525.Az

Çinə qarşı yeni ittiham - Xaqani Cəfərlinin şərhi


 

Çinə qarşı yeni ittiham - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Böyük Britaniya kəşfiyyatı qlobal pandemiyaya səbəb olmuş COVİD-19 virusunun çinli mütəxəssislər tərəfindən yaradıldığını istisna etmir. “The Sunday Times” qəzeti kəşfiyyat orqanlarındakı mənbəsinə istinad edərək koronavirusun Uhandakı laboratoriyadan yayıldığı qənaətinin olduğunu yazıb. COVİD-19 virusunun çinli mütəxəssislər tərəfindən yaradıldığını düşünənlərin sayı isə son günlər artmaqdadır.

Böyük Britaniya və Norveçdən olan tanınmış alimlər - professor Anqus Dalqliş və Birger Sörensen “Quarterly Reviews of Biophysics” dərgisində nəşr olunmuş yeni araşdırmalarında COVİD-19-un çinli alimlər tərəfindən hazırlandığını iddia ediblər. Alimlərin fikrincə, virusun yayılma səbəbi kimi yarasaların göstərilməsi də izlərin qarışdırılmasına və itirilməsinə xidmət edib.

Texasdan olan alim Peter Hotez də hesab edir ki, COVİD-19 virusunun mənşəyinin üzə çıxarılması üçün beynəlxalq ictimaiyyət Çinə təzyiq göstərməlidir. Peter Hotezə görə, koronavirusun mənşəyi aşkar olunmasa, bəşəriyyət yeni pandemiya ilə üz-üzə qalacaq. Alimin fikrincə, bəşəriyyət üçün COVİD-26 və ya COVİD-32 virusu çox realdır. Bu aqibətdən yayınmaq üçün isə alim Çinə təsir göstərməklə COVİD-19 virusunun mənşəyini üzə çıxarmağın vacibliyini qeyd edir. 

Keçmiş prezident Donald Trampın dövründə COVİD-19-un mənşəyini araşdıran ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı David Aşer koronavirusun təbii olaraq heyvanlardan insanlara keçə biləcəyinə inanmağın gülünc olduğunu söyləyərək COVİD-19 virusuna görə Çinin məsuliyyət daşıdığını bəyan edib. “Daily Caller”ə açıqlamasında David Aşer bildirib ki, Uhandakı laboratoriyada çalışanlardan birinin həyat yoldaşı pandemiyanın rəsmi başlamasından bir ay əvvəl koronavirusdan ölüb. Bu məlumatı ona laboratoriyanın başqa bir əməkdaşının verdiyini bildirən David Aşer Çin rəhbərliyini 2019-cu ilin noyabr və dekabr aylarında COVİD-19-19-dan ölümlər barədə məlumatları qəsdən gizlətməkdə ittiham edib.

ABŞ-ın başqa bir nüfuzlu qəzeti The “New York Times”in 28 may tarixli sayında yer alan bir məqalədə ABŞ kəşfiyyat xidmətlərində COVİD-19-un mənşəyi ilə bağlı məlumatların olduğu iddiası irəli sürülüb.

 

Əsl sensasiya sayıla biləcək açıqlama isə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq İnstitutunun direktoru Aleksey Maslova məxsusdur. Rusiyalı alim bəyan edib ki, koronavirusun Uhandan yayıldığı şübhəsizdir: "Çin uzun müddətdir orada yaradılan virusları insanlara aşılamaq da daxil olmaqla müxtəlif təhlükəli təcrübələri maliyyələşdirir. Laboratoriyada ölüm nisbəti çox yüksəkdir". Müşahidəçilər Aleksey Maslovun bu açıqlamasını Rusiyanın mövqeyindəki dəyişiklik kimi də izah edirlər. Çünki Aleksey Maslov Rusiya prezidenti Vladimir Putinin Çinə səfərləri zamanı daima nümayəndə heyətində yer alıb. Eyni zamanda, Aleksey Maslov heç bir zaman Çin əleyhdarı kimi tanınmayıb. İndi Aleksey Maslovun COVİD-19 virusunun çinli mütəxəssislər tərəfindən yaradıldığı haqqında bəyanatı Çinə qarşı əsas ittihama çevrilib.

Çin rəsmiləri isə bütün bu iddiaları rədd edirlər. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çao Litsyan bütün bu məlumatların doğru olmadığını, 23 mart 2021-ci il tarixinə qədər Uhandakı laboratoriyanın heç bir işçisinin koronavirus infeksiyasına yoluxmadığını bəyan edib.

ABŞ prezidenti Co Bayden isə bütün bu məlumatlardan sonra kəşfiyyat orqanlarına 90 gün müddətində koronavirusun mənşəyi ilə bağlı geniş hesabat hazırlamağı tapşırıb. Müşahidəçilər məhz bundan sonra ABŞ-ın və Qərbin məsələ ilə bağlı mövqeyinin dəqiqləşəcəyini bildirirlər. Eyni zamanda, Çinin COVİD-19 virusuna görə məsuliyyətinin gündəmə gələcəyi ehtimalı getdikcə güclənir.

Əgər koronavirusun çinli mütəxəssislər tərəfindən yaradıldığı təsdiqlənsə, Çin Xalq Respublikası çox böyük ittihamla üzləşəcək. Çünki rəsmi məlumatlara görə, pandemiyanın başlanğıcından bu günə kimi 170 milyondan çox insan virusa yoluxub, 3,6 milyona yaxın insan COVİD-19-un qurbanı olub.  “Microsoft”un qurucusu Bill Qeyts koronavirus pandemiyasın bəşəriyyətə vurduğu zərəri İkinci Dünya müharibəsi ilə müqayisə edib. Doğrudur, İkinci Dünya müharibəsi zamanı insan itkisi koronavirusun qurbanlarının sayından təxminən 20 dəfə çox olub. Amma pandemiyanın nəticəsi olan iqtisadi itkilər çox böyükdür. Buna görə də, Çinə qarşı irəli sürüləcək ittiham və təzminatlar da çox böyük olacaq.

Siyasi müşahidəçilər hesab edirlər ki, ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə iyunun 16-da Cenevrədə keçiriləcək görüşündə iki lider arasında anlaşma əldə edilsə və Vaşinqtonla Moskva arasında münasibətlət yumşalsa, Çinə qarşı vahid ittifaq da yarana bilər. Çinin 10 il sonra dünya lideri olmaq ehtimalı ABŞ kimi Rusiyanı da narahat edir. Rusiya Çinin torpaq iddialarından xəbərdardır. Bundan başqa, Rusiyanın siyasi və biznes elitasında Moskvanın üzünü Qərbdən Şərqə çevirməsindən narazı olan güclü qruplaşma mövcuddur. Onlar Rusiyanın xristian Qərb sivilzasiyasına aid olduğunu, buna görə üzünü Şərqə çevirməsini zərərli hesab edirlər. Məhz bu qruplaşma Rusiyanın Qərblə anlaşaraq Çinə qarşı cəbhədə yer almasını təşviq edir. Əgər 16 iyunda Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə anlaşsa, Moskva üzünü yenə Qərbə çevirəcək. Bu isə Çinin güclü təzyiqlə üzləşməsinə səbəb olacaq. O zaman Pekinin COVİD-19 virusu ilə bağlı ittihamların qarşısında davam gətirməsi çətinləşəcək. Hələlik isə koronavirusla bağlı Çinə qarşı ittiham artmaqda davam edir.

 





02.06.2021    çap et  çap et