525.Az

"Gələcək irəlidədir!" - Şahin Rəhmanlı ilə müsahibə


 

"İRƏLİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ ŞAHİN RƏHMANLI: "GƏNCLƏRİN BİZDƏN GÖZLƏDİKLƏRİNİN MƏSULİYYƏTİNİ KOMANDA OLARAQ ÇİYNİMİZDƏ HİSS EDİRİK"

"Gələcək irəlidədir!" - <b style="color:red">Şahin Rəhmanlı ilə müsahibə </b>

Gəncliyin inkişafı sağlam gələcəyin əsas şərtidir. Uzun illərdir ki, bu missiyanı yerinə yetirən təşkilatlardan biri də "İrəli" İctimai Birliyidir.

"İrəli" gəncləri arasında kifayət qədər uğurlu simalar var. Onlardan biri də hazırda "İrəli"yə rəhbərlik edən Şahin Rəhmanlıdır.

Şahin Rəhmanlı həm də II Qarabağ savaşının iştirakçısıdır. Ali Baş Komandan İlham Əliyev tərəfindən Cəbrayılın və Füzulinin azad edilməsinə görə medallarla təltif olunub.

***

- Şahin müəllim, mümkünsə, "İrəli"nin fəaliyyət yoluna qısa ekskursiya edib onunla bağlı yaddaşımızı təzələyək...

- "İrəli" İctimai Birliyi 2005-ci ildə gənclər hərəkatı kimi fəaliyyətə başlayıb və adından göründüyü kimi "İlhamla irəli!" şüarı kontekstində cənab Prezidenti dəstəkləmək prinsipi ilə yaradılıb. 2009-cu ilin fevral ayından Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış ictimai birlik kimi fəaliyyətini davam etdirib. Bu illər ərzində "İrəli" həm vətənpərvərliyin aşılanması, həm də gənclərin maarifləndirilməsi istiqamətində minlərlə əhəmiyyətli layihə həyata keçirib.

- Gənclərin "İrəli"yə cəlb edilməsində əsas prioritet nədir?

- "İrəli"yə 14-29 yaş aralığında gənclər müraciət edə bilərlər. Bu yaş kateqoriyasının tənzimlənməsi Azərbaycan qanunvericiliyinə əsaslanır. Təşkilatın nizamnaməsində qeyd olunduğu kimi, əsas prioritet gənclərə hərbi vətənpərvərliyin təbliğidir. Xüsusən, gənclər layihələrə seçiləndə bütün bu detallar nəzərə alınır. İstənilən halda, əsas məsələ gənclərin iştirakı və aktivləşdirilməsidir. Bunun üçün onların qarşısına xüsusi şərt qoymamışıq. Ofisimizin şəraiti fiziki məhdudiyyətli şəxslərin iştirakına imkan vermir, bu baxımdan inkluzivliyi bəzən qoruya bilmirik. Amma onlayn tədbirlərdə onların da iştirakına şərait yaradırıq. Yaxud, layihələrimiz uyğun yerlərdə həyata keçiriləndə həmin gənclərin də iştirakını təmin etməyə çalışırıq. Biz istəyirik ki, hər kəs "İrəli"dən xəbərdar olsun və "İrəli"nin fəaliyyətinə qoşulsun. Ola bilər ki, kimsə hərbi vətənpərvərliklə bağlı layihələrə daha çox maraqlıdır və ya mümkündür ki, kimsə şəxsi inkişafla bağlı məsələlərə daha önəm verir.

- İstər ölkə daxilində, istərsə də xaricdə "İrəli" gəncləri arasında yetərincə müvəffəqiyyətlər qazananlar var. Bir gəncin inkişafını hansı meyarlar şərtləndirir? Yəni yaradılan şəraitdən əlavə nələr mütləqdir?

