525.Az

Bakıda erməni cinayətkarların məhkəməsi başladı


 

ONLAR ƏSİRLİKDƏ OLAN AZƏRBAYCANLILARA İŞGƏNCƏLƏR VERMƏKDƏ VƏ QƏTLLƏR TÖRƏTMƏKDƏ TƏQSİRLİ BİLİNİRLƏR

Bakıda erməni cinayətkarların məhkəməsi başladı<b style="color:red"></b>

Bu gün Bakı şəhəri Yasamal rayon Məhkəməsininin inzibati binasında Qarabağda həbs olunmuş erməni yaraqlıları - Mkrtiçyan Lüdvik Mkrtçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

525.az xəbər verir ki, iclasda məhkəmə baxışının təyin olunmasının mümkünlüyünü təsdiq etmək üçün bir sıra məlumatlar dəqiqləşdirilib. Eyni zamanda, zərərçəkmiş tərəflərin, o cümlədən, təqsirləndirilən şəxslərin hüquq və vəzifələrinə dair etirazların olub-olmaması müəyyənləşdirilib, dövlət ittihamçısının, müdafiəçilərin rəyi nəzərə alınıb. Qeyd edək ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə həyata keçirilib.

Əvvəlcə, məsuliyyətə cəlb olunan Mkrtiçyanın və Xosrovyanın anket məlumatları dəqiqləşdirilib. Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtçoviç ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib.

1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürülərək azadlığı qanunsuz olaraq məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 1999-cu il sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib. Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyənləşdirilib. O, 2020-ci il oktyabrın 20-də Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

 

Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin isə 5 azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyənləşdirilib. Alyoşa Xosrovyan 1994-cü ilin aprelində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. O, eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illərdə əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirib, onlara mütəmadi qaydada döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib. Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci il oktyabrın 3-də Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu il may ayının 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Məhkəməyə hazırlıq iclasının əsas istiqaməti bir daha həm zərərçəkmiş, həm də ittiham olunan tərəfləri öz hüquq və vəzifələri ilə tanış etməklə bağlı idi. Yuxarıda sadalanan əməllərin təfsilatı ilə aydınlaşdırılması iyunun 9-u keçiriləcək məhkəmə prosesinin öhdəliyindədir.

İclasın sədri Elbəy Allahverdiyev təqsirləndirilən şəxslərin nəzərinə çatdırdı ki, onların hüquqları qorunur və müdafiə edilir. Həm Mkrtiçyanın, həm də Xosrovyanın etiraz etmək, ifadə vermək kimi hüquqları tanındı. Onlar öz ana dillərində danışırdılar və tərcüməçi vasitəsilə bütün deyilənlərdən xəbərdar olurdular. Əsas məsələ odur ki, sədr çox böyük təmkinlə bütün məqamlarla hər ikisini tanış edirdi. Geyimlərindən və ümumi vəziyyətlərindən hiss olunurdu ki, çox normal şəraitdə saxlanılırlar.

Hakim heyəti müşavirədə olan zaman Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təqsirləndirilən şəxslərlə görüşdü, onların vəziyyəti ilə maraqlandı, heç biri narazılıq ifadə etmədi. Səbinə Əliyeva fikirlərini bizlə bölüşdü: “Bütün proses beynəlxalq hüquq normaları çərçivəsində olmalıdır və Azərbaycan daim bu normalara əməl edib. Çox təəssüf ki, Ermənistan tərəfi bizdən fərqli olaraq əsirlərlə çox pis rəftar edib. Onların ombudsmanı əsirlərin vəziyyəti ilə qəti maraqlanmayıb. Mən mütəmadi olaraq erməni əsirlərinin vəziyyəti ilə maraqlanıram, bu, mənim diqqət mərkəzimdədir. Gördüyünüz kimi, onlar üçün tərcüməçi ayırılıb, öz ana dillərində danışmağa şərait yaradılıb. Azərbaycan humanist ölkədir və daim bunu sərgiləyib”.
Səbinə Əliyeva eyni zamanda qeyd etdi ki, bütün proseslər hesabat şəklində hazırlanaraq lazımi beynəlxaq təşkilatlara təqdim olunacaq.

