525.Az

Doğma diyar, öyünməli tarix... - Şahanə Müşfiqin qeydləri


 

AĞCABƏDİ TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİ ZİYARƏTİN UNUDULMAZ TƏƏSSÜRATI

Doğma diyar, öyünməli tarix... - <b style="color:red">Şahanə Müşfiqin qeydləri </b>

Əgər tarix həvəskarısınızsa, Ağcabədi rayonuna gedib Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etməmək heç də doğru olmaz. Biz də "Aran" qəzeti, "Ələk" ədəbi məclisi və Heydər Əliyev Mərkəzinin dəvətiylə getdiyimiz Ağcabədidə xoş keçən tədbirdən sonra "Aran" qəzetinin baş redaktoru Məhsəti Musa və Ağcabədi rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədovanın müşayiəti ilə Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkdik.

Çox gözəl və səliqəli, ağaclarla, yaşıllıqla çevrili bağın içərisində yerləşən muzeyin binası iki mərtəbədən ibarətdir. Şənbə günü olmasına baxmayaraq, gəldiyimizi eşidən muzeyin direktoru Sadiq Əliyev özü bizi qarşılayır. Olduqca mehriban, qonaqpərvər və işinin peşəkarı olan Sadiq müəllimin muzeyi nə dərəcədə sevdiyi və önəm verdiyi ilk andanca görünür. O, çox böyük həvəs və şövqlə bizi muzeylə tanış edir.

Əsası 1980-ci ildə qoyulmuş muzeydə hazırda 5000-ə yaxın eksponat qorunur. Muzey 6 ekspozisiya otağı, 4 iş otağı, 2 fond otağı və 1 zaldan ibarətdir. Burada hər bir otaq ayrı-ayrı tarixi dövrləri əks etdirir. Muzeyin ekspozisiyasında rayonun tarixi qədim zamanlardan başlayaraq müasir dövrə kimi öz əksini tapır. Eksponatlar bölmələr üzrə qruplaşdırılıb. Muzey "Təbiət", "Arxeologiya", "Etnoqrafiya", "Görkəmli şəxsiyyətlər", "Sovet dövrü" və "Müasir dövr" bölmələrindən ibarətdir.

İlk otaqda olduqca maraqlı və rəngarəng "Təbiət" bölməsiylə qarşılaşırıq. Burda Ağcabədinin simvollarından olan, Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılmış Ağ göl Milli Parkının maketi və zalda quraşdırılmış monitor vasitəsiylə xüsusiyyətləri, tarixi sərgilənir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2003-cü ildə Milli Park elan edilmiş Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti var.  Belə ki, burda adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahı"sına və Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş quşlar məskunlaşıb. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan,qırtıc və s. geniş yayılmışdır. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, xaltalı eyrenis, gürzə və s. növlər yayılıb. Buranı özəl edən səbəblərdən biri isə burda ölkəmizin ərazisində nadir rastlanan flaminqo quşlarının da görülməsidir. Milli Park Zaqafqaziyada boz qaz, ağquyruq şökükburun, cüllüt, fısıldayan qu quşunun iri koloniyalarının yuvaladığı yeganə yer hesab edilir. Hər il burada çoxlu miqdarda harayçı qu, ərsindimdik, qaranaz, ağquyruq çökükburun, cüllüt, misir vağı, boz qaz, kiçik və böyük ağ vağ, kürən vağ, qırıldaq, qızıl qaz, qu, sultan toyuğu, qıvrımlələk qutan, mərmər cürə, bəzgək, turac kimi qiymətli və nadir növ quşlar yuvalayır və qışlayır. Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı populyasiyasına təsadüf olunur.

 

Muzeyin "Arxeologiya", "Etnoqrafiya" bölmələri sizə zamanda səyahət vəd edir. Rayonun ərazisində tapılan qədim nümunələr buranın ən əski insan məskənlərindən biri olduğunu sübut edir. "Arxeologiya" bölməsində adından da göründüyü kimi, arxeoloji tapıntılar nümayiş edilir. Muzeyin ən qədim eksponatları arxeoloqların rayon ərazisində qazıntı işləri zamanı aşkarladıqları eramızdan əvvəl VI-V minilliklərə (Neolit dövrünə) aid sümükdən iynə və bizlər, daş qab məişət əşyalarıdır. Ən nadir eksponatı küp qəbirdir. Sadiq müəllimin sözlərinə görə, qədimdə insanları bir küpün içərisinə qoyub basdırarmışlar. Arxeoloji qazıntılar zamanı həmin küp qəbirlər və içərisində insan qalıqları aşkarlanıb. Tapılan küp qəbirlərdən biri də məhz bu muzeydə qorunur, əlbəttə, içindəki insan qalıqları çıxarılıb. Eyni zamanda, bu bölmədə antik dövrə aid bardaq, boşqab, orta əsrlərə aid ördəkburun qab (süd qapı), durna çırağı və sair kimi eksponatlar tarixin canlı şahidləri olaraq nümayiş edilir.