- "İrəli" və ya digər təşkilatlar tək başına istənilən nəticəni verə bilməz. Bunun üçün dövlət dəstəyi önəmlidir. Bu baxımdan Azərbaycan dövlət gənclər siyasəti üzrə illərdir müxtəlif proqramlarlar həyata keçirilir. Ən sonuncusu 2015-2021-ci illəri əhatə edən dövlət proqramı idi. Bu proqram isə, gənclərin hərtərəfli inkişafı ilə bağlıdır. İstər xaricdə beynəlxalq rəqabətə davamlı gəncliyin yetişməsi, istər yerli fəaliyyətdə ixtisaslaşmada xüsusi proqramlar irəli sürülür. Gənclərin təhsil və məşğulluq məsələləri üzrə müəyyən addımlar atılıb. Bu proqramların hamısı ona xidmət edir ki, Azərbaycan gənci daha çevik, dinamik, hərəkətli, dövrün çağırışlarına cavab verəcək gücdə olsun. Bunun üçün müxtəlif dövlət qurumları tərəfindən təşkilatlara böyük dəstək var, o cümlədən, "İrəli"yə. "İrəli" ilk növbədə mövcud imkanlarla bağlı - dövlət gənclər siyasətinin proqramları, nazirliklər və fondlarda olan avantajlar və nəhayət, "İrəli"nin öz imkanları ilə gəncləri məlumatlandırır. Bu barədə "İrəli"ni kifayət qədər uğurlu saymaq olar. Bizim layihələrin bir çoxu ilə tanışsınız. Məsələn, "İrəli radio" var, gəncləri aparıcılıq istiqamətində təkmilləşdirir, istedadlıları üzə çıxarmağa çalışır. "Azərbaycanın İntellektual Birİncisi" layihəmiz var ki, məhz ölkədə intellektual bazanın formalaşması naminə kifayət qədər işlər görür. "Marş irəli" layihəmizdə vətənpərvərlik maksimum dərəcədə təbliğ olunur. Bizim "Marş irəli" layihəmizdən Vətən müharibəsində iştirak edən üzvlərimiz var idi. Gənclərin rəqəmsal bacarıqlarının, daha yaxşı təhsil alma cəhdlərinin artırılması, ixtisasları üzrə təcrübə toplaması ilə bağlı layihələr həyata keçiririk. Elə bu günlərdə gənclərlə iş ixtisası üzrə təhsil alan magistrantlar "İrəli"yə təcrübəyə gəlirlər. Bu, Gənclər Fondunun təşəbbüsüdür. Yəni "İrəli" bu baxımdan gənclərə kifayət qədər imkan yaradır. Lakin hamımız bilirik ki, iş bununla bitmir. Gərək ki, gənclərin özündə də hansısa bacarıqlar cəmləşsin. Bunun ən vacibi inam, istək və iradənin olmasıdır. Bu üç amil bir şəxsdə birləşərsə, onun üçün aşılmayan sədd yoxdur. Gənclər birinci nəyi istədiyini dəqiqləşdirməli, ona inanmalıdır. İradə olmalıdır ki, bu istəklər üzrə yola çıxsa, yarıdan geri dönməsin. Dayanmadan oxumaq lazımdır. Hamı bilir ki, bu, ən vacib amildir. Amma eyni zamanda, təcrübə keçmək lazımdır. Təkcə "İrəli" deyil, bu üzrə müxtəlif hökumət və qeyri-hökumət təşkilatları var. Hər cür faydalanmaq lazımdır. Qalan hər bir şeyi öyrənmək mümkündür.

- Haqqında danışdığımız uğurlu "İrəli" gənclərindən biri də elə Sizsiniz və bu gün İctimai Birliyə rəhbərlik edirsiniz. Çiyinlərinizdə nə kimi məsuliyyətlər hiss edirsiniz və gələcək planlarınız nələrdir?

 - Bu, həqiqətən, böyük məsuliyyətdir. "İrəli" çoxminlik üzvə malik olan böyük təşkilatdır, ictimai birlik olaraq 12 ildən çox tarixi var. Bu müddət ərzində bir çox qurum və təşkilatlarla əməkdaşlıq edib, minlərlə gəncin inkişafında birbaşa rol oynayıb. O gənclər bizi izləyir və onların arzu-istəklərinin, "İrəli"dən gözlədiklərinin məsuliyyətini komanda olaraq çiynimizdə hiss edirik. Çalışırıq ki, üzərimizə düşənin daha artığını edək. "İrəli" bir dəyərdir. İstəyirik ki, "İrəli" hər ötən gün daha da genişlənsin, inkişaf etsin. Bizim bir şüarımız var: "Gələcək İrəlidədir!" O baxımdan, hər bir kəs gələcəyin "İrəli"də olduğunu bilsin, buna inansın və əlindən gələni etsin. Arzu edirəm ki, bütün gənclər "İrəli"ni özünə doğma bilsinlər və "İrəli" vasitəsilə Azərbaycanın inkişafı üçün əllərindən gələni etsinlər.

- Şahin müəllim, II Qarabağ savaşının iştirakçısı olmusunuz, Vətən uğrunda döyüşmüsünüz. Döyüş yolunuza qısa bir xronoloji nəzər salsaq, nələri önə çəkərdiniz?

