525.Az

Ən yeni tariximizin ən yeni tarixi - Yazı


 

Ən yeni tariximizin ən yeni tarixi - <b style="color:red">Yazı</b>

Dünyanın gedişində tarixin dəyişdiyi, yeniləndiyi dövrlər çoxdur. Və tarixin haçansa qlobal şəkildə dəyişməsi "ən yeni tarix" kimi qlobal bir ifadənin yaranmasına səbəb olub.

Bu mənada, məsələn, Birinci Dünya müharibəsi ona qədərki tarixi, obrazlı desək, "arxaikləşdirərək" dünya düzəninə "Ən yeni tarix" gətirdi. Bu müharibə xüsusilə Avropada imperiyaları sarsıtdı, yeni dövrün yeni dövlət formatlarını yaratdı. Deməli, ən yeni tarixi qlobal müharibələrin doğurduğu reallıqlar yaradır.

Ancaq dünya etiraf etməlidir ki, bəzən regional müharibələr də əsrlərin tarixini yeniləşdirə bilir. Azərbaycanın Ermənistan tərəfindən zəbt olunmuş torpaqlarının azğın düşmən tapdağından azad etmək uğrunda 2020-ci ilin 27 sentyabr-9 noyabr tarixli 44 günlük Vətən müharibəsi də yeni tarix yaratdı. Əlbəttə, bu ən yeni tarix birbaşa Azərbaycana aiddir, amma bizim müqəddəs vətən müharibəmiz bütöv bir regionda yeni siyasi durum yaratdı.

Vətən müharibəsindəki tarixi qələbəmizdən söhbət açarkən bu qələbənin banisi və təşkilatçısı Ali Baş Komandan, "Ordumuzun birinci əsgəri"- (Mir Şahin) İlham Əliyev hər dəfə qürur hissilə bunun milli tariximizdə heç vaxt bərabəri olmayan bir zəfər kimi qiymətləndirir.

44 günlük Vətən müharibəsinin ilk günündən başlayaraq Ali Baş Komandan xalqa çoxsaylı müraciətlərinin hər birində bu müharibənin qaçılmaz olduğunu və ədalətli müharibənin həmişə qələbə ilə nəticələndiyini bildirirdi.

Prezidentin 2020-ci il sentyabrın 27-də, saat 11:50-də Vətən müharibəsinin başlanması ilə bağlı olaraq xalqa müraciəti ən yeni tariximizin başlanğıc nöqtəsi kimi heç vaxt unudulmayacaq. Bu müraciətdə Ali Baş Komandan Ermənistanın qəsdən bizi müharibəyə təhrik edən təxribatlarını təhlil edir və deyirdi: "Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir..." və  xüsusi vurğulayırdı ki, istər BMT, istərsə ATƏT-in bütün qərarları  kağız üzərində qalmaqdadır. Ona görə də "Bu gün Azərbaycan ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir... Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və qoyulacaqdır". Prezidentin bu müraciətindəki son cümləsi xalqın mütləq qələbəyə inamını təmin etdi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacayıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".

Bundan sonra Prezidentin ordumuzun hər kəndi, hər şəhəri işğaldan azad etdikcə, xalqa qələbə müjdəsi verən yeni-yeni müraciətləri oldu. Bu müraciətlərin hər biri yaranmaqda olan ən yeni tariximizin salnaməsi idi. Gələcək tarixçilərimiz bu müraciətlərin hər sətrindən - 44 günün hər saatından elmi-publisistik monoqrafiyalar yazacaq, tarix dərsliklərimiz şagirdlərimizə, tələbələrimizə - gəncliyə ən yeni tariximizin zəfər yolunu bir daha təhlildən keçirib onlara təqdim edəcəklər.

Tarixə qızıl hərflərlə yazılan bir gün - 2020-ci il noyabrın 10-u Prezident, Ali Baş Komandan böyük bir qürur hissilə xalqa hesabat verir: "Əziz həmvətənlər! Bu gün ölkəmiz üçün tarixi (oxu - "ən yeni tarix"i) bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaq". Və sonra Prezident Ermənistanın kapitulyasiyaya imza atdığı tarixi bəyanatı açıqlayır.

Bu, ən yeni tariximizin tam formalaşdığı, bütün beynəlxalq arenada etiraf edilən zaman çağı idi. İndi ən yeni tariximizin - Qələbə aktımızın təsdiqindən 7 aydan çox vaxt keçir. Ermənistan əsrlər boyu olduğu kimi yenə də isterikada, Azərbaycan yeni quruculuq fəaliyyətində Prezidentimiz Şuşada "Azərbaycanın Mədəniyyət Mərkəzi" adlandırdığı müqəddəs məkanda ordumuzun uğurlarını qeyd edir, şəhidlərimizin ruhunu yad edir, qazilərimizə Allahdan sağlamlıq diləyir. Və göstərir ki, bu qələbədə bütün xalqımızın rolu var, amma döyüşən, vuruşan, şəhidlik zirvəsinə yüksələn gənclərimiz bu müqəddəs qələbəmizin əsl sahibləridir.

İndi Prezidentimiz vandal, vəhşi düşmənin viran qoyduğu torpaqlarımızın yenidən qurulması ilə şəxsən özü məşğuldur. Onun Ağdam şəhərinə bu günlərdəki səfəri - Ağdam ziyalıları ilə birgə bu şəhərin yenidən qurulacaq planını təsdiqləməsi də Ən yeni tariximizin silinməz bir səhifəsidir. Prezidentimiz " Yeni Ağdam " adlandırdığı bu şəhəri dünyaya nümunə olacaq bir məkana çevirmək arzusunu reallaşdıracaq.

İndi Ermənistanın havadarları olan bəzi Qərb ölkələri yenə də hay-küy, sərhəd məsələsi qaldırırlar. Prezidentimiz bu yerdə böyük və güclü diplomatiyası, haqq səsilə öz missiyasını yerinə yetirməkdədir. Onun Vətən müharibəsinin ilk günündə dediyi fikir xalqımızın Ən yeni tarixini təsdiqləməkdədir: " Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq! " Dedi və zəfər çaldıq.

Prezident bizim qələbəmizi həzm edə bilməyən dövlətlərə də öz mesajını göndərir. Onlar da bu qələbəni mütləq etiraf eləməli olacaqlar. İndi ABŞ, Çin, İngiltərə kimi güc dövlətləri Azərbaycanla iqtisadi əlaqələri getdikcə gücləndirməkdədir. Azərbaycanla birbaşa dostluq əlaqələrini möhkəmləndirən dövlətlər sırasında İsrail var, Ukrayna və digər ölkələr var. Və bir də... həmişə, hər an Azərbaycanın yanında olan qardaş Türkiyə var. Türkiyə və onun başçısı Rəcəb Təyyub Ərdoğan üçün Azərbaycan, ya Türkiyə - fərqi yoxdur. Bu iki qardaş ölkənin birgəlik formatını Ulu Öndərimiz Heydər Əliyev birdəfəlik dəqiqləşdirib:  " Bir millət, iki dövlət! " Türkiyə həmişə haqqın tərəfindədir. Prezident İlham Əliyev isə " Haqq adamıdır." Bu " Haqq adamını Tanrı qoruyur, xalq sevir, millət qədrini bilir, dostları inam bəsləyir". Ən yeni tariximizin ən yeni tarixinin müəllifini ulu tarix əbədilik yaddaşlara salacaq.

 





10.06.2021    çap et  çap et