525.Az

İçməli su təchizatı layihələri - İnfrastruktur


 

AZƏRBAYCAN DÖVLƏTİNİN HƏYATA KEÇİRDİYİ UĞURLU SOSİAL SİYASƏTİN MƏNTİQİ NƏTİCƏSİ

İçməli su təchizatı layihələri - <b style="color:red">İnfrastruktur </b>

5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Tarix boyu insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin, "Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır", fikirləri su təsərrüfatı işçilərinin əməyinə verilən ən böyük qiymətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, "Su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir", sözləri də insan amilinə verilən önəmin təcəssümüdür.

Sudan səmərəli istifadə şirin su ehtiyatlarının məhdud olduğu Azərbaycanda bütün dövrlərdə aktual olub. Orta əsrlərə aid mənbələrdə Azərbaycanın bəzi yaşayış məntəqələrində su təchizatı sistemlərinin yaradılması barədə faktlar mövcuddur. Su təchizatı tariximizin ilkin inkişaf dövrü isə 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Xaçmaz rayonu ərazisindən Abşeron yarımadasına 187,5 km uzunluğunda Şollar-Bakı su kəməri çəkilib və 1917-ci ildə istismara verilib. Bakı şəhərində ilk dəfə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb.

Azərbaycanın içməli su və kanalizasiya sektorunun sürətli inkişafı böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü və birbaşa rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Kür Sutəmizləyici Qurğular Kompleksi yaradılıb, burada emal olunan suyun Abşeron yarımadasına nəqli üçün magistral kəmərlər çəkilib. Bu layihələr sürətlə böyüyən və inkişaf edən Bakının içməli su ilə təchizatında həyati əhəmiyyət kəsb edib.

1970-80-ci illərdə Ulu öndərin birbaşa nəzarəti altında Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını nəzərdə tutan "Böyük kanalizasiya" layihəsi reallaşdırılıb. Həmin dövrdə Hövsan Aerasiya Stansiyası, eləcə də "Sənaye zonası", "Şəhərkənarı" və "Sahil" kollektorları, Zığ kanalizasiya nasos stansiyası inşa edilib.

Müstəqilliyin ilk illərindən əhalinin içməli su təminatının yaxşılaşdırılması diqqətdə saxlanılıb. Ölkədə siyasi sabitlik bərqərar olunduqdan sonra Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı "Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi"nə 88,7 milyon dollar güzəştli kredit ayırıb. Bu vəsait hesabına 1998-2002-ci illərdə Kür və Ceyranbatan sutəmizləyici qurğularında, 250-dən artıq məhəllədaxili nasos stansiyasında əsaslı yenidənqurma işləri aparılıb, su təsərrüfatının maddi-texniki bazası gücləndirilib.

Ulu öndərin memarı olduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev insan sağlamlığının qorunmasını dövlətin sosial siyasətinin prioriteti kimi müəyyənləşdirib. Əhalinin içməli su təminatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatlarına başlanıb. Dövlət başçısının "Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" 11 iyun 2004-cü il tarixli sərəncamına əsasən "Azərsu" Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Vaxtilə "Bakıya bol-bol su gətirəcəyik" deyən Ümummilli lider Heydər Əliyev 2002-ci ilin dekabrında keçirilən müşavirədə paytaxta yüksək keyfiyyətli bulaq suyunun gətirilməsinin vaxtının çatdığını bildirib və bu məqsədlə Oğuz-Qəbələ zonasının yeraltı sularının öyrənilməsi barədə tapşırıq verib. Ulu öndərin ideya müəllifi olduğu həmin layihə Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıb. 2007-ci ilin martında Oğuz-Qəbələ-Bakı su kəmərinin təməli atılıb. Layihə çərçivəsində Oğuz rayonu ərazisində məhsuldarlığı  saniyədə 5 kubmetr olan mənbə yaradılıb və Abşeron yarımadasına 262,5 km özüaxımlı magistral su kəməri çəkilib.

Bununla belə, sürətlə böyüyən və inkişaf edən paytaxtı fasiləsiz su ilə təchiz etmək üçün əlavə su həcmlərinə ehtiyac var idi. 2011-ci ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Ceyranbatan gölünün yaxınlığında yeni kompleksin təməli qoyulub. Ən son texnologiya əsasında tikilən kompleks 2015-ci ilin oktyabrında istifadəyə verilib. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib ki: "Bu kompleksdə ən müasir texnologiyalar tətbiq edilir, dünyanın ən böyük sutəmizləyici kompleksidir və Bakı şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət edəcək. Bax, bu gün xəritədəki mənzərə onu göstərir ki, uzun illər içməli sudan korluq çəkən Bakı qəsəbələri bundan sonra bu təmiz suyu alacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, Dünya Səhiyyə Təşkilatının standartlarına  cavab verən içməli sudur".

Ənənəvi təmizləmə qurğularından fərqli olaraq, yeni kompleksdə su   ultrasüzgəc texnologiyasına əsaslanmaqla heç bir kimyəvi təmizlənmə aparılmadan avtomatik rejimdə mexaniki üsulla təmizlənir. Məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən qurğu Abu Dabi Qlobal Su Sammitində dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib.

