525.Az

Virusa yoluxmuşların COVİD pasportu problemi - Sosial şəbəkədə yazılanlar


 

Virusa yoluxmuşların COVİD pasportu problemi - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Səadət Məmmədova, jurnalist:

- Bu məsələ məni (əslində hamını) çox düşündürür.

COVİD əleyhinə vaksin dövriyyəyə buraxılanda deyildi və hələ də deyilməkdədir ki, koronavirusa yoluxmuş şəxslərə 6 aydan sonra peyvənd vurulmalıdır.

İndi də COVİD pasportu zərurəti yaranıb. Bu pasport yalnız peyvənd vurduranlara və koronavirusa yoluxub TƏBİB-in sisteminə qeydiyyata düşənlərə verilir.

Yaxşı, axı çox adam virusa yoluxub, simptomsuz və ya yüngül keçirib. Qızdırması olmadığına və ya 38-dən aşağı olduğuna görə Təcili yardım və ya poliklinika ondan analiz götürməyib. Hamımız bilirik ki, Təcili yardım ancaq 38-dən yuxarı qızdırması olanlardan gəlib yaxma götürürdü. Əgər sən xəstəliyi yüngül və ya simptomsuz keçirirsənsə, virusa yoluxub-yoluxmadığını bilmək üçün mütləq özəl laboratoriyada pullu test verməlisən. Bunu da qiyməti 90 manatdan başlayır. Axı hamının bu testi vermək imkanı yoxdur. Pandemiya səbəbindən insanların da, dövlətlərin də maddi durumu zəifləyib. Kimlərinsə pullu test verə bilməməsi normal haldır. Və kimlərinsə xəstəliyi yüngül keçirdiyi, testə verməyə əlavə pulu olmadığı üçün TƏBİB sistemindən kənar qalması onun problemi hesab olunmamalıdır. TƏBİB və Səhiyyə Nazirliyi işini elə qurmalı idi ki, hamıdan test götürülsün, təkcə qızdırması 38-dən yuxarı olanlardan yox.

İndi belə vəziyyət yaranıb ki, immun analizi verib xəstəliyi keçirdiyini sübut edən sənəd təqdim edəndə həmin sistemə daxil etmirlər. Nəticədə pasportsuz qalırsan. İnsan 2 ay əvvəl yüngül formada xəstəlik keçirib, amma test götürülmədiyi üçün rəsmi orqanın sisteminə düşməyib, indi iş yeri ondan pasport tələb edir. Bu adam da xəstəliyi təzə keçirdiyinə görə vaksin vurdurmağa qorxur.

Dünən TƏBİB rəsmisi Vasif doktor dedi ki, immun analizi ilə pasport verilməyəcək. Bəs bu adamlar (onların sayı çoxdur) nə etməlidir? İşlərini itirməmək üçün vaksin vurdurmaq məcburiyyətindədirlər. Onlara 6 aydan tez vurulacaq vaksin problem yaradarsa, məsuliyyəti kim daşıyacaq?

Məncə, bu kateqoriyadan olan insanlarla bağlı hər hansı bir qərar qəbul edilməlidir.  

Fazil Mustafa, millət vəkili:

- Əslində, irəlidə belə proseslərin olacağını hər kəs nəzərə almalı idi. İlkin dövrdə ermənilər məcbur olub üç rayonumuzu boşaltdılar. Biz bu rayonlarda məskunlaşdırma prosesini çətin də olsa reallaşdırmalıyıq. Amma bizim imkanımız yoxdur ki, eyni vaxtda bütün əraziləri minalardan təmizləyək. Bu, vaxt aparacaq məsələdir. Ona görə də, bizim prosesə yanaşmamız o cəhətdən doğrudur ki, Rusiyanın özünün də müqaviləyə əməl etməsi istiqamətinə üstünlük veririk. Bu da doğru addımdır. Çünki Rusiya bu məsələ ilə bağlı ermənilərin adından təminat verib. Zəngəzur dəhlizi erməni məsələsi deyil. Bu dəhlizə Rusiya nəzarət etməlidir. Əgər bu dəhliz açılmasa, Rusiyanın missiyası tamamilə uğursuzluğa düçar olar və Azərbaycan Rusiya ilə münasibətlərinə yenidən baxılmasını gündəmə gətirə bilər. Çünki biz Rusiya sülhməramlılarına deməmişik ki, gəlib Laçın dəhlizində ermənilərin təhlükəsiz gediş-gəlişini komfort şəkildə təmin etsinlər. Laçın dəhlizi ilə paralel Zəngəzur dəhlizi məsələsini də qoymuşuq və buna əməl edilməməsi bölgədə üçtərəfli razılaşmadan irəli gələn prosesi dayandıra bilər. Rusiya da bunda maraqlı deyil.

