525.Az

Dərman üçün bir fincan su... - Cavid Zeynallının resenziyası


 

Dərman üçün bir fincan su... - <b style="color:red">Cavid Zeynallının resenziyası </b>

Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filminin qəhrəmanı Davud hamıdan, hər şeydən qaçır.

Özündən, başına gələn fəlakətlərdən, qorxularından - hər şeydən. Amma bu qaçış həm də axtarmaqdır. Özünü və ailəsini axtarmaq. Və əlbəttə, həqiqəti. Daxilən oyanmaq istəyən, kamilliyə çatmaq istəyən insan əzabdan keçməli, iztirab çəkməlidir. Necə ki, Baydarovun qəhrəmanı bu ağır sınaqlardan keçir. Bəs ölümlər səpələnən bu səyahətin başlanğıc nöqtəsinə çata bilirmi? Rejissorun dediyinə görə, çatır. Buddanın hekayəsindən fərqli olaraq, o, öz başlanığıcına qayıdır və gözəlliyi, həqiqəti tapır.

Hilal Baydarovun filmi kütlə üçün deyil, festival filmidir, rejissor nə çəkdiyini özü yaxşı bilir. Budda əhvalatlarından təsirlənib, əsas istinad yeri Buddizmin həyat qaydalarıdır. Ağrı, iztirab, bədbəxtlikdən keçib həyatın əsas mənasına yetişmək. Və xilaskar missiyası onun boyuna biçilib, tale yazısıdır. Hə, Davud nədən qaçsa da, adamları hər cür əzablardan xilas edib əbədi rahatlığa - ölümə qovuşdurmaq öhdəliyindən qaça bilməyəcək.

***

Film xoşbəxt olmaq istəyib, bunu bacara bilməyənlərin taleyi üzərində qurulub. Olmalı olan, olacaq. Bir də Şərq qaramatı, Şərq insanının bədbəxtliyi, buxovlar, iradə azadlığının olmaması... Heç şəksiz, bu, məqsədlidir. Kann və "Oskar" üçün hesablanıb. Düz edib, amma olmadı! Hər halda 77-ci Venesiya Film Festivalında nümayiş etdirilən, "Qızıl Şir"ə namizəd olan ilk Azərbaycan filmi kimi tarixə düşdü. Tokio Filmex festivalında "Ən yaxşı film" nominasiyasının qalibi oldu.

Ümumiyyətlə, bu kimi filmləri hər cür mənalandırmaq olur. Xüsusən dini mətnlərə, qədim əhvalatlara ölçü-biçili (yaxud, kor-koranə) göndərmələr varsa, deməli, meydan genişdir. Bəs rejissor özü nə düşünür, nə demək istəyib?

- Onun düşünməyə vaxtı yoxdur. Qaçmalıdır. Ancaq hər qaçışla müəyyən bir nöqtəyə sürükləndiyini, həyatını sorğu-suala başladığını hiss edir. Qarşılaşdığı hər ölümlə yavaş-yavaş dəyişir və özünə daha da yaxınlaşır. Ölümdən qurtulmaq bir növ özünə qayıtmaq deməkdir.

***

Film dərindirmi? Deyil! Niyə? Məncə, bunu belə cavablandıra bilərik: intellektuallıq və bütün dini mətnlərə, qədim əhvalatlara göndərmələr məqsəddir, vasitə yox. Qadının iradə azadlığı probleminə yanaşma da üzdəndir, heyrətləndirmir; "fantaziya diapazonu"nda xaric səslər var, əhvalat texnarlığının kasadlığı görünür.

Film danışır, göstərmir. Bu danışmaq və göstərmək məsələsi sənətin ən vacib tərəflərindəndir. Adətən, belə olur: ədəbiyyatda, teatrda, elə kinonun özündə altına girdiyi yükü qaldıra bilməyən, baş vurduğu dərinliklərdə "boğulan"lar danışmaq yolunu seçir. Buna izahetmə də deyə bilərik. Necə ki, "Səpələnmiş ölümlər arasında" filmində hər əhvalatın sonunda bu poetik ricətləri görürük.

Bəlkə elə məhz bu lirik haşiyələrə görədir ki, hər dərdə mübtəla olan adamları xilas edən Davud filmi axıra qədər xilas edə bilmir.

Bəs ssenari? Epizodik əhvalatların yarımçıqlığı... deyə bilərik, amma demirik. Ədalət tərəzisinin bir gözü əyilər onda. Filmdəki ayrı-ayrı xətlər birləşir, bütünləşir. Bu kamilləşməyə mane olan istisnalar isə, həmişə və hər yerdə var. Necə ki, bilinmir: Doktor kimdir, Davudu axtaran adamlar kimdir? Bəlkə mən pis tamaşaçı kimi mənalandıra bilmədim. Mümkündür! Yalnız bunu demək olar ki, Davud dəyişdikcə, onlar da dəyişir. Mənən, ruhən təmizlənirlər, arınırlar. Davud adının seçilməsinin isə simvolik mənalandırmasını axtarmaq lazım deyil. Yəni Zəbur əta olunan Davud deyil. Bəs kimdir? Qəhrəman aktyorun adı Orxandır. Baydarovun dostu.

Rejissor özü deyir ki:

- Orta məktəbdə oxuduğum müddətdə "Davud" ləqəbi ilə şeirlər yazmışam və bu da Orxanın anasının əvvəlcə ona vermək istədiyi addır.

Vəssalam!

***

Aktyorların hiss-hərəkətləri hadisənin başvermə dinamikası ilə üst-üstə düşmür. Bu, məqsədli deyil, sıravi adamları filmə çəkən rejissorun, yüngül desək, acizliyidir. Yəni aktyorla işləyə bilməmək. Burda filmin ruhu ilə həmahənglik axtarmaq doğru olmaz.

Film uğursuzdurmu, deyil! Ədalət tərəzisinin yenə xatırlayaq. Məsələn, Kor qızın anasının qəbir səhnəsi gözəldir. Yaxud başqa səhnə. Qonşuların qapısı bağlıdır.  Hamı ya köçüb gedib, ya mərhəmət hissini itirib. Ki, Davud xəstə anasının dərman içməsi üçün bir fincan su almaqdan ötrü açıq qapı tapa bilmir.

Və son...

Nə gözəl ki, müstəqil kinomuzun belə faktları yaranır. Baxırıq, düşünürük, ümidlənirik, böyüyürük, öyrənirik. Proses yaranır, çək-çevir, tənqid-tərif meydana çıxır. Mədəniyyət faktı doğulur.

Gözəldir, deyilmi?!

Məncə, hə!

 

 





08.06.2021    çap et  çap et