525.Az

Uçurumun bir addımlığında... - Türkan Turan yazır


 

Uçurumun bir addımlığında... - <b style="color:red">Türkan Turan yazır </b>

Son zamanlar ölkənin dörd bir yanında baş verən bir-birinə bənzər üç problem gündəmi daha çox zəbt edib.

Bunlar qadına şiddət, valideyn tərəfindən işgəncələrə məruz qalan uşaqlar, erkən evlilik xəbərləridir. Gah ana sevgilisi ilə birləşib uşağını yandırır, kəsir, doğrayır, gah ata öhdəliyində olan uşağa ən qəddar üsullarla işgəncələr verir, gah da ailələr qızlarını 13-14 yaşlarında evləndirirlər. Məsələn, bu günlərdə 14 yaşlı məktəblinin 38 yaşlı kişiyə ərə vermək istəyirdilər. Amma xəbərin yayılması ilə aidiyyəti qurumların məsələyə müdaxiləsi bir oldu. Nişandan çəkilən şəklə bir xeyli baxdım. Öz-özümə düşündüm, necə olub ki, bu addımı atan ailələr arasında bir nəfər fikirləşməyib ki, həmin kişi antropoza girəndə, qızın həqiqi qadınlıq dönəmi başlayacaq? Bəs onda necə olacaq? Bu qız çəlimsiz canı ilə necə uşaq dünyaya gətirəcək. Daha özünün dünyadan xəbəri olmadığı halda necə bir körpənin məsuliyyətini öz üzərinə götürəcək? O qədər suallar var ki, düşündükcə adamın tükləri biz-biz olur. Bənzər hadisə rayonlardan birində baş vermişdi. Doğuş zamanı qızın 14 yaşı olduğu aşkarlanmışdı. Ailə fərdlərindən birinin "Oğlanın anası ölüb, evdə yemək bişirən, paltar yuyan yox idi deyə qızı tez ərə verdik" tərzindəki açıqlaması isə insanı lap ürküdürdü. Bu cür absurd, məntiqsiz səbəblə 12-13 yaşlı qız necə ərə verilə bilər? Əslində, dayanmadan artan şiddət, küçələrdə səfil olan körpələr, şiddətə məruz qalan qadınlar, döyülən uşaqlar bu düşüncəsizliyin qurbanlarıdır. Bu gün uyğun yaşda qurulan ailələrin əksəriyyəti ata-ana məsuliyyətini tam dərk etməzkən, 13-14 yaşlı uşaqlardan nə gözləmək olar? Neqativ hallar sadəcə erkən evliliklərdə ortaya çıxmır. Normal görünən ailələr var, içləri ağac kimi oyulan, evlərində hər gün xaos yaşanan, amma boşana bilməyənlər. Bütün yaşadıqları uğursuzluqların acığını ya uşaqlardan, ya da bir-birilərindən çıxardırlar. Bir-birinə nifrət edib, amma eyni yastığa baş qoyan insanlar var, hər dəfə dəhşətə qapılıram həyatlarına yaxından boylananda.

Problemin səbəbi sadəcə cütlüklərin uyğunsuzluğu deyil, daha əvvəl yaşadıqları travmatik hadisələr də evliliyin keyfiyyətini öldürür. Məsələn, şiddət göstərmək, şiddətə məruz qalmaq, dava-dalaşlı ailədə böyümək, təcavüz və bənzər hadisələr tək evliliyi deyil, ömür boyu adamın yaxasından yapışaraq həyatını cəhənnəmə çevrir. Üst-üstə o qədər xoşagəlməzliklər baş verir ki, yaşanan xoş anlar da aralıqda itib batır. Bir evin içində danışılmayacaq günlər başlayır. Kəlmələr azalır, cümlələr qısalır, elə bir məqam çatır ki, məcbur qalmadıqca biri digəri ilə bir kəlmə kəsmir. Valideyn təkidi və ya tək qalmaq qorxusu, nəsil artırmaq sevdası ilə qurulan ailələrin sonunun hüsran olduğunu artıq bilirik. Çox vaxt tanışlıq mərhələsində sonun necə olacağını müəyyən etmək olur. Əgər birinin zərərli alışqanlıqlarını müşahidə edirsinizsə, bilin ki, bu, həmişə davam edəcək. Bəzən qadınlar xüsusi qəhrəmanlıq göstərir, yekə-yekə "mən onu dəyişəcəm" deyirlər. Halbuki kimisə dəyişməyə çalışmaq mümkün olan iş deyil. Çünki insan yalnız özü istəyərsə və üzərində çalışarsa, dəyişə bilər. Qsıqanclıq edən, divara qısnayan, qolundan tutub sıxan insan əslində, "mən minalı əraziyəm, ayaq basma" deyir. Lakin çox vaxt qarşı tərəf bu cür halları normal qəbul edir, hədd aşılarsa, kontrol altına ala biləcəyini fikirləşir. Amma mümkün deyil. Çünki başlayan mütləq ardını gətirir, şaxələndirir, böyüdür, genişləndirir, bir müddətdən sonra isə canavara çevrilir.

Sevgili, nişanlılıq kimi mərhələlər bir-birini tanımaq üçündür. Təəssüf ki, bu dönəmdə tərəflər bir-birilərinin qəbahətlərini görür, amma görməzlikdən gəlirlər. Evlilik iki nəfərin bir kağıza imza atması deyil, evdir, yuvadır, gələcəkdir, dünyaya bəxş ediləcək insandır. Əyləncə, həvəs naminə ailə qurmaq olmaz. Ağlı başında, alitəhsilli insanlar var, "evlənib, birini doğub boşanaram" deyir, uşaqla qocalıqlarını qaranatiyaya alırlar. Dünyanın heç bir yerində bu cür anormal yanaşma yoxdur. Ən dəhşətlisi odur ki, bu hal surətlə adiləşməyə doğru gedir. Yaş təlaşı ilə, camaatı düşünərək, "evdən bir boğaz əksilsin" deyərək qurulan bütün evliliklər təhlükə mənbəyidir. "Sevirəm" deyərək evlənmək də yanlışdır. Məsələn, pis kişilərə aşiq olan qadınlar var. Xarakterləri uyuşmayan, baxış bucaqları bir-birinə uyğun gəlməyən, təhsilləri, zövqləri, əxlaqları bir-birindən tamamilə uzaq olan. Sadəcə güclü ehtiras hiss etdikləri üçün evlənirlər. Elə bilirlər ki, toy olandan sonra da aldıqları zövqlə fəzaya ucalacaq və həmişə belə davam edəcəklər. Təbii ki, elə olmadığını  anlayırlar, amma iş-işdən keçdikdən sonra... Geriyə atasız uşaqlar, anasız körpələr, yarımçıq xəyallar, ömür boyu bir-biri ilə didişən, bir-birinə nifrət edən, bir-birinin qanına əlləri batan ailələr qalır. Təməli zəif bütün evliliklər həmişə uşaqların başına uçulur. Bu gün qarşılaşdığımız hallar məhz bu yanlışlıqların nəticəsidir. Artıq nəzarətdən çıxıb, mövcud vəziyyəti nə özləri, nə də dövlət zəbt edə bilir. Çünki eyni yanlışlıqlar hələ də təkrarlanır.

 





13.06.2021    çap et  çap et