Muzeyin "Etnoqrafiya" bölməsi də çox maraqlı və ecazkardır. Burada XIX-XX əsrin əvvəllərinə aid məişətdə işlədilən əşyalar, geyim və bəzək formaları, xalçalar və sair sərgilənir. Onlardan baş geyimi, çarıq, arxalıqlar, heybə, xurcun, taxçaqabağı, "Dəmirçilər" xalçası, samovar, daş ütü və başqa eksponatlar ən yaxşı şəkildə qorunub saxlanılır.

Növbəti otaqda sizi görkəmli şəxsiyyətlər gözləyir. Burada dahi bəstəkar Üzeyir Hacıbəyli, tanınmış ziyalı xanım Həmidə Cavanşir-Məmmədquluzadə, Cəlil Məmmədquluzadə və  Ağcabədinin müxtəlif dövrlərdə Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə bəxş etdiyi digər böyük şəxsiyyətlər haqqında məlumatlar yer alıb.

"Sovet dövrü" bölməsində Ümummilli lider Heydər Əliyevin Ağcabədiyə səfərlərini əks etdirən fotoşəkillər və məlumatlar, bu rayondan Böyük Vətən müharibəsində iştirak etmiş qəhrəman oğul və qızlar, Ağcabədinin "Sosialist Əməyi Qəhrəmanı" olan 4 zəhmətkeşi haqqında bilgilər var. Bir yazıçı-jurnalist olaraq bu otaqda ən çox diqqətimi çəkən eksponatlardan o dövrə aid yazı maşını və fotoaparatı da xüsusi qeyd etməliyəm.

Axırıncı bölmə isə müasir dövrü əks etdirir. Burada cənab Prezident İlham Əliyevin Ağcabədiyə səfərləri, Ağcabədinin gənc idmançılarının uğurları, "Qarabağ musiqi məktəbi" haqqında bilgilər də var.

Muzeyin ən çox diqqət çəkən və təqdirəlayiq hal kimi xüsusi vurğulamaq istədiyim hissəsi isə Ağcabədidən olan şəhidlər üçün ayrılmış guşədir. Heç şübhəsiz, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində ən çox zərər görən rayonlardan biri də Ağcabədi idi. Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ müharibəsi dövründə düşmən tərəfindən Ağcabədi rayonu ərazisi dəfələrlə müxtəlif silahların atəşinə məruz qaldı. Muzeyin direktoru Sadiq Əliyev çox maraqlı və olduqca əhəmiyyətli addım ataraq rayon ərazisinə düşən bir sıra silahların nümunələrini zərərsizləşdirdikdən sonra muzeyə gətirib və buradakı guşədə saxlayır, gələcək nəsillər üçün nümayiş etdirir. Burada ən çox diqqəti cəlb edən silahlardan biri müharibə dövründə düşmənin Ağcabədi ərazisinə atdığı, amma xoşbəxtlikdən partlamayan "smerç" tipli raketdir. Raketin özü, baş və beyin hissələri Tarix-Diyarşünaslıq muzeyində həm qonaqlar, həm də gələcək nəsillərə hansı tipli düşmənlə mübarizə apardığımızın əyani sübutu kimi saxlanılır. Həmin dövrdə Ağcabədi ərazisinə atılmış tank əleyhinə raket, top mərmiləri, "uraqan" raket, minamyot mərmiləri də burada nümayiş edilir.

 

Eyni zamanda, bu guşədə II Qarabağ müharibəsində şəhid olmuş 43 ağcabədilinin adları, fotoları, bəzilərinin şəxsi əşyaları da saxlanılır. Onlardan biri 14 yaşlı mülki şəhid, 42-si isə müharibədə, düşmənlə üz-üzə döyüşdə şəhid olmuş oğullarımızdır. Yəqin ki, bu guşənin ən ağrılı eksponatı şəhidlərdən birinə aid qanlı hərbi papaq hesab oluna bilər. Sadiq müəllim də bu qanı üzərində qurumuş papağın görənləri hüznə qərq etdiyini deyir. Biz də şəhidlərimizin ruhuna dualar oxuyur, torpaqlarımızın azadlığı üçün bir daha Allaha şükür edirik.

Hər şeydən əlavə isə, bu gözəl təşəbbüs üçün Sadiq müəllimə, eləcə də muzeyin bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk. Sadiq müəllim təkcə muzey direktoru kimi deyil, bir azərbaycanlı kimi, xalqını, dövlətini, torpağını sevən vətəndaş kimi Azərbaycanın qədim tarixini əks etdirən bu eksponatları, tarixi faktları gözbəbəyi kimi qoruyur, gələcək nəsillərimizə ən yaxşı şəkildə çatması üçün əlindən gələni əsirgəmir. Bu təəssübkeş insanın tariximizə, keçmişimizə, həqiqətlərimizə qarşı qayğısı, diqqəti və sevgisi hər birimizi çox sevindirir. Ağcabədini bizə ən gözəl şəkildə anladan Tarix-Diyarşünaslıq Muzeyindən çıxarkən içimizdə bu sevinclə yanaşı, gözəl bir rahatlıq duyğusu da vardı. Nə gözəl ki, tariximiz əmin əllərdədir.  

Fotolar: Nofəl ÜMİD

 





02.06.2021    çap et  çap et