525.Az

Gəncə - hər küçəsi çıraqban şəhər - Reportaj (Video)


 

Gəncə - hər küçəsi çıraqban şəhər - <b style="color:red">Reportaj (Video)</b>

Bakıdan Gəncəyə qürur və iftixarla...

İnsanlar ömür boyu hansısa soraq gümanında yaşayırlar, bir xəbərə möhtac olurlar. Yaşam səviyyəsindən asılı olmayaraq hər kəs həmişə nəyisə gözləyir. Bir zəng, bir çağırış insanı olduğundan tamam başqa bir ovqata kökləyə bilir. Həyat yaxşı və pis xəbərlər arasında mübarizədir. Mayın 25-də bu problemlərlə dolu mübarizə içində xoş xəbər aldım, tərəzinin sevincli gözünə bir daş da əlavə edildi.

Axşamçağı idi, təxminən, saat səkkiz olardı. Radioda Xan əminin ifasında "Qəmərim" mahnısı səslənirdi. Telefonuma zəng gəldi: İlqar Axundov. Dedi ki, "İrəli" İctimai Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi ilə əlaqədar Gəncəyə səfər edəcək. Sənin də Gəncə səyahətinə qoşulmağını arzu edirik.

İlqar "Gəncə səyahətinə" ifadəsini söyləyəndə ötən gün Akif Rəfibəylinin təşəbbüsü ilə çap olunan "Gəncəyə səyahət" jurnalı yadıma düşdü. Mən həmin jurnal haqqında kiçik bir yazı yazmışdım. Jurnalı oxuduqca qədim Gəncəyə bir daha heyran oldum və içimdə bir arzu doğdu: Yazın bu son günlərində Gəncəyə gedə biləydim. Deyəsən, göylər ürəyimi oxumuşdu...

Səhər "İrəli"nin ofisinə yollandım. İçəridə çox gözəl ab-hava var idi. Hər kəs səfər hazırlığı görürdü, hamının gözündən sevinc yağırdı.

14:50-də Bakıdan Gəncəyə yola düşdük. Bakı... Bir vaxtlar azadlığın sorağı, Cümhuriyyətin bayrağı  Gəncədən Bakıya yol gəlirdi. 103 il sonra, biz - Cümhuriyyət qurucularının ardıcılları, həmin ideologiyanın varisləri Bakıdan Gəncəyə yollanırdıq. 1918-ci ilin 28 may tarixini, tariximizin qürurlu anlarını yad etmək naminə qədim Gəncəyə səfər edirdik. Biz bu Vətəni Gəncədən Bakıya, Bakıdan Şuşaya, Şuşadan Araz sahillərinə, o baş, bu baş, qarış-qarış, torpaq-torpaq sevirik. Ürəyimizdə sevgi, sevgimizdə həyəcan, həyəcanımızda xoş təəssüratlar ümidi ilə yola çıxmışdıq.

Qarabağlı Cümhuriyyət...

Sovet dövründə Qarabağlı Azərbaycanımız var idi, amma 28 may tarixini qeyd eləmək hüququnu əlimizdən almışdılar. Nəinki Cümhuriyyət gününü xüsusi qeyd etmək, hətta xalq kimi milli mənsubluğumuza dair əksər qürurverici məsələlərin də üstündən xətt çəkilmişdi. Azadlıq qazanandan sonra isə Qarabağ işğal olundu. Bu millət doya-doya öz sevincini yaşaya, keçmişini, tarixinin şərəfli mərhələsini yad edə bilməmişdi. İllər sonra ilk dəfə idi ki, Qarabağlı Cümhuriyyəti qeyd edirdik.

Gəncəyə yollanarkən yoldakı lövhələri görəndə bu, bir daha bizə əyan oldu. Lövhələrin üzərində müxtəlif şəhərlərə nə qədər məsafə qaldığı göstərilmişdi. O şəhərlərin arasına bir şəhər də əlavə olunmuşdu: Azərbaycanın mədəniyyət paytaxtı, Qafqazın gözü, dünənə qədər yaralı, bu gün isə fəxr yerimiz: Şuşa şəhəri!

Ön cəbhədə döyüş gedəndə Gəncə bütün bəlalara tab gətirmişdi, heç gileylənib ah-vay eləməmişdi. Ermənilərin törətdiyi barbarlıq Gəncənin əzmini sarsıtmamışdı. Qəhrəman şəhər Gəncəyə aparan bu yollar indi Şuşaya, Kəlbəcərə, Laçına, Ağdama, bütün Qarabağa uzanır.

