525.Az

Sığortalı imtahan bədbəxtçiliyi... - El Roman yazır


 

Sığortalı imtahan bədbəxtçiliyi... - <b style="color:red">El Roman yazır </b>

"Qardaş, vallah, mümkün deyil. 6 ildir maşın sürürəm, bütün yol hərəkəti qaydalarını, hər şeyi əzbər bilirəm. Keçən həftə sürücülük vəsiqəsi almaq üçün imtahana girdim, kəsdilər. Sonradan, məcburən apardım pul verdim". 

Dostumdan bu sözləri eşidən kimi ona verdiyim ilk sual belə oldu: "İmtahana hazırlaşmışdınmı?" Aldığım "Yox, nəyinə hazırlaşacaqdım ki? Onsuz da sürməyi bilirəm də" cavabı məni təəccübləndirməkdən də çox təəssüfləndirdi. Zarafatyana dedim ki, "Sən 6 il heç bir sənədin olmadan rahatlıqla maşın sürə bilmisənsə, deməli, maşını evinin həyətində sürmüsən yəqin".

Mənim sürücülük vəsiqəsini öz gücünə, imtahan verərək alan xeyli tanışım var. Bu haqda yazı yazmaq qərarına gələndə çox uzağa getmədim. Elə 2 il əvvəl imtahan verib sürücülük vəsiqəsi alan iş yoldaşım, "525-ci qəzet"in əməkdaşı Şahanə Müşfiqlə söhbətləşdim. Sürücülük vəsiqəsini almağn elə də çətin proses olmadığını dedi. Əlavə elədi ki, 2019-cu ildə 6 həftəlik hazırlıq kursundan sonra imtahana girib və 90 faizlik nəticə ilə imtahandan uğurla keçib. Sonra vəsiqəni almaq üçün praktika imtahanına hazırlaşıb, həmin imtahanı da uğurla tamamlayaraq vəsiqəni alıb.

İş yoldaşımı, əlbəttə, təbrik etdim. Ancaq mənə işin kökü maraqlı idi. O niyə bir çoxu kimi vəsiqəni pulla almaqdan imtina edib imtahan vermək yolunu seçmişdi? Onda bu özünəinam haradan yaranmışdı? Niyə başqaları bir dəfə də olsun imtahan verməyi sınamamış vəsiqə üçün bir o qədər pulundan keçir?

Söhbət əsnasında məlum oldu ki, Şahanənin atası da bundan 15 il öncə sürücülük vəsiqəsini imtahan verərək alıb. Bu da Şahanəyə stimul olub ki, o da bacara bilər.

Məsələnin kökü də elə buna dayanır. Hər kəsin çevrəsində imtahan verib halla yolla sürücülük vəsiqəsi əldə etmiş ən azı bir nəfər tanıdığı olsa, o da cəhd göstərər ki, sürücülük vəsiqəsini bir qəpik belə ödəmədən, imtahan verərək alsın. Görün nə qədər insanın bir nəfər də olsun belə tanışı yoxdur. Statistika çıxarası olsaq, nəticə dodaq uçuqladar...

Ümumiyyətlə, bu məsələ təkcə sürücülük vəsiqəsi ilə bağlı imtahanlara aid deyil. Məsələn, ötən günlərin birində çay süfrəsi arxasında dostlarla söhbətləşərkən ali təhsili olmayan bir dostum evlənmək istədiyini, ancaq qızın hələ universitet tələbəsi olduğunu dedi. Düşündüm ki, yəqin qız hələ evlənmək barədə düşünmür, fikrini ancaq təhsilə yönəldib. Çox keçmədi ki, yanıldığımı anladım. "Evdəkilər deyir ki, ağılsızlıq eləmə, qız hələ tələbədir. Onu necə oxutduracağıq?" - deyib, sanki özünə haqq qazandırdı.

Qız oxutdurmaq deyəndə nəyi nəzərdə tutduqlarını başa düşmədim. Dostum sualı gözlərimdəm oxumuşcasına, "Qız hələ birinci kursda oxuyur. Hər il onun imtahanlarına pul vermək lazımdır, ya yox?" - deyə cavab verdi.

Dostumun nə qədər cahil düşüncəli olduğunu düşündüm, ancaq heç nə demədim, sadəcə düşünməklə kifayətləndim, daha doğrusu, dilə gətirə bilmədim. Bu nə düncə idi axı? Kimsə universitetdə oxuyursa, imtahanları mütləq pulla verməlidir? Niyə dostum oxuyub imtahan verməklə bağlı zərrə qədər də düşünmür? Elə bil, belə də olmalıdır. Madam ki, sən hansısa imtahandan yaxşı nəticə əldə etmək üçün min cürə yola əl ata bilirsən, ən sadə və ən rahat yol olan oxumağı niyə sınamağı düşünmürsən? Əgər bu əyriliyi düşünməyə gücün çatırsa, onda buna gözübağlı gücün çatar...

Mən pulla əldə edilən bütün uğurlara qumar kimi baxıram. Fikrimcə, bunun qumardan heç bir fərqi yoxdur. Bu yerdə isə yaxşı deyiblər: qumarı ya oynadan qazanır, ya da oynamayan...

 





10.06.2021    çap et  çap et