525.Az

Xeyriyyəçi iş adamlarını peşman etməyin!.. - Sosial şəbəkədə yazılanlar


 

Xeyriyyəçi iş adamlarını peşman etməyin!.. - <b style="color:red">Sosial şəbəkədə yazılanlar</b>

Ədalət Muradov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru:

- Qarabağ universiteti-1 (Ümumi baxış)

"Qarabağ" Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də  güclü bir universitet brendi olacaqdır. Bu brendin özəllilikləri kimi aşağıdakılar ola bilər:

-  "tələbə mərkəzli" universitet;

- öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli;

- fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet;

- təhsilin əsas keyfiyyət amili  kimi hər bir təhsilalanın "təhsil izi";

- XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modeli;

- distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet;

- dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti;

- rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi;

- xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet;

- "Smart universitet";

- Şəhid övladlarının təhsil aldığı universitet. 

Aslan İsmayılov, hüquqşünas:

- Müharibənin ən qaynar vaxtlarında bir iş adamı özü məni tapıb müharibə üçün çox faydalı işlər gördü. Elə birinci danışığımızda məndən xahiş etdi ki, bunu heç kim bilməsin. Sonralar yardım edən başqa iş adamları da bu fikri təkrarladılar. İsrar etsəm də, heç biri fikirlərindən dönmədi. Sonralar gördüm ki, insanlar nə qədər haqlı imis?. Müharibə dövrü və müharibədən sonra bir çox imkanlı şəxslərin xeyriyyəçiliyi ilə bağlı olan söz-söhbətlər bir daha göstərdi ki, xeyriyyəçilik etmək hər tərəfdən təhlükəlidir.

Xeyriyyəçilik barədə məlumat yayılan kimi birinci növbədə vəzifə sahibləri dərhal həmin şəxslərin obyektlərinə çökürlər. Ən dəhşətlisi də odur ki, sıravi vətəndaşlar, xüsusən sosial şəbəkədə aktiv olanlar dərhal həmin şəxslərin haqqında "bu pulları haradan alıb" deyə kampaniya başlayırlar.

Əlbəttə, ictimai qınaq çox vacibdir. Ancaq sakit, xımır-xımır büdcəni dağıdıb talayanları heç axtarıb, arayan yoxdur. İnsan xeyriyyəçilik üçün nə isə edən kimi, hamı pulun mənbəyini tələb edir. Bu azmış kimi, həmin şəxslərin aşağılanması, təhqir edilməsi elə həddə çatır ki, insan etdiyindən peşman olur. Ona görə də insanlar sözün həqiqi mənasında təmənnasız kömək etməkdən də çəkinirlər, çünki nə qədər desə də ki, bilən olmasın, məlumat sızır və yayılır.

Hesab edirəm ki, bu, çox yanlış təcrübədir. Əksinə, insanları xeyriyyəçiliyə təşviq etmək lazımdır. Haram pulların üzə çıxarılması yolu isə dedi-qodu ilə alınan deyil. Hələ 2005-ci ildən "Gəlir deklarasiyası haqqında" qanun var. Qanuna əsasən, vəzifəli şəxslər öz gəlirləri barədə məlumat verməli və vergi ödəməli idilər. Qanunun qəbulundan sonra ölkə başçısı Nazirlər Kabinetinə üç ay vaxt vermişdi ki, təlimatlar hazırlanıb həyata keçirilsin. Həmin vaxtdan artıq uzun illər keçib, təəssüflər olsun ki, hökumət o təlimat və qaydaları hazırlayıb ortalığa çıxarda bilməyib. "Çirkli pullar" deyib haray salanlar bu qanunun icrasını tələb etsələr, daha yaxşı olar. 

Şahbaz Xuduoğlu, naşir:

- Dövlət Sərhəd Xidmətinə məktub göndərmişdim. Xidmət üçün kitab almalarını xahiş etmişdim. Kataloq da əlavə etmişdim. Onlar isə cavab yazırlar ki, heç mətbuat da almırıq.

Təsəvvür edirsiz, Dövlət Sərhəd Xidməti kimi strateji bir qurum etiraf edir ki, hələ kitabı qoyaq bir tərəfə, ölkədə nəşr edilən heç bir dövrü mətbuata abunə olmayıb.

Dövlətin hər bir strukturu öz dilinə, mətbuatına, mədəniyyətinə yüksək etiram göstərməyə borcludur. 

Asif Nərimanlı, jurnalist:

- Paşinyan və 40 quldurun təxribatı...

Ermənistan sərhəddə yenidən təxribata cəhd etdi: Kəlbəcərin Armudlu kəndi istiqamətdə 400 metr irəliləmək istəyən 40 erməni hərbçinin qarşısı alınıb.

Bu, Ermənistanın eyni istiqamətində sərhədi pozmağa çalışdığı ikinci cəhdidir.

Kəlbəcər istiqamətində irəliləmək istəyən İrəvanın hərbi və siyasi hədəfləri var.

