525.Az

Sovetlər birliyi dönəmində qadın haqları - Natəvan Abdullanın araşdırması


 

Sovetlər birliyi dönəmində qadın haqları - <b style="color:red">Natəvan Abdullanın araşdırması </b>

Hələ də dünyanın fərqli bölgələrində, ayrı-ayrı dövlətlərdə qadınlar hüquqi  baxımdan bu və ya digər formada kişilərdən qat-qat az imtiyaza sahibdirlər.

Bəzi ölkələrdə dövlətlər hər iki cinsə qanunən bərabər hüquq və imkanlar versə də, əsirlərlə oturuşmuş köhnə düşüncələrin nəsildən-nəsilə ötürülməsi bu qanunların icrasının qarşısında duran ən böyük maneədir. Bu maneə ona görə yaranır ki, qanunlar qəbul edilir, amma maarifləndirilmə işi zəif gedir. İllərdir müzakirə olunan "qadının xilası" mövzusunda bir çox fərqli ideologiyanın təqdim etdiyi fərqli fikirlər də var. Fərqli ideologiyanın hakim olduğu belə cəmiyyətlərdən biri də "qadının xilası"nın hansı şərtlərdə mümkün olacağını dünyaya göstərməyə çalışmış Sovet İttifaqı idi.

Gəlin, cəmiyyətdə qadın-kişi hüquq bərabərliyinin qurulması baxımından Sovet İttifaqında hakim ideologiyanın - Kommunist Partiyasının vaxtilə yürütdüyü siyasətə nəzər salaq.

Qədim yunan filosofu Platondan kommunizmin atası Karl Marksa qədər bir çox ziyalı cəmiyyətdə qadınların kişilərlə bərabər statusda olmasını insan haqlarının əsas şərti hesab ediblər. Karl Marks qadınların əməyi olmadan heç bir böyük sosial inqilabın baş tutmayacağını söyləyirdi. Marksın izi ilə gedən, həyatını və bütün enerjisini utopik sosialist cəmiyyəti qurmaq üçün sərf edən Sovet İttifaqının banisi Vladimir Lenin də elə bu fikirdə idi. O, dünyanın digər böyük güclərindən çox əvvəl, 1917-ci ildə rus qadınlarının səsvermə haqqını təmin etmişdi. Bununla da cəmiyyətdə dərin kökləri olan qədim ənənələrə meydan oxuyaraq, ictimai həyatın bütün sahələrində qadınların kişilərlə bərabər hüquqlara sahib olduğu elan edildi. Beləcə, Kommunist Partiyasının hakimiyyətə gəlməsi ilə, qadınlar cəmiyyətdə həqiqi bərabərliyə yiyələndilər. Kommunist Partiyası yarandığı ilk vaxtlarda qadınlar üçün daha yaxşı və azad bir həyat düşünən sosialist mütəfəkkirlər və fəallar tərəfindən inkişaf etdirilən bir ənənəyə sahib idi.

Lenin "Köhnə, qadını kölələşdirən qanunlardan geriyə daş üstündə daş qalmayıb" - deyirdi. Sovet inqilabından dərhal sonra həm sosial, həm hüquqi, həm də iqtisadi baxımdan qadınların kişilərlə bərabər hüquqlara sahib fərdlər olması üçün qanunlar çıxarıldı və bu qanunların icrası üçün çalışmalara başlanıldı. Sovet İttifaqı hələ hakimiyyətinin ilk həftələrindən qəbul etdiyi qanunlarla qadın əməyinin, ana və uşağın qorunması, uşaq baxımı və ev içindəki fəaliyyətlərin ictimailəşdirilməsi ilə bağlı mühüm sosial reformlara imza atdı. Bütün bu qərarların icra olunmasında əsas rolu isə partiyanın qadın üzvləri öz öhdəliyinə götürmüşdülər. Onlar bu vəzifəni icra etmək üçün kəndləri, fabrikləri, məhəllələri nəzarətə alaraq yeni qanunların həyata keçirilməsi üçün fəaliyyətə başladılar.

 

Yeni qanuna əsasən, inqilabdan sonrakı ilk aylarda ana və uşaq baxımı dövlətin prioritet məsələsinə çevrildi. Qadınların iş həyatında iştirak etmələri üçün xüsusi tənzimləmələr də edildi. Analıq məzuniyyətinin 112 günə qaldırılması, əkiz və ya üçəm, eləcə də daha çox uşaq dünyaya gətirən qadınlar üçün istirahət günlərinin sayı artırıldı, qadınlara doğum məzuniyyətinin illik məzuniyyətlə birləşdirilməsi hüququ verildi. Dünyada ilk dəfə işləyən Sovet qadınlarının öz uşaqlarını hər 3 saatdan bir ana südü ilə qidalandırmaq hüququ var idi. Ana və körpələri səhiyyə xidmətindən tam ödənişsiz yararlana bilərdilər.

Bundan başqa, qadınların sağlamlığına zərər verən işlərdə çalışmaları, mədənlərdə və buna bənzər sahələrdə işləmələri hələ o dövrdə Leninin reformları nəticəsində qadağan edilmişdi. Hamilə və süd verən qadınların sağlamlığına mənfi təsir göstərə biləcək yerlərdə işləməsi və gecə növbəsində çalışması da qadağan idi.

