525.Az

NATO-dan Moskvaya xəbərdarlıq - Xaqani Cəfərlinin şərhi


 

RUSİYA QƏRB SƏRHƏDLƏRİNİ GÜCLƏNDİRİR

NATO-dan Moskvaya xəbərdarlıq - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın həftəlik "Welt am Sonntag" qəzetinə müsahibəsində rəhbərlik etdiyi Şimali Atlantika Alyansının Rusiya ilə Çin arasındakı yaxınlaşmadan narahat olduğunu, Rusiya ilə Belarus arasındakı əməkdaşlığı da xüsusi diqqətlə izlədiyini bəyan edib.

Baş katib bildirib ki, NATO Şərq qonşusunun dost olmayan addımlarından narahatdır və müttəfiqlərini Moskva ilə Minskdən gələn hər cür təhdiddən qorumağa hazırdır.

NATO-nun baş katibinin ardınca ABŞ-ın dövlət katibi Antoni Blinken də Rusiyaya xəbərdarlıq edib. Dövlət katibi bildirib ki, Rusiya ABŞ-a, müttəfiqlərinə və tərəfdaşlarına qarşı aqressiv və ya ehtiyatsız davranmağa davam edərsə, Vaşinqton buna qarşı cavab tədbirləri görəcək.

Rəsmi Moskva NATO baş katibi Yens Stoltenberqin xəbərdarlığını süngü ilə qarşılayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva ilə Minsk arasındakı yaxınlaşma NATO-nun planlarına zidd olduğu üçün Alyans hər ikisini təhdid edir. NATO ilə Rusiya arasında münasibətlər söz atışması, qarşılıqlı xəbərdarlıqlarla bitmir. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, Qərb Hərbi dairəsini iyirmi yeni hərbi birləşmə ilə gücləndiriləcək. O deyib ki, bu tədbir NATO və ABŞ-ın Rusiya sərhədləri yaxınlığında artan fəaliyyətinə cavabdır. Eyni zamanda, müdafiə naziri Rusiyanın Qərb sərhədləri yaxınlığında hərbi təlimlərin davam edəcəyini də vurğulayıb. Məlumata görə, Qərb sərhədlərində bu ilin sonua kimi yaradılacaq hərbi birliklər 2 min ədəd müasir silah və hərbi texnika ilə təmin ediləcək. Rusiyada beş hərbi dairə  olmasına, Cənub və Şərq sərhədləri yaxınlığında qeyri-stabilliyin olmasına baxmayaraq, Qərb sərhədləri boyunca yeni 20 hərbi birlik yaratması çox düşündürücüdür. Çünki mövcud olan Qərb Hərbi dairəsi Rusiya Silahlı Qüvvələrinin bütün qoşun bölmələrini əhatə edir. 2010-cu ildə Sankt-Peterburq və Moskva hərbi dairələrinin birləşməsi nəticəsində yaranan Qərbi Hərbi Dairəsinə 1-ci qvardiya tank ordusu və 20-ci ümumqoşun ordusu, mühəndis və dəmir yolu qoşunları bölmələri, eləcə də Baltik donanması və Kosmik Qüvvələr ordusu da daxildir. Qərbi Hərbi dairəsinə rəhbərlik edən general-polkovnik Alexander Juravlev Rusiya ordusunun nüfuzlu generallarından biridir. Bütün bunlar göstərir ki, rəsmi Moskva yaxın zamanlarda əsas təhlükənin Qərbdən gələ biləcəyi qənaətindədir.

Müdafiə naziri NATO-nun son zamanlar Rusiyanın Qərb sərhədləri yaxınlığında fəallaşmasından narahat olduqlarını da vurğulayıb. Sergey Şoyqunun bu açıqlamasından bir neçə gün öncə isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin rəisi Vladimir Kulişov bəyan etmişdi ki, Rusiyanın bütün Qərb sərhədləri boyunca NATO-nun fəallaşması müşahidə olunur.

 

Rusiya prezidentinin köməkçisi Dmitri Peskov isə bildirib ki, Qərb sərhədləri boyunca hərbi qüvvələrin gücləndirilməsi heç kim üçün təhlükə yaratmır. "Rusiya heç kimi təhdid etmir və heç kimə təhlükə yaratmır". Dmitri Peskovun bu açıqlamasına baxmayaraq, Rusiyanın Qərb qonşuları, xüsusilə də Ukrayna və Baltikyanı respublikalar "rus təhlükəsi" haqqında həyəcan təbili çalırlar. Rəsmi Kiyev Rusiyanın Ukrayna sərhədləri yaxınlığında hələ də 70 minlik ordu saxlamasından bərk narahatdır. Ukraynanın bu narahatçılığını Şimali Atlantik Alyansı da bölüşür. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, rəhbərlik etdiyi Alyans Ukrayna sərhədində Rusiyanın böyük hərbi güc cəmləməsindən narahatdır və yaranmış vəziyyəti diqqətlə izləyir.

Rusiya təhlükəsi haqqında ən çox narahatlıq keçirən Ukrayna rəhbərliyi isə "rus təhlükəsi"ndən qurtuluşu Şimali Atalantika Alyansına daxil olmaqda görür. NATO-nun 14 iyunda Brüsseldə keçiriləcək sammiti ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski Alyansa üzv ölkələrin rəhbərlərinə müraciət edərək, Ukraynanı dərhal öz sıralarına qəbul etməyə çağırıb. Ukrayna prezidenti hesab edir ki, ölkəsinin Alyansa üzvlüyü ilə bağlı geniş müzakirələr aparmağa ehtiyac yoxdur. Rəsmi Kiyev NATO-ya üzvlük məsələsində ABŞ-ın dəstəyinə xüsusi ümid bəsləyir. Vaşinqton Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünü dəstəkləsə də, bunun üçün Kiyevin bir sıra islahatları həyata keçirməli olduğunu bildirir. Rəsmi Kiyev isə "rus təhlükəsi"nin reallaşdığını və buna görə Alyansın Ukraynanı dərhal öz sıralarına qəbul etməli olduğunu düşünür. Kiyevdə belə hesab edirlər ki, Ukrayna NATO-ya üzvülük üçün tələb edilən islahatları Alyansa daxil olduqdan sonra da keçirə bilər.

NATO-nun bir çox üzvləri Ukraynanın narahatlığını bölüşürlər. Aralarında Türkiyə, Latviya, Litva, Estoniya, Polşa, Rumıniya olmaqla Şimali Atlantika Alyansının bir neçə üzvü Ukrayna və Gürcüstanın NATO-ya qəbul edilməsini dəstəkləyir. Ancaq Qərbi Avropa ölkələri bu məsələdə tələsməməyi, Ukraynanın üzvlük üçün öncə islahatları həyata keçirməli olduğunu bildirirlər. Bütövlükdə isə Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı məsələlərə iyunun 14-də keçiriləcək sammitdə qismən aydınlıq gətiriləcək.

Rusiya isə NATO-nu bu iki keçmiş Sovet respublikasını öz sıralarına qəbul etməkdən çəkinməyə çağırır və belə bir addımın vəziyyəti gərginləşdirəcəyini bildirir. İyunun 14-də NATO-ya üzv ölkələlərin dövlət və hökumət başçılarının Ukrayna və Gürcüstanla bağlı nə qərar verəcəyini dəqiq söyləmək mümkün deyil. Ancaq Ukrayna və Gürcüstanın 14 iyunda Şimali Atlantika Alyansına üzvlüyü rəsmiləşməsə də, bu istiqamətdə ciddi addım atılacağı şübhə doğurmur.

 





09.06.2021    çap et  çap et