2020-ci ilin martın 3-də Prezident İlham Əliyevin iştirakı ilə regionlarda tikilmiş ən böyük içməli sutəmizləyici qurğu - Şəmkirçay təmizləyici qurğusu istismara verilib. Məhsuldarlığı sutkada 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan qurğu,  450 mindən artıq insanın dayanıqlı və təhlükəsiz içməli su təminatına hesablanıb. Bu yaşayış məntəqələrini içməli su ilə təchiz etmək məqsədilə qurğudan Gəncə şəhərinə 27 km, Şəmkir şəhərinə 16,5 km uzunluğunda magistral su kəmərləri çəkilərək şəhərlərə suyun verilməsi təmin edilib.

Mərkəzi Aran bölgəsinin sudan əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatı məqsədilə Girdmançayın yatağında məhsuldarlığı saniyədə 450 litr olan Külüllü su mənbəyi yaradılıb və anbar kompleksi tikilib.

Bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı Sərəncama əsasən xüsusi Komissiya yaradılıb. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda su təsərrüfatının vəziyyətinə həsr olunmuş geniş müşavirədə keçirilib, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı təsdiqlənib.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra həyati əhəmiyyət daşıyan su təchizatının bərpasına başlanıb. Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra "Azərsu" ASC-nin mütəxəssisləri şəhərin su təchizatı sistemlərinin araşdırılmasına başlanıb.  Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə bərpa edildi və noyabrın 25-də Şuşaya suyun verilişi bərpa edilib.

Prezidentin tapşırıqlarına uyğun olaraq bir mənbədən asılılığı aradan qaldırmaq üçün Zarıslı sugötürücü qurğusu, 11 km uzunluğunda Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələri bərpa edilərək dekabrın 20-dən alternativ mənbə olaraq Zarıslıdan suyun verilişi təmin edilib. Həmçinin, relyef baxımından yüksəklikdə yerləşən ərazilərin su təminatının aparılması məqsədilə şəhərin əsas su anbarında generator, nasos, eləcə də hipoxlorid məhlulundan istifadə olunmaqla zərərsizləşdirici qurğu quraşıdırılıb.

Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər  Proqramı hazırlanıb və icrasına başlanılıb.  Tədbirlər Planına əsasən, Şuşa şəhərini içməli su ilə təmin edən Kiçik Kirs və Zarıslı suqəbuledici qurğularında yenidənqurma işləri aparılacaq. Kiçik Kirs mənbəyindən Şuşaya yeni magistral su kəməri çəkiləcək, şəhər ərazisində 6 km paylayıcı su xətti, hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarı inşa olunacaq. İlkin olaraq tikintisi davam edən Füzuli-Şuşa avtomagistralının, eləcə də elektrik stansiyasının ərazisindən keçən və uzun illərdir istismar olunan magistral kəmərin yenilənməsi işlərinə başlanılıb. 

Şuşa şəhəri ilə yanaşı, işğaldan azad edilmiş Ağdam, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı və Zəngilan rayonlarında xidmət aparan heyətin yerləşdiyi bina və tikililərin, sərhəd zastavalarının su təminatı ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına  icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub. Abşeron yarımadasında icra olunan "Təmiz Şəhər" layihəsi Balaxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yaradılmasına imkan verib.

Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Xırdalan şəhərinin su təchizatı  və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işlər yekunlaşıb. Şəhər əhalisinin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 20 min kubmetr olan +118 "Abşeron" və +82 "Masazır" su anbarları tikilib.

Ötən dövrdə həyata keçirilən layihələr çərçivəsində məhsuldarlığı sutkada 830 min kubmetr olan 7 sutəmizləyici qurğu, 260-dan çox su anbarı və anbar kompleksi, 22 min km-dək  magistral və paylayıcı su, 6000 km-dən artıq kanalizasiya xətləri, 21 tullantı sutəmizləyici qurğu, 120-dən çox su və kanalizasiya nasos stansiyası tikilib, 357 artezian və subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində abonentlərin sayı 700 min artaraq 1 milyon 630 minə çatıb.

Vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan olması, müraciətlərin asanlaşdırılması, göstərilən xidmətlərdə operativliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə yeni Elektron Su Portalı (e-su.az) yaradılıb.

44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında "Azərsu" ASC-nin kollektivinin də payı olub. Müharibənin ilk günlərindən  kollektivin 200 nəfərdən çox əməkdaşı könüllü olaraq cəbhəyə yollanıb və onlardan 3 nəfəri qəhrəmancasına şəhid olub, 20 nəfər yaralanıb. Eyni zamanda, kollektivin 20 nəfər əməkdaşının ailə üzvü şəhidlik zirvəsinə ucalıb.

Qarşıda işğaldan azad olunmuş ərazilərimizdə su təchizatı sistemlərinin bərpası kimi müqəddəs missiya dayanır. "Azərsu" ASC-nin çoxminli kollektivi su təchizatı və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək üçün bundan sonra da əzmlə çalışacaq.

 





05.06.2021    çap et  çap et