525.Az

"Xoşbəxtəm ki, torpaqların azad olunmasını görmək qismətim oldu"


 

ŞAİR ƏNVƏR ƏHMƏD: "ƏSƏRLƏRİMİ HƏYATDA QAZANDIĞIM BÜTÜN NAİLİYYƏTLƏRİMDƏN ÜSTÜN SAYIRAM"

"Xoşbəxtəm ki, torpaqların azad olunmasını görmək qismətim oldu" <b style="color:red"></b>

Azərbaycann Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, tanınmış şair Ənvər Əhməd ötən əsrin 60-cı illərinə mənsub ədəbi nəslin istedadlı nümayəndələrindəndir.

Öz yaradıcılıq dəsti-xətti, üslubu ilə seçilən qələm sahibinin milli ruhlu, orijinal, səmimi şeirləri həmişə oxucuların diqqətini çəkib.

Təsadüfi deyil ki, 1968-ci ildə işıq üzü görmüş "Nəslimiz" adlı ilk şeirlər kitabı ədəbi aləmdə maraqla qarşılanıb, müsbət dəyəndirilib.

Sonrakı illərdə mühüm ədəbi uğurlara imza atan şair cağdaş ədəbiyyatımızda özünəməxsus yer tutub. Onun qələmə aldığı poeziya nümunələri bu gün də sevilə-sevilə oxunur, gündəmdən düşmür. Zəngin həyat və yaradıcılıq yolu keçən 78 yaşlı sənətkar bu gün də böyük həyat eşqi, həvəsi ilə yazıb, yaradır.

Şairin Ağcabədidəki evində olduğunu eşidəndə yolumuzu oradan salıb, görüşüb-söhbətləşmək qərarına gəldik. Ənvər müəllim bizi mehribanlıqla qarşıladı. Çay süfrəsi arxasında əyləşib, hal-əhval tutduq, xeyli vaxtdan bəri, görünməməyinin səbəbini soruşduq:  

***

- Sizinlə görüşməkdən şad oldum. Sağ olun ki, gəldiniz. Səhhətimlə əlaqədar bir müddət dostlardan aralı düşmüşdüm. Ancaq yaradıcılıqdan uzaqlaşmamışam. Xəstə olmağıma baxmayaraq, son bir il ərzində 300-dən çox şeir yazmışam.  Allaha çox şükür, indi babatam.  Doğulduğum, boya-başa çatdığım Qarabağın havası məlhəm kimi məni sağaldıb. Sağ olsunlar ağcabədililər, qohum-qonşular, dostlar tez-tez baş çəkirlər. Allah onlardan  razı olsun. Gördüyünüz bu ev Birinci Qarabağ müharibəsi dövründə inşa olunub. Onun üstünü ermənilər Ağcabədinin kəndlərini atəşə tutduqları vaxt vurdurmuşam. Adamlar bunu görüb çox ruhlandılar. Evlərini qoyub, getmədilər.  Deyirdilər ki, şair ev tikdirir, biz hara gedirik? Təsadüfə bax ki, Vətən müharibəsi günlərində də yurd  yerində qalası oldum. Bu dəfə şəhərin mərkəzi erməni silahlı qüvvələrinin artilleriya və raket mərmilərinə tuş  gəldi. Ancaq evimi, nəvələrimi tərk etmədim. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz düşmənə qalib gəldi. Çox xoşbəxtəm ki, Qarabağ torpaqlarının işğaldan azad olunmasını görmək mənə də qismət oldu.

- Ənvər müəllim, Xankəndidə, Dövlət Pedaqoji İnstitutunda işləmisiniz. O illəri necə xatırlayırsınız?

- Əvvəllər bir müddət Ağcabədidə çıxan "Sürət" qəzeti ilə əməkdaşlıq etmişəm. Tale elə gətirdi ki, 1974-cü ildən Xankəndi Pedaqoji İnstitutunda çalışmalı oldum. Məlum hadisələr başlanana qədər orada müəllim işləmişəm. Düzünü deyim ki, o zaman uğurlarım da oldu, ağrılı-acılı günləri də az yaşamadım.  Həmin illərdə erməni kin-küdurətinin, paxıllığının, nankorluğunun şahidi oldum.  Onlar o vaxtlar da bizimlə açıq-aşkar düşmənçilik edirdilər, amma layiqli dərslərini də alırdılar.  Yəqin ermənilər bunu yaxşı xatırlayırlar. Süfrəmizdə çörəyimizi yeyənlər harınladılar, qudurdular. Xəyanətkarlar xəlvəti söz davasını top, raket davasına döndərdilər.

Dağlıq Qarabağ münaqişəsi başlayanda Xankəndi Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı müəllim və tələbələri nələri görmədilər?! Nəticədə kollektivin didərgin həyatı başlandı.  İnstitutun Azərbaycan bölməsi bir müddət Gəncədə fəaliyyət göstərməyə məcbur oldu.  Daha sonra ADPU-nun filialı kimi Şuşada qərarlaşdı. Bir müddət sonra Şuşa düşmən hücumlarına məruz qaldığına üçün Ağcabədiyə pənah gətirdi. Uzun illər ADPU Şuşa filialının direktoru oldum. O dövrdə başı bəlalar çəkmiş təhsil ocağı bir qədər dirçəldi, elmi-pedaqoji kadrlarla möhkəmləndirildi, respublikanın qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrildi. Filial bütövlükdə Qarabağ bölgəsinin ictimai-siyasi həyatında mühüm rol oynadı, sabitliyin, əmin-amanlığın, sabaha inamın bir növ qarantı hesab olundu. Sevindirici haldır ki, bu gün ADPU Ağcabədi filialı layiqli varis kimi keçmiş Şuşa filialının ənənələrini uğurla davam etdirir.