Yoldakı lövhədə Şuşa yazısını görəndə Əhməd bəy Ağaoğlu yadıma düşdü. Əhməd bəy Şuşada doğulan Cümhuriyyət mücahidlərimizdən idi. Hətta AXC-nin Gəncə dövründə "Türk sözü" adlı qəzet təsis edib. Bakı işğaldan azad olunana qədər qəzet nəşr olunub, cəmi 2 nömrəsi işıq üzü görüb. Əhməd bəy Gəncəni çox sevib. Ömrünün sonuna qədər qürbətdə olsa da, bu yerləri xatirələrində yad edib. Şuşa havasıyla, çörəyi ilə böyüyən Vətən fədaisinin öz silahdaşları ilə birlikdə qərarlaşdığı bir diyara səfər edirdik - Gəncəyə...

Gəncə... sükutun ağrısı

Yol yoldaşlarım çox pozitiv və bir o qədər də intellektual gənclər idi. "İrəli" İctimai Birliyi daim ətrafında belə insanları cəmləşdirib. 20-ə yaxın gəncin hər biri müxtəlif xarakterə malik idi. Amma hamısının ortaq bir xüsusiyyəti var idi: həqiqi vətənpərvərlik. Çünki "İrəli" İB həmişə gənclərə bunu aşılayıb.

 

Yolboyu deyib güldük, mahnılar oxuduq, maraqlı söhbətlər elədik, bir sözlə, bu 4 saat çox əyləncəli oldu. Gəncənin girəcəyində aramızdan biri soruşdu:

- Birinci hara gedəcəyik?

- Ermənilərin Gəncədə terror aktı törətdikləri əraziyə...

Elə bil qurbağa gölünə daş atıldı. Araya sükut çökdü. Bu sükut həmin ərazilərə baş çəkib ayrılana qədər davam elədi. Bu sükutun içində nələrə şahidlik etdik...

Bayaqdan deyib-gülən kollektiv ani olaraq tutuldu. Biz oraları yalnız televiziya, sosial şəbəkələr vasitəsilə ilə seyr eləmişdik. Bu xəbəri alanda üzərimizə bir ağırlıq çökdü. Sanki oralara ayaq basmağa hazır deyildik, buna ehtiyat edirdik. Hələ ora çatmamış hər kəs kədərə qərq olmuşdu. Bu, əbəs yerə deyil. Həmin hadisələr baş verəndə görüntüləri, terrorun nəticələrini izləmişdik. İnsanların dəhşətli harayı, yaxınları həlak olanların düşdükləri vəziyyət, günahsız insanların vəfat etdikdən sonra ətrafa səpələnmiş əşyaları, onların həyat hekayələri yadımızdan çıxmamışdı. Həmin günlərin gurultusu qulağımızda idi. Ora səfərimiz yenidən hər şeyi təzələdi, həmin anları xatırlatdı.

Nəhayət, gəlib çatdıq. Əraziyə piyada gedirdik. Yolda iki balaca öz velosipedi ilə bizə yoldaşlıq elədi. Biri sakit idi, o biri dilli-ağızlı, gəncəlilərə məxsus hazırcavablıqla bizlə söhbət edirdi:

- Gəncəlisinizmi?

- Yox.

- Bəs hardan gəlmisiniz?

- Bakıdan gəlmişik.

- Deyirəm axı, gəncəliyə oxşamırsınız. Qağa, bizim də şəklimizi çək də.

 

Şəkillərini çəkdim. Maraqlıdır, görəsən, illər sonra o uşaqlar qabağıma çıxacaqlarmı?! Onlar ağıllarının təzə-təzə kəsdiyi bu çağlarında obalarının qan-qadasına şahidlik elədilər, buraya ekskursiyaya gələnlərlə balaca yollarda yoldaşlıq elədilər. Mən illər sonra onları tapacağam və uşaqlıq xatirələrini yazıya köçürəcəyəm...

