525.Az

Sabahdan çimərliklər açılır - Hansı qaydalara əməl etməliyik?


 

Sabahdan çimərliklər açılır - <b style="color:red"> Hansı qaydalara əməl etməliyik?</b> "Çimərlik yarış meydançası deyil, uzağa üzmək, qadağanedici nişanları keçmək, suda oyunlar təşkil etmək olmaz!"

Artıq yay ayları gəlib, havalar isinib. İstirahət üçün insanların ən çox toplaşdığı yerlərdən biri də çimərliklər və göl kənarlarıdır. Xüsusilə, dənizə gedənlər sırasında uşaqlı ailələrin, yeniyetmələrin çox olmasını nəzərə alsaq, bəzi təhlükəsizlik qaydaları haqqında söz açmaq mütləqdir. Bəs görəsən, bu qaydalara hamılıqla düzgün riayət edirikmi? Artıq iyunun 10-dan ölkədə çimərliklər açılır. Təəssüflər olsun ki, hər il dəniz mövsümündə kifayət qədər çox boğulma hadisəsi yaşanır. Bu cür bədbəxt hadisələrin yaşanmaması üçün nə etmək lazımdır?

Mövzu ilə əlaqəli təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev 525.az-a açıqlama verib. O bildirib ki, boğulmaların əsas səbəbi insanların məsuliyyətsizliyidir:

“Hər il çimərlik mövsümü gələndən boğulma xəbərini demək olar ki, hər gün eşidirik. İnsanlar çimərliyə nə üçün gedirlər? Təbii ki, istirahət və xoş vaxt keçirmək üçün. Bəs onda nə üçün küləkli havada, dənizdə dalğanın bir neçə metr olduğu vaxt insanlar çimərliyə gedir, suya girir? Axı hava onsuz da küləklidir, sərinləməyə ehtiyac yoxdur. Həmçinin küləkli havada dənizin sahilində xoş vaxt da keçirmək olmur. İnsanlar  başa düşməlidirlər ki, ani bir məsuliyyətsizlik bədbəxt hadisəyə səbəb olur. Çimərlik yarış meydançası deyil, uzağa üzmək, qadağanedici nişanları keçmək, suda oyunlar təşkil etmək olmaz! Eyni zamanda üzməyi bacaran və bacarmayanların sahilə perpendikulyar deyil, paralel üzmələri tövsiyə olunur.

Burada digər məsələ nəzarətsiz çimərliklərin olmasıdır. Hesab edirəm ki, bu cür  qeyri-çimərliklər anlayışı ləvğ edilməlidir. Əgər insanlar kütləvi olaraq açıq girişi olan çimərliyə gedirlərsə, ya oranı bağlamaq, ya da lazımi təhlükəsizlik tədbirləri görmək mütləqdir. Yaxud insanlar nəzarətsiz çimərliklərə getməsinlər deyə, həmin ərazilərə DİN-nin müvafiq bölməsinin polis naryadının köməkliyindən də istifadə etmək olar. Ancaq hesab edirəm ki nəzarətsiz çimərliklərin hamısı nəzarətə götürülməli, orada təhlükəsizlik tədbirləri görülməli , FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məntəqələri və əməkdaşları xidmət aparmalı və təhlükəsizlik qaydalarını pozanlar barədə inzibati cəza yaxud cərimə sanksiyaları olması təmin edilməlidir. Bu tədbirlərlə çimərlikdə boğulma hallarının qarşısı alına bilər".

Ekspert qeyd edib ki, insanlar bir şeyi yadda saxlasınlar ki, əlverişsiz hava şəraitində, günün qaranlıq vaxtı və küləkli havada suya girmək olmaz:

"Hətda bu gün hava küləkli olubsa, sabah eyni çimərlikdə suyun dibinin fiziki olaraq quruluşu dəyişə, yarğanlar əmələ gələ, su axınları yarana bilər. Suyun dibindəki daş-kəsək parçaları sizin üçün çox pis nəticələnə bilər. Qeyd edim ki, keçən illərin statistikalarında bir boğulma hadisəsi belə FHN-nin əməkdaşları olan çimərliklərdə baş verməyib. Demək, bu məntəqələrin və əməkdaşların sayı artırılsa, nəzaərtsiz çimərliklər də nəzarətə götürülsə, boğulma halları da azalar. Şahid olduğumuz hadisələrdən biri də qayda pozan şəxslərin FHN-nin xilasetmə əməkdaşlarına kobud davranışı və hətda xilasediciyə fiziki müqavimət göstərməsi olur. Təəssüflər olsun ki, bu cür hallar var və bunun qarşısı ancaq inzibati cəza, yaxud cərimə ilə alına bilər. Yəni qayda pozan artıq biləcək ki, o, cərimə və ya inzibati məsuliyyətə cəlb oluna bilər. Qeyd edim ki, çimərliyə günün qızmar vaxtı, yəni saat 12:00-14:00-da və qaranlıqda getmək məsləhət deyil. Bir də yadda saxlamaq lazımdır ki, əlverişsiz havada - dumanlı, yağışlı, küləkli olan zaman dənizə girmək çox təhlükəli ola bilər. Haradakı xilasetmə xidməti yoxdur, uzağa getməmək üçün qadağanedici nişanlar yoxdur, sahil natəmizdir, daş, çınqıl kəsəkləri və şüşə qırıqları ilə doludur ora gətməmək lazımdır. Çimərlikdə spirtli içkilər qəbul etmək olmaz. Bu, birbaşa insan həyatı üçün təhlükəlidir. Həm spirtli içki qəbul edən şəxsi günvurma halları daha tez olur, həm də suda boğulma riski artıq olur".

Elmar Nurəliyev əlavə edib ki, bəzi insanlar çimmək üçün süni su hövzələri, su anbarları , kanallar, çaylar və göllərə üz tutur. Lakin bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə almır:

"Bu kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb. Belə suların dibində konserv qabı, kəsilmiş şüşə parçası, sınıq butulka və s. kimi deşici əşyaların olması istisna deyil və bunların insana nə qədər ağır xəsarət yetirəcəyini düşünmək çətin deyil. Göllərdə suyun dibinin lil olması ilə bataqlıq yaranır, ora düşən insanın çıxma şansı belə olmur və lilə batan çıxmağa çalışdıqca daha da dərinə batır. Suda əqrəb, ilan və digər zərərverici canlılar da təhlükə yarada bilər. Kanallarda suyun üzərində olan axın sürəti ilə altındakı axın sürəti arasında 3 dəfəyə qədər artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və həyatlarını təhlükəyə atırlar. Hesab edirəm, bu cür yerlər dövlət tərəfindən nəzarət götürülsə , mənfi halların qabağını almaq olar. Ümumiyyətlə süni su hövzələri, kanal və göllərdən çimərlik kimi istifadə edənlər ilə bağlı qanun layihəsi hazırlansa daha məqsədə uyğun olar. Yəni buna nəzarət edən qrumun hansı tədbirləri görəcəyi bəlli olar. Tutaq ki FHN və DİN bunu nəzarətə götürdü, lakin yenə də çimən şəxs aşkar olundu , bununla bağlı hansı tədbirlər görülməlidirsə, o, qanunla tənzimlənsin".

Firuzə Əliyeva

 

 





09.06.2021    çap et  çap et