525.Az

Ağdam şəhər 1 nömrəli məktəbin şərəfli dünəni və aydın sabahı


 

Ağdam şəhər 1 nömrəli məktəbin şərəfli dünəni və aydın sabahı <b style="color:red"></b>

Mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoydu. 

Bu məktəbin əvvəlki ikimərtəbəli binası 1993-cü ildə rayonun ermənilər tərəfindən işğalından sonra tamamilə dağıdılıb. Yeni layihəyə əsasən, məktəbin üçmərtəbəli binada yerləşməsi nəzərdə tutulur. Plana uyğun şəkildə bina, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zonadan ibarət olacaq. 960 yerlik məktəbdə şagirdlərin təhsil alması üçün müasir sinif otaqları, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları, bir sözlə, standartlara cavab verən və bütün texniki imkanlara malik təhsil müəssisəsi yaradılacaq.

Ağdam şəhər 1 saylı məktəb Qarabağ bölgəsinin peşəkar baxımdan ən qədim məktəbi hesab olunur. Məktəbin əsası Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə qoyulub. Məktəb ilk olaraq Muradbəylidə Əbdül Zamanovun mənzilində açılıb.  Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirən Əsgər bəy Eyvazovun açdığı və cəmi 5 nəfər şagird olan bu məktəbdə dərslər rus dilində keçirilib.

Bu addımın atılması çarizm üçün vacib sayılırdı. Belə ki, qərarın verilməsinin əsas məqsədi həm idarəçiliyə yerli kadrların cəlb edilməsi, çarizm ideologiyasının təbliği, həmçinin, XIX əsrin 60-70-ci illərindəki məktəb islahatı və dünyəvi elmlərin tədris edilməsi tələbi ilə bağlı idi. Əbdül Zamanovun mənzilindəki qısa müddətli fəaliyyətdən sonra bu məktəb Lenin küçəsindəki (sonralar Eldar Bağırovun adını daşıyırdı) rayon xalq maarif şöbəsinin yerləşdiyi binanın arxa tərəfindəki evə köçürülüb. Məktəb həmin binada yerləşərkən onun direktoru Qazax rayonundan Əhməd bəy Abbasov olub. Şagirdlərin sayı artdığından sonralar məktəb mənzilin kiçik otaqlarına sığışmayıb.

1904-cü ildə həmin məktəb sonralar tədris istehsalat kombinatının yerləşdiyi binaya köçür. Bu zaman məktəbin direktoru Ağdamın Gülablı kəndindən olan Abbas İsmayılov olub. Abbas bəy maarifpərvər ziyalı, bacarıqlı təşkilatçı idi. Onun vaxtında məktəb ikisinifli, təhsil müddəti isə 4 il olub. Tədris planında Azərbaycan dili, A.O.Çernyayevskinin "Vətən dili", rus dili, hesab, şəriət, hüsnxətt fənləri var idi. Rus dili fənni K.D.Uşinskinin "Rodnaya reç" kitabı üzrə tədris edilib.

Abbas bəy Ağalar oğlu İsmayılov 1885-ci ildə Ağdamın Abdal kəndində anadan olub. O, 1905-ci ildə Qori seminariyasını bitirir və təyinatla Bərdənin Ləmbəran kəndinə göndərilir. İki ildən sonra, 1907-ci ildə o, əvvəlcə Qərvənd məktəbinə, 1909-10-cu dərs ilində "Bir nömrəli"yə direktor təyin edilir. A.İsmayılov bütün şüurlu həyatını Qarabağda maarifin çiçəklənməsinə, əhalinin savadlanmasına, təlim-tərbiyə işinə sərf edir. Abbas bəy 20 il (1909-1929) 1 nömrəli məktəbin direktoru olub. Həmin illərdə ibtidai məktəbi ikisinifli mütərəqqi məktəbə çevirərək təhsil müddətini beş il etdirib. Sonradan məktəbi genişləndirərək, onu əvvəlcə yeddiillik, daha sonra isə orta məktəb səviyyəsinə çatdırıb.

