525.Az

Ağdam - xatirələrin salamat məkanı


 

Ağdam - <b style="color:red">xatirələrin salamat məkanı</b>

Arzusunda olduğum şəhər

Bakı illərdir ki, vətən həsrətlilərinin dərd-sərinə şahidlik edirdi. Xəzərin sahilində göy suları tamaşa edən neçə-neçə adam cisminin qərar tutduğu yerdən ayrılaraq xəyalında el-obasını dolaşıb qayıdırdı. Heç nə dildə deyildiyi qədər asan deyildi: Vətən itirmişdilər! Vətənin o başı, bu başı olmaz, amma onlar köçkünlükdə yaman qəribsəyiblər. Az tapıb az yeyəni bir yana, çox tapıb çox yeyəni də heç olmasa bir dəfə olsun yana-yana "of ay torpağım" deyib. Demirəm ucdan tutma hamı həsrət içində yaşayıb, amma heç xiffət çəkənlər də az olmayıb.

Odur ki, Ağdama yola düşməmişdən bir gün qabaq - gecə istədim ki, Xəzərin sahilində dolaşım. Dolaşım ki, o yanığlı ahları canıma çəkim, özümlə Ağdama aparım, ürəyimi orada boşaldım. Hava küləkli, Xəzər dalğalı idi. Suların səsinin ahəngində Səxavət Məmmədovun ifasında "Ay mirvari dalğalar" mahnısını eşidə bilirdim, onun səsi fikrimdən qulağıma süzülürdü. Ağdam deyəndə elə yada düşən oğullardan biri də Səxavət idi, amma simasından, adından əvvəl səsi qulağa gəlirdi. Hə, bu göy sular qaynar həyatdır, arzuya qanaddır, arzumuzu qanadlandırdı, hamımız qarabağlı olduq. Mənim də arzum qanad açmışdı, səhərisi gün Ağdama yola düşürdüm - Qarabağın toy otağına, ruhlar şəhərinə, Qafqazın Xirosimasına, Qulu Ağsəsin təbirincə desək, "dünyanı bazara çıxaran, özü bazarda satılan şəhər"ə. Ağdam üçün sadaladığım təriflər hamısı deyilmiş sözlərdi. Gərək mən də Ağdamı canlı görəydim ki, kiçik nəsə deyə bilim, görüm tərif verməyə gücüm çatacaqmı?!

"Yavaş-yavaş bütün arzuların həyata keçir. Sabah yox, o biri gün Ağdama gedəcəksən, hazırlaş".

Rəşad Məcid ürəkdən xəbər verən insandır, o, yaradıcı adamları gözündən oxuyur, arzularına bələddir. Mənim də istəklərimi bilir. Elə bu sözləri deyəndə də qəhər boğdu məni, öz-özümə fikirləşdim ki, "İlahi, mən Qarabağa gedirəm, mən Ağdama gedirəm".

Uşaq kimi sevincək oldum, kimlə görüşsəm, bunu ona deyirdim. Abdulla usta var, peşəkar dərzidir, özü də Ağdamın Mahrızlı kəndindəndir. Atelyedə işim vardı. Gördüm ki, Abdulla dayı yaman məşğuldur, özü də iş çoxdur deyə tələsir. Dedim ki, Abdulla dayı, Ağdama gedəcəm. Əlindəki paltarı yerə qoydu, gözü parıldadı:

- Kimlə gedirsən? Nə vaxt gedirsən?

Hər şeyi danışdım. Sevindi, amma birdən tutuldu. Hiss elədim ki, özü də getmək istəyir. Gedə bilmədiyi üçün təəssüflənir:

- Bu atelyenin bir filialını Ağdamda açacağam! Şalvar-köynəyi düzəltdirməkdən ötrü birbaşa Bakıdan Ağdama gələcəksiniz.

Gülüşdük, sağollaşdıq.

