525.Az

UNEC-in keçirdiyi beynəlxalq konfrans başa çatıb


 

35 ÖLKƏDƏN 700-Ə YAXIN TƏDQİQATÇININ 510 ELMİ ARAŞDIRMASININ NƏTİCƏLƏRİ İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB

UNEC-in keçirdiyi beynəlxalq konfrans başa çatıb<b style="color:red"></b>

İyunun 7-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, "PAŞA Holdinq"in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı başa çatıb.

"Nizami Gəncəvi və davamlı inkişaf" mövzusuna həsr olunan və 4 gün davam edən konfransda 35 ölkədən olan 700-ə yaxın tədqiqatçı tərəfindən aparılmış 510 elmi araşdırmanın nəticələrinin onlayn rejimdə müzakirəsi təşkil olunub. Məruzə seksiyaları ilə yanaşı, dünyanın müxtəlif ölkəsindən, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssislərinin, universitetlərin, dövlət qurumları və özəl sektor nümayəndələrinin iştirakı ilə aktual mövzulara həsr olunan 16 "workshop", 26 xarici tədqiqatçının, eləcə də elmi fəaliyyətlərini dünyanın nüfuzlu universitetlərində davam etdirən 10 həmyerlimizin və Azərbaycan alimlərinin aktual və ciddi iqtisadi mövzuları əhatə edən məruzələri dinlənilib.

"Ağıllı və dayanıqlı şəhərlər", "Azərbaycanda postmüharibə dövründə məşğulluq və investisiyalar", "Gəncə timsalında şəhərlərin brendləşməsi", "Müasir dünyada rəqəmsal iqtisadiyyat", "Blokçeyn texnologiyalar və rəqəmsal valyutalar", "IV Sənaye İnqilabı", "Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata təsirləri", "Azərbaycanda elektron ticarət və elektron ixracat perspektivləri", "Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri", "Akademik uğurun formulası" və digər mövzularda təşkil olunan seminarlar (workshop) UNEC-in rəsmi Facebook səhifəsi və YouTube kanalında canlı yayımlanaraq müzakirə edildi və geniş ictimaiyyətə təqdim olunub.

Beynəlxalq elmi konfransın açılış mərasimində iştirak edən iqtisad elmləri doktoru, professor, Auditorlar Palatasının sədri Vahid Novruzovun dediyinə görə, dahi Nizaminin belə bir kəlamı mövcuddur ki, insan nəslinin ancaq özü üçün istehsal etməsi və istehlakı son məqsəd ola bilməz. Bu baxımdan konfransın mövzusunun təşkilatçılar tərəfindən çox uğurlu seçimini xüsusi qeyd etmək istərdim. Məhz mövzunun düzgün müəyyənləşdirilməsi Nizami irsində iqtisadi baxışların indinin özündə də böyük aktuallıq kəsb etdiyini açıqlamağa, maraqlı məruzə və çıxışların konfrans materiallarında dolğun əks olunmasına zəmin yaradıb, 35 ölkə təmsilçilərinin aktual mövzularla qatılması ilə reallaşıb: "Yeri gəlmişkən qeyd etmək istərdim ki, Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları tərəfindən dayanıqlı və davamlı iqtisadiyyatın mahiyyəti barədə qəbul etdikləri anlayışları Nizami Gəncəvinin yuxarıda göstərdiyimiz müdrik sözləri ilə üst-üstə düşür. Yalnız təkcə bunun özü xalqımızın dahi mütəfəkkirinin ideyalarının əsrlər sonrası da aktual olaraq qaldığına dəlalət etməklə, onun dünya şöhrəti qazanmasının qanunauyğunluğunu göstərir. Konfransın işinin yüksək dəyərləndirilməsinə imkan verən əsas xüsusiyyətlərdən danışarkən demək yerinə düşərdi ki, tədbirdə təqdim olunan çıxışların böyük əksəriyyətinin mövzusu dahi Nizaminin ictimai-iqtisadi baxışları ilə üzvi vəhdət təşkil edir. Məlumdur ki, Nizami yaradıcılığında əməyə və əmək adamlarına yüksək dəyər verilir, əmək maddi və mənəvi sərvətlərin yaranmasının əsas amili kimi göstərilir. Dahi şair əməyin azad olmasının, hər kəsin öz qabiliyyətinə görə işlə təmin olunmasının vacibliyini dəfələrlə öz əbədiyaşar əsərlərində vurğulayıb. Çox ürək açandır ki, istər yerli, istərsə də xarici konfrans iştirakçıları tərəfindən əmək və əmək münasibətlərinə yeni dövrün çağırışları nəzərə alınmaqla böyük diqqət yetirilib, çox maraqlı elmi yanaşmalar ortaya qoyulub. Dahi Nizaminin belə bir fəlsəfəsi də konfrans iştirakçılarının maraq dairəsində olub ki, sənətə və sənətkara daim qayğı göstərilməli, onların mənafeləri məmurlar tərəfindən ciddi qorunmalıdır. Əks halda Nizaminin özü demişkən, sərvət azalar, vergilər ödənilməz, xəzinə boşalar".

