525.Az

"Qozbelin son duası": təsirli, düşündürücü hekayə


 

"Qozbelin son duası": <b style="color:red">təsirli, düşündürücü hekayə</b>

Sayın oxucular! Müzakirəmizin bu dəfəki predmeti gənc nasir Bahəddin Salmanın "Qozbelin son duası" hekayəsidir.

Bahəddin öz yazı tərzi və mövzularına, olayların məkanı və qəhrəmanlarına görə fərqlidir. Onun dünyası kədərlidir. Amma bu kədərli dünyanın işıqlı qəhrəmanı da var - mərhəmət.

Gənc yazıçının qəribə, sirli, bir az da qotik dünyasında baş verən olaylardan biri - Qozbelin həyatı və ölümü bağlı hekayə haqda müzakirəni sizə təqdim edirik.

Layihənin ideya müəllifi və moderatoru Əsəd Cahangir    

Müşfiq Şükürlü: Mənə elə gəlir, Bahəddin Salman bu hekayəsi ilə yazı üslubunu formalaşdırır. Klassik əsərlərdə gördüyümüz təfərrüatlı təsvirlər diqqət çəkir. Yalnız iki məqamı vurğulamaq lazımdır. Bahəddində təsvirlər süni alınmır. Bunu bir hekayəçi necə etməlidirsə, o cür edir - hekayənin ayrılmaz hissəsi kimi. İkinci məqam odur ki, yazıçı psixoloji dərinliyə enməyə çalışır. Mən bu psixoloji dərinliyi hansısa obrazın sırf daxili aləminin açılması yox, hekayənin bədii aurası və yazıçının bədii təfəkküründə gördüm. Hekayə sirli məcraya meyillidir. Sanki nəsə fantastik, ya da qaranlıq hadisələr baş verəcək. Amma yazıçı son ana qədər realizmə sadiq qalır.

Almaz Bəyazid: Çox bəyəndim. Müəllifin özünü gördüm. Hadisələrin içində gördüm özümü. Dili çox gözəldir, hekayə isə mənalı. Qozbel obrazı insan psixologiyasını, Allaha sığınmış bəndənin həyat tərzini bizə çatdırır. Mövzudan kənar olsa da, Qozbelin ölüm səhnəsini oxuduqca bir həyəcan keçirdim, həmin an qızım zəng etdi ki, ana, indicə gənc qohumumuz rəhmətə getdi və 10 yaşlı oğlu yetim qaldı...

Sara İbrahim: Əsəd müəllim, Bahəddin Salmanı sayənizdə tanıdım. Belə istedadlı yazıçıları bizimlə tanış elədiyinizə görə Sizə təşəkkür edirəm. Bu hekayəni ən yaxşı hekayələr siyahınızda gördükdən sonra, tapıb oxumuşdum və oxumağa başladığım andan da hiss etmişdim ki, hər gün oxuduğum hekayələrdən fərqlidir. Qozbelin Allahla danışması, duaları təsirlidir. Boynuna qoyduğu yükə baxmayaraq, o, öz Rəbbinə ölənə qədər sadiq qalır. Hekayə sirli, sonunu maraqla gözlədiyim film kimi gəldi mənə. Yazarın başqa hekayələrini də oxudum. Məncə, bu hekayə Bahəddin Salmanın ən möhtəşəm hekayəsidir.

Sənan İsmayılov: Mənə görə, hekayədə detallı təsvir var. Hekayə məni yormadı, asanlıqla sona qədər oxudum. Süjetin özünə gəldikdə isə burda qeyri-adi dinamika görmədim. Bununla belə, təsvirin özü hekayəni mənim üçün maraqlı elədi. Bir məqam sual doğurur: hüquqşünaslıqla məşğul olan şəxs təsvir edilən şəraitdə ev kirayə edərdimi?

Almaz Bəyazid: Bir vəkil qohumum var, arvadı musiqi məktəbində xadimə işləyirdi. Amma hardasa Sənan bəy haqlıdır. Bu məqam mənim də diqqətimi cəlb etdi. Bir məsələ də var ki, müəllif sırf insan psixologiyasını qabartmaq naminə bu gedişdən istifadə edib və hüquqşünas da maraqlı bir obrazdır.

Əsəd Cahangir: Maraqlı sualdır. Olsun ki, kasıbdır, başqa yol tapmayb. Həm də, axı, karyerasının əvvəlidir, hələ varlanmayıb.