Gecə dənizin qırağında gəzəndə bu dialoqumuz yadıma düşdü. Bir anlıq öz-özümü qınadım ki, gör nə qədər öz rayonuna, kəndinə getmək istəyənlər var, bu səfər məndən çox onların haqqıdır. Amma gedib Ağdamı görəndən sonra fikrim dəyişdi. Düşündüm, elə yaxşı ki, getməyiblər. Oraları görməyə ürək lazım idi dözsün... 

Yayın buz xəbəri...

Səfərimizin məqsədi o idi ki, media işçiləri Ağdamda yerləşən bir sıra mədəni irs obyektləri ilə tanış olsunlar. Media turun təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti  idi. Yol yoldaşlarım müxtəlif sayt, media agentlikləri, televiziya nümayəndələri idi.

Səhər 05:30 radələrində yola düşdük. Yolboyu jurnalist Süleyman Qaradağlı və fotoqraf İlqar Cəfərovla həmsöhbət oldum. Süleyman müəllimi qiyabi tanısam da, heç ünsiyyətimiz olmamışdı. Elə yolboyu Qarabağla bağlı bir çox şeyi ondan öyrəndim. Bir sözlə, mənim üçün səfərin ən maraqlı hissələrindən biri də elə Süleyman müəllimlə söhbətlərimiz oldu. Musiqidən, ədəbiyyatdan xeyli söhbətlər elədik, bəzi xatirələrini mənlə bölüşdü.

Yevlaxda dayandıq, Kürün sahilində çay süfrəsi arxasında əyləşdik. Kür elə gözəl, elə həzin axırdı ki... Kürün suyu dupduru idi. İlqar Cəfərov dedi ki, Arazla qovuşmamış hissədir deyə, lillənməyib. Kür çayını kəndimizdən başqa heç yerdə belə seyr eləməmişdim. Kəndimiz yadıma düşdü, Kürü gözdən itənəcən seyr elədim, kəndimizə sarı... 

Yol yoldaşlarımızın arasında arxeoloqlar da var idi. Buraların tarixi, keçmişi barədə xeyli söhbət elədilər. Arxeoloqların gözündən sevinc yağırdı. Ağdamda bir sıra yerlər var ki, qədim insan məskənləridir. Bir arxeoloqun haqqında ağzıdolusu danışdığı yerlərə səfər etməsi onun üçün yalnız xoşbəxtlik ola bilərdi.

Yolumuza davam etdik, Ağdama yaxınlaşdıqca həyəcanlanırdım. Bir yer var ki, ordan keçəndə Süleyman müəllim dedi: "Qarabağa daxil olduq, bura Qarabağın girişidir".

Ağdamda post qurulmuş yerə çatana yaxın gördüm ki, jurnalistlərin əhvalı dəyişdi, hamı aldığı xəbərin acısını yaşayırdı. 

Yaxınlaşıb soruşdum: "Nə olub axı?!"

Hadisədən xəbər verdilər, artıq hər şey məlumum idi. Bir neçə media işçisi Kəlbəcərdə minaya düşüb. Ən  dəhşətlisi isə o idi ki, “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov erməni vəhşiliyi nəticəsində şəhid olublar...

Şəhidliyi dəhşət adlandırmaq düzgün olmasa da, hər iki jurnalistin vaxtsız vəfatı çox sarsıdıcıdır. İş yoldaşları danışır ki, həmin yerlərdə çəkiliş aparmaq onların öz arzuları idi. Hətta təklif olunub ki, bu dəfə başqa jurnalistlər getsin, amma razı olmayıblar. Vətən onlara oğul dedi, evdə isə onları gözləyən övladları var idi...

