525.Az

Qəzet köşkü, yoxsa mini-market?.. - Sosial şəbəkədə yazılanlar


 

Qəzet köşkü, yoxsa mini-market?.. - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Sabir Rüstəmxanlı, millət vəkili:

- Hər şeyi cahilcəsinə özgələşdirməyi xoşlayırıq... Ailədən başlanır: Anaya - mama, ataya - papa deyənlər daha intellektual, üst təbəqənin adamı olduqlarını düşünürlər. Beləcə, hamımızın gözünün qabağında Bakının bütün Mətbuat və ya Qəzet köşkləri, dönüb olub Press-kiosk...

Vaxti ilə, Bakıda kitab dükanları necə gəldi özəlləşdirilib yox ediləndə Prezident Administrasiyasına narazılıq məktubu yazmış və kitablarımızın oxucuya çardırılması üçün bir çarə kimi, qəzet köşklərinin böyüdülüb modernləşdirilməsi və qəzet-kitab köşkünə çevrilməsini təklif etmişdim. Az sonra bu təklif həyata keçirildi (Bəlkə də öz ağıllarına gəlmişdi). Bakının küçələrində yeni, daha uyğun köşklər  qoyuldu... Lakin bunlar Qəzet köşkü olmadı, mini-market oldu. İndi bu marketlərə yanaşıb soruşuram: Sizdə "Azərbaycan" jurnalı var? Cavab verirlər yoxdur. Bəs "Ulduz" jurnalı, "literaturnıy Azerbaydjan", "Qanun", "Xəzər" jurnalları? "Heç biri yoxdur, biz jurnal almırıq və satmırıq". Bəzi köşklərdə, mənim kitab arzum bir yana, heç qəzet də satılmır. Mətbuatdan başqa hər şey var burda, siqaretdən tutmuş saqqıza, suya, kolbasaya, oyuncağa qədər... "Ay bala, bəs sənin adın Mətbuat köşküdür!" Başını qaldırıb təəccüblə başının üstünə baxır... Allah bilir bəziləri bəlkə heç mənasını da anlamır; elə bilirlər ki, bu yerlər əlinə nə keçdı presləyib camaata sırımaqdan ötrüdür... Bəlkə xalq bu kiosklardan tamamilə imtina etsin, "bizə bu antisanitariya şəraitində əlinə nə keçdi camata sırıyan "kiosklar" lazım deyil, bizim "Qəzet-jurnal köşklərimizi qaytarın!" desin?! Məlumat üçün deyim ki, bəzi ölkələrdə yeni kitab və qəzetlər bütün ərzaq mağazalarında  da satılır... 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Böyük şair Nazim Hikmətin vəfat etdiyi gündür.

Şəxsi  həyatımda Nazimlə bağlı bir epizodu xatırlayıram. Ədəbiyyat İnstitutunun aspirantı idim. Türkiyədən professor Fikrət Türkmən Bakıya gəlmişdi. O zaman belə  qonaqlar nadir hallarda ələ düşdüyündən İnstitutda onunla görüş təşkil olunmuşdu. Fikrət bəyin çağdaş Türkiyədə türkologiya elminin vəziyyəti və vəzifələri barədə  bir az monoton, uzun söhbətindən və bizim bəzi Elmi Şura üzvlərinin çıxışlarından sonra meydan suallara verildi.

Direktorumuz Əziz Mirəhmədov naqolay sual soruşa biləcək adamları ustalıqla görməməzliyə vururdu. Amma yəqin məndən ifrat türkpərəstlik, yaxud hansısa ideoloji təxribat gözləmədiyindən əlimi qaldıran kimi "Buyur" - dedi.

Hadisə 1981-ci ildə vaqe olurdu. Həmin dövrdə Türkiyədə Nazım Hikmətə münasibət müəyyən qədər pozitiv istiqamətə dəyişmişdi. Əsərləri çap olunurdu. Şəxsiyyəti, yaradıcılığı, ziddiyyətli ömür yolu ilə bağlı müzakirələr  gedirdi. Hətta şairin qəbrini canı qədər sevdiyi İstanbula köçürmək ətrafında fikir mübadiləsi aparılırdı. Bir sözlə, Türkiyə ictimai fikrində Nazım mövzusu artıq yasaq deyildi. Bunları göz önünə gətirib qonaqdan Nazım Hikmətə vətənində nə zaman bəraət veriləcəyi barəsində soruşdum.

