525.Az

"Şəhid olan əsgərlərim heç yadımdan çıxmırlar" - Müsahibə


 

QAZİ ZABİT ELNUR SARIYEV: "VƏTƏN MÜHARİBƏSİNDƏ AZƏRBAYCAN GƏNCİ ÖZÜNÜ TƏKCƏ BİZƏ, XALQIMIZA YOX, BÜTÜN DÜNYAYA LAYİQİNCƏ TANITDI"

"Şəhid olan əsgərlərim heç yadımdan çıxmırlar" - <b style="color:red">Müsahibə</b>

Vətən müharibəmiz bitsə də, izləri hələ qalmaqdadır, yəqin ki, əbədi də qalacaq. Qazilərimiz isə həm də öz bədənlərində onun izlərini daşıyırlar. Onlardan biri də qazi baş leytenant Elnur Sarıyevdir. Elnur bəy müharibəyə könüllü qatılıb, uzun döyüş yolundan sonra isə sağ qolunu itirərək qazi adını qazanıb. Bu günlərdə Bakıda Protez-Ortopedik Bərpa Mərkəzində qazimizlə görüşüb müharibə xatirələri və müalicəsi ilə bağlı həmsöhbət olduq.

- Elnur bəy, müharibəyə gedənəcən hansı işlə məşğul idiniz?

- Mən müharibəyə zabit kimi qatılmışdım, amma rütbəni Bakı Dövlət Universitetində almışdım. 1995-1999-cu illərdə Universitetin tarix fakültəsində oxumuşam. 11 il Mingəçevirdə müəllim işləmişəm. Sonra Gədəbəyə köçüb, orda Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətində işlədim.

1992-ci ildə I Qarabağ müharibəsi vaxtı mən 8-ci sinifdə oxuyurdum. Bibim oğlu tankçı idi və həmin müharibədə şəhid olmuşdu. Məndən 9 yaş böyük idi, onu özümə böyük qardaş bilirdim. Xəbəri televizorda eşidəndə inanmamışdım, çox pis olmuşdum. O zamandan bu ağrı ürəyimdə idi.

- Bəs bu müharibəyə gedişiniz necə oldu?

- Ehtiyatda olan baş leytenantam. Amma yaşıma görə məni aparmırdılar. Hərbi komissarlığa dəfələrlə getdim, ancaq cavab verdilər ki, ehtiyac yoxdur. Mənsə dayanmadım və sonda sənədimi çıxarıb üzə qoydum, dedim, mütləq məni çağırmalısınız. Beləcə, oktyabr ayında çağırdılar. Əvvəl Ağcabədiyə getdik, ordan da Gəncədəki hərbi hissələrdən birinin tərkibində bizi Qubadlıya apardılar. Həmin hərbi hissə çox uzun yol keçib. Mən onlara Qubadlıda qoşuldum. Biz Qubadlıda olarkən çox da güclü döyüşlər olmurdu, 1-2 şiddətli döyüşümüz oldu. Çünki ermənilər qaçırdılar. Sonra Laçının kəndlərinə girdik və azad edə-edə Türklər kəndinə kimi gedib çıxdıq. Mən cəbhəyə gedəndən sonra əsas döyüşlərimiz Laçında oldu. Hər tərəf düşmən leşləriylə dolu idi. Laçın dağlıq və meşəlik yerdir. Orda dağılmış evlər də vardı, salamat evlər də. Görürdük ki, orda yaşayış olub. Ermənilər hər şeylərini atıb qaçmışdılar.

- Hansı şəraitdə yaralandınız?

- Oktyabrın 28-də çox güclü döyüşümüz oldu, şəhidlər verdik. Şəhidlərimizin hər biri bir orduya dəyən oğullardı. Çox mərd, cəsur uşaqlar idi. Amma açığını deyim ki, tökülən qanların heç biri yerdə qalmırdı, qisaslarını düşməndən alırdıq. Düşmən bizimlə üz-üzə gəlməyə qorxurdu. Sırf artilleriya ilə vururdular. Düşmən leşlərini qoyub qaçırdı, amma biz heç bir şəhidimizi, yaralımızı meydanda qoymurduq, mütləq çıxarırdıq. Düşmən istəyirdi ki, bizi Laçından vurub çıxartsın. Amma bacarmırdılar, biz mövqelərimizi qoruyub saxladıq. Oktyabrın 29-da yenə artilleriya ilə vurdular bizi, 2 şəhidimiz oldu. Ümumən, 26 nəfərlik tağımda mənimlə birlikdə 12 nəfər qalmışdıq. Şəhidlərimiz və yaralılarımız vardı. Buna görə də oktyabrın 30-da bizi dəyişdilər, komplektləşdirmə üçün düşməli idik, başqa tağımla birləşəcəkdik. Yolda da bizi topla vurdular. Həmin vaxt polkovnik-leytenant Vidadi Xəlilov və onun yanındakı çavuş şəhid oldular.

