525.Az

"Qürbətdə həyatı ağ-qara görürdüm" - Müsahibə


 

SON 5 İLDƏ İSRAİLDƏ YAŞAYIB-İŞLƏMİŞ ELÇİN ƏLİYEVLƏ DOST ÖLKƏDƏKİ YAŞANTILARI BARƏDƏ SÖHBƏTLƏŞDİK

"Qürbətdə həyatı ağ-qara görürdüm" - <b style="color:red">Müsahibə </b>

Müsahibim 5 ilini doğma Vətəndən uzaqda - İsraildə keçirən Elçin Əliyevdir. O, İsrailə 2016-cı ildə, iş üçün getmişdi.

Elçin bəylə İsraildəki mədəniyyət, mentalitet, milli dəyərlər, beş il ərzində yaşadıqları haqqında söhbət etmək üçün onu səbirsizliklə gözləyirdim. Ötən 5 il ərzində istər Azərbaycanda, istərsə də bütün dünyada, bizim həyatımızda çox şey dəyişib. Bu dəyişiklikləri onun gözü ilə də görmək maraqlı idi.

Müsahibimi aeroportda qarşılayanlar içərisində mən də vardım. Ailəsi onu həyəcanla gözləyirdi. Təxminən, bir saat çəkən gözləmədən sonra müsahibimi qarşıladım. Maşına minəndə arxada oturmasına baxmayaraq, oturan kimi kəməri taxması diqqətimi çəkdi. Bir neçə saat sonra söhbətimiz zamanı bu məqamla bağlı da sual ünvanladıq.

***

- Xoş gəldiniz! Həmişə Vətəndə! Səfər necə keçdi?

- Bir az yol yorğunluğu var. Amma bəlkə də, məni yoran yol deyildi, səbirsizliyim və həyəcanım idi. Yuxusuz qalmışdım. Ancaq təyyarədən düşüb oğlumu qucaqlayan kimi, buranın havası ciyərlərimə dolan kimi bütün yorğunluğum üstümdən götürüldü.

- Bu 5 ildə orada ən çox nəyin çatışmadığını hiss edirdiniz?

- Mən qürbətdə həyatı ağ-qara görürdüm. Parklardan uşaq səsi gəlmirdi. Suyun dadı başqa, yeməyin dadı başqa, hisslərin dadı başqa. İnsanların üzünə baxanda hiss edirdin ki, bura vətən deyil. O doğmalığı, istiliyi hiss edə bilmirdim. Burada çaydan bir qurtum alanda belə ürəyimə yağ kimi yayıldı. Beş ildir, bu hissə ac idim sanki.

- İndi qayıtmısınız, ilk dəqiqələrdə nələr hiss etdiniz?

- Fərqli hisslər yaşadım. Ən birinci, aeroportdan düşəndə mənə bu qəribə gəldi ki, hamı azərbaycanca danışırdı. Niyə belə qəribə gəldi, bilmirəm, açığı. Orada kimsə bizim dildə danışmırdı və beş il sonra belə bir vəziyyətlə qarşılaşmaq mənə qəribə hisslər yaşatdı.

- Başqa nə kimi qəribəliklər var?

- Bax elə bu yolu yaxşı tanımağım. Buraların hər qarışının yadımda qalması qəribədir. Maraqlıdır ki, orada 5 il keçirməyimə baxmayaraq, yaşadığım evdən başqa heç haranın yolunu tanımırdım. Yəni yadımda qalmırdı. Nə bilim, bəlkə də yadımda saxlama ehtiyacı duymurdum. Çünki orada yaşayırsan, ancaq bilirsən ki, bu, müvəqqətidir, nə vaxtsa geri qayıdacaqsan. Ona görə özünü ora tam bağlaya bilmirsən.

- Maşında oturan kimi kəməri bağlamağınız diqqətimi çəkdi...

- (Gülür) Hə, bununla bağlı maraqlı bir hadisə də başıma gəlib. İsraildə arxada oturanda da kəməri bağlamaq məcburidir. Bir dəfə işə gedəndə yol polisi maşınımızı saxladı, kəməri bağlamayan 4 nəfərə cərimə yazdı. Bəxtimdən, qayda pozuntusu etmədiyim üçün mənim heç sənədlərimi də yoxlamadı. Oradakı ab-havaya öyrəşməyə çalışdıqca məcburən hər detalı sonrakı həyatında da tətbiq edirsən. Bu kəmər məsələsi də məndə ona görə ilişib qalıb deyəsən...

