525.Az

Tbilisidə "Türk mədəniyyətindən izlər" sərgilənir


 

Tbilisidə "Türk mədəniyyətindən izlər" sərgilənir<b style="color:red"></b>

Tbilisi Tarix Muzeyində "Türk mədəniyyətindən izlər" adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, sərgi Tbilisi Yunus Əmrə İnstitutu və Gürcüstan Milli Muzeyinin birgə təşkilatçılığı ilə açılıb.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan sərginin açılış mərasimində deyib ki, bu cür tədbirlərin təşkili ölkələr arasında mədəni əlaqələrin inkişafında və daha da genişlənməsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edilib ki, sərgi Tbilisi sakinləri və qonaqlarına Türkiyəni bir daha xatırladacaq. Pandemiya səbəbindən Türkiyəyə səfər edə bilməyənlər üçün sərgi maraqlı olacaq.

"Ümid edirəm ki, sərgi böyük həvəslə ziyarət olunacaq",- deyə F.C.Yazqan vurğulayıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında söyləyib ki, sərgidə Türkiyənin zəngin mədəniyyəti təqdim olunur.

Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən səfir, 10 gün davam edəcək sərginin Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən də böyük maraqla qarşılanacağına əminliyini ifadə edib.

Mərasimdə Gürcüstan Milli Muzeyinin direktor müavini Mixeil Tsereteli, Yunus Əmrə İnstitutunun Tbilisi üzrə koordinatoru Ali Oğuzhan Yüksel, TİKA təşkilatının Gürcüstan koordinatoru Necla Demirdağ, azərbaycanlı, türkiyəli, gürcü gənclər, iş adamları, mədəniyyət xadimləri iştirak ediblər.

İyunun 18-dək davam edəcək sərgidə Türkiyənin tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəx nümunələri, məişət predmetləri, adətləri, memarlıq incilərini əks etdirən 60-dan çox əsər təqdim olunub.

Fotoşəkillərdə üzərlərində əks olunan nümunələr barədə türk, gürcü və ingilis dillərində məlumatlar da yer alıb.

 





10.06.2021    çap et  çap et