525.Az

Savaş və şeir - Orxan Arasdan yeni yazı


 

Savaş və şeir - <b style="color:red">Orxan Arasdan yeni yazı </b>

Bir ölkədə müharibə olanda oradakı insanların bəziləri silahları, bəziləri sözləri, bəziləri baxışları, bəziləri kədərləri, bəziləri də şeirləri və hekayələri ilə vuruşurlar.

Müharibə pandemiya kimidir - hər kəsə hər hansı bir şəkildə yoluxur. Cəbhədə əsgər təri və qanı ilə vuruşarkən, evdəki nənə göz yaşları və duaları ilə döyüşür. Bir uşaq atasının məzarına alovlu bir nəzər salaraq, yoldaşı da tabutu daşıyaraq döyüşür. Ancaq bütün  ağrılardan, göz yaşlarından və ölümlərdən sonra sülh  gəlir. Sülhü əvvəlcə analar, sonra da incə qəlbi olan şairlər qarşılayır. Livan şairi Xəlil Cibran kimi:

Salam olsun sənə! Həyat!
Salam olsun sənə! Oyanış!
Sülh sizə yar olsun! Gerçəklik!
Salam olsun sənə!
İşığı dünyanın qaranlığını
əhatə edən GÜN!

Qırx dörd günlük qələbə müharibəsi zamanı bütün dünyaya buğda dənəsi kimi səpələnmiş dostlarımla hər saat mesajlaşdım. Cəbhədəki canların qələbə ilə evlərinə qayıtması və bütün hər yerdə barışıq işığının yüksəlməsi istəyi ilə tvitlər gözləyərkən, müharibənin ən qəzəbli anlarında şairlərin şeirlərindən anaların dualarını da eşidirdim. Dostum Qulu Ağsəs illərin həsrətiylə yazırdı:

İsti otaqda dişi dişinə dəyirdi,
titrəyirdi çənəsi:
"Allah, nolar, əlini uzat,
Günəşi yandır!" -
yalvarırdı əsgər nənəsi...

Əsgər anaları, əsgər yoldaşlari, əsgər nənələri indi necə idilər, Tanrım? Və ya şairlər?  Qulu Ağsəsin gecələri necə yuxusuz keçirdiyini görməsəm də, bilirdim. Ağdamın və Şuşanın 28 il arzusunda olan bir nəslin şairi başqa necə ola bilərdi? Ancaq şair vətənini və evini itirəndə ayaqları yerə dəyər. Sanki şeiri əlindən alınmış kimi özünü alçaldılmış hiss edər şair! Çünki kökü, beyindəki maya itirdiyi yerlərdədir. Gecəsi gündüzə qarışır və yurdundaki ot, ağac, quş, su, çiçək üçün darıxır və soruşur:

Orda vəziyyət nə cürdü?
Salamatçılıqdı, dedi:
məscid - minbərdən,
kəhriz - çinardan,
qəbir - başdaşından,
mina - kadrdan  hündürdü!
Hə, bir də,
mat qaldım bir şeyə:
oranın quşları adam kimi danışır,
adamları quş kimi oxuyur deyə...

Adamları quş kimi oxuyan, quşları adam kimi danışdıran şair! Onun dilindən ancaq faktlar bu qədər epik ola bilər! Şairlər olmasaydı, Dədə Qorqudun  "Təpəgözünü", Bamsı Beyrəyini və Koroğlunun "Qırat"ını haradan bilərdik? Bir buğayı bir yumruqla yıxan Boğaçlar şairlərin işi deyilmi? Gözümüzün qabağında uçan atlar, insan yedikcə doymayan əjdəhalar, ağılları ilə qalib gələn qəhrəmanları yaradan şairlər gün gələr insanlaşır, hətta uşaq olurlar:

Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına...
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına -
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
...Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..

Telefona baxıram - bizi özünə qırx dörd gün bağlayan telefona ... Qulu Ağsəs heç bir söz yazmadan yalnızca şeir göndərdi. Şuşa, Ağdam həsrəti, zəfər müjdəsi, qovuşma həyəcanı, əsgər anasının duyğuları şeirlərindəkı mesajlar idi və o mesajlar Bakıdan Almaniyaya gəlirdi. Ancaq onun mesajları mənə gəlsə də, gözləri və qəlbi Ağdamda, Şuşada, Kəlbəcərdə, Füzulidə idi. Şair özündən əvvəl doğulduğu yerlərə gedəndə ona şeirləri ilə yol göstərirdi.

Azca da yuxarı qalx,
Bir bizim məktəbə bax:
Mən burda oxumuşam,
Həm gündüz, həm də axşam,
Bəzən də səhərəcən...
Bir anamdı, bir də mən.
Camaat uyuyardı,
Anamsa çay qoyardı,
Balası ac qalmasın:
Bu da qozu, alması.
Yerimə gətirərdi,
Bircə mən idim dərdi.

Şair şeiri ilə əsgərə bir zəfər marşı yazdı, əsgər anası adına bir dua oxudu, dostlarına müjdə verdi, həmvətənlərinə bir müraciət göndərdi. Ancaq üfüqdə zəfərin sülh şəfəqi görünəndə döndü Allahına. Bir şair və bir anadan daha yaxşı "şükür" deyən varlıq varmı dünyada?

Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!..

Şükür şeirinə, Şair! Şükür dualarına, şükür sənə ilham verən yurduna!

 





01.06.2021    çap et  çap et