Sonra biz meşəyə düşdük, komplektləşdirməni gözləyirdik. Noyabrın 2-də əsgərləri gətirdilər. Noyabrın 4-ü səhər bölünmə oldu. Uzun vaxt idi ki, hamımız çətin və əlverişsiz şəraitdə qalmışdıq. Qərarlaşdırdıq ki, gedib çayda yuyunaq, bir az özümüzə gələk. Çünki ertəsi gün səhər döyüşə girəcəkdik. Əsgərə pay gəlmişdi, içində "dırnaqtutan" da vardı. Onunla sağ əlimin dırnaqlarını kəsdim, sola keçəndə düşmən bizi vurdu. Hamımız dağılışdıq, mövqe tutduq. Baxdım ki, yanımda bir çavuş qalıb. Əsgərlərim görünmürdü. Onları axtaranda bir yerdə 7 nəfəri tapdım. Ən çox onlar idi deyə, yanlarına getdim, digər əsgərlərimizi soruşdum. Bunu danışanda yenə atdılar, amma aralı düşdü. Baxdım ki, əsgərimin birində "bronjilet" yoxdur. Öz "bronjiletimi" ona verəcəkdim, əsgər dedi, siqaret çəkək, sonra götürəcəm. Həmin vaxt yenə atdılar, kənara düşdü, ikinci partlamadı, üçüncü yaxınlığımıza düşdü, amma kimə nə oldu bilmədim, dördüncünün qəlpəsi isə mənə dəydi. Əllərimlə başımı tutmuşdum. Başımı qaldıranda gördüm keyimişəm, sol əlimi oynatdım, hiss elədim, sağa baxanda isə gördüm ki, qolum yoxdu. Onda yenə yanımızdakı uşaqlardan şəhidlərimiz oldu. Birtəhər ayağa qalxdım, qolumu da qucağıma götürdüm və aşağı düşdüm ki, kömək istəyim. Kömək gəldi, bizi apardılar, təcili yardım maşınına çatanda taqətdən düşdüm. Amma getmək istəmirdim, əsgərlərimi soruşurdum. Bəzilərinin şəhid olduqlarını dedilər, inanmadım, maşından düşüb getmək istəyirdim onların yanına, imkan vermədilər. Ordan Türklər kəndindəki tibb məntəqəsinə, sonra hospitala apardılar. Hara da gedirdimsə, qolumu özümlə aparırdım ki, bəlkə yerinə tikə bildilər. Hospitalda "bronjilet"i əynimdən çıxardanda baxdıq ki, bir qəlpə düz ürəyimə gəlib, amma "bronjilet" saxlayıb onu. Əgər mən "bronjilet"i əsgərə versəydim, o qəlpə məni öldürəcəkdi, əsgərim sağ qalacaqdı. Mən ona razı idim. Kaş ki, o əsgərim razı olaydı, götürəydi "bronjilet"imi.

- Sizi ən çox sarsıdan itki hansı olub?

- Əsgərlərimin hamısının itkisi mənimçün çox sarsıdıcı idi. Şəhid olan əsgərlərim heç yadımdan çıxmırlar. Şəhidlik elə bir zirvədir ki, ora çatmaq hər adama qismət olmur. Ancaq onlardan başqa biri var ki, onun şəhidliyini mən sonradan eşitdim və çox sarsıldım. Bu, polkovnik-leytenant Nail Orucov idi. Biz onunla Gədəbəydə birgə xidmət eləmişdik. Çox gözəl insan idi. Mən onun şəhid olmasını hospitalda eşitdim və çox pis oldum. Onun yaxşı döyüşçü olduğunu hələ o vaxtdan bilirdim. O, baş leytenant idi, gözəl xidmətinə görə vaxtından əvvəl kapitan rütbəsi vermişdilər. Sonralar onu görməmişdim və həmişə də görmək istəyirdim. Şəhidliyini eşidəndə inanmadım. O da əsgərini xilas etmək üçün şəhid olmuşdu.

 

- Qələbə xəbərini alanda yəqin ki, hospitalda idiniz?

