ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Cənubi Qafqaza bir həftəlik səfəri Vaşinqtonun bölgə ilə bağlı yeni təşəbbüsünün ifadəsi kimi qəbul olunmalıdır.
Bu qənaəti təsdiq edən ilk məqam Filip Rikerin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə rəsmən təsdiqlənməməsinə baxmayaraq, dövlət katibi tərəfindən Cənubi Qafqaza göndərilməsidir. Belə görünür ki, ABŞ Dövlət Departamentində Filip Rikerin təyinatının rəsmiləşməsini gözləməyi vaxt itkisi hesab edirlər. İkinci məqam ABŞ rəsminin səfərinin bir həftə davam etməsidir. Belə görünür ki, Filip Riker çox geniş proqramla gəlib. Dövlət rəsmiləri ilə yanaşı, müxalifət təmsilçiləri, vətəndaş cəmiyyətinin üzvləri və media mənsubları ilə görüşün proqrama daxil edilməsi də bunu göstərir.
Filip Rikerin Gürcüstan paytaxtında verdiyi bəyanatlar da Vaşinqtonun Cənubi Qafqazı Rusiyanın təsir dairəsinə buraxmaq niyyətində olmadığını göstərən üçüncü məqamdır. "Gürcüstanın ABŞ-dan daha möhkəm, daha güclü bir tərəfdaşı yoxdur. Bu, Gürcüstanın ərazi bütövlüyünə, suverenliyinə və demokratikləşməsinə ABŞ-ın dəstəyində ifadə olunur".
Dövlət katibinin köməkçisi onu da bildirib ki, Gürcüstanın ərazisinin 20 faizinin işğalı ABŞ-ın Rusiya ilə apardığı danışıqların mövzusudur. Filip Riker həmçinin, Gürcüstanın Avroatlantik struktura inteqrasiya siyasətini də qəti şəkildə dəstəklədiklərini ifadə edib.
Dövlət katibinin köməkçisi Gürcüstandan Ermənistana, oradan isə Azərbaycana səfər edəcək. Bu, Vaşinqtonun Cənubi Qafqaza baxışını göstərir. Aydın görünür ki, Vaşinqtonda Cənubi Qafqaz bütöv şəkildə qəbul olunur. Yəni Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, Vaşinqton bu regionu bir bütöv siyasi coğrafiya kimi dəyərləndirir. Filip Rikerin Azərbaycana Ermənistandan səfər edəcəyi bunun mesajıdır. İrəvanda və Bakıda Filip Riker iki- tərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ ətrafındakı vəziyyəti də müzakirə edəcək.
Onu da nəzərə alsaq ki, Filip Rikerin Cənubi Qafqaa səfəri ABŞ prezidenti Co Baydenin rusiyalı həmkarı ilə görüşü ərəfəsinə təsadüf edir, deməli, dövlət katibinin köməkçisi Tiflis, İrəvan və Bakıya Vaşinqtonun önəmli mesajını çatdırmaq üçün gəlib. Vaşinqtonun bu mesajının nədən ibarət olduğunu isə Vaşinqtonun Filip Rikerin səfərindən sonra ABŞ-ın Gürcüstan, Ermənistan və Azərbaycana siyasəti aşkar olanda görə biləcəyik.