525.Az

Bölgə mətbuatının simvolik obrazı - amazonkası - Əminə Yusifqızı-70


 

Bölgə mətbuatının simvolik obrazı - amazonkası - <b style="color:red">Əminə Yusifqızı-70</b>

Jurnalistlər hamıdan geninə-boluna yazırlar. Təki mövzu olsun - ay, həftə, gün gözləmirlər. Özlərinə gələndə, gərək yubiley, ad günü, təltif ola... yada düşələr.

Son vaxtlar ölkənin əksər müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən mətbuat orqanları biri digərini önləməyə çalışaraq Yevlaxın "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızının portretindən ştrixləri təqdim edirlər. Qadının yaşını soruşmazlar, qabartmazlar, amma neynəyək ki, yubileyi xatirinə 70 rəqəmini istər-istəməz vurğulamalıyıq. Son dəfə bu yaxınlarda görmüşəm, maşallah, çox gümrahdır, qıvraqdır. İki övlad, altı nəvə sahibinə o yaşı verməzsən. Heç şübhəsiz, insana öncə sağlamlıq gərəkdir ki, etibar edilən vəzifənin öhdəsindən layiqincə gəlsin. Bu kontekstdə isə qabardacağımız baş ucaldan faktlar gen-boldur. Bu yazıda da onların bəzilərindən aramla söhbət açacağıq.

Yarızarafat-yarıciddi bir məqamı qabartmaq istəyirəm. Zənnimcə, Əminə xanımı 8-ci, 9-cu, 10-cu onilliklərin startına çıxarmağa haqq verən amillərdən biri də dünyaya gəldiyi günün fəlsəfəsidir. İyunun biri Uşaqlaran Beynəlxalq Müdafiəsi günüdür. Necə deyərlər, onu həmin gündə dünyaya gətirən Tanrımız və mayası xeyirxah əməllərdən yoğrulan bioqrafiyası qoruyur. Belələri səmimiliyi, mehribanlığı, zəkası, bəxtəvər taleyi və xeyirxahlığı ilə uzun ömrün inamlı yolçusu olurlar. İlk baxışda sadə təsir bağışlayırlar. Fəqət, onların rəhbərliyi altında işləmək asan göründüyü qədər də çətindir. Yüksək icraçılıq qabiliyyətini dəyərləndirir, qayğı və problemlərin həllinə əncam çəkməyə çalışır, dönüklüyü isə həzm edə bilmirlər. Mənim şəxsi müşahidələrimdən qaynaqlanan bu qənaətlərin hər birini cəmləşdirib 2004-cü ildən bəri yaxından tanıdığım Əminə xanıma da aid etmək mümkündür. Həmkarımı konkret olaraq bölgə mətbuatımızın simvolik obrazı - amazonkası adlandırmağıma kiminsə etirazı varsa, gəlsin üzbəüz söhbət edək. Fikrimi əsaslandırmaq qətiyyən çətin olmayacaq. Mənim deyəcəklərim kifayət etməsə, "Kür"də uzun müddətdən bəri çalışan həmkarlarımızla telefon əlaqəsi yaradıb soruşsunlar. Onda görərlər ki, nə qədər haqlıyam.

Az danışıb çox iş görməyi xoşlayan, uğurları gözə soxmağı sevməyən Əminə xanıma belə aristokratik keyfiyyətləri valideyn qanı bəxş edib. Mayın 9-da - alman faşizmi üzərində qələbənin qeyd edildiyi gündə yayımlanan bu şəklə diqqətlə baxın. Yaxasını orden, medal və döş nişanları bəzəyən bu qamətli ana Əminəni dünyaya gətirən qadındır. Od-alovdan keçmiş, səngərlər, döyüşlər görmüş, Tomris, Həcər timsallı Nazxanım ananın övladının da özünə bənzəməsi adi məntiqdir.

Yaxşı yadımdadır, Əminə xanımla Nazxanım ana haqqında danışırdıq. Dedi ki: "Bir dəfə mötəbər yığıncaqların birində bir nəfər Rəyasət Heyətində əyləşənlərə, sözün yumşaq mənasında yalan deməyə çalışdı. Özümü saxlamadım, həmin şəxsin səhfini üzə vurdum. Bu adam mənim yanımdan keçəndə, gözlərimin içinə baxıb yavaşca pıçıldadı: "Sən heç vaxt anan Nazxanım ola bilməzsən". Əslində, çox acıqla deyilmiş bu söz mənə ən böyük mükafat oldu".

