525.Az

UNEC dünya universitetlərinin reytinqində


 

UNEC dünya universitetlərinin reytinqində<b style="color:red"></b>

QS Reytinq agentliyi 2022-ci il üçün "QS Dünya Universitetlərinin Reytinq" sıralamasını açıqlayıb.

Builki reytinq sıralamasında 93 ölkədən 6415 ən yaxşı universitet iştirak edib. Onlar arasında 1300 universitet yüksək nəticə əldə edərək, "QS Dünya Universitetlərinın Reytinq" sıralamasına daxil olub. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq, bu il "QS Dünya Universitetləri Reytinqi"nə daxil olaraq, 1001-1200-ci yerlərdə qərarlaşıb.

Dünya universitetlərinin reytinqi 5 indiqator əsasında müəyyən edilir.  Bu indiqator arasında ək yüksək çəki "Akademik Reputasiya"  indiqatoruna aiddir. Həmin indiqator üzrə UNEC dünyanın ən yaxşı 501+ universiteti sırasında qərarlaşıb.

UNEC-in əldə etdiyi yüksək nailiyyətlərdən biri də "İşəgötürənlər reputasiyası" indiqatorları üzrə dünyanın ən yaxşı  501+ universiteti sırasına daxil olmasıdır. İşəgötürənlər arasında aparılan sorğu anketində 450 000-dən çox iş adamı və menecerlər iştirak edib.

QS dünya reytinqində ən yüksək çəkiyə malik olan indiqatorlardan biri də "İstinadların sayı" hesab olunur. Bu inqidator 20% çəkiyə malikdir və  son beş ildə SCOPUS indeksli məqalələrə verilən istinadların sayı əsasında hesablanır. Bu indiqator üzrə UNEC 601+ ən yaxşı nəticəni əldə edən universitetlər arasındadır.

2017-ci illə müqayisədə 2020-ci  ildə UNEC-in professor-müəllim heyətinin SCOPUS bazasında olan məqalələrinə verilən istinadların sayı təxminən 286 faiz artıb.  UNEC müəllimlərinin məqalələrinin 59.3 faiz yüksək təsir faktoru olan Q3 və Q4 kvartil jurnallarında çap edilib. Həmçinin, UNEC professor-müəllim heyətinin elmi əsərlərinin təxminən 1/3 hissəsi beynəlxalq partnyorlarla birgə tədqiqatın nəticəsi olaraq çap edilib. Bu da UNEC-də elmi tədqiqatlar sahəsində  beynəlmiləşmənin bariz  nümunəsi hesab edilə bilər.

Ümumilikdə, UNEC 2015-2021-ci illər ərzində QS reytinq təşkilatının sıralamalarında mövqeyini yaxşılaşdıran yeganə Azərbaycan universitetidir. 2020-ci illə müqayisədə UNEC 2022-ci ildə daha yaxşı nəticə əldə edərək təxminən 17 faiz  irəliləyişə nail olub.

SEVİNC

 





11.06.2021    çap et  çap et