525.Az

Qazaxda barama tədarükü mövsümü başlayıb


 

Qazaxda barama tədarükü mövsümü başlayıb<b style="color:red"></b>

Ölkə rəhbərinin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"nın tələblərinin həyata keçirilməsinə uyğun olaraq, son illər Azərbaycanda qədim ənənələrə malik olan bu sahənin inkişafına dövlət dəstəyi daha da gücləndirilib.

İxracyönümlü sahə olan baramaçılıq üzrə kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük diqqət verilir.

Baramaçılığın inkişafı ilə bağlı qarşıda duran məsələlər Qazaxda da uğurla reallaşdırılır. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsində müsbət rol oynayıb. Artıq altıncı ildir ki, Qazaxda xüsusən kənd yerlərində ipəkqurdu bəslənilir.

Qazax kümçüləri artıq barama tədarükünə başlayıblar. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün lazımi şərait yaradılıb. Bu prosesin ilk günündə kümçülər tərəfindən 441 kiloqram barama məhsulu "Azəripək" MMC-yə təhvil verilib. 

Builki mövsümdə rayon üzrə 4,4 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından 110 qutu barama qurdu gətirilərək, Qazağın kəndlərində barama yetişdirən kümçülərə paylanılıb.

Sözügedən Dövlət Proqramı  üzrə Tədbirlər Planında baramaçılığın yem bazasının genişləndirilməsi məqsədilə yeni çəkil bağlarının salınması nəzərdə tutulur. Bu işlər çərçivəsində, yerli baramaçıların istehsal tələbatının ödənilməsi məqsədilə bu ilin mart ayında  Kənd Təsərrüfatı Nazirliyi,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi  və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin birgə təşkiatçılığı  ilə Bakı-Qazax magistral yolunun Yevlax, Goranboy, Şəmkir və Tovuz rayonları ərazindən keçən hissəsində yol kənarına 20 min ədəd tut tingi əkilib. Magistral və kənd arası yolların kənarlarında, yaşıllaşma zolağında əkilmiş tut tingləri baramaçılığın inkişafı ilə bərabər, ekosistemin yaxşılaşdırılması işinə də  xidmət  göstərəcək.

Zakir MURADOV
Gəncə-Qazax

 





10.06.2021    çap et  çap et