Nəzərə alın ki, Rusiya problemi həll edə bilmədiyini ortaya qoysa, regiona digər ölkələrin müdaxilə imkanları genişlənəcək. Bu halda Fransa, ABŞ və digər ölkələr boy göstərəcək. Rusiya da istəmir ki, burada başqa bir tənzimləyici güc ortaya çıxsın. Odur ki, Rusiyanın bu məsələdə bizimlə üst-üstə düşən maraqları var. Bu maraqların daha çox Rusiya üzərindən təmin olunmasına çalışırıq. Fikrimcə, bu da doğru yanaşmadır. Çünki bizim İrəvanla birbaşa dialoqumuz yoxdur. Ermənistan cəmiyyətində özbaşınalıq, hakimiyyətsizlik hökm sürür. Bu mərhələdə orada kiminsə öz üzərinə məsuliyyət götürməsi çətin məsələdir. Seçkilərdən sonrakı dövrdə Ermənistanda kimsə üzərinə məsuliyyət götürməli və müqavilə şərtlərini həyata keçirməlidir. İndiki erməni iqtidarı üçtərəfli sazişi dövlətin adından imzalayıb. Əgər seçkidən sonrakı mərhələdə qəti addımlar atılmasa, Azərbaycan öz cəza tədbirlərini ortaya qoymalıdır. 

Mirsəməd Cəfərli, jurnalist:

- Son günlər Bakının yaşıllıq sahəsi olan restoranlarında, açıq havada maraqlı səhnə müşahidə etmək olur.

Bir-birinə yaxın qoyulmuş stolların hər birində beş-altı adam yerləşdiriblər, ümumi say olar yüz nəfər... ofisiantlar qulluq edir, hamıya eyni menyudur.

Bu, müasir toylardır. Toyların keçirilməsinə qoyulan qadağadan bu formada yan keçirlər.

Bəy, gəlin adi qaydada geyinib, ağ fata yoxdur, restoran rəhbərliyi də xahiş edir ki, camaat bir-biri ilə çox görüşməsin.

Əgər müəyyən qaydaları gözləyərək, tədbir keçirmək mümkündürsə, buna niyə icazə vermirlər?

Yeni ailənin təməli niyə belə gizlin formada qoyulmalıdır?

Niyə özümüzü aldadırıq axı?.. 

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Yusif Vəzirin "Studentlər" romanının Ukrayna dilində nəşrinə "Ön söz" yazmalıyam. Bu məqsədlə tələbə vaxtı oxuduğum əsəri yenidən gözdən keçirirəm.

İlk nəşr 1936-cı ildə çıxıb. Böyük terror ərəfəsində müəllif Mirzə Cəlil demişkən, qan iyi gələn məsələlərə toxunub.

Məsələn, aşağıdakı parçada olduğu kimi: Romanın qəhrəmanı Rüstəm bəy deyir: "Yadımdadır, Ağabəy Şuşaya gəlmişdi. Orada "Difai" komitəsi təşkil etmək istədi. Tacirlər əvvəl etiraz elədilər. Bir axşam camaatı Gövhər ağa məscidinə topladı. Birinci erməni-türk vuruşmasından bir az keçmişdi. Vəziyyət olduqca gərgin idi. Ermənilər şəhərdən altmış araba arvad-uşaq toplayıb başqa şəhərlərə göndərmişdilər. Yeni vuruşmağa hazırlaşdıqları duyulurdu. Doğrudan da bir müddət sonra şiddətli vuruşma oldu. Belə həyəcanlı bir zamanda Ağabəyin şəhərə gəlməsi kimi fərəhə, kimi qayğıya salmışdı. Ağabəy məsciddə uzun bir nitq söylədi. Şuşanın Zaqafqaziya türkləri üçün böyük əhəmiyyətinin olduğunu anlatdı. Dedi ki, "Şuşa bir qaladır, bura əldən getsə, çoluq-cocuğumuzu götürüb Arazı o taya keçməkdən başqa bir çarəmiz qalmır". Sonra "Difai" məsələsini açdı və gizli bir təşkilat yaradacağını söylədi. Tacirlər əl-ayağa düşdülər. Terror gücü ilə pul tələb ediləcəyindən qorxub razılıq vermədilər. Ağabəy əsəbi bir adamdır. Küsüb getdi. Sabah tezdən camaat tökülüşüb qapısına gəlmişdi. On mindən artıq adam vardı. "Bizi hara qoyub gedirsən?" - deyə bağırışırdılar. Nəhayət, Ağabəy komitə təşkil etməmiş getməyəcəyini bildirib camaatı sakit elədi".

Burada haqqında söz açılan Ağabəy heç şübhəsiz, Əhməd Ağaoğludur. 

Asif Nərimanlı, jurnalist:

- Ankara və Moskva razılaşdı: Türkiyənin Qarabağla bağlı şərtləri nələrdir?