Abbas bəy məktəbinin yetirmələrindən və təhsili uğurla başa vuran Məmməd Abdullayev, Yaqub Tağıyev, Behbud Mustafayev, Yusif Əhmədov, Vəliyəddin Əfəndiyev, Hacı Hacızadənin adlarını çəkmək olar.

Abbas bəyin səyi, maarifpərvərliyi, böyük qayğıkeşliyi və humanizmi nəticəsində az müddətdə rayonun Seyidli, Sarıhacılı, Ətyeməzli, Qiyaslı, Muradbəyli və başqa kəndlərindən də məktəbə təhsil almağa gələn uşaqlar şagird kontingentini xeyli artırıb. Məktəbin ozamankı müəllimlərindən Mirzə Davud Ağamirzəyev ana dilini (Vətən dili), Mirzə Məhəmməd şəriət dərslərini, Sonya xanım adlı rus qadını isə rus dilini tədris edib. Həmin dövrdə məktəbə yerli əhali "Abbas bəyin məktəbi" də deyərmiş. 1916-17-ci illərdə Rusiyadakı inqilab ab-havası Azərbaycana da təsirsiz ötüşmür. Ölkədə mütərəqqi ideyalar boğulur, xalq maarifinə və məktəbə qarşı bir-birinin ardınca təqiblər başlanır. Bu vəziyyətdən ruhanilər sui-istifadə edərək Qarabağın ilk mütərəqqi məktəbini müvəqqəti olsa da, bağlatdırmağa nail olurlar. Nəticədə şagirdlər öz sənədlərini belə ala bilmirlər. Onlardan bir neçəsi, o cümlədən, maarifpərvər Əli İbrahimov Qori seminariyasına oxumağa gedir. 1918-ci ildə tanınmış maarifçi və publisist F.B.Köçərlinin təşəbbüsü ilə Qori seminariyasının Azərbaycan bölməsi Qazaxa gətirilir. Qarabağ əhalisinin maariflənməsində bu nəcib təşəbbüsün böyük faydası olub. Vəli Məmmədov, Kərim Kərimov, Əli Abdullayev, Məhiş Hüseynov, Həsən Həsənov, Vəli və Nəriman Axundovlar və bir çoxları həmin seminariyanın yetirmələridir.

1948-49-cu dərs ilinə qədər 1 nömrəli orta məktəb şəhər tədris istehsalat kombinatının binasında qalır. Sonralar məktəb sonuncu fəaliyyət göstərdiyi binaya köçürülərək Qarabağın ən qədim məktəbi kimi fəaliyyət göstərib.

Məktəbin məzunları arasında 200-dən çox elmlər namizədi, elmlər doktoru və professor var. Akademik Cəmil Quliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Rafiq Əliyev, geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədov, akademik, tibb elmləri doktoru Adilə Namazova, biologiya elmləri doktoru Tofiq Mikayılov, fəlsəfə elmləri doktoru Cahid Quliyev, akademik Dilqəm Tağıyev və onlarca başqa elm xadimi məhz bu məktəbin məzunlarıdır.

Ağdamın erməni işğalına qədər məktəbdə 100 nəfərə yaxın müəllim, 1300 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olub. Məktəbdəki müəllimlərin hamısı alitəhsilli idi.