İclasda dövlət ittihamçısı qismində Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Mehdi Abbasov, təqsirləndirilən şəxslərin müdafiəçisi qismində isə vəkillər - Tofiq Aslanov və Arzu Cavadov iştirak edirdilər.

Mehdi Abbasov iclas prosesində qeyd etdi ki, 30 il keçməsinə baxmayaraq, Mkrtiçyanın və Xosrovyanın törətdiyi cinayət əməlləri cinayət işlərinin vaxt məhdudiyyətinə aid deyil. Bununla bağlı beynəlxalq normalarla müəyyən edilib ki, sülh və insanlığa qarşı, müharibə cinayətləri törədilərsə, ötən müddət nəzərə alınmır. Mehdi Abbasov xüsusi vurğuladı ki, təqsirləndirilən şəxslər insanlara işgəncə verdikləri üçün, müharibə qayda-qanunlarını pozduqlarına görə, habelə törətdikləri qanunsuz əməllərlə beynəlxalq hüquq normalarını pozmaqla yanaşı, Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunmalıdırlar. M.Abbasovun son sözləri isə xüsusi əhəmiyyət kəsb edirdi: “Bu qanun pozuntularının harada və kim tərəfindən törədilməsi əhəmiyyət daşımır. Bunu Azərbaycan vətəndaşı etsə də, cinayətdir, başqa ölkənin vətəndaşı etsə də”.

Mehdi Abbasovun sözləri bir daha təsdiq edir ki, Azərbaycan tərəfi hüquq çərçivəsində prosesi davam etdirir və humanist mövqe sərgiləyir.

İclasın sədri Elbəy Allahverdiyev müşavirədən əvvəl müttəhim kürsüsündə oturanlardan hansısa vəsadətlərinin olub-olmadğını soruşdu. Mkrtiçyan heç nə deməsə də, Xosrovyan pıçıltı ilə danışmağa başladı, günahkar olmadığını iddia elədi: “Mən Qarabağda cəmi iki dəfə olmuşam. Heç vaxt da türmədə olmamışam. Xahiş edirəm, məsələyə düzgün baxılsın”.

Tərcüməçi:

- Günahkar olmadığını söyləyir.

Hakim Elbəy Allahverdiyev:

- Məsələyə obyektiv yanaşmaq məhkəmənin vəzifəsidir.

Sonda cinayət işinin məhkəmə baxışına təyin olunmasının mümkünlüyü təsdiqləndi.

 İclasdan sonra zərərçəkmiş şəxslərin əksəriyyəti ilə həmsöhbət olduq. Uzun illər keçməsinə baxmayaraq, hələ də o illərin ağrı-acısı, onlara edilən zülm yadlarından çıxmayıb, onlara mənəvi narahatlıq verir.

Tanrının ədalət tərəzisi pozula bilməz, hər şeyin geci-tezi var. Bu gün Azərbaycan Respublikası öz vətəndaşlarının vaxtilə tapdalanmış hüquqlarının hüquqi müstəvidə araşdırılması və ədalətli qərarla nəticələnməsi əzmindədir. Təkcə Mkrtiçyan və Xosrovyan deyil, əli azərbaycanlıların qanına bulaşmış bütün erməni qəsbkarları məsuliyyət daşıyır. Tarixə nəzər salıb Tokio, Nürnberq tribunallarını xatırlamaq yerinə düşər. Tarixdə belə təcrübələr olub. Əsas odur ki, Azərbaycan siyasi addımlarında daima öz humanizmini nümayiş etdirir.

Nadir RZALI

 





02.06.2021    çap et  çap et