Ramil Məmmədov: Çox gözəl hekayədir. Mən bu hekayəni bir neçə il əvvəl oxumuşdum. Bir daha təkrar oxudum və yenə zövq aldım. Bahəddinin ən xoşladığım hekayələrindən biri də "Onun Tanrısı buradaymış" hekayəsidir. Müzakirəyə qoyulan bu hekayədə isə ən xoşuma gələn tərəf mətndə qəribə bir sehrin olmasıdır.

Murad Rafiqoğlu: Belə maraqlı müzakirəyə anidən rast gəldiyim üçün sevindim. Növbəti müzakirələrdə də iştirak etmək istərdim. Hekayə birnəfəsə, rahatlıqla oxunur. Onun dili, hadisələrin müəllif tərəfindən ardıcıllıqla ələ alınması, psixoloji çalarlar, obrazların davranışları və bir çox nüanslar hamısı tam dəqiqliklə, yerli-yerində təsvir olunub və maraqlıdır. Mətnin qəribə aurası var. Bəzən qorxuya, bəzən səksəkəyə qapıldım. Nə yalan deyim, elə bil, Avropa ədəbiyyatından hekayə oxudum. Hekayənin sonluğu məni çox kədərləndirdi. Ən dolaşıq psixoloji momentlərdə müəllifin öz fikirlərində azacağını düşünürsən, amma düşündüyün kimi olmur. Əhsən! Bahəddin gözəl yazır.

Həcər Paşayeva: İlk qələm təcrübəsinə yox, oturuşmuş, təcrübəli qələmin "məhsul"una bənzəyir. Qozbeləcən detalların təsviri rahat, oxunaqlı, maraqlıdır. Tam fərqli yaşı, mövqeyi, dünyagörüşü olan insanları bir otağa yığmaqla müəllif gənc qəhrəmana kəskin və unudulmaz həyat dərsi keçir. Qozbel hər gecə Tanrıya hesabat verir. Ürəkdən şükranlıqlarını bildirir. Vəkil olmaq istəyən gənc mühakimə olunanları müdafiə etməlidir. O, özü üçün nəticə çıxarmalıdır - bu qədər incidilmiş, çətin yaşayan şikəst biri Tanrıya bu qədər sadiqdirsə, o da ədalətə bir o qədər sadiq qalmalıdır. O, Qozbel haqda düşünməyə, onun həyatını yaxşılaşdırmaq üçün iş tapmağa çalışır.

Qozbelin ölümü maraqlı bir detalı açır - onun adını heç kim bilmir. Son mənzilə gedən birinin adının ilk dəfə öyrənilməsi də həyatın acı həqiqətini əks etdirir. Sənə yazılan tale adını ucaltmırsa, heç o ad sənə gərək olmur. "Qozbel" - vəssalam! Qozbelin ölümündən sonra vəkil evi tərk edir. Tanrı ona demək istədiyini demişdi artıq.

Murad Süleyman: Tanrı özünə yaxın bir adamı niyə bu qədər cəzalandırsın ki? Qozbel, Tüfeyli, Xəstə, Günsüz və Güzaransız, Sonlu və ya Sonsuz... Hamısı bu bədbəxt obrazda var. Bəs bunun məlun olması nədən, bəs duaları hara getdi?

Almaz Bəyazid: Əsrlərdir Yaradanla bəndələri arasında bu sual dolaşır. Allahım, niyə belə etdin? Bu sualın cavabı hələ ki, fərziyyədir. Bunun sirri açılmayıb. Müəllifi də elə bu düşündürür.

Murad Süleyman: Hekayə məni bir oxucu kimi "ox ucu"na gətirdi? Gətirdi. Amma bu oxun ucu kəskin, iti olmadı. Batıb qaldı, hiss də yaratdı. Yaradana, Tanrıya, Allaha dua edən bəndənin dünyaya bu cür gəlişi, həyatı və sonu, məncə, iman yaratmır. Sonda Ruxbər kişinin dualarının qəbul olub yeni işə başlaması və buna vəsilə olan gəncin obrazının yaranmasının daha yaxşı bir xətt ola biləcəyini düşünürəm. Əlinə, əməyinə, ürəyinə sağlıq. Müəllifdən yeni-yeni əsərlər gözləyirik.

Sənan İsmayılov: Hekayə mənə müəllifin zəhmətkeş insan olduğunu dedi. Bu cəhət bir çoxlarında çatışmır. Son zaman deyirlər ki, yazanların sayı çoxdur. Lap elə olsun. Yoxsa ki hansı bucağa girirsən, orada ancaq puldan danışırlar - adamın ürəyi darıxır. Digər tərəfdən, cəmiyyətimizdə ünsiyyət problemi, özünüifadə problemi var - istər şifahi, istərsə də yazılı. Bir sayta elektron məktub göndərirsən, cavab almırsan. Alanda isə yekəxana, təkəbbür dolu bir cavab. Yazılar və mətnləri yazanlar həyatı daha mənalı edir.

