525.Az

"Uşaqların gözü ilə dünya" adlı konsert təşkil edilib


 

"Uşaqların gözü ilə dünya" adlı konsert təşkil edilib<b style="color:red"></b>

İçərişəhərdəki "Art Tower" qalereyasının qarşısında "Simurq" uşaq musiqi festivalının açılış mərasimi keçirilib. Festival "Arts Council Azerbaijan"ın layihəsi, Mədəniyyət, Təhsil nazirlikləri, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Paşa Holdinq" və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasimində tədbirin layihə rəhbəri, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, ilk festival 2019-cu ildə keçirilib. Tanınmış sənət adamlarının qatıldığı festival P.İ.Çaykovski adına Moskva Konservatoriyasının nəzdində musiqi məktəbinin də iştirakı ilə reallaşmışdı. Qeyd edilib ki, ötən il pandemiya səbəbindən festivalı keçirmək mümkün olmadı: "Bu il isə biz festivalın qaydalarında müəyyən dəyişikliklər etdik. Proqramı genişləndirdik. Fortepianodan əlavə, proqrama simli, nəfəs alətləri, hətta vokal ifaları da daxil etdik. Festivala seçimləri, həmçinin Azərbaycanın regionlarında - Gəncə, Sumqayıt və Qəbələdə də keçirməyə qərar verdik. Bu ildən festival təkcə konsertlərlə deyil, həm də təhsil və tədris yönlü layihələr də həyata keçirir. Festival çərçivəsində bu il, eyni zamanda, uşaqların rəsmlərindən ibarət sərgilər də təşkil ediləcək. Məqsəd istedadlı uşaqları festivala cəlb etməkdir".

Festivalın ilk günü təqdim edilən konsert proqramında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Fikrət Əmirov adına 6 nömrəli Uşaq İncəsənət Məktəbi, Niyazi adına 22 nömrəli, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli və Bülbül adına Orta İxtisas Musiqi məktəbləri şagirdlərinin ifaları təqdim olunub.

Həmçinin, İçərişəhərdə yerləşən "Art Tower" qalereyasında "Simurq" festivalı çərçivəsində "Bolqarıstan uşaqların gözü ilə" adlı rəsm sərgisi də açılıb. Sərgi Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin yaranmasının 29-cu ildönümünə həsr edilib.

 





05.06.2021    çap et  çap et