525.Az

Səbrin sonu - Zəfər marşı


 

Səbrin sonu - <b style="color:red">Zəfər marşı</b>

Deyirlər, Allah səbr edən bəndələrini sevir və onlarladır. Dərindən düşündükdə, doğrudan da, səbrin yaradan tərəfindən bizə bəxş edilən ən gözəl əxlaqi keyfiyyətlərdən biri, hətta birincisi olduğunu dərk edə bilərik.

Səbr edən bəndələrini sevən uca Allah Azərbaycan xalqını da çox sevir. Çünki erməni işğalçıları tərəfindən ev-eşiklərindən amansız vəhşiliklə didərgin salınmış Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacağı anı günlər, aylar deyil, tam 30 il ərzində səbrlə gözlədi, lakin bu tarixi ədalətsizliyə son qoyulacağı günün gələcəyinə ümidini əsla itirmədi.

Birinci Qarabağ müharibəsi nəticəsində torpaqlarının 20 faizi işğal edilən  Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həll olunmasını istədi və buna görə də böyük səbr nümayiş etdirdi. Lakin 30 il ərzində müxtəlif beynəlxalq qurumlar çərçivəsində aparılan uzunmüddətli diplomatik danışıqlar heç bir nəticə vermədi. Ermənilər mənfur xislətindən əl çəkmədilər, "Böyük Ermənistan" xülyasına qapıldılar. Ermənilər tarixi Qarabağ yurdunun Azərbaycanın dədə-baba torpaqları olduğunu sübut edən nə varsa, bütün faktları məhv etməyə çalışdılar. Bu müddət ərzində gərginlik təkcə cəbhədə deyil, həm də informasiya platformasında gedirdi. Ermənilər beynəlxalq ictimaiyyəti saxta sənədlərlə çaşdırmağa çalışır və işğal etdikləri Qarabağ torpaqlarının onlara məxsus olduğunu iddia edirdilər.

İşğalçı Ermənistan bilməliydi ki, Azərbaycan istənilən yolla torpaqlarını düşmən tapdağından azad edəcək.

Əlbəttə, bu illərdə dövlətimizin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikası ictimai-siyasi, sosial-iqtisadi, hərbi sahələrdə inkişaf edərək regionda qlobal mərkəzə çevrildi. Azərbaycan iqtisadiyyatı və hərbi gücü gündən-günə artdı. Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsində dövlətimizin beynəlxalq aləmdə nüfuzu hər keçən gün artdı.

Bir dövlətin gücü həm də onun ordusunun gücü ilə ölçülür. Ümummilli lider Heydər Əliyev Azərbaycanda ordu quruculuğu sahəsindəki fəaliyyəti ilə böyük bir ənənənin əsasını qoydu. Ulu öndər Heydər Əliyev ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən birinin xalqın orduya doğma münasibəti, qayğısı ilə əhatə etməsində görürdü. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəldi, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Erməni təcavüzü nəticəsində torpaqlarını itirmiş, uzun illər vətən həsrəti çəkən Azərbaycan xalqı dövlətimizin hərtərəfli inkişafı nəticəsində qadir olduğu böyük gücə inanırdı. Çünki bu illər ərzində adını tarixə qanı ilə yazan qəhrəman dədə-babalarımızın genini daşıyan sağlam, cəsur, cəngəvar, vətənpərvər, qeyrətli bir gənclik yetişdi. O gənclik ki, hər an torpaqlarımızı azad etməyə hazır və qadir olan Ali Baş Komandan İlham Əliyevin bir çağırışı ilə dəmir yumruq kimi birləşərək düşməni diz çökdürərək şəhidlərimizin qisasını alacaqdı.

2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı xəbər aldıq. Bu xəbəri eşidən onlarla, yüzlərlə, minlərlə Vətən oğulları döyüşə getmək istəyi ilə hərbi komissarlıqlara müraciət etdi.

44 gün davam edən Vətən müharibəsi zamanı xalqın birliyi təqdirəlayiq idi. İstər maddi, istərsə də mənəvi olaraq xalq öz ordusunun yanında idi. Azərbaycan xalqı qəhrəman əsgərlərinə inanır və onların böyük gücü nəticəsində 30 illik vətən həsrətinə son qoyulacağına ümid edirdi. Bütün azərbaycanlıların ürəyi cəbhədə döyünürdü. Çox çətin və gərgin Vətən müharibəsində oğullarımız son damla qanlarına kimi mübarizə apardılar.

Bəli, bu gün "Dəmir yumruq" ifadəsi hər kəsin dilində əzbərdir. Bu ifadə Azərbaycanı sevənləri fərəhləndirir, düşmənləri isə qəm dəryasına batıraraq, qorxuya salır. Ona görə ki, "Dəmir yumruq" Azərbaycanın vətənpərvər, müzəffər və şanlı ordusunun gücünün timsalıdır. Bu gücə artıq hamı bələddir. Məhz "Dəmir yumruq" hesabına Azərbaycan xalqının 30 illik Vətən həsrəti bitdi. Xalqımız bu günün gələcəyinə əmin idi. Nəhayət, həmin tarixi gün yetişdi. Bir daha sübut olundu ki: "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!"

Vətənimizin mərd oğulları ermənilərin işğal etdiyi Azərbaycanın əzəli və ayrılmaz torpağı olan Qarabağı möhtəşəm qələbə ilə azad etdilər. Bu şanlı qələbəni qəhrəman əsgərlərimiz qanları ilə tarixə yazdılar. 44 gün davam edən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan oğullarımızın qanı yerdə qalmadı. Düşmənə sarsıdıcı zərbələr endirən ordumuzun hərbi qulluqçuları, zabit və əsgərləri canlarını fəda etmiş şəhidlərimizin, yaralanmış qazilərimizin qisasını möhkəm iradə, dözüm, güc, şücaət və birlik hesabına aldılar. 

Budur, artıq böyük qayıdış başlanıb. Ermənilər tərəfindən dağıdılmış, xarabalıqlara çevrilmiş və yararsız hala salınmış Azərbaycan torpaqlarında yenidənqurma işləri aparılır. Zəngilan rayonundan başlayan "Ağıllı kənd" layihəsinə start verilməsi, Şuşaya "Zəfər yolu"nun çəkilməsi, işğaldan azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulması, yeni dəmir yollarının çəkilməsi, bu ərazilərdə iki beynəlxalq hava limanının inşa edilməsi istiqamətində işlərin aparılması, eləcə də  davam edən digər böyük quruculuq işləri Böyük Qayıdışın əyani sübutudur.

Düşmən caynağında solmuş Qarabağımızın hər qarışı çiçək açır. Gün keçdikcə sanki, doğma əllərdə olduğunu hiss edən torpaqlarımız daha da təravətlənir. Allaha şükürlər olsun ki, haqq öz yerini tapdı: Böyük səbrin sonunda - Zəfər marşı çalındı!..

 





04.06.2021    çap et  çap et