1918-ci il qadınların sağlam və azad həyat tərzlərinin təmin olunması baxımından böyük önəm daşıyırdı. Onlara həm qanun qarşısında bərabərlik, həm boşanma haqqı, ən əsası da pulsuz və qanuni abort haqqı verildi. Bu haqlar qadınları ortadoks kilsəsi və digər dini qurumlar kimi patriarxal quruluşların, atanın və ərin əsarətindən xilas etmiş, onlar qanun qarşısında kişilərlə bərabər hüquqlara, maaşa, mülkiyyət haqqına, boşanma halında uşaqların vəlayətini tələb etmə haqqına sahib olmuşdular. Hələ inqilabın 6-cı həftəsində verilən ilk fərmanla evlilik və boşanma işləri dini qurumların tabeliyindən çıxarıldı. Nikahsız dünyaya gətirilən uşaqlara da digərləri ilə bərabər hüquqlar verildi. Kişilərin və qadınların boşanma hüquqları bərabərləşdirildi və sadələşdirildi. Bu gün də davam edən "ailədaxili problemlər", "ailə məsələsi" adı altında yaşanan zorakılıq və təcavüz hadisələri  hələ o vaxt Cinayət Məcəlləsində cinayət hadisəsi kimi təsbit olundu.

Bütün bu dəyişikliklər nəticəsində qadınlar artıq harada yaşayacaqlarına, hansı sahədə təhsil alacaqlarına və harada işləyəcəklərinə özləri qərar verə bilərdilər. Hansı ki bu haqların heç birinə 1917-ci ildən - inqilabdan əvvəl sahib deyildilər. Çar Rusiyası çürümüş bir rejim olmaqla bərabər qadınların əzildiyi, qadın ləyaqətinin ayaqlar altına alındığı bir quruluş idi.Təkcə bir ildə qəbul edilən reformlar isə cəmiyyət üçün böyük sıçrayışa səbəb olmuşdu. Əlbəttə, Bolşevik partiyasının illər sonra başqa dövlətlərə qarşı yürütdüyü işğalçı siyasəti və qəddarlıqları, müxtəlif dövrlərdə öz vətəndaşlarına qarşı həyata keçirdiyi represssiyaları gözardı etmək olmaz. Amma qadın haqları ilə bağlı aparılan bu reformlar işğal etdikləri torpaqlarda yaşayan xalqların da həyatında mühüm rol oynamışdı.

 

Sovet dövrünün başlanmasından əvvəl Çar hakimiyyətinin əsarəti altında olan xalqlarda savadsızlıq və sosial bərabərsizlik hakim idi. Təkcə rus əhalisinin 85 faizi oxumağı və yazmağı bilmir, bu faizin böyük bir hissəsini də qadınlar təşkil edirdi. Uzun müddət Çar rejimi altında qalmış başqa xalqların əhalisi isə demək olar ki, bütünlüklə savadsız idi və din vasitəsiylə idarə olunan cəmiyyətlərdə yaşayırdılar. Buna görə də kommunistlər, oxuyub-yazmağı bacaran qadınların sayını artırmaq və qadınların mədəni baxımdan inkişafını təmin etmək üçün məktəblər və kurslar açır, qadınların bu məktəblərdə iştirak edə bilməsi üçün müəyyən şərait yaradırdılar. İş saatlıarı azaldılır, kurslarda qadınların iştirakını təmin edə bilmək üçün qanunlar çıxarılır, uşaqların baxımı üçün xüsusi sistem qurulur, bağçalar yaradılırdı. Qadınlar bu kurslarda təkcə oxuyub-yazmağı öyrənmir, həm də sənət sahibi olurdular. Bu, eyni zamanda qadının öz iqtisadi azadlığını qazanması demək idi.

Qadınlar onlara göstərilən bu etimadı doğrultdular. Sosialist quruluşunda bərabərlik qazanan qadınlar ən çətin və ən ağır inzibati və siyasi vəzifələrin öhdəsindən gəlmək bacarığını nümayiş etdirdilər. Sovet İttifaqında qadınların bu inkişafı bütün ölkənin yüksəlişində mühüm rol oynadı. Bu planlama nəticəsində 1930-cu illərin sonlarına doğru rus cəmiyyətində oxuyub-yazmağı bacaran qadınların sayı artmağa başladı. Sovetlər İttifaqının yürütdüyü savadlanma və qadın siyasəti nəticəsində 1937-ci ildə artıq oxuma-yazma bilən insanların sayı artmış, yarım milyondan çox qadın dövlət orqanlarında işlə təmin edilmiş və onların siyasi arenada fəaliyyətlərinə imkan verilmişdi. Bu sayın daha da artması üçün qadınları motivasiya edən afişalar hazırlanır, şüarlar səsləndirilir və cəsarətləndirmə kompaniyaları davam etdirilirdi.

Əslində, burada məqsəd əli xalqımızın qanına bulaşmış Qırmızı Ordunun qurucularını tərif etmək deyil, bu sosialist rejiminin qadınlarla bağlı yürütdüyü siyasətə nəzər salmaqdır. Kommunust Partiyasının hakimiyyətə gəldiyi ilk illərdə başlatdığı bu sosial reformlar partiyanın sonrakı dövrlərində də öz bəhrəsini verdi. Bu gün dünyanın bir çox yerində qadınlar hələ də ilkin sivil haqlara və ya cəmiyyətdə kişilərlə bərabər hüquqlara sahib deyillər. Bəzi post-sovet ölkələrində belə qadınların bu cür təməl sivil haqları - məşğulluq, siyasi iştirak, təhsil, ictimai rollar və fürsətlər baxımından - günümüzdə lazımınca təmin olunmur. Xüsusilə kapitalist rejiminin sərt qanunları altında yaşaya bilmək üçün lazımi məvacib hər iki cins üçün də birinci və vacib faktordur. Əgər dünyanın hər yerində qadınlar və kişilər ilkin məşğulluq haqlarına və bir ailəni maddi cəhətdən təmin edəcək məvacibə sahib olsaydılar, yəqin ki, günümüzdəki sosial problemlərin bir qismi aradan qaldırılmış olardı.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





10.06.2021    çap et  çap et