- 5 il əvvəlki Azərbaycanla indiki Azərbaycan arasında hansı fərqlər var, sizcə?

- Çox kəskin fərqlər görmürəm. Elə bil lap dünən çıxmışam ölkədən. Əksinə, insanları daha gülərüz gördüm. Məncə, bunun Vətən müharibəsindəki qələbəmizlə əlaqəsi var. Hamının üzündə anlamlı təbəssüm görünür. Bəlkə də səbəbi başqadır, ancaq mən bu təbəssümə həmin mənanı verdim. İsraildə olanda da müharibənin gedişatını anbaan izləyib qürur hissi keçirirdim. İstəyirdim ki, haradasa bir azərbaycanlı görüm, öpüb-qucaqlayım, sevincimi bölüşüb təbrik edim. Müharibə zamanı İsrailin Azərbaycana dəstəyi təkcə hərbi və siyasi xətt üzrə baş tutmurdu. Oradakı xalq da azərbaycanlıları sevir. Oktyabr ayında müharibə gedəndə İsraildə yaşadığım şəhərdə azərbaycanlıların təşkil etdiyi bir mitinq olmuşdu. Həmin mitinqə israillilər də əllərində Azərbaycan bayrağı ilə qoşulmuşdular. Bu cür dəstək məni heyrətləndirirdi.

- Günümüzün bəlası olan koronavirusla mübarizə İsraildə nə yerdədir?

- Dövlət sadəcə insanları özlərini qorumağa çağırırdı. Demək olar ki, heç bir ciddi karantin və ya sərtləşdirmə tətbiq edilmədən mübarizə aparılırdı. Məsələ burasındadır ki, insanlar virusun fərqində idilər və özləri özlərini qoruyurdular. "Koronaya inanmıram" deyən bir nəfər də tapa bilməzdin. Virusa qarşı peyvəndlənmə rəsmi şəkildə elan edildikdən sonra da hələ ilk gündən könüllü peyvənd olunmaq istəyən minlərlə şəxs növbəyə düzülmüşdü. Mənə elə gəlir ki, hər kəs özü-özünü qorusa, bu fəlakət qısa müddətdə öz təsirini bütövlüklə itirər.

- İsraildəki insanlarla necə əlaqə qururdunuz? Dil məsələsinə çətinlik çəkirdinizmi?

- İlk başlarda çətinlik olurdu. Deyirdim ki, mümkün deyil, mən burda qalıb yaşaya bilmərəm. Bundan əvvəl Rusiyada da yaşamışam. Ancaq rus dilini bildiyimdən mənə elə də çətin gəlmirdi. Ümumiyyətlə, başqa bir ölkəyə uyğunlaşmaq üçün dil çox vacib məsələdir. İsraildə yerli əhali öz dilində danışır. Bundan başqa, türk dili və ingilis dili çox yayılıb. Afrika ölkələrindən çox sayda işçi var. İngiliscə əsasən onlar danışırlar. Türklərin sayı isə gözlədiyimdən çox idi. Hətta deyə bilərəm ki, işçi sinfinin çox böyük bir hissəsini Türkiyə türkləri təşkil edir. Onlar yerli dili də yaxşı bilirlər. Mənə də dəfələrlə öyrətmək istəyiblər, qaçmışam bundan. Bəlkə də bayaq dediyim "onsuz da bir gün Vətənə qayıdacam" prinsipinə görə bunlardan qaçırdım.

- Bir də İsrailə qayıdarsınızmı?

- (Gülür) Yox, qayıtmaram. Ümumiyyətlə, bir də ölkədən çıxmaqla bağlı düşünmürəm. Hər ata kimi mən də istəmişəm ki, uşaqlarım xarici ölkələrdə təhsil alsınlar, orada özlərinə şərait yaratsınlar. Bu fikrimdən belə daşınmışam artıq. Vətəndən uzaq oldunmu, həmişə nədənsə tamarzı qalırsan. Lap belə yağ-bal içində yaşasan da. Mən şuşalıyam. Hazırda ən böyük istəyim də o torpağa qayıda bilməkdir. Hətta bunun üçün gün sayıram belə deyə bilərəm. Ümid edirəm ki, qısa müddətdə bu arzum reallaşacaq.

- Müsahibə üçün təşəkkür edirəm, ata, çox sağ ol!

- Sən sağ ol, oğlum. Bu, həyatımda ilk müsahibəm olması ilə birlikdə, həm də oğluma verdiyim ilk müsahibədir. Bunun verdiyi qürur məni daha çox sevindirdi.

EL ROMAN

 





09.06.2021    çap et  çap et