Ə.Yusifqızı uşaqlıqda oğlan sayaq böyüyüb, tələbəlikdə yoldaşlarının dediyi kimi, təşəbbüslərə seyirçi qalmayıb. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndə istedadlı məzun paytaxtdakı redaksiyaların birinə asanlıqla işə düzələ bilərdi. Amma o, bunu etmədi. Doğulub boya-başa çatdığı Yevlaxı, "Təşəbbüs" (indiki "Kür") qəzetini seçdi. Bura onun ikinci evi oldu. Əmək fəaliyyətinə qəzetçiliyin əlifbasından başladı. Redaktorluğadək redaksiyada elə bir vəzifə olmadı ki, şəxsi praktikasında məziyyətlərinə yiyələnməsin. 45 ildir, eyni qəzetdə çalışır və 30 ildir ki, həmin mətbu orqanın baş redaktorudur. Bu müddətdə bölgələrdə bir sıra yeni mətbu orqanlar yaranıb, bəziləri ömürlərini başa vurub, fəaliyyətləri nəzərə çarpmayanlar da az deyil. Əminə xanım isə özünə xas mübariz keyfiyyətləri "Kür"də də davam etdirib.

Sovet dönəmində rayonlarda tutarlı tənqidi yazılar qələmə almaq hər əməkdaşın işi deyildi. Bu nərmənazik, qara qız Yevlaxda bir növ bürokratların, işinə səhlənkar yanaşanların, səlahiyyət həddini aşanların gözünün odunu almışdı. Yaşlı nəsil yaxşı bilir, onda qəzet köklü məsələlərdən yazanda material rayon partiya komitəsinin büro iclaslarının müzakirəsinə çıxarılırdı. Yazdığını təsdiqləyəcək sənədlər olmayanda vay jurnalistin halına. Gənc yazar heç vaxt peşə prinsiplərinə zidd yolla getmədi və baş redaktor təyin edildikdən sonar da etik normalara sadiq qaldı.

TANINMIŞ JURNALİST ƏMİNƏ YUSİFQIZI NÖVBƏTİ DOĞUM GÜNÜNÜ QEYD EDİR »  7news.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı 

Ötən əsrin 90-cı illərinin abi-havası yaşıdlarımın yaxşı yadındadır. "Kür" qəzeti redaktoru başda olmaqla təzyiqlərə boyun əymədi, pozucu qüvvələrə qarşı qətiyyətli mövqe tutduğu üçün hədələrlə üzləşdi. Qorxu hissi yaradıcı heyətə yad olduğundan, onlar da tarixin imtahanından alnıaçıq, üzüağ çıxdılar. Bəlkə də, o vaxtlar hakimiyyətin ünvanına irad tutmaq, Yevlaxdakı Yunun İlkin Emalı fabrikinin, necə deyərlər, qılıncının qabağının da, dalının da kəsdiyi bir vaxtda "Bu müəssisədə qəfil işıqlanma olsa, çox eybəcərliklər üzə çıxacaq" fikrini yazmağa görə yüksək distansiyaya çağrılıb hədələnmək, Rəhim Qazıyev Müdafiə naziri olan zamanda çəkinmədən haqqında tənqidi yazı vermək, Ulu öndərə qarşı bir zamanlar başlanmış kampaniya ilə əlaqədar o vaxtkı parlament rəhbərinə ciddi irad dolu teleqram göndərmək indi çoxlarına asan görünə bilər. Bunlar saya biləcəyimiz çoxsaylı faktlardan yalnız bir neçəsidir. İndi qəzetin kollektivi  arxivdə qalan bu yazıları özlərinin "qızıl fondu" adlandırırlar.

Daha sonra "Kür"də yeni yüksəliş mərhələsi başladı. Qəzet 17 ildir respublikanın bölgə mətbuatının bayraqdarı adlandırılmağı haqq edir.

Mənim də redaksiya və redaktorla tanışlığımın tarixçəsi həmin müddətdən başlayır. "Kür" bunadək Mətbuat Şurasının üzvü deyildi, ölkə jurnalistlərinin təsis qurultayında iştirak etməmişdi. 2004-cü ilin yayında bölgə mətbuatının durumundan, problem və qayğılarından xəbər tutmaq uçün monitorinqlər keçirirdik. İşə ölkənin Aran və Şimal-Qərb bölgələrində fəaliyyət göstərən mətbuat orqanlarından başladıq. Əməkdaşımızı yerlərə ezamiyyətə göndərdik. Arayışlara əsasən məruzə hazırlandı. Şuranın əməkdaşı üçgünlük səfərinin təəssüratlarına əsasən bildirdi ki, "Rayon KİV-inin mövcud durumu: problemlər və qarşıda duran vəzifələr" mövzusunda regional seminarın keçirilməsi üçün ən münasib yer Yevlaxdır. Gətirdiyi əsaslar sırasında "Kür"ün ölkədə ən böyük tirajla çıxan (5000) bölgə qəzeti olduğu, hamı tərəfindən maraqla oxunduğu bildirilirdi. Doğrudan da müəyyənləşdirilən gündə gördüklərimiz əsas verdi ki, Yevlaxda mətbu cameəni bir araya gətirə biləcək daha önəmli tədbirlər düzənlənə bilər. Həmkarlarım yəqin ki, orada milli mətbuatımızın 130 illik yubileyi münasibəti ilə keçirilən, daha sonra "Kür"ün yaranmasının 75 illiyinə həsr olunmuş tədbirlərin necə bayram təəssüratı ilə yadda qaldığını unutmayıblar. Cəmi bir neçə il sonra bu bölgə mötəbər beynəlxalq media konfransına ev sahibliyi edirdi. Və bu işlərdə Əminə xanımın xidmətləri əvəzsiz idi.

