darıxan ruhumuzu az da olsa, ovutmaq üçün gözəl bəhanə idi.

Hər zaman yanımda olan, xüsusən uzaq səfərlərdə vaxtını ayırıb mənimlə birgə gələn anam Fərqanə müəllim və qələm dostum, şair, fotoqraf Nofəl Ümidlə birgə yolumuz Ağcabədiyədir. Orda bizi başda, "Aran" qəzetinin baş redaktoru, gözəl qələm və ürək sahibi Məhsəti Musa olmaqla, Ağcabədi ədəbi mühitinin bir-birindən dəyərli imzaları, eləcə də, yaradıcılıq həvəskarı gənclər gözləyirlər. Biz də qarşıda bizi gözləyən önəmli və maraqlı müzakirələrin eşqiylə tələsirik.

Nəhayət, bir neçə saatlıq yolu arxada qoyub Ağcabədiyə qədəm basırıq. Bizi hər kəsdən öncə günortanın istisi qarşılayır. Günəş başımızın üstündə nazlı-nazlı qımışır. Yadıma Məhsəti xanımın bir neçə həftə öncə dediyi sözlər düşür. O demişdi ki, mayın sonlarından sonra Ağcabədinin istisi olduqca artır. Buraya səfəri mayın ortalarına qədər yekunlaşdırmaq lazımdır. Bölgənin iqliminə öyrəşməyən qonaqlar üçün uyğunlaşmaq çətin olur. Günəşin "xoş gəldin" şüalarını sevgiylə qəbul edib Məhsəti Musa və digər ev sahibləriylə görüşürük.

***

Artıq adət halını alıb getdiyimiz hər bölgədə öncə Şəhidlər xiyabanını ziyarət etmək. Ağcabədiyə gəlməzdən öncə də Məhsəti xanımla danışıb, bizi öncə şəhidlərimizin hüzuruna aparmasını xahiş etmişdim. Sağ olsun, xahişimi məmnuniyətlə qəbul etdi. Beləcə, Məhsəti xanımın və Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədovanın müşayiəti ilə Ağcabədidə ilk ziyarət yerimiz geniş bir ərazidə salınmış Qəhrəmanlar Parkı və onun içindəki Şəhidlər xiyabanı oldu. Ağcabədiyə ilk ayaq basandan görüb heyran olduğumuz səliqə, intizam burda da ilk gözə çarpan cəhət idi. Hər tərəf yamyaşıl ağaclarla, gül-çiçəklərlə bəzənmiş Qəhrəmanlar Parkı sanki şəhidlərimizin ruhuna məkan olan cənnətdən bir köşəni xatırladırdı. Parkın mərkəzində Bakının Şəhidlər xiyabanındakı "Əbədi məşəl" abidəsini xatırladan abidə Ağcabədi qəhrəmanlarının, eləcə də, bu vətən, bu xalq uğrunda həyatını qurban verən bütün Azərbaycan igidlərinin ölməz ruhunun simvolu kimi ucalır.

Parkın girişindən sağ tərəfdə iki sıra boyunca Ağcabədi şəhidləri uyuyur. Başdakı iri lövhədə şəhidlərin ad-soyadları həkk olunub. İlk cərgədə Azərbaycanın I Qarabağ müharibəsində canını fəda edən qəhrəman oğullar uyuyur. Onları ziyarət edərkən hamısının ad-soyadını, doğum və şəhadət illərini tək-tək oxuyuruq. Demək olar ki, hamısı bir-birinin yaşıdı, hamısı bir-birinin bənzəri... Onları hüznlü gözlərlə süzən anam dərindən ah çəkərək "bir nəsil uyuyur burda", - deyir. Onun sözlərindəki həqiqət başdaşlarından boylanır bizə. Bu şəhidlər arasında ağcabədili 3 Milli Qəhrəman da var. Yanaşı uyuyurlar. İkinci cərgədə də yarıya qədər I Qarabağ müharibəsi şəhidləri, sonra bir neçə nəfər atəşkəs dövrü şəhidləri, sonra isə axıra kimi II Qarabağ şəhidləri yatırlar. Hər biri bir evin çırağı, hər biri bir ailənin ümid yeri, pənah yeri olan oğullarımız ömürlərinin ən gözəl çağında "vətən", "millət", "Qarabağ" deyib gözlərini də qırpmadan ölümə yürüyüblər. Özlərindən sonra isə əbədi xatirələri, uca adları, sonsuz qürurları qalıb. O qürur ki, dolan gözlərimizdən yaşın axmasına da imkan vermir. Şəhidlərə ağlamazlar, onlarla fəxr edərlər!

