İki ilə yaxındır COVID-19 pandemiyası ilə üz-üzəyik. Bu səbəbdən ötən il insanlar demək olar ki, istirahətə gedə bilmədilər. Bu il vaksinasiyanın başlaması, həmçinin insanların gigiyenik qaydalara yüksək səviyyədə riayət etməsi nəticəsində yoluxma sayı hər ötən gün azalmaqdadır. Sevindirici haldır ki, artıq ölkəmizdə daxili turizm turları təşkil olunmağa başlayıb. İstirahət üçün rayonlarımıza üz tutan insanların öz sağlamlıqları üçün bir çox məqamda diqqətli olmaları vacibdir.
Mövzu ilə bağlı 525.az-a danışan ailə həkimi pediatr Aygün Cəfərli bildirib ki, pandemiyaya qalib gəlmək, normal həyata dönmək üçün birinci növbədə hər bir vətəndaş vaksinasiya prossesində iştirak etməlidir.
Bununla bərabər, istirahətə yollanan vətəndaşlarımız bəzi məsələlərdə diqqətli olmalıdırlar:
"İlkin tibbi yardım çantasının olması vacibdir. Təzyiq, diabet xəstəsi, yaxud müəyyən onkoloji problemləri olan insanlar da səyahət zamanı tibbi vəziyyətlərini nəzərə alaraq özləri ilə lazımi preparatları götürməlidirlər. Bu yardım çantasında termometr, dezinfeksiyaedici məhlul, yod olmalıdır. Perekis məhlulu, bint, pambıq, yara bandı da vacibdir. Səyahət zamanı yanınızda yaşlı insanlar varsa, təzyiq ölçmə aparatı mütləqdir. Eyni zamanda hipotenzif və hipoqlikemik dərman preparatlarının ehtiyatda saxlanılması lazımdır.
Rayonlarda istirahət zamanı böyük təhlükə yarada biləcək məsələlərdən biri həşəratlardır. Xatırladım ki, bəzi rayonlarımız endemik zonalardır. Bu səbəbdən həmin rayonlarda olan həşəratlar malyariya və digər xəstəliklərin daşıyıcısı ola bilər. Ona görə də istirahət üçün rayonlara üz tutan vətəndaşlar ilk növbədə bilməlidirlər ki, həmin ərazilər həşərat, hətta ilanlarla zəngindir. Onlara qarşı yanımızda müəyyən qoruyucu vasitələri daşımağımız məsləhətdir. Xüsusilə də tur təşkil edən insanların səyyahətlər zamanı yanlarında tibb nümayəndəsinin olması daha məsləhətlidir. Həşərat dişləməsi, ilan sancması, hər hansı vəhşi heyvanın hücumuna məruz qaldıqda, yaxud başqa səbəblərdən turistlərin halı pisləşdikdə ilkin tibbi yardım göstərilməlidir".

Pediatr vurğulayıb ki, yay aylarında ən çox müşahidə olunan hadisələrdən biri ilan sancmalarıdır:
"İlanlar, xüsusən də onların gürzə növlərində yay ayalarında fəallaşmağa başlayır. İnsanlar düşərgə, kamp və dağ gəzintiləri zamanı çox diqqətli olmalıdırlar. İlan sancmasına mütləq müdaxilə etmək lazımdır. İlan zəhəri orqanizmin müqavimətinə və zəhərin miqdarına görə təsir göstərir. Sancma zamanı zəhər birbaşa mərkəzi sinir sisteminə, qan damar sisteminə təsir göstərir. Əgər ilan şah damara yaxın bir nahiyədən sancıbsa, ölüm təhlükəsi daha çoxdur. Həmin nahiyəyə müdaxilə etmək lazımdır. Əgər müdaxilə etməsək, 1-36 saat ərzində şiş, ağrı əmələ gələr, təcili müdaxilə olunmazsa nekroz toxuması yaranar və ölümlə nəticələnər. Belə hallarda insanda ürəkbulanma, qusma, tərləmə olur, insan huşunu itirə, bəzi hallarda ağrıdan şoka düşə bilər. Hətta burun qanaxmasına, görmə pozuntusuna qədər gətirib çıxarır. İlan sancması baş verdiyi halda, yaxud həşəratların hücumuna məruz qaldıqda ilk növbədə zərər çəkən hissəyə duzlu, yaxud natrium hidrokarbonatlı suda sıxılmış tənzifi tampon şəklində qoymaq lazımdır. Bu üsulla müəyyən qədər zəhəri, toksitləri bədəndən atmaq mümkündür. Həmin bölgəyə antibiotik məlhəm çəkilsin ki, ilanın zəhəri oradan yığılsın. Bu hallarda xəstəni beli üstə uzatmaq, sancılan yerin təxminən 5 sm yuxarısından, yaxud da aşağıdan tərəfindən boğucu sarğı bağlamaq və dərhal həkimə çatdırmaq lazımdır. İnsanı ilan sancıbsa, ona isti içkilər, qəhvə verilməsi məsləhət görülmür. Bu kimi maddələr qan dövranını sürətləndirir. Əgər qan dövranı sürətlənərsə, zəhər digər orqanlara daha tez yayıla bilər. Buna görə sancma zamanı spirtli içkilər, qəhvə və isti içkiləri qəbul etmək olmaz".Həkim onu da əlavə edib ki, maqnit qasırğalarına həssas olan meteohəssas insanlar da tətilə gedərkən diqqətli olmalıdırlar. Bu insanların bir gün əvvəldən hava proqnozu haqqında məlumat alması, maqnit qasırğalarının olduğu günlərdə səyahətlərini təxirə salmaları məsləhətdir:
