525.Az

Beş Qənirə - El Roman yazır


 

Beş Qənirə - <b style="color:red">El Roman yazır </b>

IX əsrdə yaşamış Xəlifə Mötəsimin, məşhur "Babək kimi 5 sərkərdəm olsaydı, bütün dünyanı önümdə diz çökdürərdim" cümləsini, yəqin ki, eşitməyən yoxdur. Bu ona görədir ki, Babək o biri sərkərdələrdən öz gücü ilə fərqlənə bilirdi və seçilirdi.

Səbirli olub axıracan oxusanız, neçə yüzillikdən sonra Milli Məclis deputatı Qənirə Paşayevadan yazdığım bu yazıda ərəb xəlifəsinin həmin fikrini niyə xatırladığımın səbəbini anlayacaqsınız.

"Qənirə" ad kimi fərqli addır. Mənası, təsadüfi deyil ki, "oxşarı olmayan", "bənzərsiz" deməkdir. Xəlifə Mötəsimin dediyi kimi, oxşarı olmayan, bu günə qədər xeyirxah əməlləri ilə yadda qalan Qənirə Paşayeva təkdir, bir dənədir, gör əgər beşi olsaydı, necə olardı!..

Burada əsas prinsip, əslində, şəxsiyyət və ya profil yox, məhz əməl prinsipidir. Yəni, söhbət məhz Qənirə Paşayevadan beş dənə olmasından yox, onun kimi xeyirxah əməllərlə məşğul olan beş nəfərin olmasından gedir. 125 millət vəkilindən biri olan Qənirə Paşayeva həqiqətən bir örnəkdir. Məsələn, sən yaxşı vətəndaş olmaq üçün çalışmalısan ki, digər vətəndaşlara yaxşı örnək ola biləsən. Dövlət məmuru da yaxşı məmur olmalıdır ki, digər bütün məmurlara yaxşı örnək olsun. Necə ki Qənirə Paşayeva yaxşı deputat olmaqla, əslində, öz işini düzgün icra etməklə, bir çox deputatlara örnəkdir.

Elə məmur demişkən, ötən günlərin birində Milli Məclisdə keçirilən iclasda məmurları sərt tənqid edən Qənirə Paşayeva onları öz işlərinə qarşı daha məsuliyyətli olmağa çağırdı. Deputat dedi ki, Milli Məclisdə bəzi məsələlərin ardıcıl qaldırılmasına səbəb məhz məmurların özləridir. Onlar məsuliyyətsiz davranır, məhkəmə qanunlarını icra etmirlər. Vətəndaş da bilmir neyləsin, gəlib seçdiyi deputata şikayət edir. Məmurun nə haqqı var ki, məhkəmə qərarını icra etməsin? Vətəndaş niyə çətin vəziyyətdə qalmalıdır?

Qənirə Paşayeva bu günə qədər istər Azərbaycan Respublikasının vətəndaşları, istərsə də xaricdə yaşayan soydaşlarımız, eyni zamanda çətin şərtlər altında yaşayan insanlar üçün bir çox xeyriyyə aksiyaları həyata keçirib. 2015-ci ildə Tovuzun ən böyük kəndlərindən olan, həm də özünün anadan olduğu Düz Qırıqlıda kənd sakinləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb. Həmin il öz kitabları ilə imza günü keçirən Qənirə Paşayeva, oxucuları ilə görüşüb, onların suallarını cavablandırıb. Satışdan əldə olunan bütün gəlir isə Ramazan bayramı ərəfəsində ehtiyacı olan ailələrə verilib. Sözləri özünə məxsus olan "Nədən həyat?" albomundan əldə olunan gəliri zorakılığa məruz qalmış qadınlar üçün sığınacaq mərkəzlərinə bağışlayıb. Bu il Tovuz rayonunun 105 saylı seçki dairəsi ərazisində yaşayan 200-dən çox ailəyə, şəhid ailələrinə, tənha yaşayan yaşlı şəxslərə və koronavirus pandemiyası ilə bağlı maddi vəziyyətləri ağırlaşan ailələrə koronavirus pandemiyasından qorunmaq üçün tibbi ləvazimatlar və yardım göndərib. Qənirə Paşayevanın xeyirxah əməlləri təkcə ölkə daxili ilə sərhədlənmir. Onun 2012-ci ildə uşaq həkimi qismində iki həftəlik Somalidə fəaliyyət göstərməsi, sakinlərə yardım etməsi indi də çox yerdə xatırlanır.

30 nəfərlik sinifdə dərs deyən bir müəllim üçün həmişə bir şagird daha əziz, daha sevimli olur. O şagirdin qiyməti də ən yüksək olmaqla birlikdə, digər yoldaşlarına da hər zaman örnək kimi göstərilir. Bu aspektdən fərz edəsi olsaq, bütün bu xeyirxah əməllərə, yaxşılıqlara, əsl örnək obrazını yarada bildiyinə görə hələlik tək olan Qənirə Paşayevaya "beş" düşür.

 





11.06.2021    çap et  çap et