525.Az

"Azərbaycanın qələbəsindən fərəh duyuruq" - Ali Siddibe


 

ADMİU-nun MALİDƏN OLAN TƏLƏBƏSİ DEYİR Kİ, GƏLƏCƏKDƏ ÖLKƏSİ İLƏ AZƏRBAYCAN ARASINDA UĞURLU ƏLAQƏLƏR YARADILMASINA ÇALIŞACAQ

"Azərbaycanın qələbəsindən fərəh duyuruq" - <b style="color:red">Ali Siddibe </b>

Bu günlərdə Azərbaycan Respublikasının Təhsil və Müdafiə nazirlikləri, eləcə də Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə, ölkəmizdə təhsil alan 40 əcnəbi tələbə işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər edib.

31 ölkəni təmsil edən tələbələrin qatıldığı səfər "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramının gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi" bəndinin icrası ilə əlaqədar həyata keçirilib.

Səfərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iki əcnəbi tələbəsi də iştirak edib. Müsahibim Ali Siddibe onlardan biridir.

Mali Respublikasının vətəndaşı olan Ali, ADMİU-nun Kulturologiya fakültəsinin magistratura pilləsinin I kursunda təhsil alır. Cəmi iki ildən bəri Azərbaycanda yaşamasına baxmayaraq, dilimizi fikrini ifadə edə biləcək şəkildə öyrənən müsahibimlə ölkəmizə gəlişi, buradakı təhsil həyatı, Qarabağ səfəri və sair kimi mövzularda həmsöhbət olduq.

***

- Ali, necə oldu ki, Azərbaycana gəlib burada təhsil almağa qərar verdin?

- Mən burda Mədəniyyətin tarixi ixtisasını öyrənirəm. Ümumiyyətlə, beynəlxalq mədəni əlaqələr mənimçün həmişə maraqlı olub. Ona görə də bu sahəni seçdim. Azərbaycan gənc ölkə olmasına baxmayaraq, kifayət qədər inkişaf etmiş, beynəlxalq arenada tanınan müasir ölkədir. Burada inkişaf daha sürətlə gedir. Azərbaycan eksperimentlər ölkəsidir. Biz də bu təcrübəni öyrənmək, bundan istifadə etmək istəyirik. Öz ölkəmin, cəmiyyətimin cavan ziyalısı kimi düşündüm ki, bu ölkəyə getməli, tanış olmalıyam, sonra nə edəcəyimə isə baxarıq. Beləcə gəldim bura və burda magistratura oxumaq qərarını verdim. İlk il dil kursumuz oldu, Azərbaycan dilini öyrəndim. Mən bakalavr təhsilimi Nigerdə, birinci magistr təhsilimi isə Malidə almışdım. Bu, ikinci magistratura təhsilimdir. Ümumiyyətlə, 2018-ci ildən bəri mədəni sənətkarlığını çox bəyəndiyim bir Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı xanımla tanış oldum. O, burada xalçaçılıq üzrə təhsil alıb. Onunla söhbətimizdə Azərbaycan və İran xalçalarının dünyanın ən yaxşıları arasında olduğunu başa düşdüm... Beləliklə, ölkələrimiz arasında mədəni mübadilə üçün imkanlar yaratmağa ümid edərək Azərbaycan millətini və onun mədəniyyətini tanımağa qərar verdim.

- Azərbaycan haqda müəyyən qədər məlumatın varmış. Bəs Azərbaycanın Qarabağ problemi haqda nələrsə bilirdinmi, eşitmişdinmi? Bu mövzu haqda nələr düşünürsən?