P.S. Əsəd bəy, sizə böyük təşəkkür düşür. İdeyanıza görə. Həmişə cavan qalasınız!

Nazilə Gültac: Hekayə təsirli, düşündürücü məqamlarla doludur. Kirayənişin ev bu həyatın astar üzündə yaşayanların son sığınacağıdır. Ömrünün sonunu yaşayan qozbel qoca, dəliliyin dadını çıxaran dəli qadın və bu obrazların iç dünyasını seyr edən vəkil. Laqeydliyi, hər gün rastlaşdığımız sadə, xəstə, kasıb insanların ağrısını vermək istəyib yazıçı. Əslində, qozbelin belindəki yük bəşəriyyətin, cəmiyyətin daşıdığı yükdür. Öz halal zəhmətilə bir parça çörək uğrunda mübarizə aparan, amma Allaha qarşı naşükür olmayan Qozbelin son duası məni mütəəsdir etdi. Onun Allaha inamı son duasında itmişdi. Bu, onun tükəndiyinə işarəydi. Yorulmuş bədənindən ruhu uzaqlaşırdı. Və vəkilin qəlbindəki humanizmi, alicənablığı tərpətmişdi Qozbel. Müəllif bununla demək istəyir ki, ətrafınızdakı insanlara laqeyd olmayın. Vəkil təsadüfən düşməyib o adamların arasına. Allah gələcək mövqeyində imkansızların, kasıbların haqqını müdafiə etsin deyə onu o evə aparıb çıxarıb. Uğurlu hekayədir.

Varis Yolçuyev: Bahəddin Salmanın proza obyekti fərqli və özünəməxsusdur, təhkiyəsi kifayət qədər yetkindir, obrazlar qalereyasında həyatın dibindəkilər toplaşıblar. Bu cür obrazları biz Hollivud filmlərində "truşoba"larda yaşayanların, Qorkinin "Həyatın dibində" romanının qəhrəmanlarının timsalında görmüşük.

Əsəd bəyin təqdim etdiyi hekayədə baş qəhrəman Qozbel qocadır. Zibil qablarından yığdığı dəmir bankaları təhvil verib, qarşılığında aldığı pulla sürünən bu şəxsin faciəli taleyini Tanrıya xitabən müraciətində yazar elə gözəl aydınladıb ki, hekayənin bütün qayəsi açılıb. Bu, əslində, adi məişət əhvalatı şinelindən çıxmış, sosial konturlarla yüklənmiş bir nəqletmədir. Yazar da mövzunun öhdəsindən layiqincə gəlib. Təbii ki, xırda qüsurları da var. Amma bunlar hekayənin gücünə əsla xələl gətirmir. Gənc yazarı təbrik edir, əminliklə söyləyirəm ki, nəsrimizə yeni ad gəlməkdədir.

Fərid Hüseyn: Bahəddin hər hekayəsində "olduğu yeri" sözün yaxşı mənasında tərk edir. "Qozbelin son duası" nə qədər həcmli hekayə olsa da, hekayənin dili çaparaqdır. Təhkiyəçi hadisələrə lakonik dəyərləndirmələr verir. Bundandır ki, hekayədə yersiz təfsilatlar yoxdur. Əsas odur ki, müəllif hekayədə atmosfer yarada bilib, obrazlar canlıdır, birinci şəxsin təhkiyəsi bezdiricilik yaratmır və süjet inandırıcıdır. Məncə, hekayənin əsas ideyası ölümün aydınlaşdırıcı funksiyasıdır. Ölüm həm qarşımızdakı insanların kimliyi, həm də onlara münasibətdə bizim kimliyimizi müəyyənləşdirir. Bu baxımdan, hekayənin fəlsəfi yükü, ötürdüyü bədii informasiya qiymətlidir. Uğurlar diləyirəm.

Etibar Yaqubov: Əsəd müəllimin təqdim etdiyi kimi, gənc yazarın ilk mətbu hekayəsi kimi yanaşsaq, çox uğurlu bir hekayədir. Təbii ki, çatışmayan cəhətləri də var. Amma bu hekayə ədəbiyyata yeni bir nəfəs, istedadlı yazarın gəldiyini xəbər verir. Təbriklər və uğurlar!

Materialı çapa Nihat Pir hazırladı

 





13.06.2021    çap et  çap et