Raketin düşdüyü əraziyə çatdıq. Dəhşət idi... Daşları, dağıntıları tapdalamağa ürəyim gəlmirdi. Hər addımım məni daha da ağırlaşdırırdı, ürəyimə toxunurdu. O dağıntılar hər evin bir küncündən qopmuşdu. Evlərin isə küncündə xatirələr yatırdı. Otaqların da qulaqları olur, onlar neçə-neçə söhbətə şahidlik edir. O divarlardan xatirə şəkilləri asılır. Görün nə qədər insanın keçmişi, bu günü, gələcəyi para-para olub yeksan olmuşdu. Allah bilir o evlər necə zülm-zillətlə qurulmuşdu. Bunların hamısını dərk edə-edə ərazilərə göz gəzdirmək bir azərbaycanlı üçün fəlakət idi, ürək lazım idi ki dözsün...

Uşaqların oyuncaqları dağıntıların üzərinə düzülmüşdü. Sıradan çıxmış piano dilləri sanki ən həzin melodiyanı ifa edirdi. Professor Qulu Məhərrəmli verilişlərin birində söyləyir: "Məhəmməd Əmin Rəsulzadə Üzeyir bəyin "Koroğlu" uvertürasını eşidəndə çox ciddi şəkildə sarsılıb. Mən düşünürəm ki, "Koroğlu" uvertürası musiqi dili ilə Azərbaycan Xalq Cümhuriyyətinin hekayəti idi, Rəsulzadə də bunu duymuşdu..." Xarabalıqların içində pianonun dillərini görəndə həmin söhbəti xatırladım. "Koroğlu" uvertürasının bir hissəsi var ki, temp azalır və asta, həzin notlarla ifa olunur. Bu böyük, qədim, AXC tarixinə canlı şahidlik eləmiş Gəncə şəhəri uvertüranın şaqraq hissəsi idi, həmin həzin hissə isə məhz bu dağıntıların acısını xatırladırdı. Çünki belə bir vəhşiliyin daha genişmiqyaslı versiyası XX əsrin əvvəlində də baş vermişdi. Mən buna şahidlik elədiyim kimi, Üzeyir bəy də həmin hadisələrə şahidlik eləmişdi. 31 Mart soyqırımından sonra Cümhuriyyət yarandı. Gəncə şəhəri də bu dağıntılara tab gətirdi və bu kimi neçə-neçə əzmkarlığın nəticəsində Qarabağ düşmən tapdağından azad olundu.

Bəlkə də, o piano hansısa musiqi müəlliminin evində idi, ya  musiqini yeni öyrənən azyaşlının sevimli məşğuliyyəti imiş, bilmirəm. Amma bir onu bilirəm ki, həmin piano dilləri bu ağır sükutun içində fəryad dolu musiqi ifa edirdi...

Yerdə 8-ci sinif "Kimya" test toplusu var idi. Odlu silah Çində ixtira olunub. İlk dəfə raket də orada istehsal edilib. II Dünya müharibəsinin sonunda atom silahı kəşf edilib, hamısı da kimyəvi, fiziki hadisələr nəticəsində. Xirosima və Naqasakidəki uşaqların arasında kimyaya dair biliklərə də malik uşaqlar olub. Amma kimyəvi dəhşətlərlə üz-üzə gəliblər. Həmçinin, Gəncədəki 8-ci sinif şagirdi. Kimyadan test variantları arasında gəl-get eləyən həmin məktəblinin ağlına belə gəlməzdi ki, namərd düşmən nə vaxtsa raket vasitəsilə yurd-yuvasını viran qoyacaq. Külək testin səhifələrini vərəqlədikcə həmin uşağın acısını hiss eləmək mümkün olurdu. Ağırdır...

Oğlanlar dilini dişinə sıxıb dayanmışdılar, qızların isə yanaqlarından damcılar süzülürdü. Bu sükutun ağrısı bizim yaddaşımıza ömürlük həkk olundu...

Mənim Gəncədə bir yaram var...

Axşam hotelə gəldik, gecə çoxlu söhbətlər getdi, aranı dağa qatdıq, dağı arana. Axşam bizi sabahın proqramı ilə tanış elədilər. Gördüm ki, səhər yeməyindən sonra Şəhidlər xiyabanına yollanacağıq.

Mənim Gəncəyə ilk səfərim çox ağır olub, bunun haqqında yazı da yazmışam. Uşaqlıq dostum, sinif yoldaşım İlqar Bürcəliyev II Qarabağ savaşında şəhid oldu, nəşini Gəncəyə - baba yurduna gətirdilər. Səhərüzü həmin həyətə getdik, İlqardan 10-15 dəqiqə sonra çatdıq. Gəncəyə həmin gedişimiz elə bir dağ olmuşdu ki, bir günün içində qocaldıq, həmin tabut bizim qəddimizi əydi. Onda demişdim ki, Gəncə bizi özündən küsdürdü, biz Gəncəyə ilk gəlişimizi belə təsəvvür eləməmişdik.

