525.Az

"Nizami Gəncəvi və Dayanıqlı İnkişaf": yeni təfəkkür tərzi üçün yeni üfüqlər


 

BU GÜNLƏRDƏ GƏNCƏDƏ KEÇİRİLƏN BEYNƏLXALQ ELMİ KONFRANSIN ƏHƏMİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR

"Nizami Gəncəvi və Dayanıqlı İnkişaf": <b style="color:red">yeni təfəkkür tərzi üçün yeni üfüqlər</b>

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “Paşa Holdinqin” baş sponsorluğu ilə iyunun 4-dən 7-dək Gəncədə İqtisadiyyat və İdarəetmə sahəsində magistr və doktorantların III Beynəlxalq Elmi Konfransı keçirilib.

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan konfransda dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və inkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssisləri, ictimaiyyət və özəl sektorun nümayəndələri iştirak ediblər.

Elmi konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın iştirakçının 66 bölmədə 444  və  16 "Workshop"da 65 məruzələri dinlənilib, ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə edilib.  Konfransın məruzələrində mövzuları Prezident İlham Əliyevin Qarabağın bərpası ilə bağlı verdiyi tövsiyələr, o cümlədən, "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" kimi yeni inkişaf modelləri nəzərə alınıb. Seminarlar "Ağıllı və dayanıqlı şəhərlər", "Azərbaycanda postmüharibə dövründə məşğulluq və investisiyalar", "Gəncə timsalında şəhərlərin brendləşməsi", "Müasir dünyada rəqəmsal iqtisadiyyat", "Blokçeyn texnologiyalar və rəqəmsal valyutalar", "IV Sənaye İnqilabı", "Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata təsirləri", "Azərbaycanda elektron ticarət və elektron ixracat perspektivləri", "Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri", "Akademik uğurun formulası" və digər mövzuların müzakirəsinə həsr olunub.

Konfransda Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin "Nizami Gəncəvi İrsi" və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin "Təhsil və İqtisadiyyat" mövzusunda videoməruzələri də dinlənilib.

UNEC rektoru, professor Ədalət Muradov builki konfransın coğrafiyasının daha da genişləndiyini, elmi məqalələrin sayının və nüfuzunun daha da artdığını deyir. Rektor 3-cü konfransı əvvəlkilərdən fərqləndirən məqamlara diqqət çəkib: "Birinci konfransa 21 ölkədən 385, ikinci konfransa 28 ölkədən 430 elmi iş daxil olunub. İyunun 4-dən 7-dək keçirilən 3-cü konfransda isə əvvəlki konfransla müqayisədə ölkələrin sayı 34-ə, təqdim edilən elmi işlərin sayı isə 444-ə çatıb. Bu isə konfransın beynəlxalq nüfuzunun artdığını göstərir".

 

Ə.Muradov cəmiyyətdə baş verən hadisələrə ümumbəşəri mövqedən yanaşmanın Nizami yaradıcılığında xüsusi yer tutduğunu qeyd edib. Nizami irsinin iqtisadçılar tərəfindən tədqiqinin iqtisad elminin ən müasir cərəyanlarından olan davranış iqtisadiyyatı və institusional iqtisadiyyat, eləcə də dövlətin iqtisadi proseslərdə iştirakı istiqamətində yeni konseptual ideyaların ortaya çıxarılması üçün əhəmiyyətli nəticələr verə biləcəyini bildirib.