- Bəli, Bakıda, hərbi hospitalda idim. Palata yoldaşım da XTQ-nin əsgəri idi, minaya düşmüşdü, bir ayağını itirmişdi. Noyabrın 10-da gecə saat 3-də mənə zəng gəldi. İşlədiyim şirkətdəki müdirim idi. O verdi qələbə müjdəsini. Xəbəri eşidən kimi yanımdakı əsgər yadımdan çıxdı, durdum qaçdım. Bir də əsgər arxadan çağırdı ki, komandir, mən də. Ona da kömək elədim gedib televizorda baxdıq cənab Ali Baş Komandanın çıxışına. Çox sevinmişdik. Sevinməyimizin səbəbi də həm o idi ki, torpaqlarımız azad edildi, həm də daha yeni itkilərimiz olmayacaq.

- Ailəniz müharibəyə getməyinizi, yaralanmağınızı necə qarşıladı?

- Ailəliyəm, üç oğlum var. Onlar mənim müharibəyə könüllü getdiyimi bilirdilər. Mənə çağırış gələndə onlara müharibənin nə olduğunu, məni və bizi nələrin gözləyə biləcəyini başa saldım ki, gedirsənsə, qayıtmaya, ya da başqa vəziyyətdə qayıda bilərsən. Ona görə də hazır idilər. Həyat yoldaşıma özüm zəng eləyib dedim vəziyyətimi. Düzdür, telefonda soyuqqanlı danışdı, amma uşaqlar dedilər ki, sonradan xeyli ağlayıb. Mənsə ona dedim ki, burda ağlamalı heç nə yoxdur. Bu qol vətən yolunda, xalq yolunda gedib, getməli idi də. Özü də Laçında. Əsas odur ki, torpaqlarımız azad olundu. Oralar çox gözəldir, mütləq azad edilməli idi. Özüm də tarix müəllimiyəm. Həmişə 20 faiz torpaqlarımızın işğal altında olduğunu deyəndə utanırdım. Düzdür, indi müəllim deyiləm, amma yenə də müəllim olsaydım, indi tamam başqa cür danışardım bu böyük qələbəmizdən.  

- İndi müalicəniz necə gedir?

- Çox yaxşı gedir, çox böyük qayğı görürük. Aprelin 20-də protez üçün ölçü götürdülər. İndi də qolu protezə hazırlamaq üçün müalicə gedir. Müalicənin nəticəsini də ən yaxşı şəkildə hiss edirəm. Münasibət, qayğı, hörmət yüksək səviyyədədir. İstər həkimlər, istər tibb bacıları, istər sanitarlar çox gözəl münasibət göstərirlər. İnşallah, tezliklə protez hazır olar. Onu deyim ki, yoxlamaq üçün cip taxdılar və protezi qoşdular, onda özün barmaqlarını açıb yumursan və adam uşaq kimi sevinir.

- Xidmətləriniz dövlətimiz tərəfindən də qiymətləndirilib.

- Bəli, "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Vətən müharibəsi iştirakçısı" medallarıyla təltif olunmuşam. Özümün xəbərim yox idi, sağ olsun, bir sinif yoldaşım mütəmadi məni məlumatlandırırdı bu haqda.

- Orta və yaşlı nəsil, adətən, gənclərdən şikayət edirdilər, zəmanə uşaqlarını bəyənmirdilər. Siz həm də bir müəllim kimi bu müharibədə gənclərimizi necə tanıdınız?

- Açığını deyim ki, gənclərimizin texnologiyaya çox meyl etməsi, bəzi davranışlarına görə məndə də oxşar düşüncələr formalaşırdı. Amma bu müharibədə gördüm ki, gənclərimiz əslində bambaşqaymış. Onları döyüşdə tanımaq lazımmış. Azərbaycan gənci Vətən müharibəsində özünü təkcə bizə, xalqımıza yox, bütün dünyaya layiqincə tanıtdı. Kənardan baxırsan, çəlimsiz uşaqdı, amma qucağındakı ağır silahla qaça-qaça gedirdi döyüşə. Yaralı gənclərimiz vardı ki, tibb məntəqəsindən xəlvətcə döyüşə qaçıb getmişdi. Gənclərimiz yaralını, şəhidi meydanda buraxmırdı, kürəklərində daşıyırdı, özü də döyüşə-döyüşə. Düşünürəm ki, gənclər özlərini, vətən sevgilərini sübut elədilər. Çoxu da Qarabağın işğalından yaşca xeyli kiçik idi. Gənclərimiz və biz də bu ruhu arxada birləşən xalqımızdan alırdıq. Bu dəstəyi, bu birləşən ürəyi biz çox yaxşı hiss edirdik. Və bu, bizi qələbəyə kökləyirdi. Biz ağrılarımızı belə hiss etmirdik, bir-birimizi qorumaq və torpaqlarımızı azad etmək naminə. Şükür ki, buna nail olduq.

Şahanə MÜŞFİQ

 





02.06.2021    çap et  çap et