Planda olsa da, olmasa da, elə bir şey ola bilməzdi ki, mən Gəncəyə gedim, amma İlqarı ziyarət eləməyim. Söz yox, hər gün evdən çıxanda, vaxtilə İlqarla birgə gəzdiyimiz yollardan keçəndə yaddaşım onla bağlı bütün xatirələri ziyarət edir. Amma Gəncə İlqarın ən sevimli şəhəri idi.

 

Kollektivlə birgə Atəşgahı ziyarət elədik. Yavaş-yavaş çoxluqdan ayrılıb İlqarın məzarı tərəfə irəlilədim. Heç onun məzarı ilə təkbətək olmamışdım. Onun məzardan baxan göy gözlərinə gözümü zilləyəndə həyatın zil qara rəngini görə bilirəm. O gözlərdə mənim uşaqlığım, məktəb illərim, acılı-şirinli neçə xatirəm yatır. Həmişə yanımda digər dostlarımız olurdu, bir-birimizə ürək-dirək verirdik. Amma indi tənhaydım. Ürəyimi rahat boşalda bildim, bu 8 ayda heç belə sakitləşə bilməmişdim. Hamı çıxışa doğru irəliləyəndə İlqar Axundov onlardan ayrılıb mənə tərəf yaxınlaşdı, əlimi çiyninə qoyub dedi:

- Mən səni başa düşürəm...

- İlqar, adaşın elə oğul idi, elə oğul idi ki...

Qəhər imkan vermədi danışım, Axundov qoluma girdi, məzarın yanında uzaqlaşdıq. Amma bilmirəm bu cümləm necə qarşılanacaq, mən heç vaxt deyə bilmədim ki, "İlqar, Allah sənə rəhmət eləsin". Bunu deməyə dilim dönmədi, gücüm çatmadı, mən hələ o qədər böyüməmişəm, kamilləşməmişəm...

İllər keçəcək, yəqin ki, Gəncəyə çox səfərlərim olacaq. Amma harda olsam da, biləcəm ki, Gəncədə bir kövrək, ağrılı məqamım qərar tutub. Nə vaxt Gəncəyə gəlsəm, biləcəm ki, həmin xiyabanda bir dostum, əzizim, nakam yaşıdım uyuyur...

Fətəli xan Xoyskinin qələmi

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Tiflisdə elan olunsa da, Bakı bolşeviklərin işğalından azad olunana qədər yeni yaranmış hökumət Gəncədə yerləşib. Gəncə şəhəri tariximizin ən şanlı səhifələrinə şahidlik eləyib. Gəncədə parlament tərəfindən 200-dən çox qərar qəbul edilib. Məhz II Hökumət kabineti burada təşkil olunub. Azərbaycan türk dili dövlət dili elan edilib, orduda quruculuq işləri aparılıb. Bu dövrdə bütün prosesə Gəncə fədailəri də töhfə veriblər. 

Şəhidlər xiyabanını ziyarət etdikdən sonra Gəncədəki Cümhuriyyət muzeyinə yollandıq. Bu sadalanan proseslərin baş verdiyi binada olmaq, həmin pilləkanlara ayaq basmaq xüsusi qürurverici an idi. Bir vaxtlar bu binada Cümhuriyyət mücahidləri toplanıb, Azərbaycanın gələcəyi üçün götür-qoy ediblər, müxtəlif qərarlar qəbul ediblər. Muzeyin eksponatları ilə tanış olduqca düşünürdüm ki, indi həmin şəxsiyyətlərin ruhu bu otaqlarda dolaşır. Bir əsr sonra müstəqil Azərbaycanın gəncləri onların cəsarəti naminə görülən işləri qürurla yad edir.

Muzeydə bizə bələdçilik edən tarix müəllimi bütün məqamlar haqqında çox ətraflı danışdı. Maraqlısı odur ki, o sadəcə tarixi faktları yox, həm də o hadisələrlə bağlı həssas məqamları da nəzərimizə çatdırdı.

