525.Az

Ticarət mərkəzləri yanğından necə qorunmalıdır?


 

Ticarət mərkəzləri yanğından necə qorunmalıdır?<b style="color:red"></b> Yaz-yay aylarının ən aktual problemlərindən biri yanğınlardır. Hər il iri ticarət mərkəzləri və bazarlarda yanğın baş verməsi nəticəsində insanlar işsiz qalır, mülkünü itirir, ən əsası isə həyatını itirənlər olur. Yanğınların qarşısını almaq üçün nə qədər tədbirlər görülsə də, ən xırda məsuliyyətsizlik  belə hər yerin alov almasına bəs edir. Bəs yanğınlara yol aça biləcək xətaların qarşısını necə almalıyıq? Hamı qaydalara necə riayət edəcəyini bilirmi? Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev 525.az-ə açıqlama verib.

Ekspert bildirib ki, yanğından sığortalanmamaq, qaydalara riayət etməmək üçün səbəb deyil:

 

"İstər dövlət, istərsə də bütün özəl idarə və müəssələr, təşkilatlar yanğın təhlükəsizliyi təlimatlarına, FHN-nin irad və tövsiyələrinə ciddi riayət etməlidirlər.Uzun fasilədən sonra açılan ticarət mərkəzləri və bazarlar da bir daha yanğın təhlükəsizliyinə dair vasitələrin işlək və saz vəziyyətdə olması nəzərdən keçirilməlidir. Son vaxtlar baş verən geniş miqyaslı yanğınlar bir daha onu göstərir ki , insanların daha çox olduğu məkanlarda yanğın təhülkəsizliyinə çox ciddi sürətdə əməl edilməlidir. Çünki burada baş verən yanğın hadisəsi həm yüzlərlə insanın həyatını təhlükəyə atır, həm də orada çalışan kiçik sahibkarlara xeyli ziyan vurur. Daha öncə ticarət mərkəzlərində baş verən yanğınlar zamanı digər ticarət məkanları özlərinin də bu cür hadisə ilə qarşılaşacağına bəlkə də  inanmazdı. Ancaq görürsünüz ki, heç kim fövqəladə hadisələrdən sığortalanmayıb. Bu isə o demek deyil ki, heç bir qabaqlayıcı tədbir görülməsin , yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsin ki, onsuz da  sığortalanmamışıq".
 
Ekspert vurğulayıb ki, yanğınların baş verməsinin əsas səbəblərindən biri də sahibkarların məsuliyyətsizliyidir:

"Onu da qeyd edim ki, Prezident İlham Əliyev Nizami rayonundakı ticarət mərkəzində baş verən güclü yanğınla bağlı keçirdiyi müşavirədə qeyd etmişdir ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Ona görə, ticarət mərkəzlərini işlədən şəxslər bu işə ciddi yanaşmalıdırlar. Köhnə bazarlar, alış-veriş mərkəzləri və əsas da tikinti materialları satan bazarlar bütün zəruri olan yanğın təhlükəsizliyi norma və standartlarına riayət etməli, bazara gələn müştərilərdən də bunu tələb etməlidirlər. Bəzən bazardakı sahibkarlar axşam gedəndə elektrik çaydanını, qaz peçini yaxud digər elektrik avadanlığını yanılı qoyub gedir. Bu da yanğın təhlükəsini qaçılmaz edir.Baş verən yanğınların çoxuna elektrik qısaqapanması səbəb olur.  Bazarlar, ticarət mərkəzləri elektrik təhlükəsizliyinə ciddi yanaşmalıdır. Dükanlarda bir yaxud iki elektirik paylayıcı olmasına baxmayaraq, dükan özü əlavə elektirik paylayıcı birləşdirərək elektrik cihazları, avadanlıqları qoşub istifadə edir. Bu da elektrik xətlərinin yüklənməsinə, qızmasına və alışmaya səbəb olur. Böyük ticarət mərkəzlərində, alış-veriş mərkəzləri və bazarlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxslər olmalıdır. Onlar obyektdə yanğın təhlükəsizliyinin pozulması hallarına qarşı lazım olan bütün tədbirləri görərək mübarizə aparır. Nöqsan, nasazlıq və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verərək aradan qaldırılmasını təmin edir. Daha sonra yanğınsöndürmə vasitələrinin, yanğın dolablarının, şitlərinin, datçiklərinin, siqnalizasiya vasitələrinin, hidrantların, ehtiyat yanğın su çəninin işlək və saz vəziyyətdə olmasına nəzarət etməli, nazaslıq varsa, vaxtında aradan qaldırmalıdır".