Sonralar dəfələrlə görüşdüyüm Fikrət Türkmən, görünür, çox usta adam imiş. Qətiyyən özünü itirmədən  sualıma əslində, ittiham kimi səslənən və məni çaşqın vəziyyətdə qoyan sualla cavab verdi:

- Bakın, genc arkadaş,  - dedi, - eger yarın sizin Edebiyat Enstütüsü başkanı sayın profesör, doktor Aziz Mirahmetov hiç beklenmedik  halde yurt dışına, hem de memleketinize duşman  bir ülkeye, mesela, deyelim, ABD-ye kaçırsa, Komunist partisi, Sovyetler Birliyi devleti onu afv edirmi, eceba?

Həmin anda Əziz müəllimin eynəyin altından qəzəblə parıldayan gözlərini görmək lazım idi! Bilmirəm, məni dünyadan xəbərsiz birisi sayırdı, ya araqarışdıran? Yoxsa onu pis vəziyyətdə qoymaq üçün əvvəlcədən öyrədilib ortaya salınmış  adam?

Doğrudur, keçmiş Mərkəzi Komitə işçisi Əziz Mirəhmədov iki dəqiqənin içində özünəməxsus təmkin və məharətlə yaranmış qanqaraçılığı yoluna qoydu. Amma görüş bitəndən sonra məni kabinetinə  çağırıb danladı. İlk növbədə özümü, öz gələcəyimi düşünməyimi tapşırdı. Ədalət naminə onu da deyim ki, adının xarici qonağın dilində xoşagəlməz tərzdə hallanmasına imkan yaratdığıma görə məni  sıxışdırmadı. Əksinə, bir müddət sonra hətta dostluq əlaqələri qurduğu cavan elmi işçilər sırasında yer tuta bildim.

O da yadımdadır ki,  başıbəlalı görüşdən sonra ünlü şairimiz,  ən əsası isə bir neçə ay əvvəl Türkiyədə olmuş Qasım Qasımzadə məni bir kənara çəkib "Onun sözlərinə fikir vermə, bəlkə də evində Nazımin kitabı əlindən düşmür. Amma burada belə danışmalıdır" - dedi. Sonra da Türkiyədə olarkən bir nəfərdən Nazım haqqında fikirlərini soruşduğunu, həmin şəxsin qürurla "Nazım Hikmet büyük şair!" - söylədiyini, lakin yaxınlıqda  tanımadığı adam  görüb "Fakat vatan haini!" - deyə sözlərini tələsik bitirdiyini xatırladı...

Şəbnəm Qurbansoy, jurnalist:

- Kim nə deyir, necə düşünür, bilmirəm, amma mənə görə TV-nin çəkiliş qruplarında ən çox zəhmət çəkənlər operatorlardır. Özlərindən ağır kamera və ştativi ayın axırı 500-600 manat almaq üçün hər gün ora-bura daşıyırlar. Heç nə yox, bircə elə ştativi açıb bağlamaq, adamı o qədər yorur ki. Yayın istisində tər axıdaraq, yağışlı, qarlı havada əlləri əsə-əsə çəkirlər o kadrları. Heç bilirsiniz, üşüyə-üşüyə kameranı fokuslamaq, yağış altında müxbirin "stund up"nı 30 dubla çəkmək necə çətindir? Çəkilişdən qayıdandan sonra kadrlarda səhv olanda da hər şeyi unudub cumuruq onların üstünə. Çox vaxt heç səslərin çıxarmırlar. Yanlış anlaşılmasın, müxbirlərin zəhmətini və əziyyətini yerə vurmuram. Sadəcə, müqayisə edirəm. Əgər canlı yayım yoxdursa, çəkilişləri operatorlar müxbirsiz də edə bilər, amma müxbir operator olmadan TV-də heç bir şey edə bilməz. Buna rəğmən, dəfələrlə çəkilişlərdə operatorla tərbiyəsiz şəkildə davranan, özünü ondan üstün tutan jurnalistlərlə qarşılaşmışam. Bu gün bir çox insana dərs oldu. Şəhid olan operator qardaşımızın simasında bir daha operatorluğun necə çətin sənət olduğunu gördük. Bu dəfə elə onların gözündən.

Allah rəhmət etsin! 

