525.Az

NATO-nun yeni hədəfi - Xaqani Cəfərlinin şərhi


 

SİYASİ-HƏRBİ ALYANS İQTİSADİ BİRLİYƏ DƏ ÇEVRİLƏ BİLƏCƏKMİ?

NATO-nun yeni hədəfi - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Sovet təhlükəsinə qarşı yaranmış NATO-nun uzunömürlülüyünün səbəbi təşkilatın dəyişən şəraitə uyğunlaşmaq və öz aktuallığını qorumaq qabiliyyəti ilə izah edilir.

Sovet İttifaqı dağıldıqdan sonra bir çoxlarına elə gəlirdi ki, artıq Şimali Atlantika Alyansı öz aktuallığını itirib. Alyansa üzv ölkələrin bəzilərində hətta NATO-nu tərk etməklə bağlı müzakirələr də başlamışdı. Lakin heç bir üzv ölkə Alyansı tərk etmədi, əksinə, Sovet İttifaqı dağıldıqdan sonra NATO-ya üzv ölkələrin sayı 16-dan 30-a yüksəldi. NATO-nun yaranmasından ötən 82 il ərzində Alyans səkkiz dəfə tərkibinə yeni dövlətlər almaqla genişlənmə prosesi keçirib ki, həmin prosesin yarıdan çoxu Sovet İttifaqının dağılmasından sonraya təsadüf edib. Bütün bunlar Alyansın dəyişən şəraitə uyğunlaşmaq bacarığının göstəricisidir. Sovet təhlükəsi qarşısında hərbi blok kimi yaranan NATO Sovet İttifaqının dağılmasından sonra siyasi-hərbi ittifaqa çevrildi, eyni siyasi dəyərlərin daşıyıcılarının birliyi kimi də çıxış etməyə başladı.

Son illər dünyada yaranmış yeni geosiyasi vəziyyət Şimali Atlantika Alyansı üçün yeni təhdidlər doğurub. Bu, Çinin Şimali Atlantika Alyansının lideri ABŞ-la dünyanın bir saylı iqtisadi gücü uğrunda mübarizədən qalib çıxmaq ehtimalının nəzəri düşüncədən real təhdidə çevrilməsidir.

Nüfuzlu iqtisadçılar hesab edirlər ki, hazırkı vəziyyət dəyişməsə, Çin 10 il sonra ABŞ-ı ötüb keçərək ən böyük iqtisadiyyata malik ölkə olacaq. Ona görə də NATO siyasi-hərbi birlik olmaqla yanaşı, həm də iqtisadi sahəni əhatə etməlidir. Bu məsələ Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra daha çox aktuallıq kəsb etməyə başlayıb. Eyni zamanda, dünya iqtisadiyyatının ağırlıq mərkəzinin Avropadan Atlantik okeanı hövzəsinə yönəlməsi NATO-nun qarşısına yeni təhdidlər çıxaracaq. Belə təkliflər var ki, Şimali Atlantika Alyansına üzv ölkələr arasında iqtisadi əməkdaşlıq hərbi sahədəki əməkdaşlıq qədər prioritet təşkil etsin. Əgər 14 iyun sammitində belə bir qərar verilsə, beynəlxalq münasibətlərdə tamamilə fərqli vəziyyət yaranacaq.

Rusiyanın təcavüzkar siyasət yürütməyə başlaması, yeni silahlar istehsal etməsi də NATO üçün yeni təhdidə çevrilib. Xüsusilə də Rusiyanın Krımı işğalından və Baltikyanı respublikaları təhdid etməyə başlamasından sonra NATO-nun Şərq cinahında yeni vəziyyət yaradıb. Bu yeni vəziyyət NATO-nun qarşısına yeni vəzifələr qoyub. Hələlik Şimali Atlantika Alyansı Rusiyanı düşmən və ya əsas təhlükə mənbəyi elan etməsə də, NATO-ya üzv dövlətlərin bir neçəsinin belə dəyərləndirmələri mövcuddur.

 

İranın nüvə silahı əldə etmək istiqamətində daha da irəli getməsi də Şimali Atlantika Alyansı üçün yeni vəziyyət yaradıb.

Bütün bu təhlükələrdən əlavə, NATO rəhbərliyini ən çox narahat edən məsələlərdən biri də kiber təhlükəsizlikdir. Bu məsələ ötən ilin dekabrında "SolarWinds" şirkətinə edilən kiberhücumdan sonra daha da aktuallaşıb. "SolarWinds" şirkətinin şəbəkəsinə daxil olan hakerlər Milli Təhlükəsizlik Agentliyi, Ədliyyə Nazirliyi, Dövlət Departamenti və silahlı qüvvələrin bölmələri, eləcə də "Fortune Global" 500-də yer alan 425 şirkətin məlumatlarına da çıxış imkanı qazanıblar. O zaman məlum oldu ki, kiberhücum nüvə müharibəsi qədər təhlükəli olmağa başlayır. Nüvə silahına malik ölkələrin sayı barmaqla sayılacaq qədər olduğu halda, kiberhücum ayrı-ayrı ölkələrlə yanaşı, haker qruplarını da böyük təhlükə mənbəyinə çevirir. 

Bütün bu təhdidlərin qarşısında dayanmaq üçün NATO-nun qarşısında duran vəzifələr müəyyən edilməklə yanaşı, bu vəzifələrin öhdəsindən gəlmək üçün alyansın mükəmməlləşdirilməsi də zəruridir. Buna görə də, NATO-nun baş katibi Yens Stoltenberqin göstərişi ilə Alyansda yeni analitik qrup yaradılıb. Əslində, ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın başçılıq etdiyi bu qrup mövcud idi. Sadəcə olaraq ötən ilin martında bu qrupun mövcudluğu rəsmiləşdi. On nəfərlik qrupun yarısını qadınlar təşkil edir. Bu qrupun hazırladığı təkliflər baş katib Yens Stoltenberq tərəfindən iyunun 14-də Brüsseldə keçiriləcək sammitdə Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarına təqdim ediləcək. Sammitin qərarlarının nədən ibarət olacağını söyləmək mümkün deyil. Amma sammitdən sonra NATO-nun fəaliyyətində yeni mərhələnin başlayacağını söyləmək olar. Heç şübhəsiz, sammit Şimali Atlantika Alyansının Şərqə doğru genişlənmək siyasətini bir daha təsdiq edəcək. Ukrayna və Gürcüstanın Alyansa qəbulunun dəstəklənəcəyini də proqnozlaşdırmaq mümkündür. Sammit belə bir qərar versə, bu, Rusiya ilə NATO arasında gərginliyi daha da artıracaq. Moskvanı ən çox narazı salacaq məsələ  Ukrayna və Gürcüstanın NATO-ya qəbulu üçün mövcud qaydaların yumşaldılması, mexanizmlərin sadələşdirilməsi olacaq. Ancaq belə görünür ki, Brüsseldə Rusiya ilə qarşıdurmaya hazırdırlar. Heç şübhəsiz, NATO-nun rəhbərliyi Moskvanın mövqeyini nəzərə almadan Alyansın üzv ölkələr üçün atuallığını qoruyub saxlaması naminə zəruri olan bütün addımları atacaq. Rusiyanın NATO-nun qərarlarına reaksiyasının nədən ibarət olacağı isə ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşünün nəticələrindən asılı olacaq. 

İstisna deyil ki, gələcək tarixçilər NATO-nun 14 iyunda keçiriləcək sammitini beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qeyd edəcəklər.

 





07.06.2021    çap et  çap et