Elmar Nurəliyev yanğın zamanı ilkin müdaxilə üçün könüllü yanğınsöndürmə qruplarının olmasının vacib olduğunu da qeyd edib:

“Qeyd etmək istəyirəm ki, ticarət mərkəzləri, bazarlarda könüllü yanğınsöndürmə qrupları fəaliyyət göstərməlidir. Onlar bazarın işçilərindən ibarət olur və müvafiq qurumlar tərəfindən xüsusi kurs keçdikdən sonra fəaliyyətə başlayırlar. Onların işi yanğın baş verərsə, yanğınsöndürmə əməkdaşları gələnə qədər vəziyyəti nəzarətdə saxlamaq, insanların təhlükəsiz təxliyə edilməsini təşkil etmək , əmlakın çıxarılması, vəziyyətə görə ilkin yanğınsöndürmə vasitələrindən istifadə edib yanğının söndürülməsinə və yanğınsöndürmə əməkdaşları gələndə onlara ilkin vəziyyət haqqında məlumat verməkdir. Baxın bir fövqəladə hadisə zamanı bu könüllü qruplar nə qədər iş görə bilərlər. Belə hesab edirəm ki, bu könüllü qruplarının olması çox vacibdir.  Bazarlarda, ticarət mərkəzlərində çalışan mühafizəçilərə yanğın təhlükəsizliyinə dair təlimatlar keçirilməlidir. Gecə bazarda heç kim olmur, ancaq mühafizəçilər olur. Onlar bilməlidir ki, yanğın hadisəsi zamanı nəcə davranmalıdır.Ümumiyyətlə bütün dövlət və özəl müəssisələr, iaşə və ticatət obyekləri FHN-nin yanğın təhlükəsizliyi haqqında qanununa, irad və tövsiyələrinə əməl etməklə yanğın təhlükəsizliyi qaydalarına riayət etməlidir. Ticarət mərkəzləri obyektin reqlamentinə uyğun olaraq yanğın təhlükəsizliyi avadanlığı və texnikası ilə ( yanğın şlanqları, yanğın hidrantları , yanğın dolabları, yanğın çıxışları, təxliyyə planı, tüstü və dumana qarşı datçiklər, fövqəladə vəziyyətdə hərəkət traparetləri, yanğın söndürən balonlar və.s ) təchiz olunmalı və yanğına qarşı avadanlıqların işlək və saz vəziyyətdə olmasını yoxlamaq, nasazlıq yaranarsa, vaxtında aradan qaldırmağı təşkil etməlidir. Mütəmadi olaraq işçilərə yanğın təhlükəsizliyi təlimlərinin keçirilməsini təşkil etmək, yanğın təhlükəsizliyinə dair maarifləndirmə aparmaq və işçilərin yanğım təhlükəsizliyinə dair bilik və bacarıqlarını yoxlamaq lazımdır. Bu təlimlərin keçirilməsi işçilərdə fövqəladə vəziyyətdə necə davranmaq lazım olduğu barədə anlayışları olacaq. İşçilər bilməlidir ki, fövqəladə vəziyyətdə qaçaraq xilas olsun, müştərin təhlükəsiz təxliyə edəcək yaxud dükanın əmlakını qorusun, ya da ona yaxın yanğınsöndürmə balonundan istifadə edib yanğının söndürülməsinəmi kömək etsin. Bunun üçün də işçilərin yanğın söndürən balonlardan necə istifadə etmək lazım olduğunu bilməlidirlər ki, düzgün istifadə edə bilsinlər. Hadisənin ilkin 10-15 dəqiqə müddətində qarşısının alınması üçün tədbirlər görülərsə, törədilə biləcək fəsadları ən aşağı səviyyəyə endirmək olar. Çünki obyeklərdə olan ilkin yanğınsöndürmə vasitələri yanğının ilkin qarşısını almaq üçündür, miqyası böyüyəndə bu artıq peşəkar yanğınsöndürənlərin işidir. Ona görə maarifləndirmə üçün təlimlərin keçirilməsi önəmlidir.

Aytac Aslan

 





10.06.2021    çap et  çap et