525.Az

Qışqıran valideynlər və ünsiyyət mədəniyyəti - Natəvan Abdulla yazır


 

LEON GİECO: "QIŞQIRMAQ YALNIZLIĞIN XƏBƏRÇİSİDİR"

Qışqıran valideynlər və ünsiyyət mədəniyyəti - <b style="color:red">Natəvan Abdulla yazır</b>

İspan yazıçısı, alim Miquel de Unanmuno ünsiyyət prosesində insanların öz fikirlərini qışqıra-qışqıra ifadə etməsinin onların ruh halından xəbər verdiyini deyirdi.

Yazıçının qənaətincə, insanlar başqalarının dediklərini eşitməmək üçün bağırırlar. Yəni bir növ narsist və öz səhvlərini görmək istəməyən, qəbul etməyən insanlar ünsiyyət zamanı qarşısındakını susdura bilmək üçün bağıraraq danışırlar.

Əlbəttə, bu cür davranış ünsiyyətdə problem yaratsa da, əslində, bu, özü də bir ünsiyyət növüdür. Xüsusilə ikili münasibətlərdə, yaxud toplum qarşısında fikrini bildirən tərəf bunu bağıraraq edirsə, bu üslub həm də onun şəxsi keyfiyyətləri haqda informasiya verir.

Bəs ailə münasibətlərində, qadın-kişi, valideyn-övlad arasındakı ünsiyyətdə qışqırmaq, yaxud yüksək səslə danışmaq hansı mənfi hallara səbəb ola bilər?  

Qışqırmaq münasibətləri zədələyir 

Qışqırmağın həm insanlar, həm də heyvanlar üçün müəyyən əhəmiyyəti var: Bu, təhlükələrə qarşı özünü qorumaq, icmanı xəbərdar etməkdir. Təbiətdə bir çox canlının beyni eynən bizim kimi qorxu və həyəcanla idarə olunur. Bunlar beynin amiqdala adlı hissəsini kontrol edən müdafiə mexanizmidir. Yəni ya qaç, ya gizlən, ya da don qal, amma həyatda qal. Zil səsi qəbul edən beynin bu hissəsi ətrafda özünə qarşı təhdid ünsürü olduğunu qəbul edir və ondan qaçmağımıza kömək göstərən simpatik sinir sistemini hərəkətə gətirir.

Qışqırmağın canlılarda bioloji və instinktiv əhəmiyyətini anladıqdan sonra deyə bilərik ki, ailə daxilində ünsiyyət prosesində səs tonunun əhəmiyyəti insanlar üçün çox vacib faktordur.

Meşəlik bir ərazidə gəzintiyə çıxarkən uzaqdan bir bağırtı eşitdiyinizi düşünün. Bu, bir hansısa bir heyvanın səsi ola bilər. Meşələrdə hər zaman yüksək səs əsas ünsiyyət formasıdır. Meşə sakinləri üçün adrenalin həmişə yüksəkdir. Amma insan cəmiyyətində, dinc və keyfiyyətli həyat tərzi uğurun və sağlamlığın əsas şərtlərindən sayılır. Ailə daxilində qışqıraraq danışmaq insanın ibtidai instinktlərini daim tətikləyir, beləcə, bir şeydən qaçmaq, özünü müdafiə instinkti daimi, xroniki stress və qalıcı can ağrısına səbəb ola bilir.

Məsələn, xroniki baş ağrıları, sümük və əzələ ağrıları davamlı stressin xəbərçiləridir. Hətta psixoloqların dediyinə görə, əgər ailə fərdlərindən övladın atayla ünsiyyət problemi varsa, bu, onda sümük ağrılarına, anayla olan ünsiyyət problemi isə daimi əzələ ağrılarına səbəb olur.

 

Digər tərəfdən isə, ailədə aqressiv ünsiyyət tərzinə məruz qalan tərəf eyni formada ünsiyyət qurmaqla özünə qeyri-iradi müdafiə üsulu formalaşdırır. Bu şəkildə insanlarla girdiyimiz hər ünsiyyət prosesində onlarla aramızda olan ünsiyyətin keyfiyyəti azalır. Keyfiyyətli və mədəni ünsiyyət vərdişi isə, həm ailədə, həm iş dünyasında bizi bir addım irəliyə aparan ən vacib fatorlardandır. 

Qışqıraraq ünsiyyət qurmaq 

Yüksək səs beyni gərəyindən çox hərəkətə gətirir, bədəni həyəcan vəziyyətində saxlayır və duyğularımızın tarazlığını sarsıdır. Necə ki, bədənimizdəki bir vəzin lazımıdan çox, ya da az hormon ifraz etməsi bütün sinir sistemimizin alt-üst olmasına rəvac verir, eynilə yüksək səs tonuna məruz qalmaq da insanın duyğusal tarazlığını poza bilir. Təəssüf  ki, qışqıraraq ünsiyyət qurmaq ailədaxili münasibətlər üçün daha xarakterikdir. Bunun nəticəsi isə ailə fərdləri arasında, evdə narahatlıq və aqressivliyə səbəb olur.

