525.Az

112 saylı məktəbin Nərgizi


 

112 saylı məktəbin Nərgizi<b style="color:red"></b>

Baxıram şəklinə, səni anıram
Ümid səmasında qanadlanıram.
Dəniz gözlərinin işıltısını,
Şirin sözlərini xatırlayıram.

Bu sətirlərin müəllifi 112 saylı orta məktəbin 9a sinif şagirdi Nərgiz  Qaralovadır. Onun istedadı təkcə şeir yazmaqla bitmir. O həmçinin dərsdə çalışqanlığı ilə seçilən şagirddir. Bu il o, Respublika Fənn Olimpiadasının rayon mərhələsində Sabunçu rayonu üzrə Azərbaycan dili Ədəbiyyat fənnindən birinci yeri tutub.Şəhər mərhələsində isə həvəsləndirici yerə layiq görülüb.  İndi isə onu bir az yaxından tanıyaq.

-Olimpiada sualları sənin üçün çətin idi?

- Düzünü desəm, mənim üçün o qədər çətin olmadı. Bu il artıq üçüncü dəfə idi ki, olimpiadada iştirak edirdim. Nəhayət ki, üçüncü ildə yer qazandım bu mənim üçün böyük uğur idi.

-Olimpiada ümidlərini doğrultdu?

- Əslində mən çox yaxşı hazırlaşmışdım. Lakin şəhər mərhələsində salınan suallardan ikisini keçməmişdik. Onlardan biri Xalq yazıçısı Anarın "Ötən ilin son gecəsi" əsəri idi. Amma həmin əsəri hələ keçməsək , filmə baxdığım üçün bir az yazmışdım.

-Niyə olimpiadaya  məhz Azərbaycan dili fənnindən qatıldın?

- Əslində mənim bütün fənnlərə eyni dərəcədə marağım var. Amma Məryəm müəllimə Azərbaycan dili Ədəbiyyat fənnini  bizə çox sevdirib. Həm ən yaxşı bildiyim fənn budur.

-Şeirinlə tanış oldum. Bədii yaradıcılıqla çoxdan məşğul olursan?

- Bu mənim ikinci şeirimdi. Əslində ilk şeirimi daha uğurlu sayıram. Həyatda gördüklərimə, duyduqlarıma əsasən yazıram.

-Bədii yaradıcılıqla məşğul olmağa davam etməyi düşünürsənmi?

- Bəlkə vaxtsa daha ciddi  məşğul olacam.

-Gələcəkdə hansı ixtisasa yiyələnmək istəyirsən?

-İngilis dili tərcüməçiliyi sahəsində təhsil almaq istəyirəm. İngilis dilini çox sevirəm, ingiliscə filmlərə baxıram. Amma hələ tam dəqiqləşdirməmişəm.

Nərgizin Azərbaycan dili müəlliməsi Məryəm  Əliyeva deyir ki, Nərgiz çox savadlı istedadlı şagirddir.

- Nərgiz üç ildir olimpiadaya qatılır. Bu il rayon birinciliyini qazanıb. Şəhər mərhələsində isə həvəsləndirici yerə layiq görülüb. Buna  səbəb isə keçmədiyi dərslərdən sualların düşməsi idi.

112 saylı məktəbin direktoru Xədicə Babayeva Nərgizdən qəbul imtahanında 700 bal gözlədiyini bildirir.

- Nərgiz ən savadlı şagirdlərimizdən biridir. Ümumiyyətlə məktəbimiz hər zaman fərqlənməyi bacarır. Bu il 14 şagirdimiz ali məktəbə daxil olub. Ən yüksək nəticəmiz 575 baldır. 3 nəfər olimpiadanın rayon mərhələsində qalib gəlib. Şəhər  mərhələsində isə Hüseyn Hüseynov tarix fənnindən ikinci yeri tutub. Artıq Facebook səhifəmiz var. Tezliklə vebsaytımızı yaratmağı planlaşdırırıq.  Şəraitimiz yaxşıdır. 30 kompyuterimiz var. Şagirdlər rahat şəkildə internetə daxil ola bilirlər.

112 saylı orta məktəb ötən əsrin 30-cu illərindən fəaliyyət göstərir. Əvvəlcə  birmərtəbəli köhnə bina idi. Son on ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə iki yeni bina əlavə edilib. Əvvəl  2 mərtəbəli bina, keçən ilin martında 3 mərtəbəli yeni binanın açılışı olub. Hazırda məktəbdə 667 şagird təhsil alır.

Ülkər ELDARQIZI

 





02.04.2014    çap et  çap et