525.Az

“Nizami Gəncəvinin hikmət xəzinəsi” mövzusunda konfrans - Foto


 

“Nizami Gəncəvinin hikmət xəzinəsi” mövzusunda konfrans - <b style="color:red">Foto</b>

Qusar rayon İcra Hakimiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Qusar rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvinin hikmət xəzinəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

525.az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açılış nitqi söyləyib. Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsindən sonra həm akademiyada, həm də Ədəbiyyat İnstitunda həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib. Qusar rayon İcra Hakimiyyəti ilə birgə gerçəkləşən konfransı Ədəbiyyat İnstitunun bu mövzuda bölgələrlə birinci işi olduğunu qeyd edib.

Akademik çıxışında bildirib ki, sovet dövründə Nizami Gəncəvi kominizm ideallarına uyğun təbliğ edilib. İndi Nizami Gəncəvini müstəqil Azərbaycan idealları işığında öyrənməli və təbliğ etməliyik. Nizaminin əsərlərində Azərbaycan coğrafiyasının, xüsusilə Dərbəndin, Kəpəz dağının, Bərdənin, Gəncənin, Mağaranın, Təbrizin və başqa yerlərin adının çəkildiyini vurğulayıb. Əlavə edib ki, “Nizami azərbaycanca düşünüb farsa yazıb. Onun işlətdiyi zərb-məsəllər, atalar sözləri, frazeoloji birləşmələr və s. azərbaycanlı təfəkkürünü ifadə edir. Azərbaycan xalqı Nizaminin timsalında dünyaya qüdrətli sənətkar verib. Makedoniyalı İsgəndər qılıncı ilə nə qədər fəht etmişdirsə, Nizami Gəncəvi də qələmi ilə o qədər fəht edib. Əsərlərində bəşərilik ilə yanaşı, vətənpərvərlik ruhunun olması böyük xəzinədir. O saray şairi olmasa da, Azərbaycan Atabəylər dövlətinin ideoloqu olub. Şirvanşahlar ilə də yaxşı əlaqələr qurub. Nizami “Şahnamə” ənənəsini sındırıb, şahın insanlarla münasibətindən, hökmdarların daxili dünyasından yazıb. O, ədəbiyyatı salnaməçilikdən xilas edib. Nizami hökmdarı yox, eşqi dünyanın fatehi hesab edir”.

Sonra Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova çıxış edərək həm Nəsimi ili, həm də Nizami ili ilə bağlı olaraq şöbələrində görülmüş işlər barəsində məlumat verib.

Qeyd edək ki, Ədəbiyyat İnstitutunun bir sıra alimləri konfransa Qusarda qatılıblar. Onlar konfransın mövzusu ilə bağlı məruzələrlə çıxış ediblər.

 





12.06.2021    çap et  çap et