Lavrovun açıqlamalarından sonra Rusiya XİN məlumat yaydı: Ankara və Moskva Qarabağdakı vəziyyəti müzakirə edib, atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib və Cənubi Qafqazda kommunikasiyanın bərpası işlərinin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

Bayden-Ərdoğan görüşündən öncə belə bir məlumatın yayılması bölgəyə qayıtmaq üçün hərəkətə keçən ABŞ-a ünvanlanmış mesajdır:

- Moskva Qarabağda Minsk Qrupu formatının dirilməsini istəmir və atəşkəsi Türkiyə ilə birlikdə təmin edir: bu, Lavrovun "rus sülhməramlılarını tərifləməsi, Bakı və İrəvanın da razı olduğu" fikrinin davamıdır;

- Rusiya ABŞ-ın bölgədə kommunikasiyanın açılması prosesinə qoşulmasını istəmir və Vaşinqtonun istədiyi Zəngəzur dəhlizini Türkiyə ilə birlikdə həyata keçirəcək;

Türkiyə Rusiya-ABŞ seçimində birinci ilə anlaşırsa, bu, Moskvanın Ankaranın şərtlərini də qəbul etdiyi ehtimalını gücləndirir.

Ortaq razılaşma kommunikasiyanın bərpasının davam etdirilməsidir: Ankara və Moskva bölgəni Vaşinqtona verməyəcək;

Məsləhətləşmələr Qarabağla bağlıdır və burada Ankaranın istəklərinin nə ola biləcəyi sualı önə çıxır:

Birincisi, Qarabağda üçtərəfli razılaşmanın 4-cü bəndi - erməni qoşunların çıxarılması icra edilməlidir: Ermənistanda seçkidən sonra bu prosesin yekunlaşacağı istisna deyil;

İkincisi, Türkiyə sülhməramlı missiyasında patrul xidmətini həyata keçirmək istəyir: ikitərəfli məsləhətləşmələrdə Monitorinq Mərkəzinin fəaliyyətinin də müzakirə edilməsi bu versiyanı gücləndirən detaldır;

- Monitorinq Mərkəzinin yaradılması ərəfəsində aparılan danışıqlarda Türkiyə bu məsələni masaya gətirmişdi, lakin ruslar Qarabağdakı ermənilərin istəməyəcini əsas gətirərək, razılaşmadı. Ankara məsələni müvəqqəti arxa plana keçirmişdi. İndi Moskva Qərbin Qarabağda üçtərəfli razılaşmaları təftiş etdiyi vaxt Ankaranın bu şərtini qəbul edə bilər; bu, Qərbin Moskvanın qarantı olduğu üçtərəfli razılaşmanı pozmaq istəyinə qarşı Ankara ilə birlikdə hərəkət etmək baxımından ruslara lazımdır;

- Erməni qoşunları çıxırsa və Türkiyə sülhməramlı kontingentin tərkibində ruslarla eyni sayda təmsil olunursa, bu, azərbaycanlıların sülhməramlıların nəzarətindəki bölgəyə qayıdışına da şərait yarada bilər. Bu ilin yanvarında Ərdoğan Putinlə telefon söhbətində "Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır" sözləri də Türkiyənin istəyinin bu olduğunu göstərir;

Üçüncüsü, sərhədlərin müəyyənləşməsi məsələsində "beynəlxalq müşahidəçi" təklifi reallaşarsa (istisna deyil), bu, Minsk qrupu formatında olmayacaq və müşahidəçilər arasında Türkiyə də olacaq;

Regionda yaranmış şərtlər Bakı-Ankara cütlüyünün əlini daha da gücləndirir və Ərdoğanla Əliyevin bu fürsətləri qaçırmayacağı gözləniləndir.

Günel Mövlud, yazıçı:

- Bu gün Norveçdə yaşayandan bəri ilk dəfə unnuca, qırxbuğum, cincilim, əvəlik və gicitkəni eyni vaxtda tapıb, toplaya bildim. Amma pərpətöyün yoxdu. Pərpətöyün bitməyən bir yer, kədərlidir, faciəvidir, depressivdir. Pərpətöyün olmalıdı insan həyatında. Bir qarabağlı olaraq, pərpətöyünsüz yaşamaq mənə ağırdır.

Bizim mətbəximizin məzəsi, ana yeməyi, qutabı, qovurması, turşusu, sarımsaqlaması - hər şeyi pərpətöyün üstündə qurulub, bu nə dərddir axı...

P.S. Torpladığım göyərti ilə 5 saat əlləşəndən sonra bir yekə ləyən doğranmış göy çıxdı. Qarabağlılar demiş, bir toyun göyü. Əlli dənə qutabı kim yeyəcək indi.

 





11.06.2021    çap et  çap et