525.Az

Bizim Sirac - Yazı


 

Bizim Sirac - <b style="color:red">Yazı </b>

Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xatirəsinə

Azərbaycan Televiziyasının həyətində   öz şəhidləri üçün ayırdığı guşə elə yerdə qurulub ki, bu məkana yolu düşən qonaqlar və burda çalışan hər bir əməkdaş düşmən gülləsinin qurbanı olmuş, həyatdan vaxtsız köçmüş həmkarlarımızın önündən keçir, bir anlıq ayaq saxlayıb, ruhlarına ehtiram bildirirlər. Bu guşənin sıralarına daha bir həmkarımızın adı əlavə olundu. Operatorumuz Sirac Abışov. Lövhələrdən birinin içərisində mərmər  çərçivəyə salınmış daha bir portret ürəyimizin başını göynədəcək.

Ermənilərin törətdiyi barbarlığı lentə alan Siracın çəkdiyi materiallar, sənədli faktlar erməni xislətinin mənfur siyasətini dünyaya bəyan etmək üçün kifayət idi. Lakin öz ölümüylə o, düşmənimizi dünyaya daha yaxından tanıtdı. İyunun 4-də saat 11 radələrində Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən  içərisində media nümayəndələrinin olduğu "Kamaz" markalı sərnişin avtomobilinin tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - Sirac Abışov,  “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov və RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev haqqın dərgahına qovuşdu.

Sirac qardaşımız da bölgələrdə ürək ağrısıyla, böyük məsuliyyət hissi ilə çalışırdı. Deyirdi ki, mənim özüm də məcburi köçkünəm, hər evi gördükcə öz evimizi gözümün qarşısına gətirirəm. Çəkdiyim o kadrları bir milyon məcburi köçkünün hissini yaşaya-yaşaya çəkirəm. 50 milyon Azərbaycan xalqının gözü ilə baxıram hamısına. Çox təəssüf ki, hamısı görüləsi gündə deyil..." 

Təsadüfə baxın ki, bir neçə gün öncə hər ikisi Azərbaycan Televiziyasına müsahibə vermişdi. “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov dağıdılmış abidələrimizin, yaşayış evlərimizin fotoçəkilişlərinin aparıldığını, inventor qeydiyyatını, Sirac isə kamerası ilə gördüyü mənzələrdən ürəyinin ağrıdığını dilə gətirmişdi. Bu gün tamaşaçı o kadrlara  diqqətlə baxıb şəhadətə qovuşan oğullarını daha yaxından tanımağa müvəffəq oldu. Siracın kövrək notlarla söylədiyi sözlər, Məhərrəmin əlini yelləyərək kadrdan uzaqlaşaraq daha məchul bir nöqtəyə dönməsi anı tamaşaçını olduqca mütəəssir edir. Lakin belə qeyrətli oğullarımız olduğu üçün bir daha fəxarət hissi yaşayırıq. Onlar ölümləri ilə dünya mediasını silkələdilər, adları beynəlxalq mətbuatın gündəminə düşdü. Jurnalistlərin ölümünə bais olan ermənilər dönə-dönə lənətləndi, havadarlarının isə səsi heç çıxmadı, bəlkə də utandıqları üçün  reaksiya vermədilər. Media nümayəndələrinin, mülki vətəndaşların minaya düşməsi ermənini daha yaxından bəşəriyyətə tanıtdı.

Baş Prokurorluğun məlumatına görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan Televiziyasına 65 illik yubileyi ilində ağır itki baş verdi. Kollektivin gənc əməkdaşı  şəhid oldu.

Hər iki şəhidin, media nümayəndəsinin AzTV-nin qarşısında qoyulmuş şəkillərini minlərlə insan ziyarət etdi, xatirələrinə ehtiram bildirildi.  Önünə əklillər, tər qərənfillər düzüldü. Yoldan ötənlər ayaq saxlayıb Siracın, Məhərrəmin, dünyamızı tərk edən iki cavanın  ölümünə fərman verənlərə lənət yağdırdılar. Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov baş vermiş faciəni dünya informasiya məkanına, söz azadlığına qarşı yönəlmiş terror aktı adlandıraraq, tələb etdi ki, bu hadisə dünyanın aparıcı media kanallarında işıqlandırılmalı, beynəlxalq jurnalist həmrəyli nümayiş olunmalıdır. Bu, Kəlbəcərdə ermənilərin addım başı mina basdırdığını sübut edən bir faktdır. İşğaldan azad olumuş ərazilərdə foto və video faktları toplamaq istiqamətində çalışan media nümayəndələrinin məqsədi erməni barbarlığını bütün dünyaya olduğu kimi təqdim etmək idi. Bəli, onların ölümünə bais olmaqla ermənilər əməlləri ilə özlərini ifşa, sanki hər şeyi etiraf etdilər... Hadisədən bir neçə saat sonra çağırışa səs verildi. Dünyanın hər yerindən olayı pislyən bəyanatlar səsləndi, dünyanın ali qurumları, jurnalist təşkilatları, azad media nümayəndələri, siyasətçilər həmrəylik nümayiş etdirdilər.

Sirac da, Məhərəm də minlərlə şəhidlərimizdən biri kimi şəhadətə yetişdilər. Gördükləri iş, topladıqları fotoşəkilər, sənədli faktlar, çəkdikləri kadrlar isə bizə hər zaman onları xatırladacaq. Ekrandan oraları seyr edəndə yadımıza düşəcəklər. Çünki Sirac oralara Azərbaycanımızın gözü ilə baxırdı... Biz də oralara Siracımızın gözü ilə baxacağıq.

Televiziyamızda yaxınlarda isə daha bir sənədli filmin nümayişi ilə bağlı anonslar gedir. "Bu, film deyil, illərlə torpaq həsrətində olan minlərlə insanın həyat hekayəsidir. 27 il toxunulmayan libas. Azərbaycan Televiziyasının əməkdaşı işğaldan azad olunmuş torpaqlara ilk dəfə anası ilə birlikdə gedir.

Güllü yaylıq sandıqdan çıx,
Vətənimə yollara çıx.
Damım sökük, evim uçuq,
Güllərimi sər yoluma,

Həsrət bitdi, qüssə bitdi... (qəmli musiqi) ...Tapılmayan ev, "Zamanını gözləyən libas" sənədli filmində"...

Bəli, biz o torpaqlara minlərlə şəhidlərimizin əldə etdiyi qələbə sayəsində və Siracın, Məhərrəmin açdığı cığırlarla gedəcəyik. Onların yarımçıq qalmış işlərini davam etdirəcəyik. Siz rahat uyuyun əziz qardaşlarımız, yaddaşlarda əbədiləşən qəhrəmanlarımız...

 





08.06.2021    çap et  çap et