Əslən Ağdam rayonundan olan Natella Əmirova-Qaradağlı 1976-cı ildən 1989-cu ilədək Ağdam şəhər 1 saylı məktəbdə müəllimi kimi fəaliyyət göstərib. Müəllim ailəsində böyüyən Natella xanım deyir ki, onun atası Kamal Qaradağlı və bacısı Almaz Qaradağlı da uzun illər Ağdam şəhər 1 saylı məktəbdə çalışıblar. Ulu babası Həsənəli Xan Qaradağski Qarabağın ürəyi olan Şuşa şəhərində ilk əlifba kitabının müəllifi olub: "Atam Ağdam şəhər 1 saylı məktəbdə fizika fənnini tədris edib, bacım isə rus dili müəllimi işləyib. Hər ikisi məktəbin aparıcı və peşəkar müəllimlərdən olublar. Atam Kamal müəllim sayılıb-seçilən, hörmətli müəllimlərindən idi. Bu peşəyə sevgi mənə ailəmdən keçib. Onların öz peşələrinə bağlılığı, sevgisi mənim də bu sahəni seçməyimə təkan verdi. Müəllim olmaq arzusu ilə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldıqdan sonra müəllimlik fəaliyyətinə başladım. 14 il Ağdam şəhər 1 saylı məktəbdə müəllimi kimi çalışmışam. Məktəbimiz doğrudan da Agdamın aparıcı təhsil ocaqlarından idi. Məktəbin həmin dövr üçün müasir cihazlarla təmin olunmuş laboratoriyaları, fənn kabinetləri, zəngin kitabxanası, idman zalı və hətta hər il 15 min rubl gəlir verən geniş məktəbyanı sahəsi var idi. Dərslər müəllimlər tərəfindən yüksək səviyyədə keçilirdi. Bütün müəllimlərin bir amalı var idi: savadlı, bilikli şagird yetişdirmək. Ağdam şəhər 1 saylı məktəbin müəllim adını şərəflə daşıyan peşəkar müəllim kollektivi olub. Onlar öz peşələrinə dərindən yiyələnmiş, savadlı, təcrübəli müəllimlər olublar. Həmin dövrdə müəllimlərimiz nəinki məktəbin, eləcə də rayonun  tanınmış pedaqoqlarından sayılırdılar. Məktəbin məzunlarının çoxu yüksək nəticə ilə ali məktəblərə daxil olurdular".  

Natella xanım bildirib ki, hazırda Nizami rayon 229 saylı tam orta məktəbdə müəllim kimi fəaliyyətini davam etdirir: "İndi mənim 65 yaşım var. Çox arzulayıram ki, yarım qalmış Ağdam xatirələrimi yeni inşa olunacaq məktəbdə yenidən yaşayım. Müəllim kimi sinif otağında şagirdlərimlə keçmiş xatirələrimi bölüşüm".

Ağdam şəhər 1 saylı məktəbin məzunu Nərgiz Məmmədova deyir ki, 1977-ci ildə sözügedən məktəbi bitirib. 1981-1985-ci illərdə Stepanakert (Xankəndi) Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra 1986-cı ildən həmin məktəbdə tarix müəllimi işləyib. 1987-ci ildən isə müəllimliklə yanaşı, Ağdam şəhər 1 saylı məktəbdə azad komsomol təşkilat katibi vəzifəsində çalışıb: "Oxuduğum məktəbdə müəllim kimi işləmək, həm də 1 nömrəli məktəbdə mənim üçün qürurverici idi. Ağdam şəhər 1 saylı məktəb hər zaman mənim üçün çox əziz, ata oğagı kimi bir yer olub. Məktəblə bağlı çox xatirələrim, təşkil etdiyim tədbirlərdən şəkillərim var. Vətənpərvərlik tərbiyəsi ilə, milli bayramlar və s əlaqəlı olan tədbirlər, orada iştirak edən şagirdlərin çoxu bugünkü kimi yaddaşımdadır.  Onların bir neçəsi ilə bu gün də əlaqəm var.  1 nömrəli məktəb öz elmli, bilikli məzunları ilə hər zaman seçilib. Məzunlarımız dünyanın çox yerinə yayılıb və həm məktəbimizin, həm də Ağdamımızın adını ucaltmaqdadırlar. Məktəbin şəhid və qazi məzunları da var. Hazırda Nizami rayon 229 saylı tam orta məktəbdə müəllim işləyirəm. Bir neçə şeirlər kitabının müəllifiyəm. Uğurlarım, nailiyyətlərim üçün valideynlərimlə bərabər, 1 nömrəli məktəbdə mənə dərs deyən müəllimlərimə borcluyam".

Sevinc QARAYEVA

 





09.06.2021    çap et  çap et