Hərbi hədəflər:

1. Ermənistan Kəlbəcər istiqamətində strateji yüksəklikləri ələ keçirmək istəyir:

- ermənilərin sərhəd kəndlərinin "təhlükəsizliyini" təmin etmək;

- ələ keçirəcəkləri yüksəkliyi sərhəd danışıqlarında Azərbaycan ordusunun mövqelərindən geri çəkilməsinə nail olmaq üçün "kart" olaraq istifadə etmək;

2. 40 hərbçinin sərhədi keçərək irəliləməsi Ermənistanın Azərbaycan hərbçilərini əsir götürmək planının olduğu ehtimalını önə çıxarır: məqsəd Bakının əlindəki erməni təxribatçılarla dəyişməkdir;

Siyasi hədəflər:

1. Strateji yüksəklik əldə etmək, yaxud Bakının əlindəki erməni təxribatçılara qarşılıq əsir götürməklə Paşinyan seçki öncəsi ciddi xal qazanmış olacaq;

2. Ermənistan sərhəd təxribatları ilə demarkasiya prosesini əngəlləmək, məsələni həlledilməz vəziyyətə gətirmək və "beynəlxalq müşahidəçi" istəyini qəbul etdirmək istəyir: Paşinyan Parisdə olarkən 40 erməni hərbçi ilə təxribat cəhdi (1 iyun) bu kontekstdə təsadüfi deyil;

Qarşıdakı 20 gündə sərhəd təxribatlarının davamlı olacağı şübhəsizdir. 

Müşfiq Ələsgərli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri:

- Emmanuel Makron islamofobdurmu, canında türk xofumu var, qatı ermənipərəstdirmi, erməni diasporunun girovunamı çevrilib, yoxsa sadəcə cərəyan edən proseslərdən xəbərsizdirmi?  Hər nədirsə, davranışları qeyri-ciddidir, anlaşılmaz və qərəzlidir. Avropa İttifaqı kimi qlobal güc mərkəzində mövqeyinə görə   2-ci olan bir dövlətin - Fransanın - prezidentinə uyğun davranmır.

Nikol Paşinyanla birgə mətbuat brifinqində deyir ki, "Fransa sülhün bərpasına və Ermənistanla Azərbaycan arasında dialoqun inkişafına yardım edəcək". Adam hələ də anlamır ki, ötən 30 il müddətində sərgilədiyi anlaşmaz münasibət səbəbindən "sülhyaradan" etimadını itirib. Həzm edə bilmir ki, regionda sülhyaratma üçün Rusiya-Türkiyə əməkdaşlığı qurulub, Fransanın roluna etimad göstərilməyib.  Digər tərəfdən, nitqində əlavə edir ki, "Azərbaycan qoşunları Ermənistan ərazisini tərk etməlidir", "tərəflər 11 may tarixindən etibarən tutduqları mövqelərə qayıtmalıdırlar". Makron 30 il ərzində görmürdümü kim-kimin sərhəddini pozub? Belə yanlış açıqlamalarla, tərəflərdən birini kor-koronə dəstəkləməklə iki ölkə arasında necə dioloq quracaq?

Makronun bütün çıxışları belə ziddiyyətli, qərəzli, antimüsəlman, antitürk və antihumanistdir. Onun düşüncəsindəki ziddiyyətlər təkcə hədəf seçdiyi ölkələrdə deyil, Fransanın özündə də ifşa edilib. Fransalı akademik Rim-Sarah Alaoune Makronun mahiyyətini çox gözəl təsvir edir.  Akademik tvitter səhifəsində yazıb: "Prezident Makron İslam dinini böhran içində olan bir din kimi xarakterizə edib. Nə deyəcəyimi bilmirəm. Bu, o qədər axmaq bir fikirdir ki (üzr istəyirəm, amma bu, belədir), burada heç başqa bir təhlilə ehtiyac yoxdur. Narahatlığımı gizlətməyəcəyəm. Kraystçerç şəhərində baş verən dəhşətli terror aktını, Fransanın rasizmi ixrac edən ölkə olmasını da qeyd etmək lazımdır".

Bəhruz Həsənov, jurnalist:

- Təxminən 10 il əvvəl bir söhbətin şahidi olmuşdum - müflis olan sahibkar eks ortağını hədələyirdi: elə eləmə ki, "Qarabağ qazilərini" qapına gətirim...

Yəni bu, təhdid və ya şantaj metodu idi.

Qazi statusu uzun müddətdir bir qrup insanın əlində şantaj vasitəsi olub.

İllərdir, Vətən uğrunda döyüşüb şəhid olanlar ağ kəfənə, həqiqi qazi olanlar isə abırlarına bükülüblər.

Ortada saxta vəsiqə sahibləri at oynadıblar.

Qazi ünvanı qanla, cəsarətlə qazanılıb, o, alver predmeti deyil.

Qazılərimiz dövlətimiz tərəfindən himayə edilmədir və edilir.

Olsun ki, bürokratik əngəllər, çatışmazlıqlar olur, amma bu, sistematik deyil, həllini tapır.

Saxta seyid və ya saxta hacı söhbətinə göz yumub, hətta gülümsəyib keçə bilərik, amma saxta qazi məsələsi ciddi siqnaldır.

Bu cür insanların ermənidən fərqi yoxdur.

Çünki xalqın inamını, etimadını, ehtiramını yerlə bir edirlər...

Vicdan yetərsiz qaldıqda, qanun nizamlayıcı və ya zorən nizamlayıcı qüvvə kimi çıxış edir.

Bu tip insanlar da qanunun sərt üzü ilə qarşılaşmalıdırlar.

 





04.06.2021    çap et  çap et