Həyat simvollarla doludur. Bəzən onu özümüz yaradırıq, bəzən də sadəcə təsadüflər buna bais olur. Bəlkə də, o təsadüflər də elə zərurətlərin nəticəsidir. Zaqafqaziya Seyminin 44 müsəlman üzvü Tiflisdə Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Milli Şura elan ediblər və bir gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranması elan olunub. Həmin 44 nəfərin ilkin səyləri nəticəsində demokratik respublikamız yaranıb. II Qarabağ savaşı da 44 gün davam etdi. 44 günün içində 30 ilin həsrətinə son qoyuldu - Qarabağ işğaldan azad olundu. Muzeydə seymin 44 müsəlman üzvü haqqında eşidəndə düşündüm ki, 44 nəfərin hər birinin ruhu 44 günlük müharibə boyunca Yaradana duaçı olub, döyüşçülərimizin əzminə güc veriblər.

Muzeydə Cümhuriyyət qurucularının fotoşəkilləri ilə bərabər önəmli məqamları əks etdirən məlumat lövhələri yer alıb. Cümhuriyyətin Gəncə fədailərinin fəaliyyətləri barədə məlumat aldıq. Muzeydə müxtəlif eksponatlarla tanış olduq. Eyni zamanda, cümhuriyyət tariximizlə bağlı, demək olar ki, əksər nəşrlər muzeyə toplanmışdı. Məni sevindirən o oldu ki, qocaman alimlərlə yanaşı, gənc tədqiqatçı, Cümhuriyyət tarixinin araşdırılmasına töhfələr verən Dilqəm Əhmədin "Fərqlilər" kitabı nəşrlər arasında yer almışdı.

Cümhuriyyət muzeyində bir otaq var ki, xüsusi əhəmiyyətə malikdir. Bu, Fətəli xan Xoyskinin iş otağıdır. Hansı ki, AXC-nin taleyüklü məsələləri bu otaqda müzakirə olunub, neçə-neçə mühüm qərarlar burada imzalanıb. II Hökumət kabineti məhz burada yaradılıb, bir gecənin içində iclas keçirilib.

 

Xoyskinin yazı masası... Tarixin ən ziddiyətli, mürəkkəb, çətin zamanında alnıaçıq, üzüağ mübarizə aparan, ömrü çox acı sonluqla nəhayət tapan bir kişinin yazı masasına toxunmaq mənim üçün yalnız böyük şərəf ola bilərdi. Hamı digər otaqda eksponatlarla  tanış olanda Fətəli xan Xoyskinin qələmini götürdüm. Həyəcandan əllərim titrəyirdi. Bu, Xoyskinin qılıncı, kəsəri, hökmü idi. Kim bilir, hansı məktubu bu qələmlə yazmışdı, ya hansı qanuna bu qələmlə imza atmışdı.

Müasir Azərbaycanın AXC-nin varisi olduğunu nəzərə alsaq, fəxarətlə deyə bilərik ki, biz də bu tarixin kiçik bir parçasıyıq. 1918-ci ildə Cümhuriyyət qurulmasaydı, Sovet əsarəti bizi Ç.Aytmatovun "Gün var əsrə bərabər" romanındakı kimi manqurtlaşdıracaqdı. Milli ruhun toxumu 1918-ci ildə səpildi. 70 illik müstəmləkə siyasətinə baxmayaraq, o toxumlar cücərdi, çiçəkləndi, oğrun-oğrun evlərdə, ürəklərdə bəsləndi. Həmin xalq, həmin kişilərin ardıcılları müstəqilliyi yenidən bərpa etdi.

Xoyskinin qələminə and olsun, nə qədər bu millət özündən,  milli kimliyindən uzaqlaşmayıb, Cümhuriyyət qurucuları yad ediləcək, xatırlanacaq...

Gəncənin dünyaya ən böyük töhfəsi - dahi Nizaminin hüzurunda

Muzeyi gəzdikdən sonra Aqrar Universitetin akt zalında "Son iclas" filmini izlədik. Universitetin rektoru İbrahim Cəfərovun çıxışı çox yadda qalan oldu. Nitqinin sonunda bir maraqlı nüansı qeyd etdi:

 

"Universitetin həyətində Xarıbülbül bitib. O, təkcə Qarabağda bitirdi. Qarabağ işğaldan azad olunandan sonra Xarıbülbül bütün ölkəni dolaşır".