- Yox, bu haqda elə bir bilgim yox idi. Çünki ölkələrimiz bir-birinə çox uzaqdır. Dillərimiz də fərqlidir. Əlaqələrimiz yox idi. Amma bura gələndən sonra ətraflı məlumatlar əldə etdim. Xüsusən, müharibə dövrü məsələni bizə daha çox anlatdı. Əlbəttə, heç bir insan öz ölkəsinin, torpağının işğal olunmasını istəmir. Bu, vətənini, xalqını sevən hər bir insan üçün çox ağır bir hadisədir. Təəssüf ki, həm Ermənistan, həm də bu gün onlara dəstək verən Fransa hər zaman işğalçı, imperialist ölkə olublar və işğalçını, terroristi dəstəkləyiblər. Ona görə biz də onlara qarşıyıq. Bizim də tariximizdə fransızların torpaqlarımızı işğal faktları var. Bu, təkcə bizə, sizə qarşı yönəlmiş deyil, onlar hər zaman hər yerdə işğal siyasətini dəstəkləyirlər. Düşünürəm ki, bunu bütün dünyada dəyişməliyik. Əgər birlik-bərabərliyimiz olarsa, dəyişə bilərik.

- 44 günlük müharibə nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytardı. Sən həmin müharibəni necə dəyərləndirirsən və Azərbaycanda yaşayan əcnəbi olaraq, öz mövqeyini necə sərgiləyirdin?

- Bu, çox mühüm və maraqlı strategiya idi. Mən müharibə dövründə burda idim, bütün prosesləri izləyirdim. Onda da düşünürdüm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox uğurlu və tarixi əhəmiyyət daşıyan strateji addımlar atılır. Bu müharibə təkcə Azərbaycan üçün deyil, bütün İslam dünyası və Qoşulmama hərəkatında birləşən ölkələr üçün də mühüm hadisə idi. Bildiyiniz kimi, Qoşulmama hərəkatında birləşən ölkələrin riayət etməli olduqları əsas qanunlar var. Onlardan biri də budur ki, işğalçı ölkələri dəstəkləmək olmaz. Biz də müstəqil ölkə kimi heç zaman işğalçıları dəstəkləmərik. İkinci Qarabağ müharibəsi zamanında, ondan sonra da bu müharibə haqqında mən mütəmadi olaraq məqalələr yazırdım. Ərəb, fransız dillərində məqalələrim yayımlanıb. İngilis dilində isə mütəmadi olaraq bu mövzuda paylaşımlar edirəm. Mənim müxtəlif ölkələrdən dostlarım var. Xüsusən, Afrika ölkələrinin, demək olar ki, hamısında dostlarım, tanışlarım var. Mən onların hamısıyla bu məqalələrimi paylaşır, onlara həqiqətləri anladırdım, Azərbaycanın haqq səsini bacardığım qədər oradakı insanlara çatdırırdım ki, onlar da doğru-düzgün məlumatlansınlar. Onlar hamısı Azərbaycanın yanındadılar və həmişə də müharibədə Azərbaycanın qələbə çalması, ədalətin bərpası üçün dualar edirdilər. Çox çətin zamanlar idi. Amma şükür ki, qələbə qazanıldı. Bu, çox böyük tarixdir. Düşünürəm ki, Azərbaycan həm hərbdə, həm də siyasi arenada önəmli zəfər qazandı. Bu, həm siyasətin, həm də xalqın birgə qələbəsi idi. Mən və əcnəbi dostlarım Azərbaycanın qələbəsindən fərəh duyuruq.

 

Bir şeyi də demək istəyirəm ki, gücün, iradənin və davamlı fədakarlığın nəticəsində indiki nəsil uğur qazandı və gənc nəsillər unutmamalıdır ki, düşmən həmişə intiqam almaq üçün fürsət gözləyir... Allah şəhidlərə rəhmət etsin, ölkəni düşmənlərin hiylələrindən qurtarsın.

- Hələlik vətəndaşlarımız işğaldan azad olunmuş torpaqlara tam rahatlıqla gedə bilmirlər. Amma sən bir əcnəbi tələbə olaraq, o torpaqlara ilk səfər edənlərdən oldun. Təəssüratların necədir?

