525.Az

"Gözündən axdığı yaş ilə pak olur aşiq..." - Vəlixan Abdullayevin qəzəlləri


 

"Gözündən axdığı yaş ilə pak olur aşiq..." - <b style="color:red">Vəlixan Abdullayevin qəzəlləri</b>

Xəyanət etməsə hərgah mənə gözüm kimisi,
Yanımda gördüyümü bilmərəm özüm kimisi.

Utanmaz üzləri görcək utanmamaq olmaz,
Nə gündəyəm ki, utanmaz olub üzüm kimisi.

Deyilsə niyyəti pak, səcdəgahdə, nə xeyir,
Sürünsə hər dəfə alnım, əlim, dizim kimisi.

Verər canın, kimisi, növbədənkənar yarə,
Tutar saatlar ilə növbədə düzüm, kimisi.

Əgər yolumda düzisəm gərək səbirli olum,
Öpər əlim, kimisi, daşlayar izim, kimisi.

Nə çoxmuş, ey ürəyi daş, cahanda sizlərdən,
Nə azmış, ey ürəyi incələr, bizim kimisi.

Həyat mübarizəsində, Vəli, nə etdimsə,
Yanımda həmdəm olan olmadı sözüm kimisi.

*** 

Yayıldı etdiyi cənnətdə Adəmin gizlin,
Bilindi sirri nə imiş cəhənnəmin gizlin.

Qəm idi Adəmə bir danə sirri, kaş yeməsə,
O danə saxlar imiş adəmin qəmin gizlin.

O gün ki, dadına baxdı o gizlinin babamız,
Bu gün də qəm yedirir bizlərə həmin gizlin.

Qovulduğundan o əcdadımız fəna mülkə
Bizimçün heç nəyi qalmıb bu aləmin gizlin.

Kim iffətin qorusa, ismətin Xuda qoruyar,
Nə idi təqsiri guya ki Məryəmin gizlin?

Gözündən axdığı yaş ilə pak olur aşiq
Bu imiş illəti mahi-Məhərrəmin gizlin.

Vəli  Xudanı ürək həmdəmi bilir, ürəyin
Döyüntüsüylə duyar həmdəm həmdəmin gizlin.

*** 

Kuyində ölməsəm, aça bilsəm əgər səhər,
Qurban edərdim ol səhərə bəs qədər səhər.

Cananı zikr edib gecələr yatmayan fəqir
Mütləqdi müjdəsin ala bir mötəbər səhər.

Yüz dəfə söylərəm gecəyə, dərdim anlamaz,
Duymaz çifaidə açılar müxtəsər səhər.

Dərd oldu dərdimi gecənin anlamazlığı
Anlar məni məgər gecədən bixəbər səhər.

Nurunda fərq olurmu gecə yığsa zülfünü,
Yaxud dağıtsa zülfün üzə yar səhər-səhər.

Hər sübh gün çıxınca cəmalın şəkillənər
Nurunmudur Günəş, günəşim parlar hər səhər?

Bica deyilməyib, gecənin umma xeyrini,
Çün yaxşıdır Vəli o xeyirdən zərər səhər.

*** 

Naz eyləmə nazəndə gözəl nazə, nə lazım?
Nazəndə gözəl nazına əndazə nə lazım?

Çox naz elə, sözgəzdirənə mövzu gərəkdir
Az naz ilə vermək sözü sözbazə nə lazım?

Eşqin sonu zalım zamanın zülmünə tabe
Ümmid eləmək möcüzə, ecazə nə lazım?

Biz köhnələrik bizdə qalıb, hər nə qalıbsa,
Qədrin bilənə köhnələrin tazə nə lazım?

Hardan keçə bilsən, keç ədəb bağına, gül dər,
Məqsədlə gələn oğruya dərvazə nə lazım?

Qış bükmüş idi boynumu, ey laləüzarım,
Gəl canımı al, saxlamağın yazə nə lazım?

Bu incə qəzəldə Vəlinin ruhu göründü,
Bihudə təxəllüsdə hələ yazə, nə lazım?

Vəlixan ABDULLAYEV (Vəli Xan)

 





02.06.2021    çap et  çap et