|
|
|
|
Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!
***
Rəhimli Orxan Rəşid oğlu
28 aprel 1994-cü ildə Oğuzun Xaçmaz kəndində doğulub. 2000-2011-ci illərdə M.F.Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində oxuyub. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dağ mədən mühəndisliyi fakültəsi üzrə bakalavr təhsili alıb və 2016-cı ilin iyulundan 2017-ci ilin iyuluna kimi Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi ilə əlaqədar ölkəmizdə elan olunan qismən səfərbərliklə sentyabrın 29-da cəbhəyə yola düşən Orxan Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə savaşıb. Onun son döyüşü Şuşa uğrunda olub. Bu döyüşdə ağır yaralanmasına baxmayaraq, dayanmayıb, yaralı-yaralı döyüşə davam edib və yenidən yaralanaraq şəhidlik zirvəsinə yüksəlib. O, noyabrın 16-da doğulduğu Xaçmaz kəndindəki Şəhidlər xiyabanında dəfn olunub.
Orxan Rəhimli şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Fərəcov Zülfüqar Müseyib oğlu
1977-ci il aprelin 27-də Xocavənd rayonunun Əmiranlar kəndində anadan olub. 1983-1992-ci illərdə orta təhsil alıb, 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.Torpaqlarımızın, eləcə də, doğma Xocavəndin düşmən işğalında olmasıyla barışmayan Zülfüqar 2014-cü il aprelin 23-dən yenidən hərbi xidmətə qayıdaraq N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) olaraq snayper kimi xidmətə başlayır. Hərbi xidməti dövründə nümunəvi hərbçi olmaqla bərabər, ermənilərin qorxulu kabusuna çevrilən Zülfüqar snayper silahıyla çox sayda düşmən hərbçisini məhv edib. Hətta komandiri və döyüşçü yoldaşlarının sözlərinə görə, 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndində düşmən tərəfindən qətlə yetirilən balaca Zəhra və nənəsinin intiqamını Zülfüqar döyüşçü yoldaşı və dostu, beyləqanlı Vasif Quliyevlə birgə alaraq düşməni məhv etdikləri həmin gilizləri gətirib Zəhrayla nənəsinin məzarı üzərinə qoyub, "qisasınızı aldıq" deyiblər. Onlar hər dəfə ora yaxın postlara, təlimlərə gedərkən həmin məzarları da ziyarət edərmişlər.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Zülfüqar Fərəcov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bu döyüşlər zamanı Zülfüqar döyüşçü yoldaşı və dostu Vasif Quliyevlə birgə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib və hər iki dost sentyabrın 28-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində şəhid olublar. Z.Fərəcov yaşadığı Xocavənd qəsəbəsində dəfn edilib.
Ailəli olan şəhidimizin bir oğlu yadigar qalıb.
Zülfüqar Fərəcov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Mehman Mirəziz oğlu Şirvanov
24 fevral 1980-ci ildə Lənkəranın Urge kəndində doğulub. 1997-ci ildə doğulduğu kənddə tam orta məktəbi bitirib. 1998-ci ildə Bakı Ali Hərbi Birləşmiş Komandirlər məktəbinə daxil olub. 2002-ci ildə Bakıda N saylı hərbi hissədə xidmətə başlayıb.Mehman Naxçıvan Muxtar Respublikasının müxtəlif hərbi hissələrində xidmətini davam etdirib. 2016-cı ildə Yevlax rayonunun N saylı hərbi hissəsinə təyinat alıb 2016-cı il Aprel döyüşlərinin fəal iştirakçısı olub, Tapqaraqoyunluda vuruşub. 2019-cu ildən Goranboyun Gülüstan postuna tabor komandiri vəzifəsinə təyin olunub.
23 illik xidmət dövrdə 1-ci, 2-ci, 3-cü dərəcəli "Qüsursuz xidmət" medalları, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi medalları və bir neçə dəfə hərbi komandanlıq tərəfindən fəxri fərmanlarla təltif edilib.
2020-ci il sentyabrın 27-si Vətən müharibəsi başlananda Murov yüksəkliyinin azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub. Murov dağın ən yüksək zirvəsi olan Gülüstan zirvəsinin fəthi Mehman Şirvanovun adı ilə bağlıdır.
Mehman Şirvanov şəhadətindən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.