Bu xəbərdən sonra ovqatımızın yaxşı olmağı mümkün deyildi. Ağdamda da yaxşı mənzərə ilə qarşılaşmayacağımı bilirdim, onun da üzüntüsü, həyəcanı üstümə çökmüşdü. Bu xəbər isə vəziyyəti bir az da kritikləşdirdi. Təsəvvür edin, onlar həmin yerlərin görüntülərini əbədiləşdirib xalqa təqdim eləməkdən ötrü çalışırdılar ki, hər kəs görsün, hamı oradan danışsın. Bu niyyətin hökm sürdüyü bir anda düşmənin xaincəsinə təxribatı nəticəsində hər şey əksinə oldu. Təəssüf ki, Məhərrəm İbrahimov və Sirac Abışov özləri görüntüyə çevrildilər, əbədiyyətə qovuşdular. Şəhid jurnalistlərimiz Çingiz Mustafayev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Salatın Əsgərovanın adlarının həkk olunduğu qan yaddaşı siyahısına iki ad da əlavə olundu. Bu xəbər isti yay günündə ürəyimizi buz kimi  gizildətdi.... 

Daşı daş üstə tapa bilmədim... 

Ağdama daxil olanda çox həyəcanlanmışdım. Bilirdim ki, dağıntılar çoxdur. Amma bunların hamısını canlı görmək ağlasığılmaz dərəcədə ağır idi. Yolboyu  uçulub dağılmış evlər sıralanırdı. Avtobus yavaş hərəkət elədiyindən hər tərəfə xüsusi diqqət edə bilirdim. Elə dəhşətli mənzərələr var idi ki, az qalırdım sürücüyə qışqırım: "Nolar, sürətli sür, bu yolları tez keçək"... 

Mərkəzdə dayandıq. Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində xüsusi nümayəndəsi Emin Hüseynov bizi qarşıladı. Çox səmimi münasibət göstərdi. Jurnalistlərin bütün suallarına təmkinlə cavab verdi. Getdiyimiz bütün ərazilərdə yanımızda oldu.

Avtobusdan düşüb Ağdamın havasını ciyərlərimə çəkdim. Qarabağ havası başqa imiş!  Bir ovuc torpaq götürdüm. O bir ovuc torpağa xitab edib danışmağa çox söz var idi. Həmin torpaqlar minlərlə igidin qanına qarışmışdı. Torpağın da bağrı var, hər mərmi, hər partlayış torpağın bağrını yarmışdı. Bu torpağı öpüb gözümün üstünə qoyanda gözümün yaşı da ovcuma qarışdı.

Uçulan ərazilərdə addımlayarkən ayağımın altında qalan hər daş ürəyimə dəyirdi. Çünki həmin söküntü parçaları kiminsə evindən qopmuşdu, kiminsə isti yuvasının bir hissəsi idi. Axı 30 ildir evləri bir yana, həmin evin bir parçası üçün saç ağardanlar var... 

Ey imarəti dağılan... 

Pənahəli xanın İmarətinə gəldik. Seyid Əzim Şirvani Nizaminin qəbrini ziyarət edəndə yazdığı misralar yadıma düşdü: "Ey nizamı dağılan...."

Cavanşirlər sülaləsinin şöhrəti çoxunuza məlumdur. İmarətdə dəfn olunan şəxsiyyətlər - Pənahəli xan, İbrahimxəlil xan, Mehdiqulu xan Cavanşir, Cəfərqulu xan Nəva, Gövhər ağa, Xurşidbanu Natəvan, Xanbikə xanım Azərbaycan tarixi üçün qiymətlidirlər. Ermənilərin orada törətdikləri mədəni irsimizə, tariximizə, dəyərlərimizə qarşı böyük təhqirdir. Təsəvvür edin, Natəvanın məzarını dağıdıblar, sümüklərini çıxarıb özləri ilə aparıblar. Bunu etmək üçün ən azı şərəfsiz olmalısan.

Pənahəli xanın türbəsini, dəftərxanasını, sarayını ziyarət etdik. Ermənilər saraydan tövlə kimi istifadə edirlərmiş. Düzdür, indi oralar təmizlənib, amma vəziyyətin ürəkaçan olmadığı ortadadır. Nə qədər baxımsız vəziyyətdə olsa da, əzəmətlidir. Pənahəli xanın İmarətini gəzdikcə düşünürdüm ki, mən gör kimin sarayındayam?! Bu yerlərdə kimlər dolaşıb?!  

