525.Az

Qəhrəman Nurlan... - Anım


 

XOCAVƏNDDƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN BAŞ ÇAVUŞUMUZUN DÖYÜŞ YOLU

Qəhrəman Nurlan... - <b style="color:red">Anım</b>

Vətən bizləri bir məqsəd və amal uğrunda birləşdirən dəyərli bir yer, milli-mədəni irsimiz, mənəvi sərvətimiz, and yerimizdir . Vətəni, vətəndaşı, xalqı sevmək insan mənəviyyatını zəngindəşdirən böyük bir əxlaqi keyfiyyətdir. "Vətən sevgisi imandandır" deyilib. Nahaq yerə "ana vətən" sözü işlədilmir. Vətən ana qədər sevilməli, ana namusu kimi qorunmalıdır.

İnsan sevdiyi bir işlə məşğul olduqda çalışır elə etsin ki, bütün nəticə uğurlu alınsın. Yəni bunu kiməsə xatir yox, tam içindən gələrək edir. Əslində, aqil insanların da həyat tərzi belədir ki, atdıqları addımları əqllə, sevərək, mənəvi həzz alaraq edirlər. Vətənin çətin günündə xeyirxah işlər görmək, insanlığa tam anlamı ilə xidmət etmək, vətənin çiçəklənməsi, onun azadlığının, bütövlüyünün qorunması üçün şirin canından, həyatından keçmək dəyərli əməllərdəndir. Nəsil yeniləşdikcə, onun hər bir fərdi müharibə qəhrəmanlarımızı yaxından tanımağa çalışır, onların əyilməz vətənpərvərlik qüvvəsinin hansı çeşmədən qidalandığını duymaq istəyirlər. Bunlar isə tarixin yaddaşında qalır. Yaddaş, yəni biz özümüzük, canlı yaddaş. Bəs biz şəhadət şərbətini dadmış qəhrəmanlar haqqında daha nələri bilirik?

Qəhrəmanlar və şəhidlər ölmürlər, onlar yazıçıların və şairlərin qələmi ilə daim yaşayırlar. Onlar haqqında mahnılar və marşlar bəstələnir. Şəhidlər yadelli işğalçılardan Vətəni azad etmək uğrunda, Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmişlər. Onlar getdilər və doğma vətənin torpağında əbədilik və ölməzlik izlərini qoyub getdilər. Və biz Qarabağ müharibəsinin canlı şahidləri kimi, azadlıq uğrunda mübarizədə şəhadəti özlərinə ömür payı seçmiş qəhrəmanlarımızın xatirəsini daim yad etməliyik. Gələcək nəsillərin də vətəni dərin və atəşli məhəbbətlə sevməsinə nümunə ola biləcək şərəfli bir iz qoyan qəhrəmanlarımızdan biri də Nurlan Faiq oğlu Abdalovdur.

Nurlan Faiq oğlu Abdalov 12 iyun 2000-ci ildə Sumqayıt şəhərində dünyaya göz açmışdı. Ailəsi ilə birlikdə Sumqayıtda yaşamış, boya başa çatmışdır. O, ailəsi ilə 2002-2003-cü illərdə Rusiyada yaşamışdır. 2006-cı ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin məzunu olmuşdur. 2012-2015-ci illərdə Sumqayıt Şəhər Dostluq Mədəniyyət mərkəzində Rəssamlıq kursunu bitirmiş, diplomla təltif olunmuşdur. Orta məktəbi bitirdikdən sonra saç ustası peşəsinə yiyələnmişdir. 2018-ci ildə Sumqayıt şəhər Hərbi Komissarlığı xətti ilə Sumqayıt şəhər Sürücülük Məktəbini bitirmişdir. Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 4 iyul 2018-ci il tarixdən hərbi xidmətə getmişdir. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olmuşdur, vətənə layiqli xidmətinə görə ailəsinə 2 dəfə Təşəkkür Məktubu göndərilmişdir. 2020-ci ilin yanvarın 10-da Nurlan Abdalov 18 aylıq həqiqi hərbi xidmətdən qayıtmışdir. Vətənə sevgi, hərbiyə və hərbi formaya olan xüsusi maraqla Nurlan müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına qoşulmuş, N saylı hərbi hissədə Manqa komandiri, baş çavuş vəzifəsinə yüksəlmişdir.

27 sentyabr 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsində qəhrəman Abdalov Nurlan Faiq oğlu minlərlə cəsur, igid vətən oğulları kimi bu döyüşlərdə mərdliklə vuruşub, Azərbaycanımızın bütovlüyü uğrunda gözünü qırpmadan canından keçib. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak edib, qolundan xəsarət alsa da, hərbi anda sadiq qalaraq sonadək döyüşə davam edib. 44 günlük müharibənin 37 günündə torpaqlarımızın azadlığı uğrunda vuruşan Nurlan Abdalov 2020-ci ilin noyabrın 3-də Xocavənd uğrunda gedən döyüşlərdə mətinlik və mərdlik göstərərək döyüş meydanında şəhidlik zirvəsinə ucalıb. 5 noyabr 2020-ci il tarixində Sumqayıt Şəhər Şəhidlər Xiyabanında əbədi sevgiyə - torpağa qovuşmuşdu.

Bu mərasimdə minlərlə insan əllərində bayraq, gül-çiçəklə mütəşəkkil iştirak edirdi. Yer-göy qan ağlayırdı.

Şəhadətdən sonra cənab Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Nurlan Abdalov Faiq oğlu "Vətən uğrunda" və "Xocavəndin azad olunması" uğrunda medalları ilə təltif olunub.

Sinif yoldaşlarından xatirə: "Nurlan çox yaxşı sinif yoldaşı, çox yaxşı dost idi, heç vaxt heç birimizin qəlbini qırmayıb. 2016-cı il Aprel döyüşləri zamanı məktəbin məzunu şəhid olanda dərsdə müəllim və şagirdlər şəhidlər, şəhidlik zirvəsi barədə danışmışdı. Bu vaxt sinif yoldaşlarımızdan biri "Nurlan, sən də şəhid olacaqsan?" deyəndə Nurlan dönüb ona qürurla, cəsurcasına baxmışdı. Biz o baxışları heç vaxt unutmayacaq, hər zaman şəhidlərimizin, sinif yoldaşımız Nurlanın əziz xatirəsini yad edəcəyik".

Qəhrəman şəhid Abdalov Nurlan subay idi, 12 iyun 2021-ci ildə 21 yaşı tamam olacaqdı. Əbədi qəhrəmanlara əbədi eşq olsun.

Şəhidlərin al qanından,
Lalə açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!

Nuranə ABDALOVA

 

 





09.06.2021    çap et  çap et