***
Cumuzadə Təbriz İldırım oğlu
2000-ci il fevralın 26-da Oğuzun Xaçmaz kəndində doğulub. 2006-2017-ci illərdə Mingəçevir şəhər İ.Zeynalov adına 2 nömrəli tam orta məktəbdə oxuyub. 018-ci ilin aprelindən 2019-cu ilin oktyabrına kimi həqiqi hərbi xidmətdə olub.2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə əlaqədar ölkəmizdə elan olunmuş qismən səfərbərliklə könüllü sentyabrın 29-da cəbhəyə yollanıb. Gəncədə N saylı hərbi hissədə təlim keçdikdən sonra döyüş bölgəsinə göndərilib.
Təbrizin döyüş yolu Füzuli, Cəbrayıl, Xocavənd və Şuşadan keçib. Şuşa alındıqdan sonra noyabrın 8-dən 9-na keçən gecə Şuşa-Xankəndi yolunda gedən döyüşlərdə iştirak edib. Bu, Təbrizin son döyüşü olub. Başından aldığı snayper gülləsi ilə qəhrəmancasına şəhidlik məqamına ucalıb və noyabrın 26-da Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Təbriz Cumuzadə şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
***
İbrahimov Atiq Ariz oğlu
24 iyun 1990-cı ildə Mingəçevir şəhərində doğulub. İlk təhsilinə Mingəçevir şəhər 7 №li məktəbdə gedib, sonra Mingəçevir Humanitar və Texniki Liseyində 1 il təhsil alıb, sonra isə Mingəçevir Türk Liseyinə qəbul olub. 2008-ci ildə burdan məzun olaraq Antalyanın Akdeniz Universitetində "Su ürünleri" fakültəsinə qəbul olunub. 4 il Antalyada yaşayıb. Buranı bitirdikdən sonra Ukraynanın Xarkov şəhərində Karazin adına Dövlət Universtetində dünya iqtisadiyyatı fakültəsində oxuyub. Məzun olduqdan sonra hərbi xidmətə gedib və 1 il hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Azərişıq Mərkəzi Aran Retsinin Ağdaş Elektrik Şəbəkəsində nəzarətçi mühəndis kimi işə başlayıb. Rus, türk, ingilis və Ukrayna dillərində sərbəst danışa bilirdi.Vətən müharibəsində Atiqin döyüş yolu Ballı Qayadan başlayıb. Cəbrayıl, Füzuli, Suqovuşan, Talış və Ağdərədə qızğın döyüşlərdə iştirak edib və oktyabrın 16-da Ağdərədə şəhidlik məqamına yüksəlib.
Atiq İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Suqovuşanın azad edilməsinə görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
***
Sultanov Nurlan Yaşar oğlu
1999-cu il mayın 31-də Tovuzun Dönük Qırıqlı kəndində anadan olub.Azərbaycan Ordusunun əsgəri olan Nurlan Sultanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Sultanov noyabrın 5-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Sultanov Nurlan Yaşar oğlu şəhadətindən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Əhmədli Elşən Elbrus oğlu
11 iyul 1997-ci ildə Oğuz şəhərində anadan olub. 2003-cü ildə şəhid E.Abdullayev adına Oğuz şəhər 2 №-li tam orta məktəbə daxil olub. 2008-ci ildən təhsilini Oğuz şəhər 3 №-li məktəb-liseydə davam etdirərək, 2014-cü ildə məktəb-liseyi bitirib. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə bakalavr təhsili alıb. Elşən Əhmədli 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb və hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrin tərkibində keçib.2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsinin ilk günlərindən cəbhəyə yola düşüb. Füzuli, Şuşa döyüşlərində böyük şücaət və qəhrəmanlıqla iştirak edib. O, noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 17-də Oğuz şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.
Elşən Əhmədli şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
***
İmanov Məmmədağa İqab oğlu
2001-ci il aprelin 4-ü Neftçala rayonunun Dalğalı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmətə Neftçalada başlayıb, Beyləqanda davam edib.Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa İmanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Sonuncu dəfə Məmmədağa ilə sentyabrın 29-da əlaqə saxlayıblar. Və o gündən bəri əlaqə kəsilmişdi. Məmmədağanın döyüş zamanı itkin düşdüyü bilinir. Uzun sürən axtarışlar nəticəsində nəşi 31 may 2021-ci il tarixində tapılaraq ailəsinə təhvil verilib və 1 iyun 2021-ci ildə doğulub boya-başa çatdığı Neftçala rayon Şəhidlər xiyabanında son mənzilə yola salınıb.