Bədən dili mütəxəssisləri danımağa mövzusu və əsaslı fikirləri olmayan insanların qışqırmağa daha meyilli olduğunu deyirlər. Amma qəribəsi burasındadır ki, bəzi insanlar yanlarında əyləşən uşaqlarını danlamaq, yaxud adi bir hərəkətiylə bağlı ona xəbərdarlıq etmək üçün belə, yüksək səs tonundan istifadə edirlər. Hətta bəzi ailələrdə fərdlər izlədikləri filmlə bağlı münasibət bildirərkən, süfrə başında duzqabını istəyərkən belə yüksək səs tonu ilə ünsiyyət qururlar. Bəzi insanlar həqiqətən də planlı və sakit bir ünsiyyət qurmaqda çətinlik çəkirlər.

Məşhur rok sənətçisi Leon Gieco bağıran insanların yalnız olduqlarını deyir. Onun "Qışqırmaq yalnızlığın xəbərçisidir", fikri bu yazı üçün lap yerinə düşür. Ailə münasibətləri insanların ən çox əmək, səbr və diqqət verməli olduğu məqamdır. Bu kiçik icma daxilində qurulan hər ünsiyyət cəmiyyətdə başqa bir formada qarşımıza çıxır. Əgər ailədə ünsiyyət sağlam və etikdirsə, həmin ailədə böyüyən fərdlər cəmiyyətdə də öz yerini bu cür tapırlar. Yox, əgər ailə daxilində bir sıra problemlər varsa, o ailədən çıxan fərdlərin cəmiyyətlə və təbiətlə münasibətlərində də pozuntulara rast gəlmək mümkündür.

Səs tonumuzu nə müəyyənləşdirir?

 

Ailədə yanlış olan ünsiyyət formalarından biri, hətta birincisi yüksək səs tonu ilə danışmaqdır. Danışarkən səsimizin tonunu biz yox, ana və atamızın bizə qarşı nə qədər diqqətcil olduqları, yaxud da bizi nə dərəcədə gözardı etdikləri müəyyənləşdirə bilir. Qışqıraraq ünsiyyət quran şəxlərin içində olduqları psixoloji hala iki formada aydınlıq gətirə bilərik. Birincisi, ola bilsin ki, bu insanlar həddən artıq eqoist və narsist insanlardır. Buna görə də hər dialoqda həmsöhbətini əzmək, üstə çıxmaq və diqqət çəkmək istəyir, səhvlərini qəbul etmir və tənqid olunmağa qarşı dözümsüzdür. İkincisi, ən miskini isə insanın görülmək, duyulmaq arzusudur. Bu insanlar adətən ailədə uşaqlıqdan dinlənilməyən, sözünə və varlığına etimadla, qayğıyla yanaşılmayan insanlar olurlar. Bu cür ailələrə fikir versək, evdə televizor hər zaman açıqdır, ailə fərdləri bir-birini dinləmədən danışır, uşağın fikir və istəkləri gözardı edilir, onun dediklərinə əhəmiyyət verilmir. Belə ailələrdə böyüyən fərdlərin yüksək səs tonuyla, yaxud qışqıraraq danışması normaldır və "məni gör" mənasına gəlir.

Gəlin qəbul edək ki, insan nə ana-atasını, nə də bacı-qardaşını dəyişdirə bilər. Əgər nəyisə dəyişdirmək istəyiriksə, özümüzdən başlamalıyıq. Danışarkən sözünü eşitdirmək üçün qışqırmağın faydasız və qeyri-etik olduğunu, bunun həm bizə, həm də ailə fərdlərinə ziyan verdiyini əvvəlcə özümüz anlamalıyıq. Seçdiyimiz sözlərə diqqət etməli, sakit və anlayışlı formada danışmağın ən yaxşı və təsirli ünsiyyət tərzi olduğu fikrini mənimsəməliyik.

Keçmişi yenidən yaza bilmərik, amma bu gündən başlayaraq gələcəkdəki ünsiyyət tərzimizi özümüz idarə edə bilərik. Bunun üçün insan əvvəlcə öz davranışlarını şüurlu formada izləməlidir. Ailə, dostluq və ikitərəfli münasibətlərimizi bu formada yenidən yarada bilərik. Daha yüksək səslə danışarkən, qışqırıb-bağırarkən söylədiyimiz doğru fikirlər belə adətən yanlış səslənir. İnsan münasibətlərində önəmli olan dinləməyi bacarmaq, səssiz qalmağı, alçaq səs tonuyla danışmağı bilməkdir. Bu, həm insanın mədəniyyətindən xəbər verir, həm də təsirli və sağlam ünsiyyətin sirridir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





06.06.2021    çap et  çap et