- Bəli, əcnəbi tələbələr olaraq Qarabağın Cəbrayıl, Füzuli rayonlarına səfər elədik, müxtəlif kəndlərdə olduq, Xudafərin körpüsünü gördük. Xudafərin körpüsü Azərbaycanın ən mühüm mədəni irslərindən biridir. Orada çox maraqlı vaxt keçirdik, ermənilərin özlərindən sonra buraxdığı acınacaqlı izlərlə tanış olduq. Çox təəssüf ki, hər iki rayonda binalar, infrastruktur yerləri işğalçı düşmən tərəfindən dağıdılıb, məhv edilib, bir dənə də salamat bina, yer qalmayıb. Bunları görmək bizə çox pis təsir elədi. Həqiqətən ağır mənzərə idi. Ümid edirəm ki, yaxın zamanlarda hər şey yenidən qurulacaq, mədəni abidələr bərpa olunacaq.

- Bildiyimə görə, orda namaz da qılmısan...

- Bəli, elə torpağın üstündə, açıq ərazidə namaz qıldım. O namazda tezliklə bu torpaqlarda həyatın bərpa olunmasını, gələn dəfə binaları, abidələri, məscidləriylə göz oxşayan rayonlara gəlməyi arzuladım. Həmçinin, orda bir məscid və Mədəniyyət İnstitutunun tikilməsini arzuladım.

- Daha hansı ölkələrdən tələbələrlə ünsiyyətin oldu bu səfərdə? Onlarla nə haqda danışırdınız?

- Tələbələr arasında Niger, Qana, Nigeriya, Özbəkistan, İran, Kolumbiya, Rusiya, Monqolustan, Misir, Kamerun və başqa ölkələrin vətəndaşları var idi. Düşünürəm ki, bizim ora səfərimiz də Azərbaycan dövləti tərəfindən atılmış çox uğurlu strateji addımlardan biridir. Biz hara gedəcəyimizi və hansı mənzərəylə qarşılaşacağımızı bilmirdik. Ona görə də bu xarabalıqlar hamımıza çox pis təsir edirdi.

- Qarabağ həm də təbiətiylə məşhurdur. Gedib gördüyün yerlərin təbiəti sənə necə təsir etdi?

- Qarabağın həqiqətən də çox gözəl təbiəti var imiş. Dağların arasından çay axırdı. Çox möhtəşəm mənzərə yaratmışdı. Hər tərəfdə dağlar, meşələr vardı. Yaşıllıq insanın zövqünü oxşayırdı. Biz ağacları çox sevirik. Öz ölkəmizdə də buna önəm veririk. Bu səyahət mənə bir az da uşaq vaxtımı xatırlatdı. Çünki uşaqlığımda hər il məktəb bitəndə atam bizi tətil üçün kəndə əmimgilə göndərirdi. Ordakı kənd həyatı, təbiət mənim çox xoşuma gəlirdi. Qarabağ məni həm də o illərə apardı. Səfərdən qayıtdıqdan sonra ailəmlə də bunu danışdım, gördüklərimi onlarla da bölüşdüm, şəkilləri göndərdim.

- Gələcəkdə Azərbaycan sənin həyatında, fəaliyyətində nə kimi yer tuta bilər?

- Təhsilimi tamamladıqdan sonra öz ölkəmə gedəcəm. Amma arzum var ki, inşallah, ölkələrimiz arasında əlaqələrin yaradılmasında mühüm işlər görüm. Bir ay öncə Malidə idim. Orda nazirlikdə oldum, bu fikirlərimi onlarla da bölüşdüm və Azərbaycan da daxil olmaqla müasir ölkələrlə əlaqələrin yaradılması haqqında müzakirələr etdik. Bizdə bu ölkələr haqda məlumat yox idi. Bəlkə də mən Azərbaycana gəlib çıxan, burda təhsil alan ilk Mali vətəndaşıyam. Gələcəkdə Azərbaycan və Mali arasında uğurlu əlaqələr yaradılmasına çalışacağam. Bu arzumun həyata keçəcəyinə inanıram.   

Şahanə MÜŞFİQ

 





09.06.2021    çap et  çap et