***
İbrahimli Nail Nəriman oğlu
1994-cü il martın 4-də Oğuzun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə V.İbrahimov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ uşaq ikən Xaçmaz dağlarını qarış-qarış gəzən igid, qorxmaz Naili hamı yaxşı tanıyırdı. O, güləşçi kimi dəfələrlə yarışların qalibi olmuşdu.Nailin ən böyük arzusu erməni işğalçılarının torpaqlarımızdan qovulması, sərhədlərimizin bərpası idi. Bu yolda şəhid olmağa da hazır idi. Səbirsizliklə müharibənin başlayacağı günü gözləyirdi. Nail İbrahimli 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Şəhidin atası danışır ki, həmişə Silahlı Qüvvələrin xüsusi təyinatlılar hissəsində xidmət etmək istədiyini deyən Nail həqiqi hərbi xidməti başa vurduqdan sonra arzusunu həyata keçirdi. Əsgərlikdən gələndən sonra öz arzusu ilə Azərbaycanın torpaqlarının işğaldan azad olunması, qorunması uğrunda döyüşlərdə iştirak etmək istədiyini bildirdi. Sərhəd qoşunlarına qəbul olundu. Orada çox böyük nailiyyətləri olduğu üçün onu kəşfiyyat qrupunun xüsusi təyinatlı dəstəsinə götürdülər. Orada da cəsur döyüşçü kimi tanındı.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Nail İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail İbrahimli noyabrın 7-də Şuşa döyüşləri zamanı döyüş yoldaşını xilas etsə də, özü şəhadətə qovuşub. Oğuzun Xaçmaz kəndində dəfn olunub.
Şəhidin anası oğlu ilə fəxr etdiyini deyir: "Çox fəxr edirəm. Qoçaqlığı ilə, tərbiyəsi ilə. Bizim arzularımızı yerə vurmadı. Öz adı, hərəkətləri, Vətənə sevgisi ilə bizi ucaltdı. Vətəndən geri durmaq olmaz. Vətəni bizim övladlarımız qorumalıdır".
Nail İbrahimli şəhadətindən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb, eləcə də "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Eldar Bağır oğlu Şirinov
2001-ci il iyulun 12-də Göyçay rayonunda anadan olub.Azərbaycan Ordusunun əsgəri olan Eldar Şirinov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb və oktyabrın 6-da qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksəlib. Göyçay rayonunda dəfn olunub.
Cəsur əsgər Eldar Şirinov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
***
Mənəfov Şahmar Vidadi oğlu
1990-cı il martın 20-də Neftçalanın Cəngan kəndində doğulub. 1996-2007-ci illərdə Neftçala rayonu Cəbrayıl Əhmədov adına Cəngan kənd orta məktəbində təhsil alıb. 2008-2009-cu illərdə hərbi xidmətdə sanitar atıcı vəzifəsində xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət başqa sahələrdə çalışsa da, 2012-ci ildə yenidən öz istəyiylə bu sahəyə qayıdıb. 2012-ci il yanvarın 1-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının hazırlıq kursuna daxil olub. 2012-ci ilin martın 31-də həmin kursu "Manqa komandiri" ixtisası üzrə bitirib. Sonra bir-birinin ardınca N saylı hərbi hissədə manqa komandiri, "Əməliyyat imkanları konsepsiyası taborunun kəşfiyyat bölməsinin operatoru", məxfi hissənin operatoru vəzifələrində xidmət edib.2014-cü il dekabrın 15-də N saylı hərbi hissədə "Təməl Xüsusi Təyinatlı" kursuna daxil olub və 2015-ci il 10 apreldə həmin kursu kəşfiyyatçı ixtisası üzrə bitirib. Bundan sonra 2015-ci il 10 apreldən 2017-ci il 15 iyuna kimi N saylı hərbi hissədə kəşfiyyatçı-atıcı, 2017-ci il 15 iyundan 2019-cu il 30 aprelə kimi "baş atıcı", 2019-cu il 30 aprelindən etibarən isə manqa komandiri kimi xidmət edib. O, Bolqarıstan, Macarıstan, Əfqanıstan və Türkiyədə Xüsusi Təyinatlıların təlimlərində iştirak edib, 6 kurs keçib və hər birində fərqlənmə sertifikatı alıb.
XTQ giziri Şahmar Mənəfov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin 95 illik hərbi paradında, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik hərbi paradında iştirak edərək medallara layiq görülüb.
2016-cı ildə Aprel döyüşlərinin də fəal iştirakçısı olan Mənəfov Şahmar 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Şuşaya ilk ayaq basan kəşfiyyatçılarımızdan idi.
