|
|
|
|
Bir dəfə imkanlı bir dostum danışırdı ki, gecə atamla mübahisə edib evdən çıxdım, cibimdə 300 manat da pul vardı. "Baku Hilton" otelə getdim. "Reception"a 200 manatı uzatdım, özümdən tam razı bir halda "üstü qalsın" dedim və bir nəfərlik otaq istədim. "Reception"dakı xanım dedi ki, qiymətlər tez-tez dəyişir, hazırda 1 nəfərlik otağın qiyməti 390 manatdan başlayır, ona görə sizə kömək edə bilməyəcəm. Mən də məcburən gedib Yasamalda gecəsi 30 manata, demək olar ki, sadəcə dörd divardan ibarət olan bir "otel" otağında qaldım.
Əvvəlcə dostumun dediklərinə inanmadım. Çünki dediyi məbləğ həqiqətən az məbləğ deyildi. İndiyə qədər otel diqqət mərkəzimdə olmadığına görə qiymətlərlə maraqlanmaq ehtiyacı duymamışdım. Bu barədə yazı yazmaq qərarına gələndən sonra kiçik bir araşdırma apardım və onun dediklərinin həqiqəti əks etdirdiyini gördüm.
Amma adamın üstündə Allah var, xüsusilə sərtləşdirilmiş karantin dövründə kafe və restoranlar bağlı olanda gənclərin dadına məhz otellər çatdı. Şəxsən elə adamlar tanıyıram ki, çayxanalar bağlı olduğundan 4-5 nəfər gənc yığışıb sırf çay içmək üçün oteldə otaq tuturdular.
Əslində, bu barədə yazı yazmağımı "Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin feysbukdakı statusu tətiklədi.
"Otel sahibləri, turizm şirkətləri prezidentə müraciət ediblər ki, bəs kreditlərimizi qaytara bilmirik, yaman gündəyik. Bəli, pandemiyanın burada təsiri böyükdür. Amma əsas səbəb bu deyil. Otel sahibləri və turizm mərkəzləri rəhbərləri anlamağa çalışsınlar ki, məsələn, dünya standartında bir günlük gecələmə qiyməti 40-50 manat olan oteldə 120-150 manat qiymət uyduranda, 60 qəpiklik "Coca-Cola"nı 4 manata, kilosu 5 manata olan pendirin ən çoxu 50 qramını 4 manata hesaba vuranda, musiqi, servis xərci adı altında 20-25 faiz qiymətə fırıldaq gələndə, ucuz işçi qüvvəsi məqsədilə anormal xidmət personalı saxlayanda, bir çaynik çayı 15-20 manata satanda sonu belə olur. "Əlimizə keçən müştərini bir dəfə yolub buraxaq, sonra nə olar-olar" prinsipinin nəticəsi budur.
Bu məsələ ilə bağlı "Skal Baku Turizm Peşəkarları Təşkilatı"nın sədri Ceyhun Aşurovla söhbətləşdim. Həmsöhbətim bir sıra mühüm açıqlamalar verdi: "Dünyadakı bir çox otellərə getsək, bu cür vəziyyətin istənilən ölkədə olduğunu görə bilərik. Bu heç də illeqal bir şey sayılmır. Ümumiyyətlə, bir yerdə ki xidmət faktoru var, həmin yerdə məhsullar market qiymətinə necə satıla bilər? Nəzərə almalıyıq ki, turizm sektorundakı vəziyyət 2 ilə yaxındır kritikdir. Sahibkarlar da istər otelin tikintisi zamanı, istərsə də bu kritik dönəmdə müxtəlif banklardan faizlə kredit götürməyə məcbur olublar. Pandemiya şəraitinin gözləniləndən daha uzun müddət davam etməsi ona gətirib çıxardı ki, sahibkarların ehtiyatdakı resursları tamamilə tükəndi. Belə bir durumda dövlətin sahibkarlara dəstək olması, kreditin ödənilməsində onlara zaman verilməsi yaxşı olardı.
Bəzi vətəndaşların haqlı iradları ondan ibarətdir ki, qiymətlər çox bahadır. Bu məsələlərə haqq qazandırmaq olar. Ancaq bunun səbəbi məhdudluq prinsipidir. Getdiyiniz yerdə yataq sayı, yemək ehtiyatı və s. məhduddursa, xüsusilə həftəsonu və bayram günlərində buna rast gəlinirsə, qiymətlərin daha çox bahalaşmasını, hətta həmin müddətdə otellərdə yer belə tapmağın mümkün olmadığını görə bilərik. Bütün bunlar bizə verilən təklifin az olmasından irəli gəlir. Amma beşulduzlu, ümumiyyətlə, ulduz kateqoriyasındakı otellərimizi digər ölkələrdəki otel qiymətləri ilə müqayisə etsək, heç də demək olmaz ki, bahalıdır. Sadəcə bizdə seçim və ehtiyat məhduddur. Bu məhdudiyyətə görədir ki, nə biz vətəndaşlara tam ürəyimizcə xidmət edə bilirik, nə də onlar bizdən tam razı qalırlar".
Bir az araşdırsaq görərik ki, otellərlə bağlı şikayətlər həqiqətən də tək bizim ölkədə deyil. Türkiyədəki insanlar, əsasən, ondan şikayət edirlər ki, turistlərə 1 həftəlik otel qiyməti 3000 TL olmasına baxmayaraq, türk vətəndaşına 5000 TL olur. Türk vətəndaşlar da bu barədə sahibkarlardan məntiqli açıqlama tələb edirlər. Otel sahibkarları açıqlayır ki, turistlərə daha çox üstünlük verirlər, qiymət daha ucuz olur, çünki turistlər yerli vətəndaşlardan fərqli olaraq, otelin digər resurslarına da (mağazalar, əyləncə zonaları, restoran və s.) pul xərcləyirlər. Yerli vətəndaşlar isə yalnız paketə daxil olan məbləği ödəməklə kifayətlənirlər.
Mənim fikrimcə, otelin vəzifəsi müştərilərinə ilk növbədə qalmaq üçün yer verməkdir və bu barədə sabit qiymət prinsipi tətbiq edilməlidir. Əyləncə, komfort, yemək kimi ünsürlər əlavə yardımçı vəzifə daşımalıdır və əlavə qiymətlər də bu ünsürlərə görə tarazlaşdırılmalıdır.