İmarət stadionuna getdik. Təbii ki, futbol meydançasından əsər-əlamət qalmamışdı, yararsız vəziyyətdə idi. Vaxtilə bu stadionda konsertlər təşkil olunarmış. Gün gələcək, buralar abadlaşacaq, maraqlı futbol yarışları keçiriləcək və yenə də bu meydançada möhtəşəm konsertlər də təşkil olunacaq! 

Əlimizin duzu yox imiş... 

Sovet dövründə Ağdamda Çörək Muzeyi yaradılıb. Çox maraqlı eksponatları var imiş. Bu barədə Süleyman Qaradağlı xeyli söhbət elədi. VII minilliyə aid daşlaşmış buğda dənələri, II Dünya müharibəsində Qalina Konayeva adlı qadının Sank-Peterburqdan gətirdiyi "blokada çörəyi" kimi maraqlı eksponatların yer aldığı muzeydə 300-dən çox çörək növü sərgilənib.

İmarətdən sonra həmin muzeyə gəldik. Binanın ön fasadı qismən yerindədir. Fasadın üzərindəki daş mozaika xüsusi maraq cəlb edirdi. Təbii ki, erməni vandalizminin nişanələri burada da məlum olurdu. I Qarabağ müharibəsində muzeyə iki dəfə mərmi düşüb. Birinci dəfə Allah bərəkətimizi hifz edib. Amma ermənilərin vəhşiliyi elə yüksək dərəcədədir ki, qarşısını almaq mümkün olmadı. Bu cür möhtəşəm muzey 1992-ci il, avqustun 12-də məhv oldu. Çörək Muzeyi külə döndü. Amma dövran elə gətirdi ki, Azərbaycanın gücü erməni vəhşiliyinin dərəcəsini üstələdi.

Qarabağlılar uzun illər ermənilərə çörək verib. Heyif ki, əlimizin duzu yox imiş. Kimə çörək verdiksə, haqqı dandı. Çörəyimizə də xəyanət etdilər, Çörək muzeyimizə də...

"Gəl Füzuli dərdini sanma çox asan, ey təbib!" 

Çörək muzeyindən Cümə məscidinə yollandıq. Məscidin tarixi barədə məlumat verildi. Cümə məscidinin minarələri elə gözəl idi ki! Günəş sağ minarənin yanında şəfəq saçırdı. Adətən Günəşə baxmaq mümkün olmur, adamın gözü qamaşır. Amma gözümü minarəyə də, yanındakı günəşə də zilləyə bildim, maraqlı mənzərə idi. Babalarımız, nənələrimiz "Məscidlər Allahın evidi" deyiblər. Ağdamda - Allahın evinin qarşısında içimdə bir arzu doğdu, dodaqlarım bu duanı pıçıldadı: "Gün o gün olsun ki, ağdamlılar səhər sübh azanının səsinə yuxudan ayılıb yurdlarına qayıtdıqları üçün şükür eləsinlər!"

Dedilər ki, Qiyaslı kəndinə gedirik. Yolboyu Qiyaslıdan olan şəhid xanəndə Şahmalı Kürdoğlunun səsi qulağımda cingildədi. Bu yaxınlarda radioda Şahmalı Kürdoğluna həsr olunmuş veriliş səslənirdi. Aparıcının iki cümləsi insanı hönkürtü ilə ağlamağa vadar edirdi: "Şahmalı Kürdoğlunun həyətinə mərmi düşəndə, oğlu ilə birgə şəhid olanda qonşunun evindəki maqnitofon susmamışdı, Şahmalı oxuyurdu, Şahmalı özünə laylay çalırdı".

Şahmalı Kürdoğlu öz adını qoyduğu oğlu ilə birgə həyətdə oturub nar yeyəndə şəhid olublar. Nar rəngində qana boyanıblar. Şahmalı Kürdoğlunun əsrarəngiz səsi olub. "Zabul-Segah"da oxuduğu "Manəndi-müxalif" isə tamam ayrı aləmdir, adamın ürəyinə dağ çəkir, Füzulini şərbət kimi içir: "Yoxdu bu rüsvalığın dərdinə dərman, ey təbib..."