- "İrəli" həmişə çalışıb ki, gənclər vətənpərvər ruhda yetişsin. Bunu təbliğ edən bir adam kimi mənim arxada qalmağım doğru olmazdı. Ümumiyyətlə, bu amil olmasa belə, özümü vətənpərvər hiss edirəm. Müəllim ailəsində böyümüşəm, ailədə həmişə bu hisslər aşılanıb. Torpaqlarımızın azadlığı məsələsi mənim üçün çox ağrılı idi. Mən hətta Tovuz döyüşlərindən əvvəl səfərbərlik xidmətində könüllü kimi qeydiyyatdan keçmişdim. Əks-hücum əməliyyatları başlayanda məni də çağırdılar. Əlbəttə ki, tərəddüd etmədən getdim.  Mən Əfqanıstan İslam Respublikasında sülhməramlı qüvvələr taborunda hərbi xidmət etmişəm. Orada baş atıcı idim. Amma Vətən müharibəsində artilleriyada oldum, "M-46" toplarında xidmətə başladım. Kifayət qədər ağır döyüşlər oldu. Füzuli cəbhəsindən döyüşlərə başladıq. Onda bizim ordumuzun gücü bir daha mənə məlum oldu. İndiyə qədər deyilirdi ki, ordumuz günü gündən inkişaf edir. Bu, döyüşlər zamanı öz əksini tapdı. Onların səddini qırmaq üçün güclü ordu və ağıllı idarəetmə mütləq idi. Çünki normalda o səddi aşmaq çox çətin idi, hələ də mənim özümə qəribə gəlir. Əks-hücum tədbirlərinin başladığı ilk 15 gün çox çətin oldu. Hər şeylə təmin olunmuşduq, amma yatmağa, dincəlməyə vaxt yox idi. Bunlar müharibənin mənfi tərəfləridir. Amma əsgərlərdə onu gördüm ki, bir an da tərəddüd eləmirdilər, hamısı qabağa getmək istəyirdi. Komandirlər soruşurdular ki, kimin nə problemi var. Heç kim problem dilə gətirmirdi. Hamı bir sual verirdi: Nə vaxt qabağa gedirik? Bu, illərdir gedən təbliğatın nəticəsidir.  O torpaqlarda döyüşən uşaqların əksəriyyəti ömründə oraları görməyiblər. Amma özlərini elə aparırdılar ki, sanki doğulub boya-başa çatdıqları ərazi uğrunda döyüşürlər. Bu, həqiqətən qürurverici nüansdır. Biz Füzulidən Cəbrayıla, Cəbrayıldan Xocavəndə getdik. Sonuncu məskən saldığımız yer Böyük Tağlar kəndi idi. Həmçinin, Zəngilan, Qubadlı və Şuşa uğrunda döyüşlərdə də iştirak etdik.

- Döyüşlərdən hansı məqamları indi xüsusi həssaslıqla yada salırsınız?

- Düzünü desəm, müharibə mənə yuxu kimi gəlir. Necə başladı və necə bitdi - bunu sözlə izah etmək mümkün deyil. Əsas iki hadisə yadımdadır. Əsgərimizin şəhid olduğu an gözümün qabağından getmir. Günorta vaxtı idi, yemək gəlməliydi. Müharibənin ən qızğın dövrü... Oralar təpəlik yerlər idi, dayanmadan atırdılar. Yaxşı mövqelənmişdik. Adətən düşmən mərmisi atılanda bizdən arxaya, aralı məsafəyə düşürdü. Lakin hiss elədik ki, biri qarşıdakı batareyanın yanına düşdü. Bir də gördüm ki, komandir döyüş yoldaşımıza tərəf qaçır. Həmin an başa düşdük ki, əsgərimiz şəhid olub. Hələ bir-birimizi çox yaxşı tanımasaq da, döyüş yoldaşının şəhid olmasını görmək çox ağır idi. Şəhid olan əsgər ən çox atəş açan, ən çevik top komandiri idi. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin. Ondan sonra uşaqlarda mübarizə əzmi bir az da gücləndi... Növbəti hadisə isə ən xoş anlarımdan biri idi. Bizə irəli getmək üçün səfər əmri verildi. Başçı olduğum avtomobildə hər üç əsgər könüllülərdən idi. Təsəvvür edin, işğaldan azad olunmuş torpaqlara ilk girişimizdir və sən illərdir ki, bu anın həsrətindəsən. Sözlə ifadəsi mümkün olmayan vəziyyətlərdəndir. Oraları görmək, orda olmaq çox möhtəşəm yaşantılar idi...

Nadir YALÇIN

 





12.06.2021    çap et  çap et