525.Az

“Jurnalistlərin həlak olmasının məsuliyyətini bilavasitə Ermənistan daşıyır”


 

“Jurnalistlərin həlak olmasının məsuliyyətini bilavasitə Ermənistan daşıyır”<b style="color:red"></b>

“Mina partlayışı faktı bir daha onu göstərir ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə mülki Azərbaycan insanlarını hədəfə alan siyasət yeridir”.

525.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, beynəlxalq səviyyədə qəbul olunmuş sənədlərdə jurnalistlərin hərbi əməliyyatlar zamanı fəaliyyəti mülki insanlara bərabər tutula biləcək hallardır:

“Yəni jurnalistin qətlə yetirilməsi və yaxud da öldürülməsi, onun mina qurbanı olması mülki insanlara qarşı həyata keçirilmiş cinayətlər səviyyəsində ehtiva olunan cinayət əməlidir. Bu cinayətin məsuliyyətini Ermənistan bilavasitə daşıyır”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, mina xəritələri ilə bağlı məsələ bütün beynəlxalq tərəfdaşlar qarşısında qaldırılıb:

“Bütün beynəlxalq təşkilatlar çərçivəsində məsələ qaldırılır ki, mina xəritələri Ermənistan tərəfindən təhvil verilməlidir. Bu, eyni zamanda Ermənistanın özünün məsuliyyəti və öhdəliyidir. Biz burada sivil qaydalardan və sivil dünyadan tamamilə kənar olan, barbar siyasəti yürüdən, mülki insanları hədəfə alan və məqsədyönlü şəkildə mülki insanların öldürülməsi siyasətinə tam sadiq olan bir dövlətdən danışırıq. Ermənistanın üzərində bu öhdəlik olduğu halda biz onların digər barbar əməllərini də görmüşük. Amma bunun müqabilində xəritələr təqdim olunana qədər Prezidentin tapşırığı əsasında Azərbaycan Respublikasının aidiyyəti strukturları tərəfindən intensiv şəkildə işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatı aparılır. Bura piyadalar əleyhinə, tank əleyhinə minalar və digər ciddi təhlükə yaradan partlamamış mərmilər, silah və sursatlar daxildir. Ermənistanın mina fəaliyyətinə qısaca baxdıqda görərik ki, bu minalar hər hansı hərbi zərurət olmayan məntəqələrdə basdırılıb. Deməli, burada da məqsəd mülki insanları öldürmək olub. Mülki insanlar, yaxud tikinti işləri aparan insanlar təsadüfi şəkildə bu minaların qurbanı olurlar. Təmas xətti boyunca minaların düzülməsi tutaq ki, hərbi zərurət tələb edə bilər, amma Sirac qardaşımızın, Məhərrəm qardaşımızın həlak olduğu kəndə baxsaq görərik ki, hadisə kəndin girəcəyindəki yolda baş verib. Bura hər hansı təmas xətti və təmas məntəqəsindən tamamilə kənardır. Deməli, məqsəd yalnız məqsədyönlü şəkildə mülki insanları öldürməkdir”.

H. Haıcyev nəzərə çatdırıb ki, Azərbaycan Respublikası tərəfindən mina məsələsi ilə bağlı artıq dövlət ittihamı səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında iş qaldırılıb:

“Ermənistanın minalanma siyasəti nəticəsində Azərbaycan vətəndaşlarının qurban olması və bu kimi hallarla bağlı da Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında konkret məsələlər qaldırılıb”.

"Onların gördüyü işin böyük dəyəri var. Bu dəyər ondan ibarətdir ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşiliyi sənədləşdirirdilər. Qarış-qarış, addım-addım bütün kəndlərimizi, şəhərlərimizi gəzirdilər".

H. Hacıyev deyib ki, bu işin dəyəri bu gün, 100 ildən sona da vacibdir:

"Çünki onlar gələcək nəsillərə Azərbaycan xalqının salnaməsini yaradırdılar. “Azərtac”, Azərbaycan Televiziyası tərəfindən onlara ezamiyyətin dəyişdirilməsi barədə müraciətlər olduğu təqdirdə belə geri qayıtmırdılar. Bu işi böyük əzmlə, rəşadətlə, elə böyük həvəslə yerinə yetirirdilər. Amma yenə də mənfur ermənilər tərəfindən xəyanətkar mina fəaliyyətinin qurbanı oldular. Allah rəhmət eləsin. Bu, eyni zamanda Azərbaycan jurnalistikası, mediası üçün də böyük itkidir. Bu müharibə dövründə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan jurnalistlərinin, mediasının da rəşadətini gördük. Onlar ön cəbhədə idilər, ermənilərin vəhşiliyini fotolara, videolara çəkərək bütün dünya ictimaiyyətinə çatdırırdılar. Qardaşlarımızın gördüyü iş də bu prosesin tərkib hissəsi idi. Bu, həm Azərbaycan, həm də dünya mediası üçün böyük itkidir. Bütün beynəlxalq təşkilatlara da müraciət olunub ki, bu hadisə, bu vandalizm, bu vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Bir daha möhtərəm cənab Prezidentin başsağlığını çatdırmaq istərdim. Allah səbir versin, qəbirləri nurla dolsun".

“Hərbi əməliyyatlar zamanı jurnalistlərin təhlükəsizliyinin qorunması ilə əlaqədar xüsusi fəaliyyət proqramı var. Biz bütün bunların müqabilində beynəlxalq ictimaiyyətdən sadəcə, başsağlığı mesajları verilməsini gözləmirik, konkret bu hal və bunun günahkarı olan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasət pislənməlidir”.

H. Hacıyev deyib ki, hər hansı legitim hərbi zərurət olmayan ərazi minalanıb:

“Bu, kəndin girəcəyindəki yoldur. Bunun bir cavabı var. Ermənistan məqsədli şəkildə bu əraziləri minalayıb. Çünki bilirlər ki, azad olunduqdan sonra mülki insanlar bu ərazilərə gələcəklər. Məqsəd mülki insanların qətliamına, ölümünə nail olmaqdır. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətdir”.

Prezidentin köməkçisi Azərbaycan jurnalistikasının bu gün səfərbər olmasını çox təqdir etdiklərini vurğulayıb:

“QHT-lər, vətəndaş cəmiyyəti təsisatları dövlət strukturları ilə bərabər beynəlxalq ictimaiyyətə çoxsaylı müraciət ünvanladı və bu proses davam edir”.

Jurnalistlərin minaya düşdüyü yolun əvvəllər minalardan təmizləndiyi, bu minanın sonradan erməni diversiya qrupu tərəfindən yerləşdirildiyi barədə fikirlərə gəlincə, H. Hacıyev deyib ki, istintaq çərçivəsində bu məsələyə də baxılması mümkündür:

“Fakt faktlığında qalır. Bu minalar Ermənistan tərəfindən basdırılıb. Minaların nə zaman, hansı şəraitdə basdırıldığı istintaq çərçivəsində məlum ola bilər. Amma bu minalar Ermənistan tərəfindən məqsədyönlü şəkildə basdırılıb. Məqsəd mülki insanlarımızın, yaxud hərbçilərimizin ölümünə səbəb olmaqdır. Mina basdırmağın fəlsəfəsi sadədir. Basdırılan mina qurbanını gözləyir. Bu minanın basdırılması əmrini verən dövlətin mənsubları da minanın nə üçün basdırıldığını çox gözəl bilirlər. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə tapşırığı ilə həyata keçirilmiş siyasətdir”.

 

 





05.06.2021    çap et  çap et