Filmi izləyəndən sonra Gəncə rayon Gənclər Baş İdarəsinə yollandıq. Orada intellektual yarışma keçirildi. İdarənin həyətində xeyli gəzişdim. Təbiət Allahın insanlara ən gözəl lütfüdür. Gəncə gözəldir...

Gəncə çox füsunkar şəhərdir, gözəlliyi ilə göz oxşayır. Nə qədər müasirləşsə də, öz qədimliyini qoruyub saxlayıb. Qırmızı kərpicli evlər ayrı bir ab-hava yaradır. Gəncəni seyr edərkən Kifayət Gəncəlinin ifasında "Mənim Gəncəm" mahnısı qulağımda səslənirdi, öz-özümə zümzümə edirdim:

Tarixlər şahidisən çinarlı Gəncəm,
Qocaman Qoşqar kimi vüqarlı Gəncəm.

Əla bir xəbər aldım: "Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcəyik". Çox sevincli idim. Əsərlərini sevə-sevə oxuduğum, dahi Nizamini ziyarət edəcəkdim. Nizami Azərbaycanın ən dəyərli incisidir. Gəncə dünyaya ən qiymətli töhfə verib. Nizami Gəncəvi heç vaxt Gəncədən kənara çıxmayıb, amma bütün dünyadan xəbərdar olub, əsərlərində bəşəri problemlərə toxunub. Əgər 10 əsr əvvəl doğulsaydım,  mənə Nizamini görmək nəsib olsaydı, onun xaki-payinə (qədəm basdığı yerə) təzim edərdim. Bu gün məqbərəsinin qarşısında təzim edəcəkdim.

 

Məqbərəyə daxil olanda sanki ovsunlandım, ayrı bir aləmə düşdüm. Nizaminin nuru gün işığı ilə içəri dolmuşdu. Quşlar elə gözəl nəğmə oxuyurdu ki, insan məst olurdu. Nizaminin quru daşı da, qəbri də, məqbərəsi də sehrli, əzəmətli idi. Bəlkə də, heç Nizami özünə belə kəhkəşalı məqbərə arzulamazdı, istəyərdi ki, qəbri torpağa qarışıb yoxa çıxsın, çünki o, Şeyx Nizami idi. Amma hər halda onu ziyarət etmək, qarşısında təzim edib ruhuna rəhmət oxumaq çox xoşdur. 

Gedə bilmədiyim Göygöl...

Yola çıxandan planlaşdırmışdım ki, Gəncə səfərindən bir reportaj hazırlayım. Səfərin ikinci günü bildim ki, Göygölə gedəcəyik. Artıq nələr yazacağımı qismən beynimdə quraşdırmışdım.

Babamın evdə bir şəkli var, Göygölün sahilində çəkdirib, şəkil keçən əsrin ikinci yarısına aiddir. Həmişə arzulayırdım ki, oralara gedim, həmin yerdə dayanıb şəkil çəkdirim. Göygölün görüntüləri məndə çox böyük maraq yaratmışdı.

Elə oldu ki, plan dəyişdi, biz Göygölə gedə bilmədik. Amma "İrəli"nin sədri Şahin Rəhmanlı söz verdi ki, bir gün mütləq gedərik.

Şahin Rəhmanlı II Qarabağ savaşının iştirakçısı olub. Həm gözəl insandır, həm də işinin peşəkarı. Sözə, musiqiyə qiymət verən adamdır, gözəl ruhu var. Qiymət vermək bir yana, çox nadir ədəbi nümunələri əzbər bilir. Naharda Hafiz Şirazinin farsca məşhur beytini dedi. Elə zənn elədi ki, mən bundan xəbərsizəm. Amma beytin azərbaycanca versiyasını da mən səsləndirdim. Gülümsündü. Söhbət hindu xallı şirazlı türk gözəlindən bəhs olunan beytdən gedir. Şahin müəllim farsca sinədəftər qəzəllər deyir, mənasını da bilir. Bir sözlə, unikal insandır.

Bu maraqlı və yadda qalan səfərə görə həm Şahin Rəhmanlıya, həm də digər yol yoldaşlarıma - "İrəli" İB-nin fəal gənclərinə minnətdaram!

Yazımın sonunda Novruz Gəncəlinin bu misraları yadıma düşdü, elə bununla da Gəncə təəssüratlarıma yekun vururam:

Qədim Gəncə olub qönçə,
Nə qönçə?! Qönçədən incə!

 





02.06.2021    çap et  çap et