***

Qəhrəmanlar parkından sonra tədbirin keçiriləcəyi ünvana - Heydər Əliyev Mərkəzinə gedirik. Mərkəzin direktor əvəzi, gülərüz, mehriban bir xanım olan Rövşanə Əliyeva bizi ilk qarşılayanlardan olur. İçəridə isə Ağcabədinin, eləcə də Azərbaycanın müasir ədəbi mühitinin sayılıb-seçilən imzaları ilə görüşürük. Adlarını eşidib, imzalarına bələd olub, şeirlərini oxuyub heç üz-üzə gəlmədiyimiz qələm dostlarımızdır onlar. Hər biri bir ədəbiyyat təəssübkeşi...

Tədbiri "Aran" qəzetinin redaktoru Məhsəti Musa açaraq Ağcabədidəki ədəbi mühit haqqında məlumat verdi, məclisdə iştirak edənləri təqdim etdi, eləcə də, "Ələk" ədəbi məclisinin fəaliyyətindən söz açdı. Bölgələrdəki ədəbi mühitin paytaxtdan çox fərqləndiyini, nisbətən geridə qaldığını bildiyimizdən Ağcabədidə belə bir ədəbi məclisin fəaliyyəti bizi çox sevindirdi. Məhsəti xanım və məclis üzvləri ədəbi məclisin adının izahına da toxunurlar. Əslində, izaha ehtiyac da görünmür. Ədəbiyyatın ən sevimli əşyası olarmış, yəqin ki, ələk. Hər qələm tutanın şeir yazmaq eşqinə düşdüyü dövrdə başqa cür mümkün də deyil. Ədəbiyyat hər kəsi zamanın ələyindən keçirə-keçirə layiq olanlara öz dəyərini ən yaxşı şəkildə verir. Bir az tez, bir az gec, fərqi yoxdur. Deyirlər ki, "Ələk" ədəbi məclisi də Ağcabədi ədəbi mühitində elə bir növ ələk funksiyasını daşıyıb. Məclis yeni yarananda 40-dan çox üzvü olsa da, zamanla onların bir çox ələniblər. Ələyin gözündə qalanlar isə uğurlu fəaliyyətlərini davam etdirməkdədirlər.

"Ələk" ədəbi məclisinin ən fəal üzvlərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Gündüz Sevindik mövzu haqqında geniş və dəyərli fikirlərini bölüşür. "Ələk"in funksiyasını ən yaxşı şəkildə də elə o, özü izah edir.

Sonra növbəylə "Aran" qəzetinin redaktor müavini Adil Misirli, şairlər Cahandar Aybər, Vəli Qurbanoğlu, Nofəl Ümid, rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova və digərləri öz fikirlərini, təkliflərini səsləndirdilər.

Tədbiri maraqlı edən əsas cəhət səmimiyyət idi. Məhz bu səmimiyyət nəticəsində geniş fikir mübadilələri apardıq, bölgələrdə ədəbi mühitin canlandırılması və inkişafı üçün birgə hansı işləri görə biləcəyimizi müzakirə etdik.

Təbii ki, ölkə və xalq olaraq, elə bir dövr yaşayırıq ki, bu günlərdə bütün söhbətlər məcrasını dəyişib şəhidlərin üzərinə gələ bilir. Bizim də söhbətimiz istiqamətini dəyişib şəhidlərimiz, onların tanıdılması, təbliğatı yönündə davam etdi. "525-ci qəzet"də aylardır apardığımız "Əbədiyyətdəki əziz ünvanlarımız" silsiləsini xatırladan Məhsəti Musa bu silsilə məqalələrin II Qarabağ müharibəsi şəhidlərimizin xalqa tanıdılmasındakı rolundan bəhs etdi. Mən də öz növbəmdə, bu işin tək mənim yox, kollektiv əməyin bəhrəsi olduğunu vurğulayaraq Ağcabədi şəhidləri haqqında silsiləmdə daha çox və daha geniş yazmaq üçün bölgə nümayəndəsi kimi onlardan dəstək istədim və hər zaman olduğu kimi, bundan sonra da bizə dəstək olacaqlarına inandığımı vurğuladım.

Gündüz Sevindikin, Vəli Qurbanoğlunun və başqalarının gözəl şeir nümunələrinin səsləndirildiyi, səmimi və isti münasibətdə keçən, önəmli təkliflərin edildiyi görüşümüz başladığı kimi xoş ovqatla da yekunlaşdı. Sonda bir-birimizə kitablarımızı hədiyyə edərək bu cür görüşlərin sayının artırılmasının bölgədəki ədəbi mühitin inkişafına da müsbət təsir edəcəyini bildirib gələcəkdə daha tez-tez görüşməyi qərarlaşdırdıq.

Beləcə, sözlü-söhbətli, şeirli, misralı Ağcabədi səfərimiz də xoş duyğuların təsiriylə yekunlaşdı. Bakıdan Ağcabədiyə ədəbiyyat və şeir dolu bir ürək aparmışdımsa, Ağcabədidən Bakıya sevgi dolu, şeir havalı, ədəbiyyat duyğulu, saf və təmiz ürəklər gətirdim.

Fotolar: Nofəl ÜMİD

 





01.06.2021    çap et  çap et