525.Az

Ölkə iqtisadiyyatı neftə tələbatın azalmasına hazırdırmı? - Ekspert şərh edir


 

Ölkə iqtisadiyyatı neftə tələbatın azalmasına hazırdırmı? - <b style="color:red"> Ekspert şərh edir </b> Milli Məclisin 8 iyun tarixində keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov ölkə iqtisadiyyatının qarşısında duran təhlükələrdən bəhs edib.

“Hazırda dünya energetikasında inqilabi dəyişikliklər baş verməkdədir. Heç şübhəsiz ki, bu proseslər neft hasil edən ölkələr üçün müəyyən təhdidlər formalaşdırır. Ölkə iqtisadiyyatı buna hazır olmalıdır”, - deyə nazir qeyd edib.

Bildiyimiz kimi, Azərbaycan iqtisadiyyatının əsas dayaqları qara qızıl olan neft və qazdır. Lakin yeraltı sərvətlər tükənməz deyil və bunların bir sonu var. Digər tərəfdən, müşahidələr göstərdi ki, pandemiyanın ən sərt vaxtlarında həm karantin rejimi, həm də neftin qiymətinin düşməsi büdcəyə daxilolmalarda azalmalara səbəb oldu. Avropanın və bütün dünyanın istifadə etdiyi "Brent" markalı xam neftin qiyməti pandemiyanın ilk ilində 8.9 faiz azalma göstərmiş, bareli 26 dollardan aşağı düşmüşdü. Pandemiya zamanı neftə olan tələbatın azalması, neft hasilatının da azalmasına səbəb oldu. İlk vaxtlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sözçüsü İbrahim Əhmədov SOCAR-ın neft hasilatını eyni dərəcədə saxladığını və hər hansı dəyişikliyin olmadığını bildirsə də, 2020-ci ildə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 9-cu iclasında, Azərbaycanın gündəlik xam neft hasilatını 164 min barrelə qədər azaltması qərarına gəlindi.

Onu da qeyd edək ki, Azərbaycan neft hasilatını 2022-ci ilin aprelinə qədər müxtəlif həcmlərdə azaltmaq öhdəliyi götürüb. Maliyyə nazirinin ənənəvi enerjiyə olan tələbatın azalması ilə bağlı narahtlığı də, bu baxımdan anlaşılandır. Nazirin bəhs etdiyi təhdid ünsürü enerji inqilabı əslində dünyanın enerji mənbələrinin dəyişməsi, alternativ enerjinin hər ötən gün nefti üstələməsidir. Postpandemiya dövründə isə bu prossesin daha da sürətlənəcəyi, dünyanın enerji güclərinə çevrilmiş dövlətlərin iqtisadiyyatı üçün müəyyən çətinliklər yaradacağı düşünülür. Elə bu səbəbdən böyük enerji gücləri regionda öz hegemonluğunu artıq qaz və neft ixracı ilə yox, tranzit və yükdaşımalar üçün lazımi dəhlizlərə nəzarəti ələ almaqla qorumağa can atırlar.

Beləcə pandemiya ilə birlikdə dünyanın enerji və regionun iqtisadi xəritəsi yavaş-yavaş dəyişməkdədir. Bəs bütün bu prosseslər, xüsusilə S.Şərifovun vurğuladığı enerji inqilabı Azərbaycan iqtisadiyyatı üçün nə kimi təhdidlər və təhükələr deməkdir?

525.az-a açıqlama verən millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bu məsələdə nazirdən fərqli olaraq daha optimistdir. Onun sözlərinə görə, bu yeni çağırışlar ölkəmizin iqtisadiyyatı üçün nəinki təhlükə əks etmir, hətta gələcəkdə Azərbaycan həm də alternativ enerji ixrac edən ölkəyə çevrilə bilər:

“Həm enerji bazarında, həm də qlobal iqtisadiyyatda çağırışlar dəyişir. Bu çağırışlardan biri də məhz alternativ enerji mənbələrindən daha çox istifadə olunmasıdır. Bu mənbələrdən, xüsusən də külək və günəş enerjisindən daha çox istifadə müşahidə olunur. Bu gün Avropa Birliyi daxil olmaqla, inkişaf etmiş ölkələrdə də alternativ enerji mənbələrinin payının artması müşahidə olunur. Burda həm də yaşıl zona prinsipinə uyğun olaraq məhz bu mənbələrdən enerjinin hasil edilməsi və istehlakçılara çatdırılması reallaşır. Bu da təbii ki, ənənəvi enerji resuslarına gələcəkdə tələbi azalda bilər.

 

Amma hələlik ənənəvi enerji resuslarına - neftə, mavi qaza bu səbəbdən tələbin azalması müşahidə olunmur. Pandemiya ənənəvi enerji resuslarına tələbatı azaltmışdı. Bu, daha çox lokdaun tədbirlərinin tətbiq edilməsi ilə bağlı idi. Vaksinasiya prossesinin sürətlənməsi yenidən enerjiyə tələbi artırıb. Amma uzunmüddətli dövrdə təbii ki, ənənəvi enerji mənbələri ilə yanaşı alternativ enerji mənbələrindən daha çox istifadə olunacağı gözlənilir”.
Ekspert, işğaldan azad edilmiş zonaların alternativ enerji hasilatı mərkəzlərinə çevriləcəyini vurğulayıb:

“Cənab Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizdə yalnız alternativ enerji mənbələrindən istifadə olunacaq. Həm də bu ərazilərimizin enerji mənbələrinin yüksək, su ehtiyatlarının çox olduğunu nəzərə alsaq, bu həm də imkan verəcək ki, həmin ərazilərimizdə istehsal edilən enerjinin bir qismi digər bölgələrimizə nəql edilsin. Hətta ixrac imkanları belə yaranacaq. Bu baxımdan deyə bilərik ki, Azərbaycan yerli səviyyədə qlobal çağırışlara cavab verir. Praktiki olaraq isə hələlik bütövlükdə ənənəvi enerji resuslarına olan tələbin kəskin azalacağı proqnozlaşdırılmır. Bununla belə, Azərbaycanda da alternativ enerji mənbələrindən daha sıx şəkildə istifadə olunması prioritetləşir. Bu, xüsusən də işğaldan azad olunmuş ərazilərimizin bərpası fonunda özünü daha çox göstərir”.

Natəvan Abdulla

 





09.06.2021    çap et  çap et