525.Az

Qərb bölgəsində taxıl biçini başlayıb


 

SAMUXUN DƏNLİ BİTKİ SAHƏLƏRİNİN İLK GÖSTƏRİCİLƏRİ MƏHSULDARLIĞIN YÜKSƏK OLACAĞINDAN XƏBƏR VERİR

Qərb bölgəsində taxıl biçini başlayıb<b style="color:red"></b>

Aran rayonlarımızdan bir qədər sonra qərb bölgəsində də taxıl biçini start götürüb.

Yerli mütəxəssislər bu sahədə ötənilki göstəricilərə nisbətdə artım olacağı qənaətindədirlər. Kənd təsərrüfatı rayonlarımızdan olan Samuxda ötən il son dövrlərin rekordu həddində - 45 min ton taxıl yığılıb. Bu il isə istehsalçılar sahələrdən daha çox məhsul toplamağı düşünürlər və artıq rayonda arpa biçininin ilk günlərinin göstəriciləri onlarda bu inamı yaradır.

"Dörd hektar ərazidə arpa əkmişəm. Hektar yarımı artıq biçilib. Məhsuldarlıq hər hektardan 40 sentnerdən yüksəkdir və bu, ötən ildəkindən yüksək rəqəmdir. Bu il biçin daha nizamlı təşkil olunub və bu işə cəlb edilən kombaynçılar öz texnikaları ilə dəqiq qrafiklərlə işləyirlər", - deyə fermer Adil Həmzəyev razılıq edir.

Samux rayonunda arpa biçininə iyunun 2-dən başlanılıb və hazırda biçin tez yetişən sahələrdə aparılır. Rayonda taxıl sahələrində becərmə işlərinin, əkin, səpinin və mineral gübrələrin vaxtında verilməsi, eləcə də alaq otlarına qarşı mübarizənin səmərəli aparılması məhsuldarlığı ötən ilə nisbətən yüksək olacağına əsas yaradıb.

Aqrar yönlü rayon olan Samuxda 4890 hektar əraziyə arpa əkilib ki, bunun da artıq 1300 hektarı biçilib. Bu günə rayon üzrə orta məhsuldarlıq hər hektardan 36 sentnerdir və ötən illə müqayisədə bu rəqəm 2 faiz çoxdur. Məhsul yığımının səmərəli təşkili və onun tədarükünün nizamlanması üçün rayon üzrə xüsusi qərargah da yaradılıb.

"Hər biçin gününün sonunda iş prosesi və göstəricilər təhlil edilir, lazımi tədbirlər aparılır. Həmçinin, biçin aparılan hər bir kənd üzrə məsul qruplar var ki, kombaynların hansı vaxt hansı sahələrdə işləyəcəyi qrafikini hazırlayır və onu diqqətdə saxlayırlar", - deyə yerli Aqrar İnkişaf Mərkəzinin rəhbəri Ramil Həsənov qeyd edir. 

Samux rayonunda bu il 2 minə yaxın torpaq mülkiyyətçisi 10200 hektar əraziyə taxıl əkib ki, bunun da 5310 hektarı buğdadır. Hazırda sahələrdə biçin işini 40-dan artıq kombayn həyata keçirir. Kombaynların hamısına biçinqabağı texniki baxış keçirilib. Həmçinin, ətraf rayonlardan da kömək məqsədi ilə Samuxda taxılın biçini üçün kombaynlar cəlb edilib.

Bu ayın sonuna kimi Samuxda arpa biçini başa çatacaq. Bundan sonra buğda biçini aparılacaq.

Zakir MURADOV
Samux

 





11.06.2021    çap et  çap et