Millət vəkili Etibar Əliyevin sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi ili" elan edilib: "Keçirilən silsilə tədbirlər sırasında Gəncə şəhərində Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, "Paşa Holdinq" Şirkətlər qrupunun baş sponsorluğu və Azərbaycan Respublikası İqtisadiyyat və Təhsil Nazirliklərinin dəstəyilə dörd gün davam edəcək "III İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı"nın əhəmiyyətini xüsusilə qeyd etmək istəyirəm. "Nizami ili" çərçivəsində təşkil edilmiş III Beynəlxalq Elmi Konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə və "Nizami Gəncəvi və Dayanıqlı İnkişaf" mövzusuna həsr olunub. Konfransın açılışında  UNEC rektoru Ədalət Muradov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Təhsil naziri Emin Əmrullayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və "Paşa Holdinq" Şirkətlər Qrupunun Baş icraçı direktoru Cəlal Qasımov maraqlı çıxışları ilə magistr və doktorantlara mövzu çərçivəsində tədqiqat aparmaq üçün yeni paradiqmalar tövsiyə ediblər. Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin "Nizami Gəncəvi İrsi" və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin "Təhsil və İqtisadiyyat" mövzusunda videoməruzələri xüsusilə diqqətimi çəkdi. 1979-cu ildə pakistanlı fizik Əbdüs Salamla birgə fizika sahəsində Nobel mükafatına layiq görülən Stiven Vaynberq "Müasir elmin mənbəyi" adlı sonuncu kitabında yazır: "Mənə belə gəlir ki, qədim yunan mütəfəkkirlərinin əsərlərini yaxşı qavramaq üçün onları fizik-alim, filosof kimi yox, şair kimi qəbul etmək lazımdır. Ksenofan, Parmenid, Empedokl müəyyən mənada şairdirlər. Anaksimandr, Heraklit, Demokrit əsərlərini şeir formasında yazıblar. Siseron Demokrit haqqında deyirdi ki, o, başqalarından daha poetikdir. Yəni demək stəyirəm ki, poeziyada söz geniş mənada daha çox estetik effekt verir". Stiven Vaynberq haqlıdır. Nizami Gəncəvi cisimlərin dövri hərəkətini və ətalət qanununu obrazlı şəkildə təsvir edib".

 

E.Əliyev deyib ki, "Fizika və lirika" mövzusunda keçirilən tədbirlərdə böyük şairin bu səpkidə dahiyanə fikirləri ətrafında tədqiqatlar genişlənməlidir. Nizami Gəncəvi bir mütəfəkkir alim kimi elmin qarşısında qoyduğu vəzifəni "Sən çalış yaxşı öyrən dünyanı, bəşəri, bitkini, daşı, heyvanı" fikri ilə ifadə edib. Böyük şairin yaradıcılığına bələd olanlar bilirlər ki, iqtisadi ideyalar onun yaradıcılığında mühüm yerlərdən birini tutur. O, cəmiyyətin ictimai iqtisadi quruluşu, əmək, əmək bölgüsü, sərvət və onun mənbələri, bölgü, istehlak məsələləri üzrə özünə məxsus bir tərzdə qiymətli fikirlər irəli sürmüşdür. Onun mübadilə, ticarət, qiymət, pul və sair haqqında fikir və ideyaları haqqında baxışları iqtisadi fikir tariximizi zənginləşdirən qiymətli töhfədir.

Nizami Gəncəvinin yaşadığı cəmiyyətin ictimai ziddiyyətlərini dərindən qavraması, cəmiyyətdəki sosial ədalətsizliyə qarşı mübarizəsi və nəticədə cəmiyyətin yenidən qurulması üçün yollar axtarması, ideal cəmiyyət haqqındakı fikirləri ictimai-iqtisadi fikir tariximizin ən qiymətli inciləridir.

 

Platondan da sonra ədalətli cəmiyyət qurulmasında onun dəyərli ideyaları digər mütəfəkkirlərin ideyaları sırasında xüsusi yer tutur: "Konfransın mövzusu sinerji xarakteri daşıyırdı və yeni təfəkkür tərzinin formalaşması üçün yeni üfüqlər açır. Konfransın açılışında edilən məruzələr magistr və doktorantlar üçün olduqca böyük əhəmiyyət kəsb edəcək. Bu, həm də  onlarda humanitar və iqtisadi təfəkkürün paralel inkişafına zəmin yaradacaq. Həm də elm sahələrinin geniş spektrdə populyarlaşdırılmasında öz sözünü deyəcək".

Qeyd edək ki, konfransın məruzələr kitabı Harvard, Oksford, Yale, Stanford, Prinston, Kolumbiya, Toronto, Çikaqo, Duke və digər aparıcı universitetlərin, eləcə də "Royal Danish Library", "British Library", "Biblioteque Nationale de France" kimi nüfuzlu universitet və dövlət kitabxanalarının kataloqlarında yerləşdiriləcək.

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





08.06.2021    çap et  çap et