Ülviyyə Heydərova, jurnalist:

- Bu günlər ərzində Azərbaycan mətbuatı, böyük izləyiciləri olan sosial şəbəkələr iki şəhid həmkarımızın günahsız həlak olmasından dünyaya müxtəlif dillərdə car çəkməlidir. İndi maşallah, hər saytın da bir TV-si var. Qısa çarxlar da hazırlayır, canlı yayımlar da edir. Böyük tv-lərə iddialıdırlar. Olsun! Amma bu günlər gündəm şəhid həmkarlarımız olmalıdır. Onların günahsız həlak olmasını dünyaya car çəkməliyik, bar-bar bağırmalıyıq. Xəbərlər getdi, amma təkcə özümüz  deyib, özümüz eşitməməliyik. Növbəti erməni terror qrupunun xainliyini dünyaya yaymaq üçün kontentlər hazırlamalıyıq. Amma nə görürük? Sosial mediada iri mətbuat orqanları maşennik, türemşik, "qazi" adı altında işlər görən bir nəfəri təmizə çıxartmaqla məşğuldur. Buna görə həmin paylaşımı pullu reklama da qoyurlar, görməyənlər də görsün. Deməli, "qazi" tərəf çox pulludur. Bu qədər səhifələri satın almaq gücünə malikdir. Amma unutmayaq ki, bizim həqiqi qazilərimiz özünü güclə dolandırır. Ayıbdır vallah! Özünüzü bu qədər ucuzlaşdırmayın, əziz həmkarlar. İri səhifələr pullu reklamda iki şəhidimiz haqqında müxtəlif dillərdə dünyaya car çəkməlidir.  Maşennik "qazi" haqqında paylaşımlar internet mətbuatımızın (təbii ki, hamısına aid deyil) nə qədər səviyyəsiz olduğunu bir daha sübut edir.

Asif Nərimanlı, jurnalist:

- Kəlbəcərdə jurnalistlərin şəhid olması "minalar nə vaxt düzülüb" sualını da gündəmə gətirdi. Bölgəni tanıyan hərbi ekspertlərin minaların yeni basdırıldığı fikri məsələni bir qədər də aktuallaşdırır.

Əsas versiya Kəlbəcərin boşaldılması üçün verilən vaxtda ermənilərin əraziləri mümkün olduğu qədər çox minalamasıdır. Lakin jurnalistlərin getdiyi yolun hərbçilər tərəfindən öncədən yoxlanılmadığı ağlabatan deyil.

Mümkündür ki, nəzərdən qaçsın, hərçənd, həmin yoldan öncədən istifadə edildiyi də şübhələrə yol açır və bu, başqa versiyanı önə çıxarır: Qarabağda qalan erməni silahlılar minanı yeni basdıra bilər.

30 illik işğal dövründə ermənilərin ərazini yaxşı öyrəndiyi, azərbaycanlı hərbçilərin böyük hissəsinin bölgə ilə yeni tanış olduğu detalı da unudulmamalıdır.

***

- "Gallup"un Ermənistanda keçirdiyi sorğuda Qarabağın statusu məsələsinin ermənilər üçün artıq prioritet olmadığı məlum olub.

Sorğuda "Ermənistanın üzləşdiyi ən kəskin problem nədir?" sualına respondentlərin cəmi 0,7 faizi "Dağlıq Qarabağın statusu" olduğunu deyib.

Bu, "Qarabağ müstəqil olmayacaq" həqiqətinin erməni cəmiyyəti tərəfindən qəbul edildiyi deməkdir. Ermənistan mediası sorğuya istinadən yazır ki, Əliyev Qarabağın statusu məsələsini erməni xalqının da gündəmindən çıxardı. 

Elçin Mirzəbəyli, Əməkdar jurnalist:

- Ermənistanda hələ Sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür, SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para bicliklərdə "mahir" olduqlarını, klassik goreşənliklərini nəzərə alıblar.

Qeyd edim ki, SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları təmin edib.

44 günlük müharibə dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artmasıdır. Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmır. Amma Rusiya sülhməramlılarının minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 - piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan bu gün də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur. Məlum olduğu kimi, 30 ilə yaxın zaman kəsiyində Azərbaycan hazırda Rusiya sülhməramlılarının müşahidəsi altında olan ərazilərə nəzarət edə bilməyib. Atəşkəsdən dərhal sonra isə həmin ərazilər Rusiya sülhməramlılarının müşahidəsi altına düşdüyü üçün, oralarda Azərbaycan hərbçiləri tərəfindən minaların basdırılması mümkün deyil. Mövcud mənzərə sübuta yetirir ki, müharibədə ağır məğlubiyyətə uğrayan və hərbçiləri fərarilik edən Ermənistanın hərbi rəhbərliyi Azərbaycan ordusunun qarşısının alınmasının yeganə yolunu "torpağın altında" görüb. Çünki həm havada, həm də torpağın üstündə Azərbaycan ordusu tam üstünlüyə malik idi.

Bütün bunlar isə sübuta yetirir ki, ermənilər Azərbaycan ərazilərini minalayaraq geriyə çəkiliblər və bu proses müharibənin ilk günlərindən planlaşdırılmış şəkildə həyata keçirilib.

 





08.06.2021    çap et  çap et