"İsti yay günləridə insanların saat 06:00-11:00 və 17:00-18:00 aralığında açıq hava altında olması günəş şüalarının qəbulu baxımından ən uyğun vaxtdır. Uşaqlar üçün dəniz kənarında keçiriləcək ən doğru vaxt aralığı isə 09:00-11:00 arasıdır. Bu saatlar günəşin ultrabənövşəyi şüalarının təsiri ilə bədənin D vitamini baxımından təmin olunması üçün ən əlverişli zaman aralığıdır. Saat 11:00- 17:00 aralığında isə günəş şüalarına məruz qalmaq məsləhət deyil. Bu saatlarda açıq havada olduqda günvurmadan qorunmaq üçün bəzi tədbirlər görməliyik. Çünki bu zaman aralığında günəş şüaları insan sağlamlığına zərər verəcək qədər güclü ola bilər. Günvurma baş verərsə, adamı tam sərin və kölgəlik bir əraziyə çəkmək lazımdır. Bir qədər maye içirdib, üz-gözünə su vurmaq, nəm dəsmallarla silmək, əynindəki paltarlar qalındırsa bir qədər naziltmək, bədəninə sərin hava dəyməsini təmin etmək lazımdır. Daha ciddi vəziyyətlərdə isə yaxın ərazilərdəki xəstəxanalardan birinə çatdırmaq məsləhətdir.
Əlavə olaraq qeyd edim ki, yaşlılar və uşaqlarla istirahətə yollanan zaman da bəzi məqamlara diqqət etmək lazımdır. Xüsusilə uşaqlı ailələr uşağın sağlamlığının yerində olmasına, kəskin respirator infeksiyaların olmadığına diqqət yetirilməlidir. Maşınla, avtobusla səyahət zamanı uşaqlarda ürəkbulanma-qusma halları da müşahidə oluna bilər. Bu halların qarşısını almaq üçün birinci növbədə səhər yeməyi zamanı şirniyyatdan imtina etmək məsləhətdir. Səyahətə çıxmazdan əvvəl uşağın düzgün qidalanmasına diqqət etmək, sağlam qidalar vermək lazımdır. Yaxşı olar ki, yol boyu müəyyən qədər maye qəbul edilsin, yolu yarıladıqdan sonra isə yemək yeyilsin. Qusma, ürəkbulanma, yaxud da diareya baş veribsə, mütləq bu prosseslərin də qarşısını almaq üçün müəyyən dərman preparatlarının olması yaxşı olardı. Bunlardan qusma əleyhinə serolin, bəzi hallarda diareya əleyhinə müxtəlif prebiotiklərdən ibarət simbiotiklərin istifadə edilməsi yaxşı olardı. İsti havalarda səyyahət zamanı qida zəhərlənmələri və mədə-bağırsaq problemlərinin baş verməməsi üçün paketlənmiş qidalardan imtina etmək, daha çox ağartı məhsullarından istifadə etmək, sağlam qidalanmaq məsləhətdir".
Son olaraq pediatr əlavə edib ki, yay aylarında uşalar daha çox açıq havada olur, uzun müddət günəş şüalarının təsirinə məruz qalırlar. Uzun müddət birbaşa günəş şüalarının təsirinə məruz qaldıqda onlarda dəri yanıqları, qırışlar, hətta dəri xərçəngi yarana bilər:
"Uşaqların dərisi böyüklərə nəzərən çox həssas və yumuşaqdır. Onlar birbaşa günəş şüalarına qarşı daha həssas olurlar. Eyni zamanda uşaqları günəş şüalarından qorumaq üçün tərkibində SPF (Sun Protection Factor) olan, günəşin zərərli şüalarında qoruyan kremlərdən istifadə edilməlidir. Bu kremləri günəşə çıxmazdan yarım saat əvvəl bədənə çəkmək lazımdır. Kremin tərkibində "paraben" maddəsinin olmamasına, parfümsüz və spirtsiz olmasına diqqət edilməlidir. Yay aylarında tərkibi minerallarla zəngin olan kremlərə üstünlük vermək məsləhətdir. Bu kremləri iki saatdan bir yeniləmək, dənizdən çıxarkən yenidən sürtmək lazımdır. Günəş şüalarının bizim üçün daha təhlükəsiz olduğu vaxtlarda açıq havada olmaq, bol günəş enerjisi qəbul etmək məsləhətdir. Bundan başqa, xüsusilə Eldar şamları olan meşəlik ərazilərdə gəzintiyə çıxmaq tənəffüs sistemi üçün olduqca faydalıdır.
Natəvan Abdulla
çap et