V.Novruzovun sözlərinə görə, bütün bu göstərilənlər rəqəmsal və innovasiyalı iqtisadiyyatımızın özəllikləri nəzərə alınmaqla konfransda əsas müzakirə mövzuları sırasında özünə yer tutub. Bu özəlliklər isə sənaye inqilabları, idarəetmədə informasiya texnologiyalarından geniş istifadə, ağıllı şəhər (kənd) və yaşıl iqtisadiyyat, innovasiya mədəniyyətinin formalaşması, risklər və onların xüsusiyyətləri, korporativ sosial məsuliyyət, yeni maliyyə alətləri, elektron ticarət və süni intellektin imkanları qismində müzakirə obyekti olublar.

Konfransın əsas məziyyətlərindən biri də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı Qələbəsi sayəsində işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatımızın dirçəldilməsi problemlərinə çoxsaylı və kifayət qədər elmi maraq kəsb edən mövzuların mövcudluğudur. Heç şübhə yoxdur ki, Prezidentin rəhbərliyi ilə dahi Nizaminin bu sözləri də öz real həllini tapacaq: "Torpağa mərhəmət göstərsən gül verər, zülm etsən isə tikan verər".

30 il yağı düşmən tərəfindən zülm verilən və tikanlığa çevrilən doğma Qarabağımızın Prezidentimizin mərhəməti və qayğısı sayəsində gülüstana çevriləcəyi gün heç də uzaqda deyildir. Konfrans barədə qısa mülahizələrimi dahi Nizaminin bu fikri ilə yekunlaşdırmaq istərdim: "İnsan üçün ən faydalı keyfiyyət qənaətcillikdir". Çox xoşdur ki, Nizami irsinin iqtisadi davamlıqla əlaqəsinə həsr olunmuş beynəlxalq elmi konfransda qənaətcillik üçün zəmin yaradan hesabatlılıq, uçot, nəzarət, audit, istehlak mədəniyyəti, hər kəsin öz biliyini artırmaq və düzgün vəzifələrə yiyələnməyin aspektləri də müasir baxımdan müzakirəyə çıxarılıb: "Ölkəmizdə davamlı iqtisadiyyatın elmi əsaslarla inkişaf etməsində bu konfransın mühüm rol oynayacağına əminliyimi bildirməklə çox uğurlu və əhəmiyyətli nailiyyətə imza atmaları münasibəti ilə təşkilatçıları ürəkdən təbrik etmək istərdim".

Qeyd edək ki, konfransa göndərilmiş məruzələrdən seçilən tədqiqat işləri dünyanın 30-a yaxın nüfuzlu elmi platformasında indekslənən beynəlxalq elmi jurnalda nəşr olunacaq. Seçilən məruzələrin bəziləri isə kitab halında beynəlxalq nəşriyyatda dərc olunacaq və həmin kitabın elektron versiyası dünyanın nüfuzlu Harvard Universiteti, Oksford Universiteti, Yale Universiteti, Stanford Universiteti, Kolumbiya Universiteti, Toronto Universiteti, Çikaqo Universiteti, Royal Danish Library, Duke Universiteti, British Library, Biblioteque Nationale de France kimi ali təhsil müəssisələrinin kitabxana kataloqlarında yer alacaq. Əlavə olaraq, konfransda təqdim olunmuş məruzələrin dünyanın nüfuzlu indeksli və yüksək impakt faktorlu xarici jurnallarda nəşr olunması nəzərdə tutulub.

S.QARAYEVA

 





10.06.2021    çap et  çap et