O, erməni dilində səlis danışa bilirdi. Cəbrayılın mərkəzində erməni bayrağını çıxarıb yerinə Azərbaycan bayrağını yüksəldib. Mənəfov Şahmar 2020-ci il 21 oktyabrda Şuşa istiqamətində yaxın məsafədən üzbəüz döyüşdə ürəyindən güllə yarası alaraq qəhrəmancasına şəhidlik məqamına ucalıb. Oktyabrın 23-də Neftçalanın Cəngan kəndində dəfn edilib. Şəhidimiz müharibəyə getməzdən cəmi bir ay öncə sevib-seçdiyi Bəyim adlı xanımla ailə həyatı qurmuşdu.
Mənəfov Şahmar Vidadi oğlu şəhadətindən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.
***
Hilalov Araz Elbrus oğlu 1 aprel 1979-cu ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində doğulub.
27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsinin ən fəal döyüşçülərindən olan Araz Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən ağır döyüşlərdə fədakarlıqla savaşıb. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. O, ASQ-nin manqa komandiri, kiçik çavuş idi.
Araz hərbi hissənin komandanlığı tərəfindən döyüş hazırlığı və ictimai-siyasi fəallığına görə dəfələrlə fəxri fərmanlara və mükafatlara layiq görülmüşdü. O, uzun müddət hərbidə qulluq etdiyindən hərbi sirlərə, texnikaya, silahlardan istifadə qaydasına, yerli şəraitə bələd olmasına görə fərqli bir döyüşçü-komandir idi.
Arazın Füzuli və Cəbrayılın kəndlərinin alınmasında xüsusi əməyi olub. 5 oktyabr 2020-ci ildə Cəbrayıl ərazisində gedən qanlı döyüşlər zamanı şəhid olub. Şəhadətindən sonra "Füzuli azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
***
Cəfərli Şahin Şamil oğlu
28 iyun 1994-cü ildə Oğuzun Xalxalqışlaq kəndində anadan olub. İbtidai təhsilini bu kənddəki məktəbdə, orta təhsilini İ.Rəhimov adına Qumlaq kənd orta məktəbində alıb. 2012-2014-cü illərdə hərbi xidmətdə olub.Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Şahin Cəfərli 2020-ci il sentyabrın 27-də 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb, oktyabrın 1-də Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub və oktyabrın 2-də Xalxalqışlaq kəndində dəfn olunub.
Şahin Cəfərli şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
***
Ayxan Kamil oğlu Vəliyev
1995-ci il dekabrın 14-də Ağstafanın Dağ Kəsəmən kəndində anadan olub. 2002-2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan A.Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. O, noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub və Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn edilib.
Ayxan Vəliyev şəhadətindən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Aşur Bəybala oğlu Cəmiyev
1989-cu il iyunun 18-də Şahbuzun Külüs kəndində anadan olub. Uşaqlıq illərindən orduya marağı olan Aşur 2003-2006-cı illərdə Heydər Əliyev adına hərbi liseydə oxuyub. 2006-2010-cu illərdə MTN (DTX) (keçmiş milli təhlükəsizlik nazirliyi) Akademiyasının sərhəd qoşunları fakültəsinin məzunu olub. İlk vaxtlardan sərhəd zastavasında rəis müavini kimi xidmət edib. Müxtəlif vaxtlarda müxtəlif vəzifələrdə xidmət edib. Sonradan kəşfiyyat bölüyün komandiri olub.Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Aşur Cəmiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasında fəal iştirak edib və oktyabrın 21-da Zəngilan döyüşləri zamanı şəhid olub.
Aşur Cəmiyev şəhadətindən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
***
Elnur Əli oğlu Allahverdizadə
15 may 1995-ci ildə Sumqayıtda doğulub. Əslən Zəngilan rayonundandır. 2016-cı ildə Bakı Slavyan Universitetinin Tərcümə fakültəsini çex dili ixtisası üzrə bitirib. 2016-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən geri döndükdən sonra səs rejissoru kimi fəaliyyət göstərib. "Barama" və "Atılmışlar" serialları, "Son iclas" sənədli filmi, bir çox reklam çarxlarının səs rejissoru olub. "Picmus production"un əməkdaşı olub.2020-ci il sentyabrın 29-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt İdarəsindən Vətən müharibəsinə yollanıb. İxtisasca topçu olan Elnur Ağdam-Xocavənd istiqamətində gedən döyüşlərdə Ağcabədinin Qiyaməddinli kəndində 7 noyabr 2020-ci ildə qəlpə yarası alaraq şəhidlik zirvəsinə yüksəlib. O, 8 noyabr 2020-ci ildə Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Elnur Allahverdizadə şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.