Həmkarım rahatlığını narahatlıqda tapan nəcib insandır. Öncə qəzeti, redaksiyanın kollektivini, onların qayğı və problemlərinin həllini düşünür. Bu faktdır ki, ölkədə "Kür" qəzeti qədər yaradıcılıq müsabiqələrində mükafat alan redaksiya yoxdur. Elə bir əməkdaş tapılmaz ki, dövlət təltifinə, yaxud diplomlara layiq görülməsin. Ə.Yusifqızı adətən müsabiqə elanları veriləndə özünü kənara çəkir, əməkdaşlara bacarıqlarını sınamağı tövsiyə edir.

Koronavirus iki ildir "Kür"ü də sınağa çəkməkdədir. Redaktor gileylənməyi xoşlamır, qəzetin tirajının azalmasının aradan qaldırılması üçün çıxış yolları axtarır. Əyalət mətbuatının sönükləşməsini haqlı olaraq ayrı-ayrı şəxslərdə axtarmır. Obyektivliklə bildirir ki, elektron media çap mediasını əməlli-başlı sıxışdırıb. İncidiyi yalnız qəzetin oxucularıdır. Və inanır ki, oxucular yenidən çap mediasının önəmli olması qənaətinə gələcəklər. Bir dəfə öyrəndim ki, kümçülüklə məşğuldurlar, rayonda baramaçılığın inkişafına kömək göstərirlər, eyni zamanda, qəzeti də çıxarırlar. Necə deyərlər, həm vəsait qazanırlar, həm də qəzeti yaşadırlar. Bilmirəm, başqa rayon qəzetlərində oxşar nümunələr var, ya yox? Bəyənirəm, onsuz da pandemiya ömrünü başa vuracaq. Onda yatanların işi çox çətin olacaq.

Bir az da həmkarımın ictimai fəaliyyətindən danışım. Desəm ki, Ə.Yusifqızının gecəsi-gündüzü yoxdur, məni mübaliğəyə varmaqda qınamayın. Əminə xanım təkcə öz ömrünü yaşamır, narahatlığı başqalarına rahatlıq gətirəndə təskinlik tapır. Yevlax şəhərində, kəndlərdə ərklə açdığı qapılar saya gəlməzdir. Problemləri, çətinlikləri ictimailəşdirməyə tələsmir, əvvəl həlli yollarını şəxsən tapmağa çalışır.

Son iki ildə Yevlaxda gedən sanballı quruculuq-abadlıq işlərindən həvəslə söhbət açır. Rayonun gənc rəhbərliyinin işini ölkə başçısının tələbləri səviyyəsində qurması Əminə xanımı əməlli başlı ruhlandırıb. Əmindir ki, tezliklə çox bölgələr onun gözəl şəhərinə məhz bu anlamda barmaq tuşlayacaqlar.

Bəli, Əminə xanım belədir. Yaşadığı yurdun, bütöv Azərbaycanın həyatında baş verən hər xırda, gözəl dəyişiklik bu xanıma yaşamaq üçün yeni stimul verir.

İndi isə mənalı ömrün statistik nəticələri: Azərbaycanın Əməkdar jurnalisti, Ali Media, Həsən bəy Zərdabi, "Qızıl qələm", Məhsəti Gəncəvi mükafatlarının laureatı, "Tərəqqi" medalı - bunlar əlli ilin jurnalistinin, 30 ilin redaktorunun layiq görüldükləridir. "Kür"də elə əməkdaş tapmazsan ki, mükafat sevincini yaşamasın.

Əminə xanım yenə gənclik həvəsi ilə yazıb-yaratmaqda, geniş ictimai fəaliyyətindən zövq almaqdadır. Onu rayonlardakı digər həmkarlarından fərqləndirən ümdə cəhətlər sırasında aktiv jurnalistlik fəaliyyəti xüsusi qeyd edilməlidir. İnanmaq üçün paytaxt KİV-ini vərəqləyin. Həftə ərzində oxunaqlı, düşündürücü yazıları qəzetlərin səhifələrindən, saytlardan düşmür. Odlar-alovlar görmüş ananın jurnalist övladının baş mövzusu müharibə və hərbi vətənpərvərlikdir. O, 44 günlük İkinci Qarabağ döyüşlərində erməni faşistlərini diz çökdürənlərin, Silahlı Qüvvələrimizin, Müzəffər Ali Baş Komandanımız müəllifi olduqları epopeyadan bəhs edir. Özü də böyük həvəslə, yüksək sənətkarlıqla...

 





01.06.2021    çap et  çap et