Qiyaslının viran olmuş vəziyyətini görəndə Şahmalının həmin ifası yadıma düşdü, Şahmalı Kürdoğlunun səsi indi özünə yox, viran olmuş yurduna laylay çalırdı.

Atamın bir dostu var, Qiyaslıdandır. Demişdi ki, mənə Qiyaslı torpağı gətir. Onun üçün torbaya torpaq yığdım. Qiyaslı məscidini ziyarət elədik. Cümə məscidindən fərqli olaraq Qiyaslı kənd məscidi viran olmuşdu... 

Ağdamdan nə danışım?! 

Şahbulaq qalasına səfərimiz ürəyimə su çilədi. Təbiət Allahın insana ən gözəl bəxşişidir. Ağdamın gözəlliyinə heyran oldum. Qala uçulmamışdı, yaxşı vəziyyətdə idi. Vaxtilə Pənahəli xan Şuşaya getməmişdən burada qərar tutub. Qaladan aşağıda bulaq axırdı. Su dupduru, bumbuz idi. Əl-üzümü yuyub, sudan içib tutun kölgəsində daldalandım. Tutdan dərib yeyəndə tutuldum, qəhər məni boğdu. İşin çoxluğundan kəndimizə gedib ağacdan tut yeyə bilməmişdim, buna görə darıxırdım. Nəsibim oldu ki, bu mövsüm də ağacdan tut dərib yedim, özü də Ağdamda! Xoşbəxtlik başqa necə olur?!

Ağdamda olanda redaktorumuz Seyfəddin Hüseynli mənə bir foto göndərdi. Seyfəddin müəllim o gün bir tədbirlə bağlı Gəncəyə gedibmiş. Oradakı Şəhidlər xiyabanında dostum - Vətən müharibəsi şəhidi İlqar Bürcəliyevin də məzarını ziyarət eləmiş, İlqarın qəbri yanında şəkil çəkərək mənə yollamışdı. O, mənim şəhid İlqarla bağlı dərdimi, nisgilimi bilir deyə bu fotonu mənə bir təsəlli kimi göndərmişdi, yəqin. Ürəyimə sanki ox dəydi, istədim ki, mən də Ağdamdan şəkil çəkib yollayım, amma göz-könül sevindirəsi bir salamat yer tapmadım. Seyfəddin müəllimin yolladığı şəkil nə dərəcədə kədərli idisə, mənim şəkil yollamamağım bir o qədər ağır oldu. Düzü, ürəyim gəlmədi, istəmədim ki, Seyfəddin müəllim doğma Ağdamı bir də mənim təqdimatımda bu cür viranə halda görsün. Axı bir dostun şəhidliyi hara, bütöv bir şəhərin, Ağdam böyüklükdə doğma yurdun dağılıb viran qalmış halı hara!

Belə məqamlarda indi hamımızın yeganə təsəllisi bu olur ki, Ağdam tezliklə bərpa olunacaq, bu xarabalıq halından qurtularaq yaraşıqlı, müasir bir şəhərə çevriləcək.

Bakıya gələndə ağdamlı tanışlar zəng vurdular, israrla dedilər ki, Ağdamdan danış. Danışa bilmədim, gücüm çatmadı. Elə bu yazıya görə də, bütün ağdamlılardan üzr istəyirəm, yaraların yenidən göynətdim...

Ağdamın binalarını düşmənlər yerlə- yeksan eləsələr də, insanların xatirələrinə toxuna bilməyiblər, buna gücləri çatmayıb. Günü bu gün də ağdamlılar ora getsə, o uçqunların içində özlərinə iz taparlar, o uçqunların arasında yüzlərlə xatirələr danışarlar. Ağdam xatirələrin salamat məkanıdır.

 





08.06.2021    çap et  çap et