525.Az

Məhərrəmin göy jileti - Anım


 

Məhərrəmin göy jileti - <b style="color:red">Anım </b>

Həmişə xəbər ardınca gedən, ən son və ən yeni xəbər gözlədiyimiz Məhərrəm özü xəbərə çevrildi.

Bu xəbəri heç gözləmirdik!

Bu xəbər heç kimin ağlına da gəlməzdi.

Necə deyərlər, ağla gəlməyənlər başa gəlir.

Məşhur şairin misrası yada düşür: "Hələ bu dünyada nə yaşamışıq, hələ ömrümüzün nə yazı olub"...

Adına nə deyək: qəzavü-qədər, tale, qismət, yoxsa talesizlikmi? Əlbəttə, bunlar da var. Amma ən başlıcası, qaniçən düşmən təxribatının, hər addımda öz xislətinə uyğun hərəkət edən erməni vəhşiliyinin növbəti qurbanı demək, daha doğru olar.

Yaşadığı o qədər də uzun olmayan ömürdə Məhərrəm bir neçə dəfə ölümlə üzləşmişdi. Uşaq vaxtı yaşadığı  Qərbi Azərbaycanın Krasnoselo rayonun Ardanış kəndində quzğun onu caynağına alıb apararkən ətrafdakıların, kənd sakinlərinin qopardığı hay-küy, yerdən götürüb atdıqları daş-kəsək nəticəsində körpəni vəhşi quşun şikarına çevrilməkdən xilas etmişdi.

Bir neçə il əvvəl isə hamamda dəm qazında boğulanda onu tez havaya çıxarmış, "təcili yardım" çağırmışdılar. Həkimlərin səyi nəticəsində onu ayıldaraq həyata qaytarmaq mümkün olmuşdu.

Bu dəfə isə Məhərrəmi heç kəs xilas edə bilmədi...

İyunun 4-də səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən erməni terrorçularının yerə basdırdığı  tank əleyhinə minaya düşərək həlak olan üç nəfərdən biri də “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov olub.

Hətta baş verən güclü partlayışdan sonra da Məhərrəm altı aydan bəri əynində çıxarmadığı göy jiletdə idi... Dəfələrlə geri çağırılısa da, peşə fəaliyyətini yerinə yetirməkdən yorulmayan həmkarımızın əynindəki jileti heç  partlayış də əynindən çıxara bilməmişdi...

O, işğaldan azad edilən Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd və Ağdam rayonunun kəndlərini məhlə-məhlə, ev-ev, ünvan-ünvan, qarış-qarış dolaşmışdı, bir neçə gün idi ki, gördüyü vacib və əhəmiyyətli işi Kəlbəcərdə davam etdirir, erməni quldurlarının vurduğu ziyanları tarix üçün sənədləşdirirdi.

Bu zəif və cılız bədəndə nə qədər güclü Vətən sevgisi, yurd məhəbbəti varmış...

Həmkarı, onunla birlikdə peşə fəaliyyətini yerinə yetirən fotomüxbir Rəşad Mehdiyevin dediyinə görə, hadisədən bir saat əvvəl səhər süfrəsi arxasında xoş ovqatda olublar. Həmin gün işlərini başa vurduqdan sonra İstisuya getmək barədə razılığa gəliblər.

Susuzluq yolunda mənfur düşmən hərbçilərinin insanlığa sığmayan növbəti çirkin və bədxah əməli həyat eşqi ilə çırpınan həmkarımızın İstisuya getmək arzusunu ürəyində qoydu. Dostları, həmkarlar İstisudan gətirdikləri suyu məzarı üstünə səpməklə təsəlli tapdılar...

Məhərrəm "gəlimli-gedimli, son ucu ölümlü" dünyada xeyli məhrumiyyətlərlə üzləşmişdi. O, çoxuşaqlı bir ailədə böyümüşdü - dörd qardaş və üç bacının böyüdüyü ailənin sonbeşiyi idi. 18 yaşı olanda atası Əlini, sonra anası Narıngülü  itirmişdi. Yeddi yaşlı Uğuru və beş yaşlı Toğrulu böyütmək, onlara doyunca ata sevinci yaşatmaq istəyirdi.

Yaşada bilmədi....

Onun üzündə qəribə bir kədər hissi var idi. Hətta ən xoş, sevincli günlərdə, sevinib-güləndə də həmin kədər cizgiləri simasını tərk etmirdi. Bəlkə çəkdiyi acılar idi onun üzünə hopan. Ya bəlkə onu gözləyən tale yazısı idi?

İnanmaq olmur ki, o, bir də “Azərtac”ın pilləkənlərini çıxmayacaq, bir də onunla dəhlizlərdə üzləşməyəcək, bir də mərtəbənin girişində dayanıb siqaret tüstülətməyəcək...

İnanmaq olmur ki, bir də onun zəngini eşitməyəcək, onun imzasını görməyəcəyik...

İnanmaq olmur ki, dost-tanış toylarında bundan sonra onun sındıra-sındıra süzməyinin həsrətində qalacaq...

Heç inanmaq olmur...

Amma onun ailə üzvləri, qohumları, yaxınları, doğmaları, iş yoldaşları, həmkarları, tanıyanlar həmişə üzünə hopmuş kədər qarışıq gülüşlə, ən səmimi və xoş duyğularla və bir də... Susuzluq yolunda partlayan hərbi maşının yaxınlığındakı göy jiletlə xatırlayacaqlar...

 





08.06.2021    çap et  çap et