- Zaman dəyişib. Torpaqlarımız işğaldan azad olunub. Yəqin ki, Xankəndiyə yenidən qayıtmaq istərdiniz?

- Əlbəttə, istəyirəm. Mənim orada evim var. Azərbaycanımızın, Qarabağımızın bir parçası olan o torpaqda gənclik illərimi yaşamışam, dissertasiya müdafiə etmişəm, alimlik dərəcəsi almışam, övladlarımı böyütmüşəm. Xankəndi tör-töküntülərdən birdəfəlik təmizləndikdən sonra gedib oradakı evimdə yaşayacam. Dığalar barışmağa üz qoymayıblar. O vaxt Şuşa mühasirəyə alınanda gedib vuruşmağa icazə verməsələr də, oraya silah-sursat aparmağıma bir söz demirdilər. Bir dəfə şəhərin müdafiəçilərinə yardım aparanda yolda ermənilərin hücumuna məruz qaldım. Bu zaman ayağımdan ağır zədə aldım. İndiyə kimi onun ağrısı canımdan çıxmayıb.

- Bir az da ədəbiyyatdan danışaq. Çağdaş ədəbi proses sizi qane edirmi?

- Əslində, ədəbiyyatın yaxşı günləri az olur. Söz sənəti hər dövrdə çətinliklərlə üzləşib. Müstəqillik dönəmində də ədəbi proses çox problemlərdən keçib, adamlar ağrı-acılarla qarşılaşıb.  Zaman keçdikcə çətinliklər aradan qalxıb,  söz sənəti ayaq üstə durmağı bacarıb. Ədəbiyyatda sağlam qüvvələr görünməyə başlayıb. Lakin ədəbi yaradıcılıq prosesi həddən artıq yüklənib. Yetən özünü şair, yazıçı adlandırır. Hər bir dövrdə ədəbi prosesə çox adamlar qoşulub, amma daha indiki kimi yox də. Nalbənd də şeir yazır, qəssab da. Kimi dindirirsən, deyir kitabım çıxıb.  Bizim vaxtımızda kiçik bir şeir kitabı çap etdirəndə böyük qəhrəmanlıq sayılırdı. İndiklər qalın-qalın kitablar nəşr etdirirlər, amma içərisində bir şey yoxdur. Kim nə bilir, onu da edir. Senzura yox, qadağa yox, ictimai qınaq yox.  Ədəbi tənqiddən də narazıyam. Həqiqətdə, biz yazarlarda da günah az deyil. Yaradıcılıqda çox işlərə göz yumuruq. Meydanda at oynadanlara "gözün üstə qaşın var" deyən tapılmır.  Belələri Mikayıl Müşfiqin qarşısında heç şeir yaza bilərdi, kitab çap etdirməyə cəsarət edərdi?

Etiraf edək ki, bölgələrdə ədəbi mühit ürəkaçan deyil. Bölgə yazarlarına qayğı və diqqət artırılmalıdır. Onların çap olunmaq imkanı paytaxtla müqayisədə çox məhduddur. Azərbaycan Yazıçılar Birliyinin bölmələri üçün geniş şərait yaradılmalıdır. Gənc istedadların üzə çıxarılması diqqət mərkəzində saxlanılmalıdır.

- Hazırda yaradıcılığınız nə yerdədir? Hansı əsərlər üzərində işləyirsiniz?

- Qarabağ mənim əzəli və əbədi ilham mənbəyimdir. Çox şeirlər yazmışam, çox kitablarım çap olunub. Onların içərisində ən yaxşılarını Qarabağa həsr olunmuş şeirləri, kitabları hesab edirəm. Bu mövzuda indiyə qədər 9 poema qələmə alınıb, işıq üzü görüb. Ancaq hələ də usanmamışam...

Qarabağ torpaqları ilk öncə sözlə, şeirlə xilas olunub. Bu gün sözün zəfər  yürüşü anıdır. Hazırda Qarabağ mövzusunda "Torpağın işığı" adlı yeni bir poema üzərində işləyirəm. Torpaqlarımızın, ərazilərimizin dirçəldilməsini, bərpasını əks etdirəcək bu poemanı yaxın vaxtlara nəşr etdirmək fikrindəyəm. "Tərəkəmə" adlı başqa bir poemam  da tamamlanmaq üzrədir. Əlbəttə, yeni kitab çap etdirməyi də unutmamışam.

- Fəxri ad, mükafat barədə nə düşünürsünüz?

- Zənnimcə, hər bir yaradıcı şəxs, qələm sahibi nələri etməsi barədə həmişə öz vicadnı qarşısında hesabat verməlidir. Hər şeydən əvvəl yazar əxlaqı, şəxsiyyəti ilə nümunəvi olmalıdır. Şəxsiyyəti olmayan, ruhu yaxşılıqdan yoğrulmayan şairin, yazıçının əsərləri kimə lazımdır? Mən heç vaxt ad-san üçün yazmamışam, yaşamamışam. Mükafatlarım çox olub, "Tərəqqi" medalına layiq görülmüşəm. Ancaq mənim üçün ən yüksək mükafat, fəxri ad halal yaradıcılığımdır. Öz əsərlərimi həyatda qazandığım bütün nailiyyətlərimdən üstün sayıram. Övladlarım da bu ruhda tərbiyə etmişəm.

Yəhya PAŞAZADƏ

 





13.06.2021    çap et  çap et